SURİYA. BİR İL KEÇDİ
İztirablı bu ölkə uzun illərin diktaturasının süqutundan sonra hələ də sabitliyə nail ola bilmir
Müəllif: Natiq NAZİMOĞLU
Suriya hərbi-siyasi gərginliyin növbəti eskalasiyasını yaşayır. Yeni hakimiyyətlə ona qarşı duran qüvvələr arasında kəskin mübarizənin, eləcə də nüfuzlu xarici güc mərkəzlərinin ölkədə baş verənlərə geniş şəkildə cəlbinin davam etməsi göstərir ki, ölkədə vəziyyətin tam sabitləşməsinə hələ çox var.
«İslam dövləti» yenidən baş qaldırır
Əsəd rejiminin devrilməsindən bir il keçmiş «Həyat Təhrir əş-Şam» qruplaşmasının ölkənin müvəqqəti prezidenti (keçid dövründə) olan lideri Əhməd əş-Şaraanın rəhbərlik etdiyi hakimiyyət Suriyanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı ciddi təhdidlərlə üz-üzədir. Təhdidlərin başında isə terror dayanır. Bunu çoxdandır «kölgəyə çəkilmiş» «İslam dövləti» (İD) adlı qruplaşmanın fəallaşması da sübut edir. Xatırladaq ki, nəinki Suriyada, həmçinin qonşu İraqda ABŞ, Rusiya və Türkiyə daxil olmaqla bir sıra güclü qlobal və regional güclərin hələ 2019-cu ildə həyata keçirdikləri əməliyyatlardan sonra bu qruplaşmanın tamamilə darmadağın edildiyi bildirilirdi. Lakin son hadisələr onun ən azı əvvəlki təsir gücünü bərpa etməyə çalışdığını göstərir.
Suriyada hakimiyyət dəyişikliyindən keçən bir il ərzində İD davamlı olaraq özünü göstərməyə başlayıb və onun hədəfi sadəcə ölkənin yeni rəhbərliyi yox, həm də ABŞ qoşunlarıdır. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, son altı ayda «Birləşmiş Ştatlara və regional təhlükəsizliyə birbaşa təhdid yaradan» İD döyüşçülərinin məhv edilməsi istiqamətində çoxsaylı əməliyyatlar həyata keçirilib, bununla da, qruplaşmanın «yenidən dirçəlmək, dünya miqyasında terror hücumlarına başlamaq» cəhdlərinin qarşısı alınıb.
ABŞ-nin Suriya ərazisində son əməliyyatı dekabrın 19-20-də baş tutub. «Hawkeye Strike» («Şahin gözü zərbəsi») adlanan əməliyyat dekabrın 13-də Palmira şəhərində Suriyanın təhlükəsizlik xidməti əməkdaşları ilə ABŞ hərbçilərinin birgə patruluna qarşı həyata keçirilmiş hücuma cavab olaraq təşkil olunub. Həmin hücum nəticəsində ABŞ ordusunun iki hərbçisi, Birləşmiş Ştatlar vətəndaşları olan üç mülki tərcüməçi və iki suriyalı həlak olub, daha üç amerikalı yaralanıb. Hücumu törədən şəxs zərərsizləşdirilib. Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, o, təhlükəsizlik xidmətinin hər hansı rəhbər vəzifəsi olmayan əməkdaşı imiş. Bu şəxsin İD ilə əlaqəsi ABŞ tərəfindən heç bir şübhə doğurmadığından, hücumdan dərhal sonra Tramp terror qruplaşmasının «çox ciddi cavab alacağını» bildirmişdi.
Pentaqonun rəhbəri Pit Heqset terrorçuların infrastruktur obyektləri və silah anbarlarına edilmiş hücumlara münasibət bildirərkən deyib ki, «bu, müharibəyə başlamaq yox, intiqamdır». CENTCOM-un məlumatına görə, Suriyanın mərkəzində qırıcı təyyarələr, zərbə helikopterləri və artilleriyanın köməyi ilə 70-dən artıq hədəfə zərbələr endirilib. «Amerikalılara və regiondakı tərəfdaşlarımıza zərər vurmaq istəyən terrorçuları yorulmadan təqib edəcəyik», - deyə CENTCOM-un komandanı admiral Bred Kuper vurğulayıb.
Amerika tərəfi «tərəfdaşlar» dedikdə, ilk növbədə, İordaniyanı nəzərdə tutur. «Hawkeye Strike» əməliyyatı ilə bağlı məlumatlardan göründüyü kimi, İordaniya ona hərbi aviasiya dəstəyi verib. İordaniya ordusunun komandanlığı bunu «ekstremist təşkilatların Suriya və qonşu ölkələrin təhlükəsizliyinə təhdid yaradan dayaq məntəqələri qurmasının qarşısının alınması zərurəti» ilə əsaslandırıb.
