28 Yanvar 2026

Çərşənbə, 18:06

2025: XAOS FONUNDA BALANS

Ticarət müharibələri, lokal münaqişələr və güc siyasətinə qayıdış – bu il necə keçdi?

Müəllif:

01.01.2026

2025-ci ilin geosiyasi nəticələri olduqca ziddiyyətli görünür. Bir yandan uzunmüddətli münaqişələrin həllinə yönəlmiş, müxtəlif dərəcədə uğurlu alınan diplomatik səylər göstərilib, bəşəriyyət Üçüncü Dünya müharibəsinin başlaması kimi dəhşətli ssenaridən qaça bilib ki, bu, özlüyündə nailiyyət sayıla bilər. Lakin digər tərəfdən qlobal məkan daha da parçalanmış duruma gəlib. Bir çox regionlarda lokal münaqişələr davam edib, proteksionizm güclənib, yeni ticarət müharibələri qızışıb. Dünya artıq ənənəvi ticarət axınları və logistika zəncirlərinin yenidən qurulması mərhələsinə qədəm qoyub.

Dünyanın iki nəhəngi olan ABŞ və Çin arasındakı münasibətlərdə davam edən gərginlik fonunda texnoloji artış daha da sürətlənib. Xüsusilə nadir torpaq metalları hasilatı və emalı üzərində nəzarət strateji əhəmiyyət qazanıb. Maraqlıdır ki, ötən ilin istər müsbət, istərsə də mənfi tendensiyalarını bir çox analitik məhz ABŞ-də Donald Trampın hakimiyyətə qayıdışı ilə əlaqələndirir. O, şübzəsiz ki, 2025-ci ilin ən diqqətçəkən fiqurlarından biri olub.

 

2025-ci ilin siyasi ulduzu

Donald Trampın hələ yanvarda keçirilmiş inauqurasiyası əslində bütün ilin tonunu müəyyənləşdirmiş hadisə olub. Onun hakimiyyətə qayıdar-qayıtmaz imzaladığı bir sıra fərmanlar göstərib ki, yeni-köhnə prezident nəinki əvvəlki roluna qayıdır, indi bunu daha qətiyyətlə edir. Qərb mediasının onun ikinci prezidentlik dönəmini zarafatla «steroidlərdə Tramp 1.0» adlandırması da təsadüf deyildi – bu dəfə Tramp sanki vaxtilə çəkindiyi hər şeyi həyata keçirməyə qərar vermişdi. Vaşinqtonun xarici siyasət kursunun əsasını yenidən «Hər şeydən öncə Amerika» doktrinası təşkil etməyə başlayıb, üstəlik, bu dəfə heç bir şərt və güzəşt olmadan.

İstər geosiyasi rəqiblərə, istər ən yaxın müttəfiqlərə, o cümlədən Avropa İttifaqına, Yaponiyaya, Asiya ölkələrinə yüksək idxal rüsumlarının tətbiqi qlobal ticarət müharibəsini dərhal kəskinləşdirib. Nəticədə, domino effekti özünü çox gözlətməyib: qlobal bazar sarsılıb, Vaşinqtonun müttəfiqləri isə yeni administrasiya ilə «dostluğun» olduqca praqmatik şəkil aldığını hiss ediblər.

Coşqun siyasi ilin yekunu ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası qəbul etməsi olub. Bu məsələdə Vaşinqtondan ənənəvi ifadələrlə dolu standart sənəd gözləyənlər yanılıb. Yeni strategiyada uzun illər sonra ilk dəfə olaraq Rusiya ilə Çin əsas rəqiblər kimi göstərilməyib. Əvəzində, Avropa onilliklər ərzində eşitmədiyi sərt tənqidlə üzləşib. Strategiya «Köhnə dünya»ya açıq şəkildə miqrasiyanın təzyiqi altında «sivil yoxolma» vəd edir. Orada avropalıların Ukrayna müharibəsini bilərək uzatdıqlarına eyham belə var. Bu fikirlər isə 2025-ci ilin yaddaqalan mənzərəsinə tam uyğundur –Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Vensin Münhen Təhlükəsizlik Konfransında rezonans doğuran çıxışından tutmuş, Tramp ilə Vladimir Zelenski arasında Oval kabinetdə baş tutmuş qalmaqallı görüşədək. Bütün bunlar açıq şəkildə göstərib ki, artıq Vaşinqtonun siyasətində «yarımton»lar dövrü başa çatıb.

