7 Yanvar 2026

Çərşənbə, 23:57

AĞIR TONNAJLI İMTAHAN

Gürcüstanın Azərbaycana qarşı yeni tranzit siyasəti nədən qaynaqlanır?

Müəllif:

15.12.2025

Son həftələr Bakı ilə Tbilisi arasında münasibətlərdə bir pərtlik yaranıb. Səbəb Azərbaycanın Gürcüstan ərazisindən tranzit kimi keçən yük maşınlarına yaradılan süni əngəllərdir. Gürcüstan tərəfinin bu davranışının mümkün səbəbləri ilə bağlı bir sıra ehtimallar irəli sürülür. Amma istənilən halda, bu davranış faktiki olaraq, iki ölkə arasındakı dostluq, mehriban qonşuluq münasibətlərinə xələl gətirir, münasibətlərdə gərginlik yaradır.

 

Problemi «görməmək» olmaz

Problem Azərbaycandan Avropaya yük daşıyan avtomobillərin Gürcüstanın gömrük məntəqəsində saxlanılması ilə bağlıdır. Üstəlik, bu, heç bir izahsız baş verir. Azərbaycanlı sürücülər zəruri sənədlərin rəsmiləşdirilməsinin əsassız şəkildə uzadılmasından, eləcə də Gürcüstanın gömrük əməkdaşlarının onlarla kobud rəftarından şikayətçidirlər.

Bu faktlar Gürcüstanın tranzit mövqeyindən sui-istifadə etdiyi fikrini yaradır. Halbuki onun bu mövqedən əldə etdiyi üstünlüklər əsasən Azərbaycan investisiyaları, ən əsası isə regionda məhz Bakının fəal iştirakı, hətta liderliyi ilə həyata keçirilən miqyaslı iqtisadi və infrastruktur layihələri sayəsində formalaşıb.

Doğrudur, Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana məxsus yük maşınları ilə bağlı yaranmış vəziyyəti şərh edərkən «belə faktların olmadığını» deyərək, deyilənləri təkzib etməyə çalışıb. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti isə gömrük məntəqələrindəki vəziyyəti «yük axınının artması» ilə əlaqələndirib. Qurumdan bildiriblər ki, «belə vəziyyətdə beynəlxalq daşımalarla məşğul olan nəqliyyat vasitələri üçün bütün gömrük prosedurları xüsusilə intensiv rejimdə həyata keçirilir». Yəni guya söhbət, sadəcə, texniki xarakterli problemdən gedir.

Amma baş verənlərə belə səthi yanaşma, problemin həllinə çalışmaqdansa, ona göz yummaq cəhdi gərginliyin səviyyəsini daha da artırır. Nəticədə, ortaya daha kəskin sual çıxır: Tbilisi Bakı ilə strateji dialoqa zərbə vura biləcək addımları niyə atsın? Axı bu hallar Gürcüstanın özünün uzunmüddətli maraqlarına ziddir. Axı belə hallar onun etibarlı tranzit ölkəsi mövqeyini qoruyub saxlamasına əngəl yaradır.

 

Zəngəzur düşüncələri

Gürcüstan gömrükçülərinin Azərbaycana məxsus yük maşınlarına yaratdıqları maneələrin əsas səbəbi kimi, Tbilisinin Zəngəzur dəhlizinin reallaşdırılması perspektivindən narahatlığı göstərilir. Azərbaycanlı sürücülər bildirirlər ki, sənədlərin rəsmiləşdirilməsi prosesinin uzanmasından narazılıq edənlərə kobud şəkildə «gedin Zəngəzurdan keçin» cavabı verilir. Güman olunur ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması nəticəsində regional kommunikasiya yollarının açılması perspektivi gürcü tərəfinin kefini pozur. Bu gün Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılması Qarabağ münaqişəsi dövründə mövcud olmuş vəziyyətin mümkün sonu kimi görünür. Həmin illərdə Azərbaycan mallarının qərb istiqamətində, Ermənistan məhsullarının isə qərb və şimal istiqamətlərində daşınmasında Gürcüstan tranzit monopolistinə çevrilib.

Diqqət çəkən daha bir məqam isə Azərbaycan mallarının Avropaya daşınmasına Gürcüstan gömrüyü və polisi tərəfindən maneələrin yaradılmasının avqustun 8-də Vaşinqtonda TRIPP sazişinin imzalanmasından sonra əhəmiyyətli dərəcədə artmasıdır. Yəni indi Zəngəzur dəhlizinin açılması sadəcə fərziyyə deyil, Azərbaycan, Ermənistan və ABŞ-nin strateji qərarı və siyasi iradəsi əsasında reallığa çevrilən layihədir.

