TOP ATƏŞİ ALTINDA DANIŞIQLAR
Diplomatik səylərə baxmayaraq, müharibənin tezliklə başa çatacağına hələ də ümid yoxdur
Müəllif: Samir VƏLİYEV
2025-ci ilin sonlarına yaxın Ukrayna ətrafında gedən proseslər xüsusi kəskin dinamika qazanıb. ABŞ-nin ili ən azı formal razılaşdırılmış nəticə ilə başa vurmaq istəyi danışıqların fəallaşmasına səbəb olub. Söhbət əsasən problemin nizamlaması üçün Vaşinqton tərəfindən irəli sürülən təkliflərdən gedir. Artıq bir neçə həftədir ki, Ukrayna, ABŞ, Avropa İttifaqı və Rusiya məhz bu təkliflər ətrafında uzun-uzadı və çoxşaxəli müzakirələr aparırlar. Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, razılaşdırılmış məsələlər təxminən 20 bənddən ibarətdir və əsas sənədlə yanaşı, ayrıca tematik əlavələr də var. Amma razılaşdırılmış məqamların olması belə, onun qəbul edildiyi anlamına gəlmir. Üstəlik, görünən odur ki, mövcud vəziyyət hərbi əməliyyatların intensivliyinə hər hansı təsir göstərmir.
Ukraynaya yardımın dəyəri nə qədərdir?
Kompromis axtarışları fonunda cari gündəliyin əsas məsələsi Ukraynaya maliyyə və hərbi dəstək məsələsi olaraq qalır. Avropa İttifaqının dekabrın 18-19-da Brüsseldə keçirilən ənənəvi yekun sammitinin əhəmiyyətli hissəsi də məhz bu mövzuya həsr edilmişdi. Müzakirələrin mərkəzində Kiyevə maliyyə və siyasi yardımın perspektivləri, eləcə də orta müddətdə onun makroiqtisadi sabitliyinin təmini üçün dayanıqlı mexanizmlərin tapılması dayanırdı.
Bununla yanaşı, ABŞ-nin rolunun transformasiyası şəraitində Avropa təhlükəsizlik arxitekturasının gələcəyi ilə bağlı da müzakirələr aparıb – istər Ukrayna üçün təhlükəsizlik zəmanəti kontekstində, istərsə də Aİ-nin strateji muxtariyyətinin sərhədləri kimi daha geniş çərçivədə.
Sammit Aİ daxilindəki fikir ayrılıqlarını bir daha ortaya qoyub. Söhbət, ilk növbədə, maliyyə öhdəliklərinin bölüşdürülməsi, Rusiya ilə münasibətlərə yanaşmadakı ziddiyyətlərdən gedir. Bu, xüsusilə Aİ-nin Ukraynaya birgə kredit mexanizminin razılaşdırılması zamanı özünü daha aydın göstərib. Paralel olaraq ümumavropa bülgəsinin dayanıqlığı, Rusiyanın dondurulmuş aktivlərinin potensial istifadəsi ilə bağlı hüquqi risklər, həmçinin avrozonaya beynəlxalq kapital üçün təhlükəsiz yurisdiksiya kimi etibarın qorunub saxlanılmasının vacibliyi kimi məsələlər də müzakirə edilib.
Təxminən 17 saat davam edən uzun-uzadı danışıqlar nəticəsində Aİ liderləri 2026-2027-ci illərdə Ukraynaya 90 milyon avro birgə kreditin ayrılmasına dair ortaq fikrə gəliblər. Burada söhbət Aİ-nin kapital bazarlarından ümumi büdcənin zəmanəti altında borclanmasından gedir. Kreditin faizsiz ayrılması nəzərdə tutulur.
Avropa Komissiyasının planına görə bu mexanizm Kiyev üçün əlavə borc yükünə çevrilməməlidir, çünki kreditin qaytarılması gələcəkdə mümkün təzminatla əlaqələndirilir. Bu qərar Ukrayna üçün fakultativ deyil, həyati əhəmiyyət daşıyır. Çünki bu vəsait olmadan dövlət əsas funksiyalarını, o cümlədən hərbi qulluqçulara ödənişləri, silah-sursat alışını tam təmin edə bilməz. ABŞ-nin Kiyevə birbaşa yardım göstərmək həvəsinin azalması fonunda Avropa faktiki olaraq Ukraynanın dayanıqlılığının əsas maliyyə dəstəkçisinə çevrilir.
