QRENLANDİYANIN KÖLGƏSİNDƏ
Ukrayna müharibəsi Arktikada imkanlar pəncərəsi açıb
Müəllif: İlqar VƏLİZADƏ
2026-cı ilin əvvəlində Ukrayna münaqişəsi sırf Şərqi Avropa gündəliyi çərçivəsindən daha açıq şəkildə çıxmağa başlayıb. O, artıq güc mərkəzləri arasında daha geniş geosiyasi sövdələşmənin tərkib hissəsinə çevrilir. Atəşkəs parametrlərinin, təhlükəsizlik zəmanətlərinin və Ukraynanın müharibədən sonrakı quruluş formasının razılaşdırılması cəhdləri indi daha mürəkkəb, daha miqyaslı proseslər şəklində cərəyan edir.
İstəklərin koalisiyası
Yanvarın 6-da «İstəklər koalisiyası»nın Parisdə keçirilən toplantısı əslində Ukraynada müharibədən sonrakı nizamlanmanın siyasi çərçivəyə salınması cəhdi olub. Bu mövzu daha əvvəl Kiyevlə Vaşinqton arasında qapalı şəraitdə müzakirə olunub. Xatırladaq ki, dekabrın sonunda ABŞ Prezidenti Donald Tramp ilə Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında Ağ Ev sahibinin Mar-a-Laqodakı iqamətgahında müzakirələr aparılmış, tərəflərin sözlərinə görə, həmin görüşdə sülh planının parametrlərini 90%-dək razılaşdırmaq mümkün olmuşdu. Bununla belə, Zelenski əsas həll olunmamış məsələnin ərazi problemi olduğunu bildirmişdi – Rusiya Kiyevdən Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsindən qoşunlarını çıxarmasını tələb edir.
Əsas maneənin məhz ərazi məsələsi olduğunun önə çəkilməsi göstərir ki, artıq söhbət münaqişənin sırf hərbi mərhələsindən getmir. Bu, Vaşinqton üçün məqbul, Kiyev üçün daha az məqbul, Ukraynanın avropalı müttəfiqləri üçün isə ən azı qismən məqbul yeni siyasi-ərazi reallığının rəsmiləşdirilməsi cəhdidir. Mümkün razılaşmanın əsas yükü Vaşinqton-Kiyev dialoqunun üzərinə düşsə də, Ukrayna rəhbərliyi avropalı müttəfiqlərinin mövqeyini nəzərə almaya bilməz. Çünki sonda Avropa təhlükəsizliyinin gələcək arxitekturası məhz onların mövqeyindən asılıdır – hər halda, avropalılar belə hesab edirlər. Paris danışıqlarına bu qədər böyük hiqqətin səbəbi də bu idi.
Görüşün yekununda qəbul edilən «Paris bəyannaməsi» ümumi siyasi mənzərəni əks etdirir. Buraya BMT qətnamələri əsasında «ədalətli və davamlı sülhə sadiqlik», Ukraynanın özünümüdafiə qabiliyyətinin yalnız onun təhlükəsizliyinin deyil, həm də Avropa təhlükəsizlik arxitekturasının əsas elementi kimi tanınması daxildir. Sənəddə Ukrayna üçün təhlükəsizlik zəmanətinin istənilən sülh sazişinin ayrılması hissəsi olmasının vacibliyi də vurğulanır. Praktiki səviyyədə sənəd gələcək zəmanətlərin cizgilərini də müəyyənləşdirir: ABŞ-nin rəhbərlik etdiyi atəşkəs rejiminin monitorinqi və verifikasiyası mexanizmində «İstəklər koalisiyası» ölkələrinin iştirakı, pozuntuların aşkarlanması üçün xüsusi komissiyanın yaradılması, həmçinin ümumi zəmanətlər sisteminin tərkib hissəsi kimi, Ukrayna Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi.
İstəklərlə imkanlar üst-üstə düşmədikdə
Maraqlıdır ki, zahirən məsələyə yanaşmada vahid ritorika müşahidə olunsa da, iştirakçıların mövqelərində ziddiyyətlər də mövcuddur. Məsələn, Donald Tusk açıq şəkildə bildirib ki, «Paris bəyannaməsi» Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı ümumi siyasi iradəni təsbit etsə də, hələlik ayrı-ayrı ölkələrin konkret öhdəliklərini müəyyənləşdirmir və bu öhdəliklər hələ qaralama səviyyəsində qalır. Beləliklə, sənəd hüquqi baxımdan məcburedici mexanizmdən çox çərçivə xarakterli bəyannamə kimi çıxış edir.
