6 Fevral 2026

Cümə, 05:34

FÖVQƏLDÖVLƏTDƏN YENİ GEDİŞ

Amerikanın Maduro əməliyyatı dünyada qüvvələr düzənini dəyişir

Müəllif:

15.01.2026

ABŞ xüsusi təyinatlılarının Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilməsi 2026-cı ilin əvvəlində dünyanın ən ciddi rezonans doğuran hadisəsinə çevrilib. Bəs bu hadisə yalnız ABŞ və Venesuelanın deyil, bütünlükdə dünyanın taleyi baxımından hansı nəticələrə yol aça bilər?

 

«Mütləq əzm»

Yanvarın 3-nə keçən gecə ABŞ «Absolute Resolve» («Mütləq əzm») adlı hərbi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Venesuela Prezidenti Maduro və həyat yoldaşı Siliya Flores Karakasda ələ keçiriliblər. Əvvəlcə ABŞ Hərbi Dəniz Qüvvələrinin Quantanamodakı bazasına aparılan cütlüyü oradan Nyu-Yorka aparıblar.

Venesuela hökuməti Vaşinqtonu ölkənin mülki və hərbi obyektlərinə zərbələr endirmkdə günahlandırıb. ABŞ Prezidenti Donald Tramp isə ölkəsinin Venesuela rəhbərinə qarşı genişmiqyaslı hücum əməliyyatı həyata keçirdiyini bildirib. Görünən odur ki, bu əməliyyata aylarla hazırlıq gedib. Hər halda, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuelada gizli əməliyyatlar aparmasına hələ 2025-ci ilin noyabrında sanksiya vermişdi.

Maduro və həyat yoldaşının ələ keçirilməsindən sonra ABŞ məhkəməsi onlara qarşı narkoterrorçuluq, Birləşmiş Ştatlara kokain idxalı məqsədli sövdələşmələr, Amerikaya qarşı avtomat silahlar və dağıdıcı qurğular toplamaq maddələri ilə ittiham irəli sürüb. Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılan Maduro isə ona qarşı irəli sürülən ittihamları rədd edib, özünü təqsirsiz saydığını bildirib və Venesuelanın qanuni prezidenti statusunu qoruyub saxladığını deyib. O, özünü hərbi əsir adlandırıb.

Növbəti məhkəmə iclası martın 17-nə təyin edilib. Maduro və xanımı o vaxtadək Nyu-Yorkda həbsdə qalacaqlar. Güman ki, müdafiəçiləri Maduronun həbsinin qanuniliyini mübahisələndirəcək, ona beynəlxalq hüquq normalarının tətbiqini tələb edəcəklər. Həmin normalara əsasən Maduro suveren dövlətin başçısı kimi, toxunulmazlığa malikdir. Amma bu gedişlərin hər hansı nəticə verəcəyi inandırıcı görünmür. Nəzərə almaq lazımdır ki, ABŞ təcrübəsində başqa bir dövlət başçısının ələ keçirilməsi presedenti artıq mövcud olub. 1989-cu ildə amerikalılar Panamaya qarşı həyata keçirilmiş əməliyyat nəticəsində ölkənin faktiki lideri, Milli Müdafiə Qüvvələrinin baş komandanı Manuel Noryeqanı ələ keçirərək ABŞ-yə aparmışdılar. Noryeqa Birləşmiş Ştatlarda narkotik ticarəti ittihamı ilə məhkəmə qarşısına çıxarılmışdı.

Panama hadisələrində olduğu kimi, bu dəfə də aydın olur ki, ABŞ-nin bir Latın Amerikası ölkəsinin rəhbərliyinin mövqeyindən narazılığının səbəbi onun Ağ Evin iradəsinə və mövqeyinə məhəl qoymadan apardığı siyasətdir. Bunun ən parlaq sübutu, əlbəttə ki, Trampın hadisədən dərhal sonra Venesuelanın, o cümlədən onun təbii sərvətlərinin ABŞ-nin «idarəçiliyi altına» keçdiyini bəyan etməsidir. Maduronun sələfi Uqo Çavesin əsasını qoyduğu Bolivar Respublikası rejiminin ən qatı etirazı məhz buna idi. Hələlik həmin rejim mövcudluğunu davam etdirsə də, Venesuela faktiki olaraq, suveren subyektliyini itirib.

