DƏHLİZ AMİL KİMİ
TRIPP layihəsi - yeni hüquqi və infrastruktur detallar
Müəllif: Nurlanə QULİYEVA
“Tramp Marşrutu” (“Trump Route for International Peace and Prosperity” - TRIPP) Azərbaycan və Ermənistan arasında sülh prosesinin simvoluna çevrilərək, fiziki və hüquqi formalar alır. ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtondakı görüşünün yekunları üzrə birgə bəyanatında tərəflərin layihədəki pay bölgüsü, həmçinin digər vacib nüanslar müəyyən edilib.
Azərbaycan Prezidenti İlham Əliyev isə yerli televiziya kanallarına müsahibəsində bildirib ki, ölkənin ərazisindən keçən bu dəhliz üzrə yol infrastrukturunun tikinti-rekonstruksiya işləri, demək olar ki, tamamlanma mərhələsindədir.
Rolların bölgüsü
Birgə bəyanata əsasən, TRIPP layihəsinin həyata keçirilməsində əsas rol Birləşmiş Ştatlara verilir. Söhbət Ermənistanla birlikdə “Tramp Marşrutu”nun operatoru kimi çıxış edəcək “TRIPP Development Company” əməliyyat strukturunun yaradılmasından gedir. ABŞ tərəfi bunda nəzarət paketini əldə edəcək. Bununla da, faktiki olaraq layihə çərçivəsində strateji və əməliyyat qərarları vermək hüququ məhz rəsmi Vaşinqtonda olacaq.
Rəsmi sənəddən məlum olduğu kimi, İrəvan şirkətə marşrutun uzunmüddətli inkişafı üçün müstəsna hüquq verməyə hazırdır.
“Ermənistan “TRIPP Development Company”yə 49 il müddətinə layihənin inkişafı hüququnu verməyi nəzərdə tutur. Güman edilir ki, ABŞ 74%, Ermənistan isə 26% paya sahib olacaq. Saziş daha 50 il uzadıldıqdan sonra Ermənistanın payı 49%-ə qədər artacaq”, - Marko Rubio və Ararat Mirzoyanın bəyanatında vurğulanıb.
Beləliklə, layihənin ilkin arxitekturası ilə amerikalıların hakim mövqeyi, daha sonra erməni tərəfin iştirakının mərhələli genişləndirilməsi nəzərdə tutulur.
Sənəddə, həmçinin mülkiyyət strukturunun məhdud dəyişdirilməsi prinsipi ayrıca qeyd olunub: “TRIPP Development Company”nin səhmdarlarının və ya son benefisiarlarının tərkibində hər hansı düzəlişlər yalnız ABŞ və Ermənistan hökumətləri ilə əvvəlcədən razılaşdırıldıqdan sonra mümkündür. Bu bənd nəzarətin qeyri-şəffaf yenidən bölüşdürülməsi risklərini əhəmiyyətli dərəcədə azaldır və layihənin dövlətlərarası xarakterini vurğulayır.
Operatorun funksionalı maksimum şəkildə geniş təsvir edilib. Şirkət marşrutun bütün multimodal infrastrukturunun planlaşdırılması, tikintisi, istismarı və texniki xidməti, həmçinin xüsusi layihə şirkətlərinin yaradılması, podratçılar və operatorlarla müqavilələrin bağlanması və s. üçün müstəsna hüquq əldə edir. Onun məsuliyyət sahəsinə dəmir yolu xətləri, avtomobil yolları, körpülər və tunellər, enerji və rəqəmsal infrastrukturlar və s. daxil olacaq.
Layihənin maliyyə modeli bazar prinsiplərinə əsaslanır: gəlir mənbələri infrastruktura giriş ödənişləri, kommersiya fəaliyyəti, icarə, xidmət və digər rüsumlar olacaq. Bu zaman “TRIPP Development Company”nin idarəetmə arxitekturası iki səviyyəyə bölünüb: “front ofis” və “bek ofis”. Birincisi sənədlərin qəbulu və yoxlanılması, marşrut istifadəçilərinin informasiya dəstəyi, ödənişlərin toplanması və inzibatçılığı (vergi gəlirləri Ermənistan büdcəsinə yönəldiləcək) üçün məsuliyyət daşıyacaq. Ermənistanın dövlət orqanları ilə təmsil olunacağı “bek ofis” isə son gömrük qərarlarını, təhlükəsizlik nəzarətini, miqrasiya prosedurlarını, yoxlamaları və icazələrin verilməsini öz üzərində saxlayacaq.
