18 Mart 2026

Çərşənbə, 10:31

QARA BERLİN

Gizli eko-qruplaşma Almaniya paytaxtını soyuğa və xaosa necə sürüklədi?

Müəllif:

15.01.2026

2026-cı il yanvarın 3-də Berlində «Vulkan» («Vulkangruppe») ekstremist solçu qruplaşmanın Teltov çayı üzərindəki kabel körpüsünü yandırması nəticəsində şəhər müharibədən sonrakı tarixinin ən uzunmüddətli elektrik kəsintisi ilə üz-üzə qalıb. Lixterfelddə İstilik-Elektrik Mərkzində baş vermiş yanğın 5 yüksək gərginlikli və 10 orta gərginlikli kabelə ziyan vurub və onları yalnız yanvarın 7-də tam bərpa etmək mümkün olub. Nəticədə, kəskin soyuqların və gecə mənfi hərarətin olduğu günlərdə Almaniyanın internetə çıxışı, mobil rabitəsi, isti suyu və istilik təchizatında ciddi problemlər yaranıb. Baş verənlərdən Şteqlits-Tselendorf, Tselendorf, Nikolaszee və Vennzeedə ümumilikdə təxminən 100 min insan, 45 min ev və 2200 müəssisə (Berlin əhalisinin 2,9 faizi) zərər görüb, 83 yaşlı bir qadın isə dünyasını dəyişib. Məktəblər bağlanıb, xəstəxanaların və şəhər nəqliyyatının işi iflic olub, hökumət fövqəladə vəziyyət elan edib. Sığınacaqlarda generatorlar işə salınıb və bütün bunlar, əlbəttə ki, ciddi büdcə vəsaiti hesabına baş verib.

 

Özünümüdafiə və həmrəylik aktı

«Vulkangruppe» qruplaşmasının solçulara aid saytlarda yayılmış açıq məktubunda bildirilir ki, onun əməli mədən yanacağından istifadəyə, elektrik enerjisinə artan tələbata etiraz kimi qiymətləndirilməlidir. Müraciət müəllifləri hesab edir ki, bu vəziyyəti «iqlim dəyişikliyi prosesini sürətləndirən, kütləvi izlənmənin miqyasını böyüdən» süni intellektlə çalışan məlumat emalı mərkəzləri yaradır. «Bu gecə biz Berlindəki Lixterfeldə qaz elektrik stansiyasının işini uğurla sabotaj etdik. Elektrik stansiyasına hücum Yer kürəsini və ümumilikdə həyatı qoruyan hər kəs ilə özünümüdafiə və beynəlxalq həmrəylik aktıdır. Berlinin cənub-qərbində yaşayan daha aztəminatlı sakinlərdən üzr istəyirik. Bu ərazidəki çoxsaylı villa sahiblərinə isə rəğbətimiz məhduddur», - deyə məktubda bildirilir. Beləliklə, insanlara və qurumlara dəymiş zərər sadəcə «özünümüdafiə və beynəlxalq həmrəylik aktı»nın yan təsiri kimi təqdim olunub.

Qeyd edək ki, bu, sözügedən qrupun ilk belə aksiyası deyil. Hələ 2018-ci ildə onun üzvləri Şarlottenburq rayonunda elektrik kabellərinin zədələnməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdülər. O zaman aksiya 6500 evi işıqsız qoymuşdu. 2020-ci ildə qruplaşma COVID-19 pandemiyasına qarşı mübarizə üçün tətbiqin hazırlanmasında iştirak edən «Henrix Hertz» institutunun rabitə kabel avadanlığını yandırmış, 2024-cü ilin martında isə Brandenburq bölgəsinin Qrünhayde qəsəbəsində elektrik ötürücü xətlərin yandırılması nəticəsində ABŞ-nin «Tesla» şirkətinə məxsus zavodun fəaliyyətində problem yaranmışdı. Qrup bu şirkəti yeraltı suları çirkləndirməkdə günahlandırırdı. Həmin hadisə zamanı müəssisənin fəaliyyəti pozulmuş, işçilər təxliyə edilmişdi. Yeri gəlmişkən, qruplaşma fəalları hələ 2021-ci ildə gələcək zavodun tikinti meydançasında qüllələrdən birini yandıraraq, onu «yaşıl avtomobil istehsalı ilə bağlı yalanlara qarşı alov» adlandırmışdılar. Onlar «Tesla»nı neokolonializmdə ittiham edirdilər. Radikallar şirkətin sahibi İlon Maskı «texnofaşist» adlandırır, öz hərəkətlərini patriarxata qarşı mübarizə çərçivəsində «8 Mart hədiyyəsi» kimi təqdim edirdilər. O zaman Mask baş verənlərə cavab olaraq bildirmişdi ki, bu əməlləri törədənlər «ya dünyadakı ən axmaq ekoterrorçulardır, ya da əslində məqsədləri ətraf mühiti qorumaq olmayan marionetlər».