 

Avropa çaşqınlıq içində

ABŞ-nin yeni strateji doktrinasında ekspertlər trans-Atlantik Alyansın möhkəmliyi ilə bağlı şübhələr də görürlər. Bu, yəqin ki, ilin ən mənfi siqnalı sayıla bilər. Avropa Birləşmiş Ştatlarla münasibətlərin soyuması fonunda genişlənmə və iqtisadi sabitlik məsələlərini həll etmək məcburiyyətində qalıb. Nəticədə, o, yeni dünya düzənində öz rolunu müəyyənləşdirmək kimi çətinliklə qarşı-qarşıyadır. Ümumiyyətlə, avropalılar il boyu Trampdan incik olublar. Yerli mediada «şərəf və ləyaqətin müdafiəsi» mövzusunda dərc edilən məqalələrdə vurğulanır ki, Amerika da daxil olmaqla, dünyanın heç bir digər regionu əhalinin əhəmiyyətli bir hissəsi üçün Avropa qədər yüksək həyat keyfiyyəti təmin etmir. Həmin yazılarda Aİ-nin ABŞ-yə millətçi səslə verdiyi dəstək, «Qrenlandiyanı (və Kanadanı) ələ keçirməyə yönəlmiş neoimperiya iddiaları» Vaşinqtona təkrar-təkrar xatırladılır. Yazı müəllifləri «trampizmin ixrac olunan siyasi layihə»yə çevrildiyini də vurğulayırlar. Avropa üçün ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi xüsusilə ağrılıdır. Avropa paytaxtlarında hesab edirlər ki, NATO-nun qurucusu və əsas hərbi dayağı olan Amerika kənar vasitəçi roluna keçə bilməz, çünki baş verənlər birbaşa «Köhnə dünya»nın təhlükəsizliyi ilə bağlıdır.

Trampın tərəfdarları isə fərqli mövqedədirlər. Onların fikrincə, söhbət trans-Atlantik əlaqələrdə böhrandan çox, «dərin dövlət» adlandırılan struktur, onun media, QHT-lərdən tutmuş, beynəlxalq təşkilatlar və alyanslara qədər uzanan təsir şəbəkələri ilə qlobal mübarizədən gedir.Onlar bu kursun parlaq nümunəsi kimi ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin korrupsiya və səmərəsizlik əsası ilə qapadılmasını göstərirlər. Bu, həqiqətən, sensasion qərar idi. Ağ Evin bu qərarı göstərib ki, artıq xarici siyasətdə «yumşaq güc» dövrü praqmatizm və sərt güc balansı ilə əvəzlənib.

Beləliklə, 2025-ci ildə ABŞ-nin klassik qlobal liderlik konsepsiyası faktiki olaraq yenidən nəzərdən keçirilib. Artıq prioritet dünyada hökmranlıq yox, Qərb yarımkürəsi və Hind-Sakit okean regionu, eləcə də Latın Amerikasıdır. Amerikalılar indi bu bölgələri prioritet nəzarət zonası sayırlar. Məsələn, Vaşinqton il boyu Karib hövzəsində hərbi mövcudluğunu gücləndirməklə məşğul olub, Panama kanalı ətrafında mövqelərini möhkəmləndirib, Venesuelaya açıq təzyiq göstərib. Venesuela lideri Nikolas Maduronu narkokartellərlə əlaqələrdə günahlandıran ABŞ onun həbsinə görə 50 milyon dollar mükafat da təyin edib.

 

Çinin düşünülmüş strategiyası

Bütün bunlar Çin ilə artan rəqabət fonunda baş verib. Halbuki hərbi ritorika nəzərəçarpacaq dərəcədə yumşalıb. Tramp Pekin ilə münasibətlərdə strategiyanı strateji qarşıdurmadan iqtisadi müstəviyə keçirib. Maraqlıdır ki, ilin sonuna doğru bir fikirə daha çox rast gəlinməyə başlayıb: bu «tənlik»də Rusiya geosiyasi rəqibdən çox, Pekinin qarşısının kəsilməsində tərəfdaş, hətta kimi müttəfiq kimi nəzərdən keçirilə bilər. Vaşinqtonun yeni məntiqində ideoloji xətlər yerini strateji hesablamalara verir. Bütün bunlar, əlbəttə ki, ABŞ-nin qəflətən sülhsevər «ağ göyərçin»ə çevrildiyi anlamına gəlmir. O, strateji qüvvələrin, nüvə arsenallarının, kosmik qoşunların və raket əleyhinə müdafiə sistemlərinin miqyaslı müasirləşdirilməsini planlaşdırır, üstəlik, onu süni intellekt texnologiyaları ilə sıx bağlı şəkildə qurur.