Bəyanatda həmçinin tərəflər üçün gözlənilən faydalar ətraflı şəkildə izah olunub. ABŞ üçün layihə amerikan investisiyaları, biznesi və malları üçün yeni bazarların açılması vasitəsi, həmçinin xammal, kritik əhəmiyyətli minerallar və nadir torpaq metallarının tədarükü daxil olmaqla, ticarət əlaqələrinin təmin edilməsi kanalı kimi nəzərdən keçirilir. Əlavə olaraq, ABŞ, Avropa və Asiya arasında cari geosiyasi konyunkturdan asılı olmadan fəaliyyət göstərə biləcək ticarət marşrutlarının genişləndirilməsi vurğulanır.
Ermənistan öz növbəsində ixtisaslı mütəxəssislər üçün iş yerlərinin, o cümlədən beynəlxalq şirkətlərlə birgə müəssisələrin yaradılmasına, milli biznes potensialının inkişafına, texnologiyaların ötürülməsinə və regional iqtisadiyyata sonrakı yenidən investisiyaların yatırılmasına ümid edir. İrəvanın TRIPP çərçivəsində əsas öhdəliyi isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası (NMR) arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sadələşdirilmiş tranzit rejiminin təmin edilməsidir.
Nəhayət, əldə edilmiş razılaşmalar rəsmi İrəvanın üzərinə bir sıra əlavə öhdəliklər qoyur: “TRIPP Development Company”yə hərtərəfli dəstək, səmərəli idarələrarası koordinasiya, icazələrin sürətli alınması və tənzimləyici prosedurların keçilməsinə yardım, amerikan tərəfdaşları ilə daimi dialoqun saxlanılması və regional vəziyyətin normallaşdırılması istiqamətində işlərin aparılması. Ayrıca bir bənd kimi Azərbaycanın əsas hissəsi ilə NMR arasındakı tranzit daxil olmaqla, insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti üçün diferensiallaşdırılmış prosedurların işlənib hazırlanması zəruriliyi qeyd edilib.
Yəni TRIPP xarici nəzarət və risklərin bölüşdürülməsinin dəqiq qurulmuş sistemi ilə uzunmüddətli geoiqtisadi mexanizm kimi real formalar qazanır.
ABŞ Dövlət Departamentində xüsusilə vurğulanıb ki, “Tramp Marşrutu”nun əsas təyinatlarından biri Azərbaycan və NMR arasında dayanıqlı nəqliyyat əlaqələrinin bərpası və təmin edilməsidir. “Azərbaycan və onun Naxçıvan MR-ni Ermənistan ərazisi vasitəsilə birləşdirərək və trans-Xəzər ticarət marşrutunda həyati əhəmiyyətli əlaqələr yaradaraq, TRIPP-in həm beynəlxalq, həm də Ermənistan Respublikasının daxili əlaqələri üçün qarşılıqlı fayda verəcəyi gözlənilir”, - bəyanatda deyilir.
İnfrastruktur hazırlığı
ABŞ və Ermənistan arasında TRIPP ilə bağlı detalların hüquqi tərtibatı fonunda Azərbaycan onun işə salınmasına yüksək praktiki hazırlıq nümayiş etdirir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan tərəfinin nəqliyyat infrastrukturunun əsas elementləri artıq yekun mərhələdədir, halbuki layihənin gələcək dinamikası əsasən xarici marşrut hissələrindən və qonşu ölkələrlə işlərin sinxronlaşdırılmasından asılıdır.
“Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu, demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük”, - dövlət başçısı qeyd edib.