Nəhayət, 2025-ci ilin sentyabrında qruplaşma üzvlərinin şəhərin cənub-şərqində iki elektrik ötürücü xətt dayağını yandırması nəticəsində 50 min evi əhatə edən təxminən 60 saatlıq elektrik kəsintisi baş vermişdi.

Radikal solçu, eko-anarxist «Vulkangruppe» fəaliyyətə 2011-ci ildə başlayıb. Müxtəlif analitik hesabatlarda o, «kiçik» və «gizli» qruplaşma kimi xarakterizə olunur. Çünki «Vulkangruppe» açıq təbliğat aparmır, sosial şəbəkələrdən istifadə etmir, qruplaşmanın aşkar lideri və ya qərargahı yoxdur. Ehtimal edilir ki, o, «Grímsvötn» və ya «Katla» kimi adlar altında ayrı-ayrı xırda birliklərdən ibarətdir. Qruplaşma aksiyalarını böyük manifestlərlə yayır.

«Vulkangruppe» qruplaşmasının sıralarına insanları necə cəlb etdiyinə dair də açıq məlumatlar yoxdur. Hər halda, bununla bağlı təsdiqlənmiş faktlara rast gəlinmir. Böyük ehtimalla yeni üzvlər qapalı solçu submədəniyyətlər, muxtar qruplar və ya Berlinin anarxist, antikapitalist dairələrindən şəxsi əlaqələr vasitəsilə cəlb olunurlar. Məlumdur ki, qruplaşma yalnız Almaniyada deyil, ABŞ-də də xüsusi xidmət orqanlarının nəzarətindədir. Çünki onların digər ölkələrdə də tərəfdarlarının ola biləcəyi istisna deyil.

 

Peşəkar cinayətkarların terror aktı

Medianın məlumatına görə, Berlində baş vermiş son hadisə ilə əlaqədar Federal Prokurorluq antikonstitusion sabotaj şübhəsi, terror təşkilatına üzvlük, qəsdən yanğıntörətmə və ictimai müəssisələrin fəaliyyətinin pozulması maddələri ilə istintaq başladıb. Berlin meri Kay Veqner törədilmiş yanğını birbaşa «terror aktı» adlandıraraq bildirib ki, bu hadisə insanların həyatını təhlükə altına qoyub, şəhər xidmətlərinə ciddi yük yaradıb. «Bu, uşaq şıltaqlığı deyil, peşəkar cinayətkarların işidir… Bu, sadəcə, yanğın törətmək və ya sabotaj sayıla bilməz. Söhbət terrorçuluqdan gedir və biz cinayətkarları tutmalıyıq», - deyə mer Almaniyanın “RBB” ictimai telekanalına açıqlamasında bildirib.

Baş verənləri Berlinin daxili işlər üzrə senatoru İris Şpranger də «terrorçuluq» adlandırıb. Şəhərin iqtisadiyyat, energetika və dövlət müəssisələri üzrə senatoru Fransiska Giffey isə hadisəni «azad cəmiyyətimizə hücum» kimi qiymətləndirib: «Sual ondadır ki, baş verənlər, sadəcə, ideoloji motivlərlə hərəkət edən solçu fəalların əməlidir, yoxsa bunun arxasında daha böyük qüvvələr, məqsədlər dayanır?»

