18 Mart 2026

Çərşənbə, 10:35

PALMALAR ALTINDA QIŞ

Dəniz, dağlar, naringilər: Antalya iri planda

Müəllif:

15.01.2026

Avropa ölkələrinin sakinləri paltoya bürünərkən, Antalya günəşli fasilələrlə yaşayır. Burada qış dənizi ləğv etmir, sadəcə dekorasiyaları dəyişir. Palmalar öz yerlərində qalır, Aralıq dənizi heç yerə getmir, qarlı dağların uzaq fonunda çimən turistləri tapmaq olar. Hamının yayda səs-küylü və isti kimi tanıdığı kurort, qışda gözlənilmədən sakit olur.

 

İqlim rəqəmlərdə: ekstrimdən uzaq istirahət

Dekabr, yanvar və fevral aylarında Antalya havaların 15-18 dərəcə isti keçdiyi, sahilyanı ərazilərin yarıboş olduğu və turistlərin az olduğu bir şəhərdir. Həmin aylarda növbələr, şiddətli istilər olmur və özünü minlərlə insandan biri kimi hiss etmirsən. Burada saatlarla gəzmək, dalğaların səsini dinləmək, açıq havada qəhvə içmək, izdiham olmadan muzeyləri ziyarət etmək və dənizə çimərlik çətirlərinin arasından deyil, birbaşa baxmaq mümkündür.

Qışda Antalya kontrastlarla oynaya bilir: səhər - dəniz və palmalar, gündüz - qar və dağlar, axşam - isti hamam və şəhər işıqlarına baxan şam yeməyi. Hotellər yay parlaqlığını atır və rahatlıq rejiminə keçir, restoranlar əsasən yerlilər üçün işləyir və qiymətlər, nəhayət ki, qorxunc dərəcədə baha olmur. Buna görə də qışda Antalya ehtiyat variant və ya yayın “ucuz variantı” deyil. Bu, təlaşsız kurort, gəzinti üçün şəhər və özəl heç nə ummadığın bir vaxtda xoş mənada təəccübləndirən səyahətdir.

Yayda Antalya ayda milyonlarla turist qəbul edirsə (məsələn, yüksək mövsümdə gündə on minlərlə gəliş qeydə alınır), qışda, təbii ki, axın əhəmiyyətli dərəcədə azalır. Rəsmi məlumatlara görə, 2024-cü ildə turist sayında rekord qeydə alınıb: şəhər təxminən 17 milyon insan qəbul edib. 2025-ci ilin ilk 10 ayında isə Antalya 16 milyondan çox xarici turist qəbul edib ki, bu da yeni rekorddur. Onların əksəriyyəti yenə də Almaniya, Rusiya və Böyük Britaniyadan gəlir.

Qış mövsümü, xüsusilə Yeni il ərəfəsində də əhəmiyyətli sayda səyahətçi - ayda yüz minlərlə insan cəlb edir. Bir çox daxili və beynəlxalq reyslər mülayim iqlim, genişləndirilmiş ilboyu tur proqramları, həmçinin Yeni il bayramları və tətilləri sayəsində qorunub saxlanılır.

Beləliklə, Antalyada qış çimərlik istisi, qızmar günəş altında ekskursiya marafonu deyil, bu daha çox şəhərin, nəhayət, rahat olduğu bir tarazlıqdır. Belə havada bütün günü ayaq üstə keçirmək asandır. Köhnə şəhər Kaleiçi gəzintiləri, Konyaaltı və Lara sahilyanı, baxış meydançaları və antik xarabalıqlar dözümlülük sınağına çevrilmir. Qalın gödəkçə əvəzinə yüngül kurtka, papaq əvəzinə isə günəş eynəyi – qışda Antalya kölgəyə çəkilməyə və ya hotelə qaçmağa deyil, hərəkətdə olmağa sövq edir.