O, həmçinin hazırkı mərhələdə əsas məhdudlaşdırıcı elementin marşrutun Ermənistan hissəsi olduğunu bildirib. Burada təxminən 42 kilometrlik yeni avtomobil yolunun tikiləcəyi gözlənilir. Bu fonda Azərbaycan tərəfi artıq öz öhdəliklərini əhəmiyyətli dərəcədə yerinə yetirib: Naxçıvan ərazisində yolun uzunluğu təxminən 190 kilometrdir və onun əsas hissəsi istismara hazırdır. Bəzi hissələrin keyfiyyəti modernləşdirmə tələb etsə də, mövcud infrastruktur artıq potensial yüklərin daşınmasını təmin etməyə imkan verir. Eyni zamanda həm Ordubad, həm də Sədərək istiqamətlərində boşluqlar qalmaqdadır ki, onların aradan qaldırılması cari yol tikintisi planlarına daxil edilib. Paralel olaraq, əvvəllər mövcud olmayan yeni dəmir yolu xətlərinin inşasına başlanılıb. Qiymətləndirmələrə görə, bu işlərin tamamlanması bir-iki il ərzində mümkün olacaq.
Layihənin investisiya modelinə xüsusi diqqət yetirilib. Azərbaycan infrastrukturun qalan seqmentlərini xarici kapital üçün açıb. Hesab edirlir ki, xarici investisiyaların axını bununla bağlı işlərin həyata keçirilməsini sürətləndirməyə və dəhlizin səmərəliliyini artırmağa imkan verəcək. Layihə tam başa çatdıqdan sonra onun buraxılış qabiliyyəti ildə 15 milyon tona qədər qiymətləndirilir və bu da onu iri beynəlxalq tranzit marşrutları kateqoriyasına aid edir. Strateji planda Zəngəzur dəhlizi təkcə Şərq-Qərb və Şərq-Cənub istiqamətlərinin deyil, həm də potensial Şimal-Cənub marşrutunun genişlənməsinin tərkib hissəsi kimi nəzərdən keçirilir.
Yeri gəlmişkən, ənənəvi olaraq “Şimal-Cənub” dəhlizi dedikdə, əsas hissəsini Rəşt-Astara dəmir yolunun təşkil etdiyi Rusiya-Azərbaycan-İran dəmir yolu əlaqəsi nəzərdə tutulur. Amma Zəngəzur dəhlizinin işə salınması ilə faktiki olaraq sovet dövründə mövcud olmuş alternativ istiqamət bərpa olunacaq. Bu halda Şimal-Cənub marşrutunun Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi trayektoriyası üzrə ikinci xətti formalaşır ki, bu da eyni zamanda Orta Dəhlizin potensialını da gücləndirir. Marşrutların sayının artması obyektiv olaraq regionun ümumi yükdaşıma qabiliyyətini artırır və tranzitin bir istiqamətdən asılılığını azaldır. Naxçıvandan nəqliyyat axınları iki vektor üzrə paylaşdırıla biləcək: Türkiyə və Avropa istiqamətində, eləcə də İran, Fars körfəzi və Yaxın Şərq istiqamətində. Bununla yanaşı, Azərbaycan özünü yüklərin toplanması və yenidən bölüşdürülməsinin əsas mərkəzi kimi təqdim edir.
Türkiyə amilə də ümumi konfiqurasiyanın mühüm elementinə çevrilir. Ankaranın Qars-Naxçıvan dəmir yolunun tikilməsi ilə bağlı qərarı muxtar respublikanın Türkiyənin dəmir yolu şəbəkəsi ilə birbaşa əlaqəsini təmin edir və bununla layihə əlavə strateji əhəmiyyət qazanır. Ümumiyyətlə, Naxçıvanla Türkiyə arasında dayanıqlı dəmir yolu əlaqəsinin mövcudluğu dəhlizin potensialının tam reallaşdırılması üçün zəruri şərt kimi qiymətləndirilir, tikinti işləri ilə bağlı qrafikin sinxronlaşdırılması isə xərcləri optimallaşdırmağa və sərhədin hər iki tərəfindəki infrastrukturu əvvəlcədən uyğunlaşdırmağa imkan yaradır.