Almaniya tərəfi daha ehtiyatlı mövqe nümayiş etdirib. Kansler Fridrix Merts faktiki olaraq, Ukraynaya birbaşa qoşun göndərilməsini istisna edib. O, qoşunların yalnız NATO-nun qonşu ölkələrində yerləşdirilməsini mümkün sayır. Bununla yanaşı, kansler bildirib ki, «münaqişənin həllini diplomatiya dərsliyində tapmaq mümkün deyil, kompromislər lazımdır». Almaniya tərəfinin bu mövqeyindən belə çıxır ki, artıq münaqişənin yalnız Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllində israr etmək mümkün deyil. Bununla yanaşı, Almaniya Ukraynada sülhün parametrləri tam müəyyənləşmədən bu ölkəyə hərbi kontingent göndərilməsilə bağlı öhdəlik götürülməsinə də tərəfdar görünmür.
Əvəzində Paris və London daha qətiyyətli mövqedən çıxış edirlər. Onlar Kiyev ilə Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsinə dair niyyət bəyannaməsi də imzalayıblar. Bu, faktiki olaraq nəinki atəşkəs razılaşmasından sonra Ukrayna ərazisində beynəlxalq hərbi mövcudluğun əsasını qoyur, həm də postmünaqişə dövrü üçün onların hərbi-siyasi təsirinin hüdudlarını müəyyənləşdirir.
Ümumilikdə Paris görüşü eyni anda bir neçə tendensiyanı ortaya qoyub. Bir yandan ABŞ və Avropanın əsas oyunçuları müharibə müzakirələrini münaqişədən sonrakı quruluş müstəvisinə keçirməyə çalışırlar – beynəlxalq zəmanət elementləri, monitorinq mexanizmləri mümkün çoxmillətli iştirak və s. Digər tərəfdən ölkələr üzrə konkret razılaşdırılmış öhdəliklərin olmaması, ərazi məsələsindəki fikir ayrılıqları və risklərə hazırlıq dərəcəsinin fərqli olması (xüsusilə Ukraynaya xarici hərbi kontingentin yerləşdiriləcəyi halda) göstərir ki, Qərbin vahid mövqeyi hələlik yalnız siyasi formul səviyyəsindədir. Yaxın perspektivdə əsas sual sadəcə ABŞ-Ukrayna planının mətninin razılaşdırılması yox, həm də Moskvanın ümumiyyətlə təklif olunan təhlükəsizlik zəmanətləri və sülhməramlı mexanizmlər konfiqurasiyasını atəşkəs üçün əsas kimi qəbul edib-etməyəcəyi olacaq.
Ukrayna üçün Qrenlandiya məsələsi
Amma mövcud vəziyyətin əsas paradoksallığı Ukrayna nizamlanmasının parametrləri ətrafındakı fikir ayrılıqlarında deyil. Ən paradoksal olan odur ki, Avropa ilə Kiyevin diqqəti postmünaqişə dövrünün quruluş formuluna yönəltdikləri bir vaxtda Vaşinqton strateji baxımdan daha uzunmüddətli vəzifələrin həllinə çalışır. Məsələn, söhbət onun Arktikada yeni qüvvələr balansını rəsmiləşdirmək cəhdindən gedir. ABŞ buna, ilk növbədə, Qrenlandiya üzərində nəzarətin gücləndirilməsi yolu ilə nail olmağa çalışır.
Birləşmiş Ştatlar üçün Qrenlandiya periferik istiqamət olmaqdan çoxdan çıxıb. Artıq o, Şimali Arktikada hökmranlığı təmin edən, perspektivli Arktika nəqliyyat dəhlizlərinə nəzarət imkanı verən, Rusiyaya, eləcə də Şimali Avropaya bilavasitə yaxınlıqda hərbi mövcudluğun artırılmasına şərait yaradan əsas strateji bölgədir. Bu kontekstdə Ukrayna gündəliyi obyektiv olaraq, Vaşinqton üçün imkanlar pəncərəsi də yaradır. Çünki avropalı müttəfiqlər bütün diqqəti Kiyev üçün təhlükəsizlik zəmanəti məsələsinə, Şərqi Avropada mümkün hərbi mövcudluğun parametrləri ilə bağlı daxili mübahisələrə yönəldir ki, nəticədə, digər regionlarda nüfuz mübarizəsinə birgə reaksiya vermək imkanını itirir.
«Politico» nəşri yazır ki, indi Avropa paytaxtlarında özünəməxsus «təhlükəsizlik mübadiləsi» ssenarisi nəzərdən keçirilməkdədir: Qrenlandiyada ABŞ-nin rolunun genişlənməsi müqabilində Vaşinqtonun Ukraynaya daha sərt və konkret təhlükəsizlik zəmanətləri verməsi. Avropada bu yanaşma arzuolunmaz sayılsa da, Vaşinqtonun danışıqlar prosesindən çıxması, yaxud müzakirələri Moskva üçün daha sərfəli məcraya yönəltməsi ehtimalı qarşısında bu, daha az riskli variant kimi görünür.