Həmin dövrdə yağışların yağışması mümkündür, lakin onlar qısamüddətlidir və ümumi mənzərəni pozmur. Yağışdan sonra hava daha təmiz, dağlar daha aydın olur və şəhər sanki mükəmməl kadr üçün yuyulur. İlin bu vaxtında dəniz əsas qəhrəman deyil, fon olaraq qalır, amma məhz buna görə Antalya daha tam açılır: gəzintilər, təəssüratlar və sakit istirahət üçün bir yer kimi. Baxmayaraq ki, dənizin özünü də hesabdan çıxartmaq olmaz - yerlilərin qeyd etdiyi kimi, suyun temperaturu 19-20 dərəcədən aşağı düşmür.

 

Qışda Antalyada nə etmək olar?

Qış Antalyası - addım-addım öyrənmək istədiyiniz şəhərdir. Kaleiçi dar küçələri, rahat kafeləri, butik-hotelləri, rəngarəng pəncərəli qədim evləri və zamanın dayandığı kimi görünən gizli həyətləri ilə qarşılayır. Hər dönüş yeni bir foto kadrı açır, hər fəvvarə və ya kiçik mağaza isə qaçırılmaması lazım olan kiçik bir hekayədir.

Yayda populyar olan Konyaaltı və Lara sahil xətləri, demək olar ki, boşdur, buna görə də dalğaların və qağayıların səsini dinləyərək dəniz boyunca sakitcə gəzmək olar. Macəra istəyirsinizsə, iki saatlıq məsafədə antik şəhərlər gözləyir: güclü sütunları ilə Perqe, keçmişin səslərini hələ də qoruyan amfiteatrı ilə Aspendos, dağda yerləşən Termessos. Sonuncuda hava daha sərt və təmizdir, ətraf mənzərələr isə hətta təcrübəli səyahətçiləri belə, təəccübləndirir.

Təbiət həvəskarları üçün isə iki Düden şəlaləsi (yuxarı və aşağı) var. Bu şəlalə qışda tamamilə fərqli görünür. Su axını daha şəffaf, ətrafındakı yaşıllıq daha parlaqdır, turistlər isə daha azdır.

Yayda Antalya insanlarla dolu dəniz, əyləncə komandalarının qışqırıqları və çimərliklərdə günəş çətirlərinə olan növbələrdir. Qışda isə hər şey fərqlidir. Hotellər hər detalın rahatlıq üçün işlədiyi sakit sığınacaq kimi açılır. İsidilən hovuzlar, hamamlar, SPA-prosedurlar, rahat launjlar: pəncərənin digər tərəfindəki dəniz küləyi gəzintiyə çağırsa da, insan məhz hoteldə qalmaq istəyir.

Qışdakı qiymətlər əsl tapıntıdır: mənzillər və hotellər yay mövsümündən 3-4 dəfə ucuz ola bilər. Bu, dənizə və ya dağ mənzərəsinə açılan hotel nömrəsində qalmaq şansıdır. Yayda bunu yalnız xəyal etmək olar. Ancaq yada salmaq lazımdır ki, aşağı mövsümdə bir çox böyük və orta hotellər kurort canlanana və turistlərin axını başlayana, yəni aprel ayına qədər gözləmək üçün iki-üç aylığa bağlanırlar.

Əlbəttə ki, soyuq mövsümdə klassik dəniz turlarının sayı yaya nisbətən kəskin şəkildə azalır, lakin bəzi ekskursiyalar, muzeylər və əyləncələr işləyir. Şəhər və mədəni turlar maraqlıdır - yayda turistlərin əksəriyyəti yaxtaları və ya akvaparkları seçirsə, qışda tarix və memarlıq üzrə ekskursiyalar yaxşıdır. Məsələn, Köhnə şəhərdə (Kaleiçi) gəzinti, Düden şəlalələrinə ziyarət və qayıqda qısa gəzinti ilə şəhər turu təxminən 25-30 dollara tapmaq olar. Bu qiymətə transfer, nahar və bələdçi daxildir.