Amma Amerika isteblişmenti üçün 2025-ci ildə ən ağrılı nöqtə də məhz burada ortaya çıxır. Çin həyati əhəmiyyətli minerallar və nadir torpaq elementlərinin qlobal tədarükü üzərində, demək olar ki, inhisarçıdır. Bu elementlər olmadan isə nə süni intellektin sürətli inkişafı mümkündür, nə kvant hesablamalarının tam gücü ilə işləməsi, nə də müasir silah istehsalı. Qərb sənayesi və müdafiəsi faktiki olaraq, belə acı həqiqətlə üz-üzədir. Bəli, bu gün Çin kritik mineralların emalının böyük bir hissəsinə nəzarət edir – 85-95%! Bu, Pekini qlobal tədarük zəncirinin əvəzolunmaz halqasına çevirir. Bu kontekstdə Çinin çoxqütblü dünya nizamının təşviqi, ənənəvi Qərb alyanslarının zəiflədilməsi, regional blokların gücləndirilməsi istiqamətində apardığı xətt 2025-ci ildə artıq abstrakt konsepsiya kimi görünməkdən çıxaraq resurs gücü ilə dəstəklənən düşünülmüş strategiyanın tərkib hissəsinə çevrilib.

 

Münaqişələr: Ukrayna, Qəzza, İran…

İlboyu Ukrayna münaqişəsinin həm eskalasiyası, həm də beynəlmiləlləşməsi davam edib. Nə qədər paradoksal olsa da, bu, diplomatik həll cəhdləri ilə paralel baş verib. Siyasi dairələr və ekspertlər ilboyu problemin həlli ilə bağlı müxtəlif sülh təşəbbüslərini, o cümlədən Donald Tramp tərəfindən irəli sürülmüş «28 maddəlik plan»ı müzakirə edib. Müharibədən çıxış yolunun tapılması səylərinin kulminasiyası isə 2025-ci ilin avqustunda Alyaskada keçirilən sammit olub. Söhbət Ankoricdəki hərbi bazada Tramp ilə Putin arasında təşkil edilmiş görüşdən gedir. Müzakirələrin sonunda formal sazişlər imzalanmasa da, tərəflər görüşü «məhsuldar» adlandırıb. Lakin fakt faktlığında qalır: Trampın «müharibəni prezidentliyimin ilk günündə bitirəcəyəm» vədi siyasi şüar olaraq qalıb və Ukrayna cəbhəsində döyüşləri ilin son günlərində də şiddətli şəkildə davam edib. Aydındır ki, Ukrayna ətrafında hadisələr 2026-cı ildə də dünyanın gündəmindən düşməyəcək. Buraya mümkün atəşkəs ssenariləri və Rusiyanın dondurulmuş aktivlərinin taleyi də daxildir.

Beynəlxalq ictimaiyyət üçün ilin ən böyük şoku isə yəqin ki, İsraillə İran arasında iyunun 13-də başlayan, qısa, lakin son dərəcə intensiv sürən 12 günlük müharibə olub. Tarixə «12 günlük müharibə» adı ilə düşən bu qarşıdurma bir anda beynəlmiləlləşərək, az qala tammiqyaslı regional «yanğın»a çevrilib. ABŞ əvvəlcə tərəflər arasında vasitəçi rolunda çıxış etməyə çalışsa da, sonradan münaqişəyə birbaşa qoşularaq İranın üç əsas nüvə obyektinə (Fordo, Natanz, İsfahan) kütləvi zərbələr endirib. Bu, Birləşmiş Ştatlarının tarixdə İranın nüvə obyektlərinə ilk birbaşa zərbələri idi. Tramp bildirib ki, onların zərbələri hədəf seçilmiş infrastrukturu məhv edib, İranın nüvə proqramını aylar, hətta illərlə geri atıb. Amma ekspertlər iranlıların üzləşdikləri real zərərin miqyası haqda fərqli fikirlər səsləndirirlər.