Dünya siyasi dairələrində belə bir versiya dolaşır ki, Maduronun ələ keçirilməsinə Venesuela elitası, o cümlədən ölkənin hərbi komandanlığının ən azı müəyyən hissəsi kömək edib. Bu hadisənin ardından avtomatik olaraq, ölkə başçısı səlahiyyətləri vitse-prezident Delsi Rodrigesə keçib. Tramp isə dərhal ona da xəbərdarlıq ünvanlayaraq, Vaşinqtonla əməkdaşlıq etməyəcəyi təqdirdə «Madurodan da böyük nəticə ilə üzləşəcəyini» bildirib.

Bununla yanaşı, Donald Tramp hələ ki, Venesuelada müxalifəti hakimiyyətə gətirmək niyyətinin olmadığını da açıq şəkildə ortaya qoyur. Bu gün Venesuela müxalifətinin lideri kimi 2025-ci ildə Nobel Sülh Mükafatı almış Mariya Korina Maçado qəbul edilir. O, hadisələr fonunda ölkəyə rəhbərlik etməyə hazır olduğunu bildirsə də, Tramp bu siyasətçinin «dəstəyə və hörmətə malik olmadığını» deyib, bu üzdən də xanım siyasətçinin «liderə çevrilməsinin çox çətin olduğunu» söyləyib. Ağ Ev sahibi Venesuela müxalifətinin daha bir lideri, Qərb siyasi dairələrinin 2024-cü ildə keçirilmiş prezident seçkisinin qalibi kimi qəbul etdiyi Edmundo Qonsalesi də «görmür». Görünür, ABŞ Prezidentinin sözün əsl mənasında başsız qalmış Venesuelada real hakimiyyət dəyişikliyi perspektivinə belə nümayişkaranə laqeyd münasibəti təsadüf deyil. Yəqin ki, indiki mərhələdə ona məhz belə Venesuela lazımdır: yalnız Vaşinqtona tabe olan yox, həm də tamhüquqlu idarəetmə imkanlarından məhrum, dolayısı ilə legitim hakimiyyətə malik olmayan.

 

«Donro doktrinası»

Əksər beynəlxalq ekspertlər ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatı BMT Nizamnaməsinə zidd sayır. Nizamnaməyə əsasən BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan hər hansı dövlətin suverenliyinə müdaxilə, güc tətbiqi qadağandır. Burada yalnız bir istisna var – özünümüdafiə hüququ. Vaşinqton əslində Venesuelanın narkotik ticarəti ilə bağlı fəaliyyətinin ABŞ-nin təhlükəsizliyinə təhdid yaratdığını bildirir. Lakin bu ölkə tərəfindən Birləşmiş Ştatların suverenliyinə qarşı hər hansı açıq təcavüz aktı qeydə alınmayıb.

Amma Venesuela liderinin ələ keçirilməsi dünyanın aparıcı paytaxtlarının mövqelərinin parçalanmasına da da səbəb olub. Məsələn, Avropa ölkələrinin əksəriyyəti və Avropa İttifaqı «Mütləq əzm» əməliyyatına görə Vaşinqtonu açıq şəkildə qınamağa cəsarət etməyib. Üstəlik, onların baş verənlərə dair bəyanatlarında Maduronun diktator idarəçiliyi ön plana çəkilib, bunun dövlət başçısının legitimliyini şübhə altına aldığı vurğulanıb. Başqa sözlə, nəticə etibarilə Vaşinqtonun hərəkətlərinə sanki haqq qazandırılıb.

Çin isə ABŞ-nin əməlini birmənalı şəkildə pisləyib. Çin Xarici İşlər Nazirliyi Amerika xüsusi təyinatlılarının əməliyyatını «beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud şəkildə pozulması» kimi qiymətləndirib. Pekin bəyan edib ki, «Prezident Maduro və həyat yoldaşı dərhal azad olunmalı, Venesuelada dövlət hakimiyyətinin sarsıdılmasına yönəlmiş hərəkətlər dayandırılmalı, problemlər dialoq və danışıqlar yolu ilə həll olunmalıdır».