Yayda olduğu kimi, qışda da Antalya akvariumu - il boyu işləyən şəhərin ən populyar ailəvi “attraksionları”ndan biridir. Təkcə akvariuma bilet böyüklər üçün 36-50 dollardır, nəqliyyat və bələdçi ilə turlar isə daha baha başa gəlir. Perqe, Aspendos və ya bir neçə tarixi yerləri ziyarət etməklə birləşdirilmiş turlar müddətindən və daxil olan seçimlərdən asılı olaraq adam başına 50-90 dollar xərcləyəcək. Antalya Arxeoloji Muzeyi bölgənin çoxəsrlik tarixini açır, sərin və ya yağışlı hava üçün mükəmməl şəkildə uyğundur.

Və əgər mühiti dəyişmək istəyirsinizsə, Pamukkaleyə (termal travertinlər və qədim Hierapolis) səyahətlər populyardır: transfer və bələdçi ilə böyüklər üçün 80-100 dollar. Və ya Kapadokyaya 100 dollardan başlayan iki günlük turlar. Burada əlavə olaraq hava şarı ilə uçuş sifariş etmək mümkündür. Dağlarda cip-safari, balıq tutma və ya Taftalı kanat yolunda qalxma kimi variantlar bəzən qış mövsümündə də mövcuddur və şirkətdən və daxil olan xidmətlərdən asılı olaraq adambaşına 40-50 dollar dəyərindədir.

Bu arada, masajla birlikdə türk hamamı 35-45 dollara başa gəlir (transferlə relaks-paket). Şam yeməyi və transfer ilə birlikdə əyləncəli tamaşa olan “Fire of Anatolia” rəqs şousuna bilet 60 dollardır.

 

Səhər çimərlikdə, gündüz qarda

Bəzən deyirlər ki, yayda Antalya düz görünür: çimərliklər, şezlonqlar, dəniz və isti. Qışda şəhər yeni bir şəkildə açılır. Səhər yüngül kurtkada sahil boyunca gəzmək, təmiz dəniz havasını udmaq və burada günəşin iyul günortasından daha yumşaq olduğunu başa düşmək olar. Və bir neçə saatdan sonra avtomobilə minmək kifayətdir və budur, artıq Tavr dağlarının qarlı zirvələrindəsiniz.

Saklıkent xizək mərkəzi yamacları və qarlı macəraları sevənləri gözləyir. Xizək, snoubord və ya sadəcə qarda gəzinti: dəniz sahili ilə kontrast hər addımda hiss olunur. Tahtalı kanat yolu sizi 2365 metr hündürlüyə qaldırır. Burada sanki Antalya aşağıda, ətrafda isə yalnız buludlar və kristal təmiz hava var.

Saklıkent Antalyaya ən yaxın dağ-xizək mərkəzidir. O, şəhərdən və hava limanından 45-50 kilometr məsafədə yerləşir. Burada mövsüm, adətən, dekabr ortasından martın sonuna və ya aprelin əvvəlinə qədər davam edir, qarın dərinliyi 1-2 metrə, bəzən hətta zirvədə 4 metrə çata bilər. Kurortun özü Avropa kompleksləri ilə müqayisədə kiçikdir, lakin bir günlük xizək səyahəti üçün çox rahatdır: səhər qarda sürüşmək, bir-iki saatdan sonra isə yenidən Antalyada gəzinti və ya dənizdə olmaq mümkündür. Buradakı traslar yeni başlayanlar və orta səviyyəli xizəkçilər üçün nəzərdə tutulub. Burada kreslolu qaldırıcı daxil olmaqla, kanat yolu, təxminən 10 kilometr uzunluğunda eniş zolaqları, ləvazimatların kirayəsi məntəqələri, kafelər və kiçik hotellər/kotteclər mövcuddur.

Qışda dağlar Antalyaya tamamilə fərqli ritm verir. Yayda buraya isti və çimərlik üçün gəlirlər: qışda isə kontrast və emosiyalar üçün. Səhər dəniz sahilində, gündüz qar içində, axşam isə isti hovuz və ya hamamı olan rahat hoteldə. Bunu günəşin yandırdığı və şezlonqların bir-birinə sıx düzüldüyü yayda etmək mümkün deyil.