Həqiqətən də, mövcud şəraitdə baş verənlərin arxasında «böyük nəyinsə» dayandığını istisna etmək çətindir. Məsələn, Almaniya paytaxtı kimi nəhəng şəhərdə hansısa qüvvənin həyati əhəmiyyətli infrastrukturu sıradan çıxarmağın mümkün nəticələrini «test etməsi» mümkündür. Ukrayna müharibəsi fonunda Berlində elektrik şəbəkəsinə hücumun arxasında Rusiyanın dayana biləcəyinə dair ehtimallar artıq səsləndirilməkdədir. Bir sıra media qurumları qeyd edir ki, Bundestaqın Xristian-Demokrat İttifaqından olan deputatı R.Kizevetter radikal solçuların bəyanatındakı dil və orfoqrafiya xüsusiyyətini qəribə sayır.

Lakin bir müddət sonra Almaniya Daxili İşlər Nazirliyi ölkənin xüsusi xidmət orqanlarında bu haqda hər hansı məlumatın olmadığını, qruplaşmanın guya «saxta bayraq altında» əməliyyat keçirdiyinə dair də məlumatın mövcud olmadığını bəyan edib. Yəni cinayətkarların iz azdırmaq üçün özlərini başqa təşkilat və ya dövlət kimi təqdim etməsi hallarına rast gəlinməyib. Qruplaşmanın özü də hücumu Rusiyanın maraqları naminə həyata keçirdiyi haqda fikirləri rədd edir.

Baş verənlər fonunda berlinlilərdə bələdiyyə, əyalət və federal hakimiyyət orqanlarına sualları yaradıb. Onlar ən azı kritik əhəmiyyətli obyektlərin təhlükəsizliyinin necə təmin olunduğunu soruşurlar. Üstəlik, son zamanlar Almaniyada müxtəlif səviyyələrdə yeni hibrid hücumların mümkünlüyünə dair fikirlər dolaşmaqdadır. Əgər kifayət qədər təşkilatlanmamış bir qrup şəhərin bir neçə rayonunu bir anda elektrik enerjisindən məhrum edə bilirsə, daha peşəkar təşkilatların hücumları hansı nəticələri verə bilər?

Sosial şəbəkələrdə və mətbuatda «blək-aut»un nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlərin yetərsizliyindən də bəhs olunur, bunun xüsusilə aşağı gəlirli insanlar üçün ağır nəticələndiyi vurğulanır. Eyni zamanda, ölkənin əsas siyasi partiyaları məsələyə ciddi münasibət bildirməməkdə ittiham edilir. Bununla yanaşı, Fransiska Giffeyin bir fikri geniş rezonans doğurub. O, zərər çəkmiş rayonların sakinlərinin «Visit Berlin» şəbəkəsinin tərəfdaş hotellərində gecəsi 70 avroya qala biləcəklərini söyləyib. Fövqəladə vəziyyət zamanı sakinlərin öz ciblərindən pul ödəməli olması insanlarda ciddi narazılıq yaradıb. Onlar ödədikləri vergilər hesabına miqrantlara verilən vəsaitə diqqət çəkərək, yerli insanlara belə münasibətin ədalətli olmadığını bildirirlər. Sonradan hakimiyyət orqanları Berlində qeydiyyatda olan şəxslər üçün xərclərin kompensasiya olunacağını bəyan etsə də, necə deyərlər, xoşagəlməz təəssürat öz izini buraxıb. Bu isə Almaniyanın uzun illərdir apardığı miqrasiya siyasəti ilə bağlı cəmiyyətdə ciddi narazılığın olduğunu bir daha ortaya qoyub.

 

Seçici səsi və hakimiyyətin problemi

Amma bu, bütün Avropanın problemlərindən yalnız biridir. Söhbət yerli hökumətlərin həm də iqtisadi sahədə qəbul etdiyi bir sıra qərarlar səbəbilə sağçı «avroskeptiklər»in, eyni zamanda radikal solçu hərəkatların populyarlığının artmasına yol açan problemlərdən gedir. Görünən odur ki, bir çox ölkələrdə son seçkiləri radikal sağçılar qazanır və hakimiyyətə məhz bu qüvvələr gəlir. Radikal solçulara gəlincə, Avropada onların da kifayət qədər zəngin tarixi var. Bunun üçün ən azı ötən əsrin 60-cı illərini xatırlamaq kifayətdir. Radikal solçular antiqlobalizmə, antiimperializmə və antikapitalizmə yönəliblər. Avroskeptizm və egalitarizm də bu qüvvələrə xas cəhətlərdir. Son dövrlərdə isə onlar diqqəti daha çox ekoloji məsələlərə çəkir, polis əməkdaşlarına, sağçı ekstremistlərə, firma və müəssisələrə, infrastruktur obyektlərinə hücumlar belə, edirlər.

