XARİCƏ ÜMİD YOXDUR
Ermənistan – təhlükəli seçki yarışı
Müəllif: NURANİ
Seçki kampaniyası çox zaman ona rəsmən start verilməzdən əvvəl başlayır. Hətta belə bir fikir var ki, o, özündən əvvəlki seçkinin nəticələri elan olunduğu anda start götürür. Bəziləri qələbəni qeyd edərək növbəti yarışda uğuru təkrarlamaq haqda düşünür, digərləri səhvlərini təhlil edərək, revanşa hazırlaşır.
Ermənistanda növbəti parlament seçkisi 2026-cı ilin iyununa təyin edilib. Eyni anda ölkədə Konstitusiya referendumunun keçiriləcəyi də gözlənilir. Doğrudur, İrəvanda onun daha sonra təşkil oluna biləcəyini söyləyənlər də var. Amma istənilən halda, ölkədə seçki gərginliyi durmadan artır. Söhbət isə heç də siyasi blokların yaradılmasından, partiyalar arasında mümkün koalisiya danışıqlarından getmir. Ermənistanda siyasi cəbhə faktiki olaraq, bölünüb. Müxalifət hazırkı baş nazir və onun «Vətəndaş müqaviləsi» partiyasına qarşı «həlledici döyüş»ə hazırlaşırsa, hökumət başçısı Nikol Paşinyan mövqeyini daha da möhkəmləndirməyi planlaşdırır.
Qarabağda məğlubiyyət, Ermənistanda qələbə
Nəzəri baxımdan iki müharibədə məğlub olduqdan sonra parlament seçkisindən qələbə ilə çıxmaq çox çətin görünür. Buna baxmayaraq, Paşinyan hakimiyyətini qoruyub saxlamağı bacarıb. Əgər məlum Lələtəpə döyüşündən iki il sonra Serj Sarqsyan və «Qarabağ klanı» Paşinyanın liderlik etdiyi «kabab inqilabı» nəticəsində devrilmişdisə, 44 günlük müharibədən sonra Nikol Paşinyan proqnozların əksinə olaraq, seçkidən qalib ayrılıb. Doğrudur, həmin vaxt o, revanişist şüarlar səsləndirir, seçicilərə «Şuşa və Hadrutu qaytarmaq» vədi verirdi.
2026-cı il seçkisi üçün siyasi proqramlar hələ ki, elan edilməyib. Lakin Vaşinqton razılaşmasından sonra Paşinyan artıq «Artsaxı qaytarmaq» vədi ilə çıxış edə bilməz. Odur ki, o, «tarixi Ermənistan» ideyasına qarşı «real Ermənistan» ideyasını irəli sürür. Söhbət mövcud sərhədlərin tanınmasından, qonşulara, əsasən də Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından imtinadan gedir.
Bununla yanaşı, Ermənistan cəmiyyətində müharibədən yorğunluq, revanş cəhdlərinin daha ağır nəticələrə yol aça biləcəyi anlayışının olduğu hiss edilir. Ermənistan və onun ərazi xəyalları uğrunda xarici himayədarların savaşacağını gözləmək olmaz. Belə bir vəziyyətdə Ermənistanın öz resursları nəzəri baxımdan belə, onun Azərbaycanla ən azı bərabərlik əldə etməsinə yetməz. Hər hansı hərbi üstünlükdən isə ümumiyyətlə danışmağa dəyməz. Odur ki, hazırkı baş nazir istəsə də, istəməsə də sülh gündəliyinə əməl etməlidir. Üstəlik, tərəflər arasında hələ ki, sülh müqaviləsi imzalanmasa da, İrəvan artıq mövcud vəziyyətdən xeyli fayda əldə edə bilib. Artıq Qazaxıstan və Rusiyadan oraya Azərbaycan vasitəsilə taxıl daşınır, növbədə isə dizel yanacağıdır. Bu yükləri daşıyan qatarları Ermənistanda iqtisadiyyat naziri şəxsən qarşılayır, baş nazir Paşinyan isə müvafiq xəbərləri sosial şəbəkədə paylaşaraq Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirir. Bəs bütün bunlar Paşinyanın keçiriləcək seçkinin nəticələrindən narahat olmaması üçün kifayətdirmi?