Yaşananlarda ən diqqətçəkən məqam Amerika komandanlığı ilə Suriya hakimiyyəti arasında fəaliyyətin koordinasiyasıdır. Vaşinqton Dəməşq ilə təmaslarına xüsusi diqqət edir, əş-Şaraa hökumətinin İD qalıqlarına qarşı yönəlmiş əməliyyatlarına verdiyi dəstəyi xüsusi vurğulayır. Suriyanın təhlükəsizlik qüvvələri terrorçularla əsasən ölkənin şərqində və cənub-şərqində – Suriya səhrasında mübarizə aparırsa, ABŞ hərbçiləri terrorçuların əsasən ölkənin mərkəzi rayonlarındakı obyektlərinə zərbələr endirir. İstənilən halda, xüsusilə nəzərə alsaq ki, Suriyanın təhlükəsizliyinə, sabitliyinə təhdid sadəcə İD-dən gəlmir, Vaşinqtonun bu dəstəyi yeni hökumət üçün olduqca böyük əhəmiyyət daşıyır.
Əsədçilər, kürdlər və digərləri…
Suriyadaxili eskalasiyanı qızışdıran amillərdən biri devrilmiş Bəşər Əsədin tərəfdarlarının ciddi şəkildə fəallaşması ehtimalının qalmasıdır. Ən faciəvi məqam isə ondan ibarətdir ki, vaxtaşırı üzə çıxan «yeni» və «keçmiş» qüvvələr arasındakı qarşıdurma mülki əhali arasında itkinlərlə müşayiət olunur.
2025-ci ilin martında Suriyanın qərb əyalətlərindən olan Latakiyada etiraz aksiyası hökumət qüvvələri tərəfindən yatırılıb. Qeyd edək ki, burada yaşayan 2 milyonluq əhalinin əksəriyyətini Əsəd rejiminin əsas dayağı hesab olunan ələvilər təşkil edir. Orada baş vermiş son hadisənin üsyan cəhdi, yoxsa ələvi elitanın sıxışdırılmasına əhalinin pərakəndə reaksiyası olduğu bu günədək bəlli deyil. Amma bu sualın cavabından asılı olmayaraq, fakt ondan ibarətdir ki, mart etirazlarının yatırılması zamanı minlərlə mülki şəxs həlak olub. Amma noyabrın sonlarında Homs və digər şəhərlərdə də ələvilər kütləvi etirazlara başlayıblar. Aksiya iştirakçıları muxtariyyət, saxlanılanların azad olunması, oğurlanmış icma üzvlərinin sərbəst buraxılması kimi tələblər səsləndiriblər. Medianın yazdığına görə, bu aksiyaların arxasında yerli fəallar və dini xadimlər dayanıb. Nümayişlərin dinc xarakterli olması da onları birbaşa keçmiş hökumətin tərəfdarları ilə əlaqələndirilməsinə imkan verməyib.
Bu arada, «Reuters» agentliyi sabiq prezident Bəşər Əsədin ətrafından olan şəxslərin hazırladıqları iddia edilən planla bağlı təfərrüatları əks etdirən material yayıb. Bildirilir ki, Suriya kəşfiyyatının sürgündə olan keçmiş rəhbəri Kamal Həsən və Əsədin əmisi oğlu, milyarder Rami Məxluf Lakatiya və Tartus əyalətlərində üsyanın təşkili üçün silahlı birləşmələrin yaradılmasına milyonlarla dollar xərcləyirlər. Agentliyin ehtimalına görə əsas məqsəd separatçı ələvi rejiminin formalaşdırılmasıdır. Lakin onların bütün Suriya üzərində nəzarətin bərpasına çalışacaqları da istisna deyil.
Həsən ilə Məxluf arasında münasibətlərin çox pis olduğu bilinsə də, «Reuters»in istinad etdiyi ekspertlər baş verənlərin «Əsəd rejiminin hakimiyyət uğrunda mübarizəsinin davamı», «keçmiş rejim rəhbərlərinin ələvi icması üzərində nəzarəti geri qaytarmaq cəhdi» olduğu qənaətindədirlər. Moskvaya sığınmış Əsədin özünün bu planın icrasında iştirakı istisna edilir. O da bildirilir ki, Suriyanın hazırkı rəhbərliyi bu plandan xəbərdardır və onun gerçəkləşməsini əngəlləmək əzmindədir.