ABŞ-nin nöqteyi-nəzərindən avropalıların Qrenlandiyanın gələcəyi ilə bağlı müzakirələrə cəlb olunması, ilk növbədə, öz addımlarına legitimlik qazandırmaq məqsədi daşıyır. Bununla yanaşı, Vaşinqtonun əlində geniş alətlər də qalmaqdadır – hərbi mövcudluğun artırılmasından, Danimarkaya təzyiqlərin gücləndirilməsindən tutmuş, Qrenlandiyanın müxtariyyətinin genişləndirilməsi, hətta müstəqilliyinin dəstəklənməsinədək. Bu halda ABŞ Kopenhageni kənarda qoymaqla Qrenlandiya ilə birbaşa danışıqlara gedə bilər.
Baş verənlər fonunda ABŞ, Avropa və Ukraynanın atəşkəs, təhlükəsizlik zəmanəti sistemi kimi məsələlərdə razılığa gəlmək cəhdləri ayrıca proses kimi yox, daha böyük sövdələşmənin tərkib hissəsi kimi görünür. Avropa diqqətini Ukrayna müharibəsinə yönəltdikcə, ABŞ vəziyyətdən istifadə edərək Şimali Atlantika və Arktikada mövqelərini möhkəmləndirir. Bu yerdə məhz Qrenlandiya həlledici əhəmiyyət qazanır. Məhz bu səbəbdən də Ukrayna müharibəsi ilə Qrenlandiya məsələsinin bir-birinə bağlı olduğu qənaəti var. ABŞ üçün Ukrayna problemi ilə bağlı kompromis axtarışı yalnız Avropanın təhlükəsizliyi məsələsi deyil, həm də digər strateji istiqamətlərdə, o cümlədən Arktikada müttəfiqlərdən əlavə güzəştlər qoparmaq imkanıdır.
Bu vəziyyət Rusiyaya da əl verir. ABŞ əsas diqqəti nə qədər Qrenlandiyaya və Arktikaya yönəldərsə, Moskvanın Ukrayna məsələsində manevr imkanları o qədər genişlənər. Belə bir vəziyyətdə Vaşinqton Ukraynanı Avropa ilə daha geniş sövdələşmənin elementi kimi nəzərdən keçirməyə başlayarsa, Avropanın Kiyevlə bağlı mövqeyində sərtlik daha az ola, «Köhnə dünya» sövdələşməyə daha çox meyillənə bilər.
Danışıqlar öz yerində, müharibə davam edir
Bütün bunların fonunda 2025-ci ilin sonu, 2026-cı ilin əvvəlindən etibarən Ukrayna daxildə miqyaslı kadr rotasiyasına başlayıb. Prezident Administrasiyası, Ukrayna Təhlükəsizlik Xidməti, kəşfiyyat orqanları, müdafiə idarəsi və regional administrasiyalarda baş verən kadr dəyişiklikləri idarəetmə sisteminin uzunmüddətli müharibəyə və mümkün danışıqlar prosesinə uyğunlaşdırılması cəhdinə bənzəyir. Xüsusilə güc strukturlarında ciddi dəyişikliklər baş verib. Bəzi rəhbər şəxslər vəzifədən uzaqlaşdırılıb, digərləri siyasi mərkəzə yaxınlaşdırılıb, Prezident Administrasiyasının xüsusi xidmət orqanlarına nəzarəti, həmçinin hərbçilər, kəşfiyyat və diplomatik aparat arasında koordinasiya gücləndirilib.
Bilavasitə hərbi əməliyyatlara və danışıqlar prosesinin inkişaf perspektivlərinə gəlincə, qarşıdurmanın növbəti eskalasiyası formalaşmaqda olan siyasi razılaşmaların nə qədər kövrək olduğunu bir daha nümayiş etdirib. Əvvəlcə Ukraynanın Rusiya Prezidentinin iqamətgahlarından birinə hücum etdiyinə dair məlumat yayılıb, daha sonra isə Rusiya Ukrayna ərazisinə «Oreşnik» raketləri ilə zərbələr endirib. Belə hallar nəinki eskalasiyanı artırır, həm də münaqişəyə kompromislər yolu ilə son qoymaqda maraqlı olan qüvvələrin manevr imkanlarını kəskin şəkildə məhdudlaşdırır. Zərbələrin rəmzi və fərdiləşdirilmiş xarakter aldığı bir şəraitdə münaqişə getdikcə hərbi təzyiq müstəvisindən həm də siyasi iradə və qətiyyət nümayişi müstəvisinə keçir. Bu isə öz növbəsində, danışıqlar prosesinin institusional çərçivəyə salınması istiqamətində istənilən cəhdi çətinləşdirir. Çünki hər bir tərəf təkcə döyüş meydanındakı qüvvələr balansını deyil, həm də belə şəraitdə güzəşti zəiflik kimi qəbul edə biləcək daxili auditoriyanın gözləntilərini nəzərə almaq məcburiyyətindədir.
MƏSLƏHƏT GÖR:




26

