5 Fevral 2026

Cümə axşamı, 04:04

İRAN DÖNÜŞ NÖQTƏSİNDƏ

Ölkədə sosial üsyan niyə inqilabi legitimlik böhranına çevrilir?

Müəllif:

15.01.2026

İranda baş verənlər lokal sosial-iqtisadi etirazların ənənəvi çərçivəsini aşmağa başlayıb. O, getdikcə sistemli legitimlik böhranına bənzəyir. Ölkədə ötən ilin sonlarında sosial xarakterli etirazlar kimi başlayan proses getdikcə İran cəmiyyətində dərin siyasi transformasiyanın başlanğıcını xatırladır. İndi o, ölkənin siyasi simasını dəyişmək üçün real şansa malikdir.

 

Tramp xəbərdarlıq edir

İranda gərginlik inkişaf edərək artıq lokal narazılıq ocaqlarının hüdudlarını aşıb. Etirazların ilk günlərində nümayişlər əsasən ölkənin mərkəzi və qərb vilayətlərini əhatə edirdisə, bir necə gün sonra aksiyalar dalğası demək olar ki, bütün İran ərazisinə yayılıb. Tehranda, Məşhəddə, Kermanşahda və digər iri şəhərlərdə insanlar kütləvi şəkildə küçələrə axışmağa başlayıblar. Təhlükəsizlik qüvvələri isə nümayişçilərə qarşı gözyaşardıcı qazdan və xüsusi vasitələrdən istifadə edir. Sosial şəbəkələrdə paytaxt Tehranda yanan polis maşınlarını, küçə toqquşmalarını izləmək mümkündür.

Artan etirazlar fonunda ölkə hakimiyyəti informasiya məkanına, demək olar ki, tam nəzarət tətbiq edib. Britaniyanın «NetBlocks» təşkilatının məlumatına görə, İran faktiki «internet blək-autu» vəziyyətindədir. «Cloudflare» şirkəti isə yanvarın 8-dən İranda internet trafikinin təxminən 90% azaldığını bildirir. Görünür, şəbəkəyə çıxış yalnız dövlət strukturları və güc aparatında qalıb ki, bu da vətəndaşların informasiya əldə etmək, yaymaq imkanını kəskin şəkildə məhdudlaşdırıb.

Baş verənlərə beynəlxalq reaksiya da getdikcə artır. ABŞ Prezidenti Donald Tramp «Salem News Channel»a müsahibəsində İran rejiminin nümayişləri sərt şəkildə yatırmasının mümkün nəticələri ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. O deyib ki, hakimiyyət etirazçılara qarşı kütləvi zorakılığa başlayarsa, Vaşinqtonun reaksiyası «sərt» olacaq. Bununla yanaşı, Tramp İran xalqının təzyiqlər qarşısında cəsarət nümayiş etdirdiyini də söyləyib.

Qeyd edək ki, Venesuelada baş vermiş məlum hadisədən sonra ABŞ liderinin belə xəbərdarlıqlarına dünya daha ciddi yanaşmağa başlayıb.

 

Xamenei cavab verir

İranın ali dini lideri ayətullah Əli Xameneinin cavabı özünü çox gözlətməyib. O, xarici qüvvələrin iqtisadi çətinliklər fonunda baş verən iğtişaşlardan ölkədə sabitliyi pozmaq üçün istifadə etdiyini söyləyib. Baş verənləri birbaşa Trampın İran hakimiyyətinə ünvanladığı təhdidlərlə əlaqələndirən dini lider deyib: «Dünən gecə Tehranda bir qrup vandal ABŞ Prezidentini razı salmaq üçün xalqa məxsus dövlət əmlakını məhv edirdi. Əgər bacarırsa, o, öz ölkəsini idarə etsin». Xamenei 2025-ci ilin iyununda ABŞ və İsrailin İrana endirdikləri zərbələr nəticəsində mindən artıq insanın həlak olduğunu xatırladıb, Trampın həmin hadisələrdəki rolunu etiraf etdiyini yada salıb. «O deyir ki, müharibə zamanı müvafiq əmrlər verib. Sonra isə guya İranın tərəfdarı olduğunu bildirir. Təcrübəsiz və düşüncəsiz bir ovuc insan isə buna inanır və onun iradəsinə uyğun davranır», - deyə Əli Xamenei qeyd edib.

