YAPON GEDİŞİ
Tokio Mərkəzi Asiyaya niyə «stavka» edir?
Müəllif: İlqar VƏLİZADƏ
Son illər qlobal siyasi və iqtisadi oyunçuların Mərkəzi Asiya uğrunda rəqabəti keyfiyyətcə yeni mərhələyə keçərək, bu regionu qlobal geoiqtisadi rəqabətin əsas meydanlarından birinə çevirib. Belə bir vəziyyətdə Yaponiyanın Mərkəzi Asiya istiqamətində siyasətini fəallaşdırması təsadüfi təsir bağışlamır. Bu, beynəlxalq iqtisadi və siyasi əlaqələrin arxitekturasında gedən dərin dəyişiklikləri əks etdirir. Tokio üçün zəngin təbii resurslara, tranzit imkanlarına və texnoloji potensiala malik bu bölgədə möhkəmlənmək istəyi xarici iqtisadi əlaqələrin şaxələndirilməsi, ayrı-ayrı güc mərkəzlərindən asılılığın azaldılması məqsədi daşıyır. Bu şəhərdə tarixdə ilk dəfə keçirilən «Mərkəzi Asiya+Yaponiya» sammiti də bu kursun açıq göstəricisidir. Görünən odur ki, Tokio regional fəaliyyətini ayrı-ayrı təşəbbüslərdən daha sistemli, institusional strategiyaya keçirir.
Oyuna Yaponiya başlayır
Tokioda təşkil edilmiş sammit Yaponiyanın regionda fəallaşdığını göstərən rəmzi addım olmaqla yanaşı, həm də dünyanın aparıcı gücləri arasında çoxşaxəli geoiqtisadi rəqabətin gücləndiyini göstərir. Bu isə təbii ki, Mərkəzi Asiyanın geosiyasi və geoiqtisadi dəyərini artırır, region getdikcə ikinci dərəcəli bölgə olmaqdan çıxır, qlobal maraqların kəsişdiyi mərkəzə çevrilir. Yaponiyanın yeni baş naziri Sanae Takaiçinin beş Mərkəzi Asiya ölkəsinin liderlərini Tokioya toplamaq təşəbbüsü göstərib ki, o, əsas xarici oyunçular, ilk növbədə, Çin və Cənubi Koreyadan geri qalmaq istəmir, regionda institusional şəkildə möhkəmlənməyə çalışır.
Xatırladaq ki, yalnız son bir ildə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri Donald Tramp, Vladimir Putin, Si Cinpin və Ursula fon der Lyayen ilə ayrı-ayrı görüşlər keçiriblər. Bu diplomatik «marafon», əlbəttə ki, regionun beynəlxalq əhəmiyyətinin artdığını, indi onun qlobal aktorların maraqlarının kəsişdiyi müstəqil platforma kimi çıxış etdiyini aydın şəkildə ortaya qoyur. Bu isə Yaponiya üçün artıq formalaşmış və kifayət qədər ciddi olan rəqabətə daxil olmağı zərurətə çevirir. Yeri gəlmişkən, bu rəqabətdə ən güclü mövqeyə malik oyunçu hələ də Çindir. Coğrafi yaxınlıq, miqyaslı infrastruktur investisiyaları, regionun «Bir kəmər, bir yol» təşəbbüsünə dərin inteqrasiyası Çini Mərkəzi Asiyanın əsas iqtisadi tərəfdaşına çevirib və Pekin bu statusunu davamlı şəkildə möhkəmləndirir. ÇXR yarımkeçiricilərdən tutmuş, batareyalara, müdafiə texnologiyalarınadək, yüksək texnologiyalar üçün həyati əhəmiyyət daşıyan nadir torpaq elementlərinin qlobal təchizat zəncirində də əhəmiyyətli mövqedədir. 2025-ci ildə bir sıra Qərb ölkələrinə qarşı tətbiq olunan ixrac məhdudiyyətləri ABŞ, Yaponiya və Cənubi Koreyada narahatlığı artırıb ki, bu da Mərkəzi Asiya resurslarının strateji əhəmiyyətini daha da yüksəldib. Nəticədə, Tokio bu regionu Çinin təsir dairəsindən kənar nadir torpaq metalları, uran, qaz və qızıl tədarükünün şaxələndirilməsi üçün azsaylı real variantlardan biri kimi görməyə başlayıb.
