29 Yanvar 2026

Cümə axşamı, 15:56

FƏRQLI MİQYASDA LOGİSTİKA

2025-ci il Azərbaycanın və regionun nəqliyyat potensialı üçün dönüş nöqtəsi olub

Müəllif:

01.01.2026

2025-ci ildə Azərbaycan üçün əhəmiyyətli hadisələr arasında nəqliyyat, logistika və tranzit sahələrinin inkişafında əldə edilən irəliləyişləri qeyd etmək lazımdır. Bu istiqamətdə əsas hadisə Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə təkan verən, avqust ayında Vaşinqtonda imzalanmış epoxal sazişlər olub.

Azərbaycan və onun Transxəzər marşrutu üzrə tərəfdaşları tranzit yük daşımalarında əhəmiyyətli artımın olduğunu qeyd edirlər. Ələt limanında konteynerlərin illik emalı ilk dəfə rekord həddə - 100 min TEU-ya (Twenty-foot Equivalent Unit - beynəlxalq yükdaşımada 20 futluq (6.1 metr) standart konteyner həcmini ifadə edən vahiddir) çatıb.

Azərbaycanın Baş naziri Əli Əsədovun XII birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində Bakıda keçirilən II Azərbaycan-Türkiyə investisiya forumunda qeyd etdiyi kimi, ticarət prosedurlarının sadələşdirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılmasında irəliləyişə nail olunub ki, bu da yük daşımalarının dinamikasını əhəmiyyətli dərəcədə artırıb.

 

Böyük artım

Çin və Avropa arasında yük daşımalarına artan tələbat fonunda Avrasiyada nəqliyyat qovşaqlarının inkişaf prosesinin sürətləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu proseslərin əsas benefisiarı olaraq, Azərbaycan fəal şəkildə donanma, dəmir yolu və liman infrastrukturunu modernləşdirir, yeni logistika alətlərini mənimsəyir. Bu milyardlıq sərmayələr tamamilə əsaslıdır, çünki Azərbaycan Orta Dəhliz vasitəsilə Çin, Mərkəzi Asiya, Türkiyə, Avropa və s. ölkələrdən dəfələrlə artan tranzit yüklərin keçidini təmin etməlidir. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) tələbatın ciddi artımı 2022-ci ildə - Rusiya-Ukrayna münaqişəsi fonunda qeydə alınmışdı. Belə ki, əgər 2023-cü ildə TBNM üzrə cəmi 10-12 Çin konteyner blok-qatarı hərəkət edirdisə, 2024-cü ildə onların sayı 30 dəfədən çox artmışdı! Proqnozlara görə, 2025-ci ildə TBNM üzrə multimodal konteyner yüklərinin daşınması intensivliyi üçdə birdən çox artmalı idi.

Bunun təminatı Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (BBDTL) yüklərin emalının yüksək dinamikasıdır. Statistikaya görə, ötən ilin 11 ayı ərzində Ələt limanında yüklərin aşırılması 7,6 milyon ton təşkil edib, BBDTL-də konteynerlərin emal göstəricisi isə ilk dəfə rekord həddə - 100 min TEU-ya çatıb. Eyni dövr ərzində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.

Bu nailiyyətlər əsasən dövlət başçısının 25 fevral 2025-ci il tarixli fərmanı ilə BBDTL-in ADY ilə birləşməsindən sonra formalaşan vahid nəqliyyat idarəetmə sisteminin nəticəsidir. Liman və dəmir yolu əməliyyatlarının inteqrasiyası yüklərin emal proseslərini sürətləndirməyə və logistika marşrutlarını optimallaşdırmağa imkan verib. Ələt limanında yeni Vahid Tranzit Mərkəzinin fəaliyyəti effektiv olub. Belə ki, burada ötən ilin sentyabrından bir neçə təşkilat və ekspeditor şirkət birlikdə çalışaraq, yüklərin emalı və aşırılması əməliyyatlarının çevik icrasına töhfə verib.

“Son üç ildə Orta Dəhliz vasitəsilə Azərbaycandan keçən yük daşımalarının həcmi 90% artıb və cari ilin (2025) 11 ayı ərzində tranzit daşımaların həcmi 3,5 milyon tonu keçib. Bu gün təkcə bizim regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan dəhlizin əhəmiyyəti hiss ediləcək dərəcədə artır”, - Baş nazir Əli Əsədov forumda bildirib.

Hökumət başçısının sözlərinə görə, ticarət və sərhədyanı prosedurların sadələşdirilməsi sahəsində islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasında mühüm addımdır, Türkiyə və regionun digər ölkələri ilə yük daşımalarının dinamikasına müsbət təsir göstərir.

 

Unifikasiya və rəqəmsallaşma

Baş nazir tərəfindən səsləndirilən mesaj ətraflı nəzərdən keçirilməlidir: xatırladaq ki, TBNM üzrə tərəfdaşlarla - Astana, Ankara və Tbilisi ilə birlikdə ölkəmiz Orta Dəhlizin “dar yerləri”nin sinxron şəkildə aradan qaldırılması və inkişafı üzrə 2022-2027-ci illər üçün Yol xəritəsini həyata keçirir. Bu iş sərhədyanı və gömrük prosedurlarının təkmilləşdirilməsi və unifikasiyası, logistikanın rəqəmsallaşdırılması, vahid IT həllərinin tətbiqi, sənədlərin rəqəmsal mübadiləsinin təşkili üzərində cəmlənib. Bu, dəmir yolu, dəniz, avtomobil nəqliyyatına da aiddir. Bu istiqamətdə rəqəmsal markalanma və sərhədlərdə elektron növbə sistemləri işlənib hazırlanıb və tətbiq edilir, tranzit yüklər üzərində elektron naviqasiya plomblarının və avtomobil nəqliyyatında xüsusi treker sistemlərin istifadəsinə başlanılıb. “Vahid pəncərə” rejimində icazə və yükləyici sənədlərin verilməsi üçün rəqəmsal alətlər formalaşdırılır, daşıyıcılar haqqında məlumatların toplanması və verifikasiyası üzrə elektron texnologiyalar, yükdaşımaları haqqında məlumatlar əsasında onların reytinqinin formalaşdırılması inkişaf edir.