Ali lider onu da deyib ki, İslam Respublikası «xarici qüvvələr tərəfindən dəstəklənən agentlər»ə səbr etmək niyyətində deyil. Xameneinin sözlərinə görə, İran cəmiyyəti «xarici dövlətlərin maraqları naminə muzdlu fəaliyyəti rədd edir və tarix göstərir ki, fironlardan tutmuş Rza şahadək bütün lovğa, zalım qüvvələr məhz özlərinə ən çox güvəndikləri anda süqut ediblər». Dini lider bildirib ki, «İslam Respublikası yüz minlərlə ləyaqətli insanın qanı bahasına qurulub və sabotajçılar qarşısında geri çəkilməyəcək».

Xameneinin mövqeyindən bəlli olur ki, hakimiyyət sosial etirazların siyasi xarakter alacağından, onun arxasında isə ilk növbədə ABŞ və İsrail başda olmaqla, xarici oyunçuların dayanacağından ciddi şəkildə ehtiyatlanır. Şah hakimiyyəti dövrünü tənqidi tonda yada salan dini lider görünür, həm də son günlər fəallaşmış, beynəlxalq, eləcə də daxili gündəmdə alternativ legitimlik mərkəzinə çevrilməyə çalışan vəliəhd Rza Pəhləviyə eyham vurur. Hər halda, bir sıra Qərb mediasında son günlər Rza Pəhləvinin «etirazçıların lideri» kimi təqdim olunmasına başlanılıb. Buna əsas kimi aksiyalar zamanı bəzi nümayişçiləri monarxiya şüarları səsləndirməsi, Pəhləvi soyadını dilə gətirməsi göstərilir. Amma bu yanaşma daha çox mediaya xasdır. Siyasi reallıqdan isə uzaqdır. Şahzadə onilliklərdir Qərbdə yaşayır və o, İrandakı siyasi spektr ilə yalnız epizodik əlaqələrə malikdir. Bu əlaqə dar bir müxalifət çevrəsi ilə məhdudlaşır ki, onların da təsir gücü yüksək deyil.

Rza Pəhləvi Qərb ölkələrində, xüsüsilə ABŞ-də müəyyən siyasi dairələrin dəstəyinə arxalana bilər. Amma bu, İranda etirazların gedişinə ciddi təsir göstərmək üçün kifayət deyil. İranda küçə nümayişləri xaricdə yaşayan liderlə yox, hər şeydən öncə sosial-iqtisadi vəziyyət və daxili narazılıqlarla bağlıdır.

 

«Sosial müqavilə»yə yenidən baxış

Məsələ ondadır ki, İranda İslam inqilabının ideoloji əsasında yalnız siyasi şiəliyin dini konsepsiyası yox, həm də sosial ədalət ideyası dayanırdı. Xomeyninin inqilab layihəsi lap başdan təkcə şah rejiminə dini alternativ deyil, həm də bərabərsizliyə, korrupsiyaya və xarici qüvvələrdən asılılığa qarşı sosial inqilab kimi təqdim olunurdu. Onun ideoloji nüvəsini isə «əzilənlər» anlayışı təşkil edirdi. İnqilabi narrativə görə islam dövləti məhz onların maraqları naminə mövcud olmalı idi. Şah rejimi də əsasən avtoritarlığına görə yox, Qərb iqtisadi sisteminə inteqrasiya olunmuş, əhalinin böyük əksəriyyətindən uzaq düşmüş elitaya xidmət edən bir dövlət kimi qəbul edildiyi üçün devrilmişdi.

İlk onilliklərdə İslam Respublikası aşağı və orta təbəqənin dəstəklənməsi, gəlirlərin yenidən bölüşdürülməsinə yönəlmiş miqyaslı sistem vasitəsi ilə bu sosial missiyanı institusionallaşdırmağı bacarmışdı. Ərzaq, yanacaq və elektrik enerjisinə subsidiyalar, mənzil əlçatanlığı, pulsuz təhsil və səhiyyə, eləcə də İraqla müharibədə həlak olanların ailələrinə yardım göstərən islam fondları və strukturlar dövlətlə cəmiyyət arasında özünəməxsus bir «sosial müqavilə» formalaşdırmışdı. Siyasi məhdudiyyətlər və sərt ideoloji çərçivə ən azı maddi və mənəvi baxımdan dövlətin sadə xalqın tərəfindən dayanması hissi ilə kompensasiya olunurdu.