Dəstəyin tərəfdarları və əleyhdarları
Sammit, eyni zamanda Aİ daxilindəki fikir ayrılıqlarının dərinliyini də ortaya qoyub. Yardım paketinin təsdiqlənməsi üçün yekdillik tələb olunurdu. Lakin Macarıstan, Slovakiya və Çexiya qərarı yalnız fərdi maliyyə öhdəliklərindən azad edilmələri şərtilə dəstəkləyiblər. Avropa İttifaqı Şurasının yekun qərarında qeyd olunur ki, kredit üzrə zəmanət kimi Aİ büdcəsindən istifadə edilməsi bu dövlətlər üçün maliyyə öhdəlikləri yaratmayacaq. Bu isə müharibəyə strateji yanaşmadakı fərqləri bir daha ortaya çıxarıb. Əgər Polşa və Baltikyanı ölkələr Ukraynanın sağ qalmasını öz təhlükəsizlikləri üçün həyati əhəmiyyətli məsələ kimi görürlərsə, Budapeşt, Bratislava və Praqa daha təmkinli, bəzən isə açıq-aşkar tənqidi mövqedən çıxış edirlər. Müzakirələrin rəmzi isə Polşanın baş naziri Donald Tuskun çıxışı sayıla bilər. «Avropa bu gün pulla, yoxsa sabah qanla ödəmək arasında seçim etməlidir», - deyə o, bildirib.
Amma hüquqi və maliyyə çətinlikləri ilə bağlı narahatlıqlar Aİ-nin maliyyələşmənin daha radikal variantından istifadəsinə mane olub. Söhbət Rusiyanın dondurulmuş dövlət aktivlərindən istifadədən gedir. «Financial Times» yazır ki, bu təşəbbüsün bloklanmasında əsas rolu Fransa ilə İtaliya oynayıb. Məsələnin müzakirəsi zamanı məhz onların mövqeyi həlledici olub.
Beləliklə, aydın olur ki, Brüsselin ən sərt təşəbbüslərinə müqavimət ayrı-ayrı Şərqi Avropa ölkələrinin mövqeyi ilə məhdudlaşmır. Aİ-nin aparıcı dövlətləri səviyyəsində də narazılıqlar özünü göstərir və bu, onu göstərir ki, söhbət birlik bəyanatları ilə maskalanan hansısa situativ haldan yox, struktur xarakterli ziddiyyətlərdən gedir.
Avropada Rusiya Mərkəzi Bankına məxsus təxminən 210 milyard avro vəsait dondurulub. Onun əsas hissəsi Belçikanın «Euroclear» depozitariyasında saxlanılır. Kiyevin israrlı çağırışlarına baxmayaraq, bir sıra ölkələr Moskvanın mümkün cavab addımlarından və avrozonaya etimadın sarsılacağından ehtiyatlanaraq, bu aktivlərdən istifadəyə razılıq vermir. Bununla belə, sülh yolu ilə nizamlanma və hüquqi baxımdan dayanıqlı mexanizmin yaradılacağı təqdirdə gələcəkdə bu vəsaitdən artıq razılaşdırılmış kreditlərin ödənilməsi üçün istifadə olunacağı istisna edilmir.
Ukraynanın maliyyə ehtiyacları sistemli xarakter daşıyır o, və büdcə kəsirinin örtülməsini, hərbi xərcləri, kritik infrastrukturun bərpasını və makromaliyyə sabitliyinin qorunmasını əhatə edir. Belə bir vəziyyətdə Aİ-nin 90 milyard avroluq krediti ehtiyacların yalnız bir hissəsini qarşılaya bilər. Brüsselin qiymətləndirməsinə görə 2026-2027-ci illərdə Ukraynaya əlavə olaraq 45 milyard avro maliyyə vəsaiti lazım olacaq. Beləliklə, Avropa krediti tələb olunan həcmin təxminən üçdə ikisini təmin edir və əsas funksiyanın təmininə yönəlib – maliyyə kollapsının qarşısının alınması və dövlətin idarə olunmasının qorunub saxlanması.
Bununla yaaşı, bu alət, ilk növbədə, makromaliyyə xarakteri daşıyır. O, Ukraynaya iqtisadi dayanıqlılığı saxlamaq, müqaviməti davam etdirmək imkanı yaratsa da, strateji hərbi dönüşü təmin etmir. Məhz bu səbəbdən Kiyev paralel olaraq Aİ-dən kənar ölkələrin və beynəlxalq maliyyə institutlarının da dəstəyinə ümid edir.
Ümumilikdə sammitin nəticələri Avropada Ukrayna probleminə ikili yanaşmanın mövcudluğunu nümayiş etdirib. O, miqyaslı addımlar atmağa hazır olmaqla yanaşı, dəstəyin formaları və hədlərinin müəyyənləşdirilməsində daxili kompromislərdən getdikcə daha asılı vəziyyətə düşür.