Bu istiqamətdə irəliləyiş Azərbaycan və Qazaxıstan dəmir yollarının informasiya sistemlərinin “DTC Tez Customs” platformasının gömrük modulu ilə inteqrasiyasına da əsaslanır, oxşar işlər Gürcüstan dəmir yolları ilə də planlaşdırılır.

TBNM üzrə tərəfdaşlar “Blok rəqəmsal dəhliz” platformasını işə salmağı planlaşdırır və bu da sənəd dövriyyəsi, gömrük rəsmiləşdirilməsi və bütün daşınma yolunda yüklərin izlənilməsi prosedurlarını vahid ekosistemə birləşdirəcək. Bu məqsədlərə Bakı və Aşqabadın elektron qaimə haqqında BMT protokoluna (“e-CMR”) qoşulması, həmçinin Özbəkistan və Azərbaycan arasında E-TIR sistemi üzrə avtomobil nəqliyyatı ilə yükdaşımaları da töhfə verir. Logistika və gömrük mexanizmlərinin daha da rəqəmsallaşdırılması və inteqrasiyasına Azərbaycan Prezidenti İlham Əliyevin “Vahid pəncərə” informasiya sisteminin yaradılmasını və xarici ticarətin dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsini nəzərdə tutan fərmanı da kömək edir.

 

TRIPP-in nəqliyyat potensialı

Baş nazir 2025-ci ilin avqust ayında Vaşinqtonda əldə edilən və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası (NMR) ilə birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat dəhlizinin yaradılması ilə bağlı razılaşmaların tarixi əhəmiyyətini vurğulayıb. “Zəngəzur dəhlizinin açılması təkcə bütün regional dövlətlər üçün yeni iqtisadi və tranzit imkanları təqdim etməyəcək, həm də Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq”, - hökumət başçısı vurğulayıb.

NMR-in nəqliyyat blokadasının aradan qaldırılması və Azərbaycanla Türkiyə arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı, Zəngəzur dəhlizi Ermənistan, Gürcüstan, həmçinin Mərkəzi Asiya dövlətləri, Rusiya, Çin və Avropa İttifaqının ticarət-iqtisadi imkanlarının genişləndirilməsi üçün də yaxşı potensiala malikdir. “İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır”, - Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilmiş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində bildirib.

Oxşar fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da Bakıda keçirilən II Azərbaycan-Türkiyə investisiya forumunda səsləndirib: “Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda sabitlik və rifah üçün yeni imkanlar yaradacaq, həmçinin Mərkəzi Asiya, türk dövlətləri, Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək və ən əsası, Orta Dəhlizin beynəlxalq nəqliyyat-logistika marşrutu kimi rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq”.

Amerika-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə keçirilmiş yüksək səviyyəli “dəyirmi masa”nın nəticələrinə görə, TRIPP layihəsi ABŞ-nin Mərkəzi Avrasiyada yenilənmiş strateji qarşılıqlı fəaliyyətinin əsas elementlərindən biri kimi tanınıb. “ABŞ şirkətləri və kapitalı bu baxışın ayrılmaz hissəsidir və ABŞ-nin hazırkı administrasiyası onların təşəbbüsün reallaşdırılmasında tam iştirakını təmin etmək niyyətindədir”, - ABŞ Dövlət Departamentinin sülh missiyaları üzrə xüsusi elçisi Vinay Çavla qeyd edib.

TRIPP layihəsi, həmçinin inşası davam edən Qars-Iğdır-Aralık-Dilucu dəmiryol xətti orta müddətli perspektivdə Transxəzər marşrutu üzrə yük daşımalarını üç dəfə artırmağa imkan verəcək. Orta Dəhlizin yeni seqmentlərinin istifadəyə verilməsi ilə ildə əlavə 15 milyon ton yük daşımaq mümkün olacaq. Buna tələbat son dərəcə böyükdür, çünki Dünya Bankının mütəxəssisləri və digər ekspertlərin qiymətləndirmələrinə görə, növbəti beş ildə Orta Dəhliz üzrə yükdaşımaların potensial artımı 10-12 milyon tonu keçə bilər və daha çox aşırma tutumları tələb edəcək.

Bu tələbatı qabaqcadan nəzərə alaraq, beş il əvvəl Azərbaycan Şərqi-Zəngəzur iqtisadi rayonunda nəqliyyat infrastrukturunun genişmiqyaslı bərpasına start verib. Xüsusilə, Azərbaycan Horadiz-Ağbənd transsərhəd beynəlxalq dəmir yolu xəttinin infrastrukturunun tikintisini müstəqil şəkildə maliyyələşdirib. Paralel olaraq, eyni marşrut üzrə 123,6 km uzunluğunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomagistralı çəkilir. Onun tam başa çatdırılması 2026-cı ilin ortalarına planlaşdırılır.

Ümumilikdə bu layihələr Azərbaycan üçün keyfiyyətcə yeni rol formalaşdırır: sadəcə tranzit ərazi deyil, Avrasiyanın sistemli logistika qovşağı. İnfrastruktur investisiyaları, rəqəmsallaşdırma və beynəlxalq koordinasiyanın sinerjisi Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirir və uzunmüddətli perspektivdə tranzit gəlirlərinin davamlı artımı üçün əsas yaradır.



MƏSLƏHƏT GÖR:

30