Maraqlı fakt: Saklıkent adı Türkiyədə turistə iki dəfə rast gəlir - həm yayda, həm də qışda. Və bu adətən çaşqınlıq yaradır. Belə ki, yayda Egeydəki Fethiye sahilindən turistləri sərinləmək üçün Saklıkent dərəsinə aparırlar: sərin su, gəzintilər və raftinqlə populyar yay marşrutu. Bu, Antalyadan qərbdə 200 kilometr məsafədədir. Saklıkent dağ-xizək kurortu isə Aralıq dənizindəki Antalya yanında yerləşir ki, burada qışda xizək sürmək mümkündür. Yəni eyni adlı, lakin mahiyyətcə tamamilə fərqli olan iki Saklıkent.

 

Mövsümi dadlar

Yay mövsümündə Antalyadakı kafe və restoranlardan danışarkən, son bir neçə ildə qiymətləri kifayət qədər çox yüksək olan sahil boyu dəniz məhsulları və təravətləndirici içkilər təklif edən saysız-hesabsız masalar haqqında danışırıq. Qış isə fərqli bir hekayədir. Türk mətbəxi özünü fərqli bir işıqda - isti, doyurucu yeməklər və sakit musiqi ilə ortaya qoyur, burada diqqət dalğaların görünüşünə deyil, içəridəki rahat atmosferə yönəlir. Üstəlik, qiymət və keyfiyyətin xeyrinizə işlədiyi sadə yerlərdə belə, qastronomik təəssüratlar əldə edə bilərsiniz.

Ən sadə kiçik restoranda orta nahar (bir yeməkdən ibarət) adam başına 9-13 dollara, müəssisənin səviyyəsi və yerləşməsindən asılı olaraq, üç yeməkdən ibarət iki nəfərlik axşam yeməyi (alkoqolsuz) 26-59 dollara başa gələcək. Mərci şorbası 150-200 lirə, dönər pilavla (düyü) 350-500 lirədir, qarnirlə balıq porsiyası isə 600 lirədən başlayır. Çay 25-50, qəhvə 80-160, ayran 70-90, bir şüşə su 50 lirədir. Bir çox kafelər mövsümi yeməklər təqdim edirlər. Yayda, yəni yüngül salatlar və soyuq məzələrin (qəlyanaltılar) norma olduğu vaxtlara nisbətən qışda təklif edilən yeməklərdə daha çox ədviyyat və zəngin souslar olur.

Qış bazarlar və kiçik dükanlar üçün əla vaxtdır: təzə sitrus meyvələri (portağal, mandarin və limon), nar, xurma və yerli pendir kifayət qədər populyardır. Baxmayaraq ki, qiymətlər hələ də yüksəkdir. Paxlava və lokum kimi türk şirniyyatları ilə mağazalar isə ümumiyyətlə boşdur - son üç ildə onların dəyəri qat-qat artıb və bu artım inflyasiya ilə qətiyyən mütənasib deyil.

Bununla belə, qış “kurort effekti” səbəbindən yayda ümumiyyətlə yaxınlaşa bilmədiyiniz restoranları ziyarət etmək üçün yaxşı dövrdür. Üstəlik, sizə sakit mühitdə təlaşsız, yaxşı xidmət göstəriləcək.

Bir sözlə, qışdakı Antalya boğucu istinin olmadığı günəş, izdiham olmayan dəniz, yaxınlıqda dağlar, qısa məsafədə tarix və mədəniyyət, rahat hotellər və dadlı yeməklər deməkdir. Və bütün bunlar şəhərin, həqiqətən, açıldığı, səyahətin təkcə istirahət deyil, həm də kiçik kəşf olduğu daha sakit ritmdə baş verir.



MƏSLƏHƏT GÖR:

102