Tokio siyasətinin güclü tərəfləri
Yaponiyanın yanaşması onun ehtiyatlılıq prinsipindən çıxış etdiyini, daha çox texnoloji və institusional istiqamətlərə əhəmiyyət verdiyini göstərir. Sammit çərçivəsində süni intellekt sahəsində tərəfdaşlığa dair çərçivə sazişi də imzalanıb. Bu sənəd geoloji kəşfiyyatda, məlumatların təhlilində, hələ işlənməmiş yataqların qiymətləndirilməsində rəqəmsal həllərin tətbiqini nəzərdə tutur. Demək ki, Yaponiya Mərkəzi Asiyada miqyaslı kreditlərdən çox yüksək texnoloji bilik, təcrübə və nisbətən aşağı siyasi riskli uzunmüddətli investisiya yatırımlarına üstünlük verir. Çin modelindən fərqli olaraq, Yaponiyanın strategiyası özündən sərt borc asılılığından qaçmaq, ölkələrin milli iqtisadi sistemlərinə tədricən inteqrasiyanı əks etdirir.
Yaponiyanın strategiyasında əlavə element isə trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dəstəklənməsidir. Bu marşrut Mərkəzi Asiya ölkələrinin Rusiya tranzitindən asılılığını azaltmasına, həmçinin Avropa, Yaxın Şərq və Cənubi Asiya bazarlarına çıxışın genişləndirilməsinə imkan verən alternativ logistika dəhlizinin bir hissəsi sayılır. Onun inkişafı Tokio üçün sadəcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır, çünki bu, şaxələndirilmiş və dayanıqlı Avrasiya logistika sisteminin formalaşmasına xidmət edir.
Bu arada, Mərkəzi Asiyanın texnoloji və iqtisadi rəqabətdə az görünməsinə rəğmən, Cənubi Koreya da kifayət qədər fəal rol oynayır. Bu məsələdə Seul Tokionun sanki «səssiz rəqib»i kimi çıxış edir. O, sənaye əməkdaşlığına, enerjiyə, xammal emalına və infrastruktur layihələrinə üstünlük verir. Çevik maliyyə alətləri, özəl sektorun iştirakı və sürətli iqtisadi nəticələrə yönəlmiş Cənubi Koreya modeli Çin modeli ilə müqayisədə daha az siyasiləşmiş, Yaponiyanın yanaşması ilə müqayisədə isə daha praqmatik hesab olunur.
Mərkəzi Asiya ölkələrinin özləri üçün isə Çin, Yaponiya və Cənubi Koreya arasındakı rəqabət xarici siyasətdə və iqtisadiyyatda əlavə manevr imkanları yaradır. Region ölkələri Rusiya ilə strateji əlaqələri qoruyub saxlayaraq, Çinlə iqtisadi əməkdaşlığı dərinləşdirərək, xarici tərəfdaşlığı şaxələndirməyə, Yaponiya və Cənubi Koreya texnologiyalarından, investisiyalarından, idarəetmə təcrübəsindən yararlanmağa çalışırlar. Bununla belə, mürəkkəb relyef, zəif inkişaf etmiş infrastruktur və kapital çatışmazlığı kimi obyektiv məhdudiyyətlər bölgədə resursların mənimsənilməsi tempini azaldır, ən əlçatan, gəlirli layihələr uğrunda rəqabəti gücləndirir.
Tokio Bəyannaməsi: çoxtərəfli münasibətlərdə yeni mərhələ
Sammitin əsas siyasi nəticəsi Yaponiya ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın keyfiyyətcə yeni, daha institusional səviyyəyə keçdiyini təsdiqləyən sənədin imzalanması olub. Qlobal rəqabətin kəskinləşdiyi şəraitdə bu sənəd regionun artıq yalnız xarici güclərin maraqlarının toqquşma mərkəzi deyil, müstəqil geoiqtisadi və geosiyasi əhəmiyyətə malik məkan kimi formalaşdığını təsdiqləyib. Tərəflərin imzaladığı Bəyannamə onların dayanıqlı inkişaf, enerji keçidi, nəqliyyat-logistika əlaqələri, rəqəmsallaşma, insan kapitalının inkişafı kimi sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını ortaya qoyub. Sənəd göstərir ki, tərəflər birgə layihələrin reallaşdırılmasına xüsusi diqqət göstərəcək.