Lakin XXI əsrin əvvəllərinə doğru bu «müqavilə» sistemli şəkildə dağılmağa başlayıb. Ölkənin iqtisadi strukturu getdikcə daha çox İslam İnqilabı Keşikçiləri Korpusu, ruhanilər və yarı-dövlət fondları ilə əlaqəli qapalı klanların ətrafında cəmləşib. Sosial ədalət mexanizmi kimi nəzərdə tutulmuş institutlar kapitalın və siyasi təsirin cəmləşdiyi kanallara çevrilib. Sanksiyalar, inflyasiya və iqtisadiyyatın xroniki qeyri-effektivliyi fonunda subsidiyalaşdırma modeli zəifləməyə başlayıb, sosial bərabərsizlik artıb. Nəticədə, cəmiyyətin gözündə həyat tərzi və xalqdan uzaqlaşmaq baxımından inqilabın hədəfinə çevrilmiş şah elitasını xatırladan yeni elita formalaşıb. Nəticədə, İran cəmiyyətinin əhəmiyyətli bir hissəsi bu gün baş verənləri islam quruluşunun özünün böhranı kimi yox, onun əsaslarına xəyanətin nəticəsi kimi qiymətləndirir. Məhz buna görə də etirazçıların ritorikasında daha çox İslam Respublikasından imtina tələbinə deyil, onun sosial və mənəvi mənada «islamiliyini» itirməsilə bağlı ittihamlara rast gəlinir. Bu məntiq isə etirazları hakimiyyət üçün xüsusilə təhlükəli edir. Yəni bu, sadəcə sistemin idarə olunmasını deyil, həm də inqilabi legitimliyini sarsıdır. Dövlət artıq «əzilənlər»in müdafiəçisi kimi qəbul olunmur, onilliklər boyu xarici təzyiqlər və daxili məhdudiyyətlər şəraitində belə, sabitliyi qorumağa imkan vermiş rəmzi kapitalını itirir.

 

Rejimin qorxuları

Qərb mediasında geniş yayılmış fikirlərin əksinə olaraq, İranda etiraz hərəkatının əhəmiyyətli bir hissəsi nə monarxiyanın bərpasını, nə islam rejiminin ləğvini istəyir. Əksər etirazçılar üçün legitimlik mənbəyi hələ də 1979-cu ilin İslam inqilabıdır. Sadəcə onlar bu inqilabın mövcud rejim tərəfindən təhrif olunmuş yox, ilkin formasını istəyir. Onların fikrində hazırkı siyasi-iqtisadi düzən inqilabın davamı deyil: sosial ədalət, müstəqillik və «əzilənlər»in ləyaqətini korrupsiya, bərabərsizlik və qapalı elita sistemi əvəzləyib. Bu səbəbdən də etiraz şüarlarının böyük hissəsi Qərb modellərinə deyil, şah rejiminin süqutu zamanı elan edilmiş iddialara istinad edir. Geniş təbəqələr, xüsusilə əyalətlərdəki dini və sosial baxımdan həssas qruplar arasında problem İslam Respublikası yox, onun ilkin variantdakı İslam Respublikası olmamasıdır. İnsanlar bir yandan daha çox azadlıq tələb edir, digər tərəfdən hakim bürokratiya tərəfindən mənimsənildiyini düşündükləri ədalətli gəlir bölgüsünə qayıdış istəyir. Belə bir vəziyyətdə Rza Pəhləvinin və mühacir müxalifətin etirazçıların lideri kimi təqdim olunması cəhdləri daha çox mediaya xas konstruksiya təsiri bağışlayır. Doğrudur, nümayişlərdə monarxiya şüarlarına da rast gəlinir. Lakin hərəkatın dinamikasını bu müəyyənləşdirmir. Onun real təkanverici qüvvəsi sosial məyusluq, dövlətlə cəmiyyət arasında bağlanmış «inqilab müqaviləsi»nin pozulması hissidir. Vəziyyəti hakimiyyət üçün daha təhlükəli edən də məhz budur. İnqilabdan imtinanı deyil, onun «geri qaytarılması»nı tələb edən kütlə rejimin legitimliyini daxildən sarsıdır və bu yalnız xaricin təxribatı kimi təqdim edilə bilməz.

Bütün bunlarla yanaşı, ciddi xarici dəstəyin olacağı halda Rza Pəhləvinin mövqelərini gücləndirə biləcəyi, zamanla gələcək siyasi dəyişikliklərin əsas oyunçularından birinə çevriləcəyi də istisna edilmir. ABŞ və İsrail obyektiv olaraq həm böhranın radikallaşmasında, həm də bir siyasi fiqur ətrafında cəmləşməsində maraqlıdırlar.

Bu arada, müxtəlif mənbələrin məlumatına görə, İranda etirazların başlamasından bu yana azı 600 nəfər, o cümlədən yetkinlik yaşına çatmamış şəxslər həlak olub. Bu, zorakılığın artan miqyasının göstəricisidir. Belə şəraitdə sosial narazılıq getdikcə daha aydın şəkildə iqtisadi, sosial və xarici amillərin bir-birinə qarışması ilə rejimin sabitliyinə təhdid yaradan sistemli daxili böhrana çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

61