 

«Gürcü arzusu» üçün «sifariş»

ABŞ-nin mövqeyi Gürcüstanın Azərbaycana məxsus yük maşınlarına münasibətdə gömrük prosedurunun sərtləşdirilməsinin daha bir mümkün izahında vacib amil kimi çıxış edir. Söhbət Tbilisinin ABŞ və Avropa İttifaqının son illərdə dəyişmiş «Gürcüstan siyasəti»ndən ciddi şəkildə narazı olmasından gedir. Tbilisi ilə Qərb arasındakı dialoq Vaşinqtonla Brüsselin faktiki olaraq milyarder Bidzina İvanişvilinin idarə etdiyi «Gürcü arzusu» hökumətini rusiyapərəst siyasət yürütməkdə günahlandırması ilə ciddi böhrana girib. Rəsmi Tbilisi bu iddiaları rədd etsə də, nə Avropadan, nə də Amerikadan gələn bənzər tənqidlər azalır. Donald Trampın Ağ Evə qayıdışından sonra belə, bu yaxınlaradək tərəfdaşlıq, hətta ittifaq kimi qiymətləndirilən Gürcüstan-ABŞ münasibətlərində yaxınlaşma əlamətləri görünmür. Rəsmi Tbilisinin bir sıra bəyanatları isə göstərir ki, Gürcüstan rəhbərliyi bu vəziyyətdən ciddi narahatdır. Eyni zamanda Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində Azərbaycanla Ermənistana, həmçinin onlar arasında sülhə «stavka» etməsi gürcülər tərəfindən müəyyən qısqanclıqla da qarşılanır. Bütün bunların fonunda Gürcüstanla Rusiya arasında «xüsusi münasibətlər»in inkişafı ilk baxışdan məntiqsiz görünən bir sıra addımları izah edə biləcək amil kimi çıxış edir. Azərbaycan mallarının Gürcüstan ərazisi ilə Qərbə daşınmasına gömrükdə göstərilən təzyiqi də bu addımların sırasına yazmaq olar.

Bənzər fikirləri bir sıra gürcüstanlı ekspertlərdən də eşitmək mümkündür. Məsələn, Gela Vasadze düşünür ki, Moskvanın Gürcüstandan Azərbaycan əleyhinə vasitə kimi istifadə etməsi istisna deyil. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də «Azərbaycanın yük daşımalarına problem yaratmış Gürcüstan qurumları»nı tənqid edərək bildirib ki, yaşananlar «Moskvanın sifarişidir».

Bəs Rusiya niyə Azərbaycan-Gürcüstan münasibətlərində problem yaratmağa çalışsın? Bəlkə, ilk növbədə, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın səyləri ilə formalaşmış yeni regional reallıqlardan narazı olduğu üçün? Amma Gürcüstan tərəfinin bu davranışının əsas motivi nə olursa olsun (Zəngəzur, ABŞ, Rusiya və başqa), aydındır ki, Bakı ilə münasibətlərdə gərginlik Tbilisinin xeyrinə deyil. Gürcüstan heç bir halda inzibati tədbirləri sərtləşdirməklə Bakının regionda artan təsirini zəiflədə biləcəyini gözləməməlidir.

 

Bakı, Tbilisi və bütün region

Azərbaycan aydın şəkildə göstərir ki, o, Gürcüstanı hələ də strateji tərəfdaş və yaxşı qonşu sayır. Bakı Gürcüstanı onun üçün ən kritik zamanlarda, xüsusilə 2008-ci ilin avqust müharibəsi zamanı, daha sonra Moskvanın bu ölkənin qiyamçı muxtariyyətləri olan Abxaziya və Cənubi Osetiyanın «müstəqilliyini» tanıdığı vaxtda belə, qətiyyətlə dəstəkləyib. Azərbaycanın Gürcüstana dost münasibətini göstərən addımlar sırasında bu ölkəyə güzəştli qiymətlərlə təbii qaz tədarük etməsi də var. Tərəflər arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən hər il Gürcüstana 500 milyon kubmetr Azərbaycan qazı «xüsusi şərtlər»lə ixrac olunur.

Bəs bölgənin qarşısında Cənubi Qafqaz regionunun üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan arasında real olaraq sülh, effektiv əməkdaşlıq perspektivinin yarandığı bir vaxtda Tbilisinin iki ölkə arasında münasibətləri korlaya biləcək addımlar atması nədən qaynaqlanır? Axı Zəngəzur dəhlizinin açılması Gürcüstanın alternativsiz tranzit statusuna son qoyacaqsa belə, o, yenə də strateji baxımdan Tbilisinin xeyrinədir. Çünki bu yol bütünlükdə Cənubi Qafqazın, yəni regiona daxil olan bütün ölkələrin suveren siyasi və iqtisadi subyektliyini gücləndirmək potensialına malikdir. Üstəlik, Zəngəzur dəhlizi Gürcüstanın tranzit marşrutunun əhəmiyyətini, etibarlılığını heç bir şəkildə zəiflətməyəcək. Əlbəttə ki, bu etibarı Gürcüstan hökuməti öz əli ilə məhv etmək qərarına gəlməzsə…

Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi bütün region üçün görünməmiş sülh, tərəqqi şansı yaradıb. O, Ermənistanla uzun illər davam etmiş münaqişəyə son qoyaraq Cənubi Qafqaza yeni geosiyasi əhəmiyyət qazandırıb, istər özünün, istərsə də bütünlükdə regionun maraqlarına zidd təhdidləri dəf edib. Bu baxımdan, yeni reallıqlara qarşı getmək uğursuzluğa məhkumdur. Bu reallıqdan Gürcüstan hakimiyyəti də müvafiq nəticələr çıxarmalıdır.



MƏSLƏHƏT GÖR:

66