«Tokio CA+JAD təşəbbüsü» sözügedən Bəyannamənin məntiqi davamı sayıla bilər. O, əldə olunmuş razılaşmaların praktiki icrası üçün çərçivə platforması rolu oynayacaq. Bəyannamə strateji baxışı, siyasi razılığı ifadə edirsə, təşəbbüs dövlət və özəl sektorun iştirakı ilə konkret proqramların, investisiya layihələrinin həyata keçirilməsi mexanizmlərini formalaşdırır.
Yaponiya yaxın beş ildə rəsmi yardım alətlərindən istifadə etməklə Mərkəzi Asiyada biznes layihələrinin icrasına 3 trilyon iyena, yəni təxminən 20 milyard dollar yönəltməyə hazırlaşır. Burada təchizat zəncirinin dayanıqlılığı, «yanlış» iqtisadi transformasiya, iqlim dəyişikliklərinə uyğunlaşma diqqət mərkəzində olan xüsusi məqamlardır. Bu, Yaponiyanın xarici iqtisadi siyasətinin əsas prioritetlərindəndir.
Tokio sammiti baş nazir Takaici hökumətinin daha geniş xarici siyasət kursuna tam cavab verir. Bu siyasət, ilk növbədə, nadir torpaq elementləri, yarımkeçiricilər, akkumulyator texnologiyaları və süni intellekt sahəsində Çinin təchizat zəncirlərindən kəskin asılılığın azaldılmasına yönəlib.
Yaponiyanın bölgədə geoiqtisadi mövcudluğunu genişləndirməsi dövlətlə yanaşı, özəl biznesin də prosesdə fəal iştirakını nəzərdə tutur. Bu model artıq Afrika və Hind-Sakit okean regionlarında tətbiq olunur. İndi o, prosesin davamı olaraq, Mərkəzi Asiyada da tətbiq ediləcək.
Uzun yolun başlanğıcı
Baş verənlər fonunda Yaponiya ilə Mərkəzi Asiya ölkələri arasında 2024-2025-ci illərdə ticarət-iqtisadi əlaqələr sabit, lakin assimmetrik xarakterini qoruyub saxlayıb. Burada mütləq lider Qazaxıstandır. Yaponiyanın region ilə ümumi ticarət dövriyyəsinin əsas hissəsi məhz onun payına düşür. Sonrakı yeri qarşılıqlı ticarətdə mülayim, lakin davamlı artım göstərən Özbəkistan tutur. Qırğızıstan, Tacikistan və Türkmənistan bu məsələdə məhdud göstəriciləri ilə fərqlənirlər. Görünən odur ki, Tokio regiona marağını qoruyub saxlamaqla yanaşı, ticarətdə iştirakını kəskin artırmır, diqqəti daha çox investisiya və texnologiyalar sahəsində əməkdaşlığa yönəldir.
Ümumilikdə Tokio sammitinə Yaponiyanın Mərkəzi Asiyaya uzunmüddətli təsir arxitekturasına daxil olmaq cəhdi kimi baxmaq mümkündür. Bu isə əsasən iqtisadi, texnoloji və institusional alətlərə söykənir. Bölgədə Çinin ciddi iqtisadi mövcudluğu, Cənubi Koreyanın artaq fəallığı fonunda Yaponiyanın seçdiyi strategiyanın uğuru Tokionun qarşı tərəfə qabaqcıl texnologiyalar, dayanıqlı uzunmüddətli investisiyalar, siyasi baxımdan neytral tərəfdaşlıq kimi amillərin bir araya gətirildiyi özünəməxsus model təklif edə bilib-bilməyəcəyindən asılı olacaq. Tokionun regionda müstəqil və davamlı mövcudluğunu məhz Mərkəzi Asiya ölkələrinin maraqlarını nəzərə alan, digər xarici oyunçularla qarşıdurma yaratmayan özünəməxsus model təmin edə bilər.
MƏSLƏHƏT GÖR:





55