İran öz növbəsində, cavab olaraq ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd bazasına ballistik raketlər atıb. ABŞ və Qətərin rəsmi məlumatına görə, bu hücum itkisiz başa çatıb. İranda isə paytaxt Tehran sakinləri belə, gecələri sığınacaqlarda keçirir, Təl-Əvividə hava həyəcanı siqnalı dayanmırdı. Bir sözlə, həmin 12 gün 2025-ci ildə dünya siyasətinin ən gərgin epizodlarından biri kimi yadda qalacaq.

2025-ci il ərzində dünya Qəzzada bitmək bilməyən müharibəni də izləyib. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın təşkil etdiyi terror hücumlarından sonra başlamış savaş, İsrailin bombardmanları, ardınca başlamış humanitar böhran. Nəhayət, Vaşinqtonun ciddi təzyiqləri qarşısında İsraillə HƏMAS atəşkəs razılaşması əldə edib və bununla, çoxmərhələli mübadilə razılaşmasının tamamlanmasına imkan verib. Fələstin sağ qalmış yəhudi girovları İsrailə qaytarıb, əvəzində Təl-Əviv həbsxanalarda saxladığı minlərlə fələstinli məhbusu azad edib. Bununla belə, regionda vəziyyət hələ də son dərəcə gərgindir.

Qəzzanın gələcəyi ilə bağlı iddialı və çoxmərhələli bərpa planı da ortaya çıxıb. Planda atəşkəs demilitarizasiya, beynəlxalq nəzarət, miqyaslı yenidənqurma və xaricdən idarə olunan təhlükəsizlik infrastrukturunun yaradılması ilə əlaqələndirilir. Bildirilir ki, atəşkəsin ömrü birbaşa təhlükəsizlik, bərpa və siyasi stimulları bir araya gətirəcək koordinasiyalı diplomatiyadan asılıdır. Bunun təcrübədə konkret necə təmin ediləcəyi isə hələ ki, qeyri-müəyyən olaraq qalır.

2025-ci ildə dünya iki nüvə dövləti – Hindistanla Pakistan arasında qarşıdurmanın alovlanmasını da izləyib. Kəşmirin Pahalqam adlı turizm bölgəsində baş vermiş terror aktı 26 nəfərin həyatına son qoyub. Bu, regionda son onilliklərdə baş vermiş ən qanlı hücum sayılır. Bu hadisədən sonra terrorçuların dəstəklənməsi ilə bağlı qarşılıqlı ittihamlar fonunda iki ölkə arasında qarşıdurma bir anda hərbi toqquşmalara çevrilib. Tərəflər bir neçə gün ərzində artilleriya hücumlarından tutmuş, aviazərbələrədək ən müxtəlif yollara əl atıblar. Nəticədə, dünyada mümkün nüvə eskalasiyası ilə bağlı ciddi narahatlıq yaranıb. Lakin aktiv döyüş əməliyyatlarını bir həftə sonra dayandırmaq mümkün olub. Hindistanla Pakistan ABŞ, Çin və BMT-nin vasitəçiliyi ilə atəşkəsə, sərhəddə hərbi fəallığı tədricən azaltmağa razılıq veriblər.

Donald Trampın vasitəçiliyi 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş tarixi sülh sammitinin təşkilində də mühüm rol oynayıb. Görüşdə tərəflər arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş paraflanıb. Beləliklə, Bakı ilə İrəvan arasında otuz ildən artıq davam etmiş münaqişənin ardından Cənubi Qafqaz, nəhayət, qaşıdurma vəziyyətindən idarə olunan sülh mərhələsinə keçə bilər. Vaşinqton danışıqlarının mərkəzində kommunikasiyaların açılması məsələsi də yer alıb və müzakirələr «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu» (TRIPP və ya Zəngəzur dəhlizi) adlandırılan yolun açılmasına dair qərarla nəticələnib.

Həmin gün də Ağ Ev bir neçə saat ərzində bütün dünyanın diqqətlə izlədiyi məkana çevrilib. Çünki burada söhbət bir çox oyunçu üçün strateji əhəmiyyət daşıyan regionda siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının gələcəyindən gedirdi. Bu, Trampın ABŞ-nin «qlobal sülhməramlı» statusunu təsdiqləmək istiqamətindəki səylərinə əlavə çəki qazandırıb. Azərbaycan üçün isə bu, hərbi qələbənin nəticəsinin diplomatik yolla möhkəmləndirilməsinin vacib təsdiqidir.