Bütün bunlar azmış kimi, baş verənlər əş-Şaraa hökumətinin kürd qüvvələrinin ölkənin gələcək inzibati-ərazi quruluşu ilə bağlı öz baxışlarını Dəməşqə zorla qəbul etdirmək istəyinə qarşı da mübarizə apardığını göstərir. Əş-Şaraa ilə «Suriya Demokratik Qüvvələri»nin komandanı Mazlum Abdi kürd silahlı birləşmələrinin Suriyanın dövlət orqanlarına və ordu strukturlarına mərhələli inteqrasiyasını nəzərdə tutan sazişi hələ martın 10-da imzalayıblar. Sənədə əsasən prosesi 2025-ci ilin sonunadək başa çatmalı idi. Lakin hələ də kürd mülki və hərbi strukturlarının ölkənin hakimiyyət sisteminə real inteqrasiyasından, Dəməşqə tabe olduğunu göstərən əlamətlərdən danışmaq mümkün deyil. Başqa sözlə, saziş nəzərdə tutulduğu vaxtda icra olunmayıb və məhz bu fakt Hələb şəhərinin «Suriya Demokratik Qüvvələri»nin nəzarətində olan iki rayonunda – Şeyx Məqsud və Əşrəfiyyədə silahlı toqquşmalara səbəb olub. Hər iki rayonda toqquşma oktyabrda baş verib. Dekabrın 22-23-də isə Hələb hökumət qüvvələri ilə kürd birləşmələri arasında tammiqyaslı döyüş meydanına çevrilib.
Suriya Daxili İşlər Nazirliyindən bildiriblər ki, kürd silahlıları Şeyx Məqsud və Əşrəfiyyədəki nəzarət-buraxılış məntəqələrində dövlət qulluqçularına hücum ediblər. Hər iki tərəfin məlumatına görə, qarşıdurma nəticəsində ən azı üç nəfər həlak olub, 25 nəfər yaralanıb. Həlak olanların hər üçü mülki şəxsdir.
Hələbdəki toqquşmaya gəlincə, o, Suriya prezidenti Əhməd əş-Şaraanın Türkiyədən gəlmiş yüksək rütbəli nümayəndə heyəti – xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın ilə Dəməşqdə keçirdiyi görüşdən bir neçə saat sonraya təsadüf edib. Türkiyə və Suriyanın XİN başçıları Hakan Fidan ilə Əsəd əş-Şeybani birgə keçirdikləri mətbuat konfransında «Suriya Demokratik Qüvvələri»ni əldə olunmuş razılaşmanın icrasını uzatmaqda günahlandırıblar. «Onların dialoq və barış yolu ilə, şəffaf şəkildə Suriyanın hökumət strukturlarına inteqrasiyası, Suriyanın ərazi bütövlüyü, uzunmüddətli sabitlik yolunda maneə olmamaları vacibdir», - deyə Fidan bildirib. Türkiyəli nazir ümumi işə əsas əngəllərdən birinin də «Suriya Demokratik Qüvvələri»nin İsraillə əməkdaşlığı, yəhudi dövlətinin də maraqlarına xidmət etməsi olduğunu söyləyib.
Beləliklə, nüfuzlu qlobal oyunçuların geosiyasi maraqları Suriyadaxili qeyri-sabitliyin əsas səbəbi kimi çıxış edir. Əsədin devrilməsindən sonra Türkiyə Suriyanın əsas müttəfiqlərindən birinə çevrilib. Bununla yanaşı, Ankara Suriya kürdlərinin separatçı meyillərini yalnız bu ölkənin suverenliyi, ərazi bütövlüyü üçün deyil, həm də özünün təhlükəsizliyi baxımından ciddi təhdid sayır (Türkiyə Silahlı Qüvvələrinin burada kürd terrorçuları məhv etmək məqsədilə dəfələrlə əməliyyatlar keçirməsi təsadüf deyil). Türkiyənin ABŞ və İsrailin «Suriya siyasəti»ndən narazılığı da buradan qaynaqlanır. Türkiyə həmsərhəd Suriya ərazisində kürd muxtariyyətinin yaradılmasına qarşı çıxsa da, kürd silahlı birləşmələri ABŞ və İsraildən hərtərəfli, o cümlədən hərbi dəstək alır. Ankara isə haqlı olaraq hesab edir ki, bu dəstək strateji baxımdan Yaxın Şərqdə onun mövqelərinin güclənməsinə qarşı yönəlib.
Yeri gəlmişkən, Hələbdə atəşkəsin əldə olunmasında həlledici rolu ABŞ oynayıb. Suriya Müdafiə Nazirliyi ilə «Suriya Demokratik Qüvvələri» komandanlığı arasında atəşkəs razılaşması məhz Amerika diplomatiyasının səyləri nəticəsində əldə edilib. Amma Vaşinqtonun bir yandan əş-Şaraa hökumətini, digər tərəfdən isə hələ də vahid Suriya dövlətinin tərkib hissəsinə çevrilmək istəməyən kürd amilini İsraillə birlikdə dəstəklədiyi şəraitdə bu atəşkəs dayanıqlı sülhün əsasını qoya biləcəkmi?
Bütün bu məqamlar Suriyada vəziyyətin son dərəcə mürəkkəb olduğunu təsdiqləyir. Suriyanı hansı gələcəyin gözlədiyi sualı hələ də açıq qalır…
MƏSLƏHƏT GÖR:




32