Hakimiyyət strukturlarının ciddi desentralizasiyası, cəmiyyətdə, sosial şəbəkələrdə son dərəcə zəif təmsil olunmaları onların indentifikasiyası və saxlanmasını çətinləşdirir. Hesab edilir ki, onlar tərəfdarlarını ənənəvi partiyalardan bezmiş insanlar arasında tapır və bu, xüsusilə həmin partiyaların seçicilərin minimal gözləntilərini doğrultmadığı hallarda xüsusilə aktuallaşır. Bu, orta təbəqənin nümayəndələri, müxtəlif baxışlı gənclər, sol yönümlü ziyalılar, iqtisadi qloballaşmadan çərər çəkmiş iş adamları və s. ola bilər.

Məsələn, ötən il Böyük Britaniyada məşhur «Shut the System» qruplaşması Londonun maliyyə rayonunda fiber-optik kabeli kəsmişdi. Qruplaşma üzvləri, həmçinin ictimai yerlərə boya səpmiş, bankların, sığorta şirkətlərinin əleyhinə addımlar atmışdılar. Britaniyanın ekofəallardan ibarət «Just Stop Oil» təşkilatı isə neft və qaz hasilatı üçün yeni lisenziyaların verilməsinin qadağan olunması tələbi ilə bir sıra səs-küylü aksiyalar keçirmişdilər: avtomagistrallar bağlanmış, iri idman tədbirləri pozulmuş, şəxsi təyyarələrə və incəsənət əsərlərinə ziyan vurulmuşdur.

2018-2019-cu illərdə isə Fransada anarxistlər hökumətin siyasətinə və sosial ədalətsizliyə etiraz edən «sarı jiletlilər» hərəkatına fəal dəstək vermişdilər.

Almaniyanın özündə daha bir radikal solçu qruplaşma olan «Antifa Ost» («Çəkicli dəstə») ultra-sağçılara hücumlar edir. Yeri gəlmişkən, noyabrın əvvəlində ABŞ-nin hakimiyyət orqanları bu qruplaşmanı terror təşkilatları siyahısına daxil edib. Onlara italiyalıların «Informal Anarchist Federation/International Revolutionary Front», yunanların «Armed Proletarian Justice» və «Revolutionary Class Self-Defense» təşkilatları da qoşulub. Avropada belə radikal solçu gizli təşkilatların adları sadalanmaqla bitməz.

Berlində baş vermiş son insidentin bir daha göstərdiyi kimi, radikal solçu qruplaşmalar hədəf olaraq kritik əhəmiyyətli kommunikasiya infrastrukturunu seçərlərsə, hakimiyyət orqanları kifayət qədər ciddi problemlərlə üz-üzə qala bilərlər. Hansısa qısamüddətli problem belə, zəncirvari prosesə çevrilə, hakimiyyət böhran rejiminə keçə bilər ki, bu isə siyasi baxımdan nəzarətin itirilməsi kimi qiymətləndirilər. Bu baxımdan üçüncü qüvvələrin belə təşkilatlardan öz maraqları üçün istifadə etməsi mümkündür. Məsələn, Maskın «Vulkangruppe» qruplaşmasına ünvanladığı «marionetlər» ifadəsini və ya Giffeyin onların «daha böyük planın tərkib hissəsi ola biləcəkləri» haqda dediklərini nəzərə almaq lazımdır. Yaxud «Just Stop Oil» hərəkatının guya iqlim dəyişikliyinə qarşı mübarizə aparanların gözdən salınması üçün sırf neft lobbiçiləri tərəfindən təşkil olunduğu haqda fikirlər də var.

Amma bütün bu hallarda belə, potensial risklər var. Məsələn, konspirologiyanın güclənməsi və əhali arasında hakimiyyətə etimadın azalması. Demək, Avropanın hakimiyyət orqanlarının düşünməli olduqları kifayət qədər ciddi məsələlər mövcuddur.



MƏSLƏHƏT GÖR:

80