Bənzər mövqe Venesuelanın ən yaxın müttəfiqlərindən sayılan Moskvadan da gəlib. Xatırladaq ki, Venesuela da öz növbəsində, Rusiyaya hərtərəfli siyasi-diplomatik dəstəyi heç zaman əsirgəməyib. Maduro Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyən azsaylı dünya liderlərindən idi. 2025-ci il mayın 9-da paradda iştirak üçün Moskvaya səfər edən Maduro Rusiyanı «bəşəriyyətin açar dövləti» adlandırmış, iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqda saziş belə, imzalanmışdı. Lakin 2026-cı il yanvarın 3-də Moskva müttəfiqini qorumaq üçün praktik olaraq, heç bir addım atmayıb. Rusiya Xarici İşlər Nazirliyi Venesuelaya qarşı əməliyyatı «silahlı təcavüz» kimi qiymətləndirsə də, «mövcud vəziyyətin konstruktiv dialoq yolu ilə həllinə» çağırış edib. Bu fonda Qərb ekspertləri Trampın Ağ Evə qayıdışından sonra Rusiyanın Vaşinqtonun Venesuela ilə bağlı hərəkətlərinə «nisbətən təmkinli» yanaşdığına diqqət çəkirlər. Onlar Rusiyanın «Maduronu çoxdan təslim etdiyi» haqda da fikirlər səsləndirirlər.

Rusiya, həqiqətən də, Trampın Ukrayna əməliyyatlarına loyal münasibəti qarşılığında dünyada bir sıra mövqelərdən, o cümlədən Venesuela ilə müttəfiqlikdən imtina edə bilərdi. Lakin Venesuela ətrafında geosiyasi sövdələşmənin olub-olmamasından asılı olmayaraq, hazırkı qlobal proseslər ABŞ-nin keçirdiyi əməliyyatın hüdudlarını xeyli aşır. ABŞ Prezidenti Maduronun ələ keçirilməsini «Monro doktrinası»nın müasir şəraitdə həyata keçirilməsi kimi xarakterizə edir. Bu doktrinanın mahiyyəti 1823-cü ildə ABŞ-nin beşinci prezidenti Ceyms Monro tərəfindən formalaşdırılmış, Avropa dövlətlərinə Qərb yarımkürəsində Amerikanın təsir dairəsinə müdaxilənin yolverilməzliyi haqda xəbərdarlıq edilmişdi. Bu gün Tramp özünü həmin strategiyanı «Donro doktrinası»na (Trampın şərəfinə adlandırılmış versiya) modifikasiya etmiş lider kimi göstərir. Ağ Ev sahibi «Fox News» telekanalına müsahibəsində bu doktrinanın bütün Qərb yarımkürəsində sabitlik və təhlükəsizliyi təmin etməli olduğunu bidirib.

Bu doktrinaya əsaslanan Tramp administrasiyası Kolumbiya, Nikaraqua, Kuba kimi ölkələri də açıq hərbi müdaxilə ilə hədələyir. Görünür, Kuba ilə bağlı məsələ ABŞ-nin dövlət katibi, vaxtilə Fidel Kastro rejimindən qaçaraq Birləşmiş Ştatlara sığınmış kubalı mühacirlərin oğlu Marko Rubionu xüsusilə narahat edir. Hər halda, ABŞ-nin maraqları üçün etibarlı sayılmayan və ya Vaşinqtonun iradəsinə aşkar müqavimət göstərən bütün bu ölkələrə «amerikapərəst mövqeyə keçid»in zəruriliyinə dair siqnallar və təhdidlər ünvanlanmaqdadır.