Ekspertlər hesab edirlər ki, müharibədə alınmış məğlubiyyət nə qədər ağır olsa da, cəmiyyətdə revanşist əhvali-ruhiyyə hələ də qalır və bu, davam edəcək. Klassik nümunə kimi Almaniyanı göstərmək olar. Birinci Dünya müharibəsindən sonra Hitler hakimiyyətə məhz revanişst əhvali-ruhiyyənin dalğası ilə gəlmişdi. İkinci Dünya müharibəsindən sonra da revanşistlər proseslərə öz təsirlərini göstərmişdilər. Odur ki, artıq Paşinyan küçə populyarlığına çox ümid etmədən siyasi səhnəni sistemli şəkildə təmizləməklə məşğuldur. Gümrüdə müxalifətçi bələdiyyə sədri Vardan Qukasyan və müavini həbs olunur, hökumət kilsəyə qarşı təzyiqləri davam etdirir, dini dairələrdə parçalanma yaratmağa çalışır. Artıq Paşinyan katolikos II Qareginin vəzifəsindən kənarlaşdırılmasına kömək edəcək arxiyepiskoplar koalisiyası belə yaradıb.
Amma görünən odur ki, hazırda baş nazir və tərəfdarlarını daha çox seçkiyə mümkün xarici müdaxilə riski narahat edir. Söhbət, ilk növbədə, Rusiyanın müdaxiləsindən gedir. Narahatlıq o həddədir ki, İrəvan xaricdən dəstək belə istəyir.
15 milyon və «hibrid təhdidlər»
Dekabrın ilk günlərində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa İttifaqı Ermənistana Rusiyaya müqavimət göstərməsi üçün 15 milyon avro ayıracaq. Onun sözlərinə görə, bu vəsait Ermənstanda «dayanıqlılığın artırılması»na, parlament seçkisi öncəsi «xarici müdaxilələrlə mübarizəyə» sərf olunacaq. «Biz dezinformasiyaya qarşı mübarizə aparmalı, vətəndaş cəmiyyətlərini və medianı dəstəkləməliyik ki, bu istiqamətdə təzyiqlərin qarşısı alınsın», - deyə Kallas qeyd edib.
Kaya Kallas bu bəyanatından təxminən iki həftə sonra isə deyib: «Gələn il Ermənistanda seçki keçiriləcək. Ermənistan bu prosesə xarici müdaxilələrin qarşısının alınması üçün bizdən yardım istəyib».
Bəli, İrəvanın marşal Baqramyan 26 ünvanındakılar rahat nəfəs ala bilərlər: Aİ yardım vəd edir. Nəinki vəd edir, bu məqsədlə konkret vəsait də ayırır. Bəs bu dəstək nə qədər təsirli və effektiv olacaq? Təcrübə göstərir ki, mübarizə özünü əsasən informasiya məkanında göstərir. Burada əsas alətlər media və QHT-lər olacaq. QHT bumu 2000-ci illərin əvvəllərində başlayıb. O zaman hesab edilirdi ki, bütün problemlərin həlli «vətəndaş cəmiyyətinin fəallığından» keçir. Lakin növbəti onilliyin əvvəllərində bu məsələdə məyusluq başlayıb. Məlum olub ki, QHT-lərin effektivliyi çox şişirdilir. Bu barədə Bayden dövründə Vaşinqtonun Əfqanıstandakı uğursuzluğu təhlil olunan zaman da danışılırdı. O zaman Birləşmiş Ştatların sabiq müdafiə naziri Robert Gets öz xatirələrində yazırdı: «Biz və koalisiyadakı tərəfdaşlarımız, o cümlədən QHT-lər Kabildə və bütünlükdə Əfqanıstanda hansı inkişaf layihələrinin həyata keçiriləcəyinə çox zaman yerlilərlə məsləhətləşmədən qərar verirdik. Onlarla işləməkdən, onların istəklərinə uyğun davranmaqdan isə heç danışmıram».
Başqa sözlə, QHT-lər öz vəzifələrini yerinə yetirə bilməyib. Ermənistan, əlbəttə ki, Əfqanıstan deyil. Amma burada da qrant QHT-lərinin imkanlarını həddindən artıq yüksək qiymətləndirməyə dəyməz.
İnformasiya qarşıdurmasında da vəziyyət tam aydın deyil. Bu sahədə Moskvanın Ermənistana təsir imkanları Brüsselinkindən xeyli çoxdur. Doğrudur, ölkədə Rusiya telekanalları, ümumiyyətlə, yayım paketlərindən çıxarılıb. Lakin ermənilər hələ də kabel televiziyası vasitəsilə Rusiya telekanallarını izləyirlər. Simonyanın «Sputnik» layihəsinin yerli filialı olan «Sputnik-Ermənistan» hələ də fəaliyyətdədir – Azərbaycandan fərqli olaraq. Sosial şəbəkələrdə botların fəallığı da öz yerində. Əsasən dil baryeri səbəbindən Aİ-nin belə imkanları yoxdur. Yuxarı səviyyələrdə, diplomatiyada İrəvan Parislə Moskvaya nisbətən daha sıx əlaqə qura bilər, amma ermənilər rus dilini hələ də fransız dilindən yaxşı bilirlər.