ABŞ qarant və danışıqlar üzrə vasitəçı kimi
Sammitin yekunlarına dair mətbuat konfransında çıxış edən Ukraynanın dövlət başçısı Volodimir Zelenski qəbul edilmiş qərarlara, miqyaslı maliyyə dəstəyinə görə Avropa İttifaqına təşəkkür edib, lakin ölkəsinin təzlükəsizlik arxitekturası ilə bağlı prinsipial əhəmiyyət daşıyan bir məqamı xüsusi vurğulayıb. O, təhlükəsizlik təminatı məsələsində Avropanı ABŞ-nin əvəz etməli olduğunu və ya əvəz edə biləcəyini düşünmür. Bu səbəbdən də Avropa dövlətlərinin Rusiyanın yeni hücumu halında Ukraynaya yardım göstərmək öhdəliyi Vaşinqton tərəfindən verilən təminatlara tam alternativ kimi qiymətləndirilə bilməz. Zelenski açıq şəkildə bildirib ki, bu cür təminatlar hüquqi baxımdan məcburi xarakter daşımalı, ABŞ Konqresinin qərarları ilə möhkəmləndirilməlidir. Beləliklə, Zelenski Vaşinqtonun Kiyev üçün strateji çəkindirmə sistemində əsas rolunu bir daha təsbit edib.
Bu bəyanat faktiki, Aİ-nin maliyyə və siyasi tərəfdaş kimi artan roluna rəğmən, Ukrayna rəhbərliyinin öz təhlükəsizliyinin qeyd-şərtsiz təminatçısı kimi Aİ-ni deyil, ABŞ-ni gördüyünü bir daha təsdiqləyib. Brüsselin strateji muxtariyyətlə bağlı sərt ritorikasına baxmayaraq, Kiyev onun institusional və hərbi məhdudiyyətlərinin fərqindədir. Odur ki, Kiyev praqmatik hesablamalardan çıxış edərək Avropanın dəstəyi artırmasını alqışlayır, lakin təhlükəsizliyin əsas strateji elementi kimi ABŞ-ni görür.
Bu aradan Vaşinqton münaqişənin kompromislər əsasında həlli axtarışını davam etdirir və bu istiqamətdə təzyiqləri azaltmır. Dekabrın 20-21-də Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna və Rusiya nümayəndələri ilə növbəti müzakirələri aparıb. Amerika nümayəndə heyətinin tərkibində Uitkoff ilə yanaşı, Donald Trampın müşaviri və kürəkəni Cared Kuşner, həmçinin Ağ Evin nümayəndəsi Coş Qruenbaum da yer alıblar. Moskvanı Rusiya prezidentinin xüsusi nümayədəsi Kirill Dmitrev, Kiyevi isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov təmsil edib. Danışıqların «məhsuldar və konstruktiv» keçdiyini deyən Uitkoffun ehtiyatlı nikbinliyini Vladimir Zelenski də bölüşüb.
Ayrıca ABŞ-Ukrayna formatında da görüş keçirilib. Görüşdə 20 bənddən ibarət planın daha yaxşı işlənməsi, təhlükəsizlik təminatları ilə bağlı mövqelərin uzlaşdırılması, ABŞ-nin Ukraynaya verəcəyi təhlükəsizlik təminatının parametrləri, eləcə də ölkənin bərpası, uzunmüddətli inkişaf planı müzakirə edilib, sonrakı addımların vaxtı və ardıcıllığı ilə bağlı fikir mübadiləsi aparılıb.
«Ukrayna əvvəlkitək, ədalətli və davamlı sülhə nail olunmasına sadiqdir. Bizim ümumi prioritetimiz insan tələfatının qarşısının alınması, təminatlı təhlükəsizliyə nail olunması, Ukraynanın bərpası, orada sabitlik və uzunmüddətli rifah üçün şərait yaradılmasıdır», - deyə Uitkoff qeyd edib.
Amma bu ritorika cəbhədəki real vəziyyətlə kəskin ziddiyyət təşkil edir. Moskvada minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ hazırlıq idarəsinin rəhbəri general Fanil Sarvarov həlak olub. Bununla yanaşı, Ukrayna Xəzər dənizi hövzəsində Rusiyanın neft infrastrukturuna bir sıra həssas zərbələr endirib. Rusiya isə öz növbəsində, Odessa, Xerson, Kiyev və Ukraynanın digər vilayətlərinə intensiv zərbələri davam etdirib.
Demək, diplomatik səylərin fəallaşması və nizamlanma üçün kompromislərin axtarışına baxmayaraq, müharibənin yaxın zamanda dayandırılması üçün real şans görünmür. ABŞ-nin təşəbbüsü ilə aparılan danışıqların trayektoriyası əsasən hazırlıq və vəziyyəti yoxlama xarakteri daşıyır. O, hələ ki, qarşıdurmanın gedişində dönüş yaradacaq xarakter almayıb. Müharibə isə getdikcə müddətsiz münaqişə təsiri bağışlayır: danışıqlar hərbi əməliyyatları əvəz yox, sadəcə müşayiət edir. Təəssüf ki, mövcud qüvvələr balansı və siyasi mövqelərin qorunub saxlandığı şəraitdə ABŞ-nin israrına, danışıqlar prosesinin dinamikasına baxmayaraq savaşın 2026-cı ildə, ən azı ilin ilk yarısında davam edəcəyi ehtimalı onun tezliklə başa çatması şansından xeyli yüksəkdir.
MƏSLƏHƏT GÖR:



57