Alternativ isə cənub marşrutunun inkişafı sistemə əlavə dayanıqlılıq verir. Bakının təşəbbüsü ilə Ağbənd qəsəbəsində Araz çayı üzərindən körpünün tikintisi aparılır ki, bu da İran vasitəsilə regiondan ikinci nəqliyyat istiqamətini formalaşdırır. Layihə Azərbaycanın öz vəsaiti hesabına həyata keçirilir və ölkənin əsas ərazisi ilə Naxçıvan arasındakı məsafəni əhəmiyyətli dərəcədə azaldır: İran ərazisindən keçən yol indiki uzun Biləsuvar marşrutu əvəzinə təxminən 45-50 kilometr olacaq. Nəticədə Ermənistan və İran vasitəsilə ikiqat əlaqə modeli formalaşır ki, bu da faktiki olaraq Naxçıvan, Şərqi Zəngəzur və Qarabağı vahid nəqliyyat-iqtisadi məkana birləşdirir.
“Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”, - İlham Əliyev vurğulayıb.
Beləliklə, Bakı bu layihələrə ardıcıl olaraq təkcə öz maliyyə vəsaitini cəlb etmir, həm də infrastruktur seqmentlərini xarici kapital üçün açmağa hazır olduğunu nümayiş etdirir və iqtisadi məqsədəuyğunluğu geosiyasi dayanıqlılıqla əlaqələndirir. Bu mənada TRIPP və Zəngəzur dəhlizi sadəcə sülh gündəliyinin bir hissəsi deyil, regional logistikanın uzunmüddətli yenidən formatlaşdırılması vasitəsi olur ki, burada vaxt amili və tərəflərin hazırlığı həlledici əhəmiyyət kəsb edir.
Aİ də mövzudadır
ABŞ-nin fəal iştirakı ilə yanaşı, Avropa İttifaqının TRIPP-in həyata keçirilməsində potensial, əsasən texniki və institusional rolu ekspert gündəliyində getdikcə daha aydın olur. Söhbət siyasi vasitəçilikdən deyil, tərəflərin rəsmi sorğusu əsasında və onların suverenliyinə tam hörmət şərti ilə istifadə edilə biləcək neytral ekspertiza və tətbiqi vasitələrin təqdim edilməsindən gedir.
Xüsusilə, Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) məqaləsində qeyd olunur ki, Aİ Cənubi Qafqazda davamlı sülh və regional əlaqələrin təşviq edilməsində ABŞ ilə yanaşı proaktiv, lakin tamamlayıcı rol oynaya bilər. Brüssel xəritəçəkmə və rəqəmsal sərhəd xəritələşdirmə sahəsində əhəmiyyətli potensiala malikdir. “Copernicus” peyk müşahidə proqramı, ümumavropа məkan məlumatları infrastrukturu olan INSPIRE və müasir GİS texnologiyaları kimi alətlərdən istifadə şəffaf, obyektiv məlumatlara əsaslanan sərhəd demarkasiyasını təmin edə bilər. Bu cür yanaşma yurisdiksiya və ərazi bütövlüyü məsələlərinə təsir etmədən interpretativ mübahisələrin əhatə dairəsini azaldır, o cümlədən Ermənistan və Azərbaycan arasında etimadı artırır.
“Global Gateway” təşəbbüsü çərçivəsində tədqiqat və investisiya dəstəyi ayrıca istiqamət ola bilər. Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı potensial olaraq texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına, təhlükəsizlik qiymətləndirmələrinin aparılmasına və Naxçıvan-Ermənistan-Azərbaycan dəhlizi boyunca marşrutların optimallaşdırılmasına kömək edə bilər.