Amma «Donro doktrinası» kontekstində Vaşinqtonun hədəfləri Latın Amerikası ilə məhdudlaşmır. İndi Birləşmiş Ştatların əsas müttəfiqlərindən sayılan Kanada da bu cərgədədir. Hər halda, Tramp Kanadaya israrla «Böyük Amerikanın daha bir ştatına çevrilməsini» təklif edir. Siyahıda Avropanın iddiasız ölkələrindən olan Danimarka da var – hədəfdə dünyanın ən böyük adası olan Qrenlandiyadır. Ağ Ev Arktika regionunda «daha ciddi nəzarət» əldə etmək üçün Qrenlandiyanı ələ keçirməyin zəruriliyini və bunun üçün güc tətbiqinə belə, hazır olduğunu gizlətmir. Kopenhagen ABŞ-nin NATO-da müttəfiq olduğu ölkəni hədələməyi dayandırmağa çağırır, Danimarkaya təcavüzün Şimali Atlantika Alyansının sonu olacağını bildirir. Lakin görünür, bunlar Vaşinqtonu o qədər də narahat etmir.

 

Dünya düzəni ölüb. Yaşasın nizamsızlıq?

Bütün bu proseslər bir şeyi göstərir: bəşəriyyətin ənənəvi dünya düzəni açıq-aşkar dağılır. Son onillmiklər ərzində qurulmuş, vaxtilə dünya güclərinin özlərinin dəstəyi ilə formalaşmış beynəlxalq hüquq elə həmin güclər tərəfindən tapdanır. Bunu ABŞ-nin Venesuela Prezidenti və xanımını ələ keçirməsi hadisəsi də açıq şəkildə ortaya qoyub. Daha bir misal isə Vaşinqtonun hər gün bir ölkəni güc tətbiqi ilə hədələməsidir. Amerikalıların öz xarici düşmənlərini yox etməyə, düşmən rejimlərin idarəetmə imkanlarına son qoymağa çalışdığı, NATO-da müttəfiq olduğu dövlətlərin belə, suverenliyinə qəsd edə biləcəyini dilə gətirdiyi bir vaxtda Rusiya Ukraynanı sistemli şəkildə dağıtmağa davam edir.

Bəs qlobal oyunçuların bu vəhşiliyi şəraitində hələ də BMT-nin zirvədə yer aldığı beynəlxalq sistemin aqibəti necə olacaq? Bu o BMT-dir ki, yaşadığı böhranı ilk hiss edənlərdən biri Azərbaycan olub. BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmasını tələb edən qətnamələri təxminən 30 il kağız üzərində qalıb, münaqişənin özü isə böyük güclərin maraqlarının girovuna çevrilib. Bu 30 ildə onlar beynəlxalq hüququ – Azərbaycanın öz ərazilərini istənilən yolla, o cümlədən hərbi vasitələrlə azad etmək hüququnu tanımaqdan imtina ediblər. Nəhayət, 2020-2023-cü illərdə Azərbaycan özü erməni işğalına son qoyub. Amma BMT-də böhran bitmək bilmir. İndi dünya gücləri hər hansı «xüsusi əməliyyat» aparmaq üçün bu qurumdan nə rəy istəyir, nə icazə. Qlobal təşkilat isə təxminən yüz illik dünya düzəninin göz görə-görə dağılmasını sadəcə seyr edir.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində müasir dünyada artıq «beynəlxalq hüquq» anlayışının mövcud olmadığını söyləyib. «Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var», - deyə dövlət başçısı qeyd edib. Bu, yəqin ki, müasir qlobal reallığın ən dürüst və ən dəqiq qyimətləndirilməsidir.

Bəs dağılan dünya düzənini nə əvəzləyəcək? Hamının hamı ilə müharibə apardığı, dünyanın yenidən bölüşdürüldüyü xaos? Yoxsa beynəlxalq arenada özbaşınalığa, beynəlxalq hüququn prinsip və normalarının tapdanmasına qarşı çıxan ölkələrin bildirdikləri kimi, bəşəriyyətin hələ də daha ədalətli dünya düzəni qurmaq şansı var? BMT-nin əsaslı islahat tələb etdiyini və dünya işlərində yalnız böyük dövlətlərin deyil, digər ölkələrin də rəyinin nəzərə alınmasını tələb edən Azərbaycan da daxil olmaqla...



MƏSLƏHƏT GÖR:

57