«Ağ əlcəksiz» siyasət
Brüssel Ermənistana şərti desək, yalnız «ağ əlcəklə» işləyə biləcəyi yerlərdə kömək edəcək – informasiya qarşıdurması, saxta xəbərlərin ifşası və s. Moskvanın isə eyni qaydalara riayət edəcəyini söyləmək olmaz – o, «ağ əlcəklə» işləməyə məcbur deyil. Kreml, hələ ki, İrəvana iqtisadi təzyiqlərə də başlamayıb, halbuki, bunun üçün onun kifayət qədər geniş imkanları var. Bu gün Ermənistanın, demək olar ki, bütün infrastrukturuna nəzarət Rusiyadadır: dəmir yolları, mobil rabitə, qaz şəbəkəsi və s. Yerli hökumət son dövrlərdə elektrik şəbəkəsini milliləşdirməyə cəhd göstərsə də, Kremlin Ermənistanı elektrik enerjisindən məhrum etmək imkanları da davam edir.
Nəhayət, Ermənistan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi də imtiyazlara malikdir. Söhbət, ilk növbədə, əlbəttə ki, Rusiyanın ona neft və qazı daxili qiymətlərlə satmasından gedir. Doğrudur, İrəvan artıq enerji daşıyıcıları tədarükü üçün Azərbaycana da müraciət edib. Amma burada söhbət dünya bazarı qiymətlərindən gedir. Burada da məsələ hələ ki, birdəfəlik dizel yanacağı tədarükü ilə məhdudlaşır.
Ermənistan iqtisadiyyatında qazdan asılılıq da ürəkaçan həddə deyil. Onun qaz şəbəkəsi «Armrosqazprom» şirkətinin nəzarətindədir və nəticədə İrəvan «mavi yanacağı» kimdən və hansı qiymətə alacağına özü qərar verə bilmir. Belə bir vəziyyətdə Kreml müvafiq rıçaqlarını işə salmayıbsa, bu, onun sabah və ya gələn həftə bu addımı atmayacağı anlamına gəlmir. Bu şəraitdə Kallasın vəd etdiyi 15 milyon avro vəziyyəti, çətin ki, kökündən dəyişsin. Vəziyyəti kökündən dəyişə biləcək məbləği isə Avropa ödəməyə hazır deyil.
Hərbi ssenari də istisna olunmur. Mediada Kremlin Monteneqroda üsyan və dövlət çevrilişi təşkil etmək cəhdləri haqda yayılmış xəbərləri yada salmaq kifayətdir. Məlumata görə, Moskva bu işdə sözügedən ölkədə yaşayan və işləyən ruslara arxalanırmış. Ermənistanda Kreml, əlbəttə ki, bu üsula güvənə bilməz. Əvəzində, burada kifayət qədər rəsmi silahlı struktur var – «Yerkraq», VoMa və s. Ermənistanda Yaxın Şərq təcrübəsinə malik terrorçular da az deyil. Ən əsası isə Moskvanın Ermənistanın güc strukturlarına ciddi təsir imkanları var. Ermənistan ordusunda bu gün də «Qarabağ klanı»nın nümayəndələri, rusiyapərəst qüvvələr kifayət qədərdir. Üstəlik, Paşinyanın ordu rəhbərliyi ilə münsibətlərində gərginlik heç cür səngimir. Buna səbəb istər baş nazirin ordu sıralarında apardığı «təmizləmə»lər, istərsə də 44 günlük müharibə zamanı bəzi zabitlərin qorxaqlıqda, əmrlərə tabesizlik göstərməkdə günahlandırılaraq məhkəmələrə cəlb olunmasıdır.
Bundan başqa, Ermənistanda Rusiya ilə birgə quru qoşunları və HHM birlikləri qalmaqdadır. Başqa sözlə, əslində, Paşinyan orduya nəzarəti Moskva ilə bölüşür. Bu, əlbəttə ki, mümkün hərbi üsyan üçün əlavə imkandır. Növbəti üsyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Onik Qasparyanın Paşinyanı devirmək cəhdi kimi uğursuz alınacağına isə zəmanət yoxdur. Bu halda Aİ, çətin ki, baş nazirin köməyinə yetişə bilsin. Bu ssenari gerçəkləşərsə, Brüsselin gücü yalnız Paşinyanı ailəsi ilə birlikdə ölkədən çıxarmağa çata bilər. Beləliklə, Avropaya ümidlər yenə də real vəziyyətdən daha yüksək qiymətləndirilib.
MƏSLƏHƏT GÖR:



58