Eyni zamanda avropalı ekspertlər vurğulayırlar ki, TRIPP alternativ kimi deyil, Azərbaycan və Gürcüstan vasitəsilə artıq fəaliyyət göstərən Orta Dəhlizə əlavə bir əlaqə kimi baxılmalı və regionun ümumi əlaqəsini gücləndirməlidir. Regional nəqliyyat əlaqələrinin bərpası bu məntiqə görə ticarət xərclərinin və çatdırılma müddətlərinin əhəmiyyətli dərəcədə azaldılması amili kimi qiymətləndirilir. Qiymətləndirmələrə görə, ən böyük effekti Ermənistan əldə edə bilər ki, onun üçün quru tranzitinin bərpası regional təcriddən çıxış üçün bir addım olardı. Bu, Rusiya və İranla birbaşa ticarət əlaqələrinin bərpası üçün imkanlar açır, həm də Mərkəzi Asiya bazarlarına çıxışı asanlaşdırır. Daha geniş perspektivdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması digər regional istiqamətlərin, o cümlədən Ermənistan-Türkiyə yolunun müzakirəsi üçün şərait yarada bilər.
Layihənin rəqəmsal ölçüsü də böyük maraq doğurur. Aİ Avropa dəmir yolu hərəkətinin idarəetmə sisteminin tətbiqi təcrübəsinə əsaslanaraq - Bakı və İrəvanın razılığı və sorğusu ilə - rəqəmsal gömrük və tranzit platformalarının yaradılmasına və tətbiqinə kömək edə bilər. Söhbət məlumatların fasiləsiz elektron mübadiləsi, kağızsız sənəd dövriyyəsi və yüklərin real vaxt rejimində izlənilməsi sistemlərindən gedir ki, bu da dəhlizin buraxılış qabiliyyətinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Standartlaşdırılmış gömrük kodları, elektron plomblar və radio tezlikli identifikasiya texnologiyaları daxil olmaqla, intellektual logistik həllərin dəstəklənməsi TRIPP-in əməliyyat mexanizmlərini TRACECA standartlarına və ümumavropа rəqəmsal normalarına uyğunlaşdırmağa imkan verərdi. Bundan başqa, Aİ-nin inteqrasiya olunmuş sərhəd idarəetməsi sahəsində potensialın artırılması üzrə proqramları gömrük və sərhəd xidmətlərinin ixtisasını artıra, gecikmələri azalda və Ermənistan və Azərbaycanın rəsmi sorğusu şərtilə marşrut boyunca hüquqi və prosedur harmonizasiyasına kömək edə bilər.
Paralel olaraq Aİ-nin Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstanın iştirakı ilə - potensial olaraq Aİ və ABŞ-nin həmsədrliyi ilə - texniki koordinasiya platformasının yaradılmasını maliyyələşdirməsində iştirak imkanı nəzərdən keçirilir. GCSP-də hesab edirlər ki, belə bir struktur tənzimləmənin harmonizasiyası, texniki standartların sinxronizasiyası və məlumat mübadiləsinin sadələşdirilməsi vasitəsi ola bilərdi. Transmilli dəhlizlərin idarə edilməsində toplanmış təcrübədən istifadə edərək, Avropa İttifaqı “dar yerlər”in aşkarlanması və infrastruktura xidmətinin əlaqələndirilməsi üçün real vaxt rejimində monitorinq sistemlərinin, rəqəmsal panellərin və yük axınlarının təhlili vasitələrinin işlənib hazırlanmasına kömək edə bilər.
Nəhayət, ekspert mühitində Aİ-nin beynəlxalq nəqliyyat konvensiyaları və Avropa təcrübəsinə uyğun olaraq hökumətlərarası tranzit sazişlərinin hazırlanması və yenilənməsində mümkün hüquqi məsləhət rolu da qeyd edilir.
Ümumilikdə, sadalanan bütün elementlər göstərir ki, TRIPP tədricən regional transformasiyanın sistemli vasitəsi kimi formalaşır. Onun uğuru birbaşa siyasi iradənin, infrastruktur hazırlığının və bütün iştirakçı tərəflərin institusional intizamının sinxronizasiyasından asılı olacaq. Bu mənada Azərbaycan artıq Cənubi Qafqazın yeni tranzit arxitekturasının dayaq nöqtəsi mövqeyini tutub və burada iqtisadi məntiq keçmişin münaqişə ətalətini getdikcə daha aydın şəkildə sıxışdırıb çıxarır.
MƏSLƏHƏT GÖR:




78