 

«Z» nəsli başlayır

2025-ci ilin ən maraqlı və bir çox cəhətdən gözlənilməz süjetlərindən biri «Z» nəslinin qlobal miyasda müstəqil siyasi qüvvəyə çevrilməsi olub. Qlobal Cənubun hər yerində – Asiyadan Afrikaya, Latın Amerikasınadək – yaşayış səviyyəsinin aşağı olmasına, sosial şəbəkələrdə senzuraya, korrupsiyaya qarşı çıxan yaşı 30-dan az olan gənclərin rəhbərlik etdikləri kütləvi hərəkatlar yaranıb. Bu, özünü xüsusilə Nepalda daha parlaq göstərib: korrupsiyaya və sosial şəbəkələrin bloklanmasına etiraz edən gənclərin küçələrə axışması parlament binasının yandırılması, baş nazir K.P. Şarma Olinin istefası ilə nəticələnib.

«Z» nəslinin iştirakı ilə bənzər ruhda aksiyalar digər ölkələrdə də baş verib – Mərakeşdən tutmuş, Keniyaya, Perudan Tanzaniyayadək. Bu ölkələrdə gənclər yoxsulluğa, işsizliyə etiraz olaraq ayağa qalxıb. Madaqaskarda isə narazılıq dalğası sonda hakimiyyət dəyişikliyi ilə nəticələnib. Beləliklə, bu yaxınlaradək «onlayn fəallar» kimi qəbul olunan «Z» nəsli 2025-ci ildə real rejim, siyasi kurs dəyişikliyi yaradan amilə çevrilib.

 

Dost olmayan iqlim

2025-ci il tarixə təbii fəlakətlərin dağıdıcı zərbələri ilə də düşüb. İqlim dəyişikliklərinin yaratdığı fırtınalar, quraqlıqlar, meşə yanğınları daha da artıb, milyonlarla qurbanla nəticələnən qlobal fəlakətlərə çevrilib. Yanvar ayında Kaliforniyada baş verən güclü yanğınlar Los-Ancelesdə minlərlə evi məhv edib, Malibu, Santa-Monika və digər ərazilərdə on minlərlə sakin təxliyə olunmaq məcburiyyətində qalıb. ABŞ və Kanadada baş verən yanğınlar təxminən 10 milyon hektar ərazini külə döndərib – bu, bir rekord idi. Həmin yanğınların tüstüsü hətta Avropaya çatmışdı.

Oktyabrda baş vermiş «Melissa» qasırğası son 150 ildə Atlantik okeanda qeydə alınmış ən güclü qasırğalardan biri olub. O, Karib hövzəsindən keçərək Yamayka və Kubanı sözün əsl mənasında viran qoyub. Bundan başqa, Hindistan, Banqladeş və Nepalda musson daşqınları milyonlarla qaçqının ortaya çıxması ilə nəticələnib, Hindistan və Pakistanda elektrik enerjisi kəsintiləri fonunda istidən on minlərlə insan həlak olub, Avropa çaylarının quruması səbəbilə yaranmış məhsul itkisindən 28 milyard avro zərər görüb. Bir sözlə, 2025-ci il iqlimin dünyaya «əzələ nümayiş etdirdiyi» il olub.

 

Köhnə «bədxah» qaydalar

Beləliklə, 2025-ci il xaos fonunda kövrək balans ili kimi yadda qalacaq. Dövlətlər qlobal siyasətdə yeni istiqamətlər tapmağa çalışsalar da, milli marağın üstünlüyünü, güclünün haqlı olduğunu diktə edən köhnə «bədxah» qaydalar yox olmayıb. Regional böhranlar az qala qlobal fəlakətə çevrilirdi, iqlim isə sanki bəşəriyyətə açıq mesaj verirdi: uzlaşmaqdan və birləşməkdən başqa yolunuz yoxdur! İndi 2026-cı illə bağlı sual sadədir: dünya liderləri və hakim elitalar əməkdaşlığı seçəcək, yoxsa qarşıdurmalar davam edəcək?



MƏSLƏHƏT GÖR:

81