5 Fevral 2026

Cümə axşamı, 04:04

SÜLH STRATEGİYA KİMİ

Müharibədən tranzitə: Bakı gələcəyin regionunu necə qurur?

Müəllif:

15.01.2026

2025-ci il beynəlxalq analitik mərkəzlər tərəfindən getdikcə daha çox Cənubi Qafqaz üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirilir. Bura onilliklər boyu davam etmiş münaqişədən sonra təhlükəsizlik, nəqliyyat əlaqələri, diplomatik balans parametrlərinin institusional çərçivə qazanmağa başladığı bölgəyə çevrilib. Bu proseslərin mərkəzində isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, eləcə də qlobal və regional oyunçuların proseslərə fəal şəkildə cəlbi dayanır.

 

Vaşinqton Bəyannaməsi siyasi-hüquqi əsas kimi

2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında ABŞ-nin dövlət başçısının şahidliyi ilə imzalanmış birgə bəyannamə postmünaqişə nizamlanmasından dinc dövlətlərarası əməkdaşlığa keçidi legitimləşdirən ilk çoxtərəfli sənəddir. «Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik», - deyə İlham Əliyev xalqa Yeni il münasibətilə ünvanladığı müraciətdə bildirib.

Bəyannamənin əsas əhəmiyyəti orada 2020-ci ilin 44 günlük müharibəsinin nəticələrinin faktiki olaraq, yeni reallıq kimi tanınmasıdır. Bununla yanaşı, orada Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin formalaşdırılmasına start verildiyi də təsbiq olunub. Vaşinqton görüşündə faktiki olaraq üç prosesin institusional uzlaşması baş verib: Azərbaycanla Ermənistan arasında sülh, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və regional kommunikasiyaların açılması.

Ümumilikdə belə qəbul edilir ki, bölgədə dönüş nöqtəsini məhz Vaşinqton Bəyannaməsi müəyyənləşdirib və bundan sonra «dondurulmuş münaqişə» məntiqinə qayıdış demək olar ki, mümkün deyil.

«Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək», - deyə İlham Əliyev yerli televiziya kanallarına yanvarın 5-də verdiyi müsahibəsində bildirib.

Beləliklə, ABŞ 2025-ci ildə regionda sadəcə vasitəçi deyil, həm də siyasi memar rolunu geri qaytarıb. Amerikanın «RAND Corporation» araşdırmalar təşkilatının ekspertləri deyirlər ki, Vaşinqton Cənubi Qafqazı daha geniş Avrasiya sabitliyi sisteminə inteqrasiya etmək istəyir. Bu sistemdə Azərbaycan suveren aktor, enerji və nəqliyyat qovşağı, eləcə də dərinləşdirilmiş strateji fəaliyyətin meyarlarına cavab verən tərəfdəş kimi nəzərdən keçirilir. Baş verənlər fonunda ABŞ Konqresində 907-ci düzəlişin ləğvi təşəbbüsü bu transformasiyanın rəmzinə çevrilib.

 

ATƏT-in Minsk qrupunun buraxılması və Aİ-nin ikili yanaşması

Təşkilatın bütün üzvlərinin konsensusu ilə qəbul edilmiş buraxılma qərarı münaqişənin əvvəlki beynəlxalq statusu çərçivəsində hüquqi və siyasi yekunu olub. Bununla da, Azərbaycanın üzərindən «davam edən münaqişəsi olan ölkə» damğası götürülüb. ATƏT-in Minsk qrupunun ləğvi prosesinin başa çatması ötən ilin dekabrına təsadüf edib ki, bu da 50 illik ciddi böhran yaşayan, beynəlxalq hüququ və ilk növbədə 1975-ci il Helsinki Yekun Aktını qeyri-müəyyən və müxtəlif şəkildə yozan təşkilat üçün siqnal oldu.

Avropa İttifaqı bir yandan Minsk qrupunun ləğvini dəstəkləyir, bununla da, münaqişənin başa çatdığını de-fakto etiraf edirdisə, digər tərəfdən Aİ-Ermənistan tərəfdaşlığına dair sənədlərdə İrəvana siyasi və hərbi dəstək ifadə edən elementlər Bakı tərəfindən balanssız, potensial olaraq məhsuldar olmayan məqam kimi qiymətləndirilirdi. Hər halda, Aİ-nin belə addımları etimadı sarsıdır, regional sabitliyə selektiv yanaşma təəssüratı yaradır.

 

İqtisadi və humanitar etimad tədbirləri: bəyanatlardan əmələ doğru

2025-ci ilin sülh prosesinin prinsipial xüsusiyyətlərindən biri prosesin yalnız diplomatik bəyanatlar və siyasi açıqlamalarla məhdudlaşmaması olub. Artıq o, praktik məzmunla da zənginləşməyə başlayıb. Bu kontekstdə iqtisadi və humanitar etimad tədbirləri Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması, qarşılıqlı münasibətlərin yeni məntiqinin formalaşması üçün müstəqil alətlər kimi xüsusi əhəmiyyət qazanıb.

Beynəlxalq analitik mərkəzlər bildirirlər ki, postmünaqişə bölgələrində dayanıqlı sülh minimal da olsa qarşılıqlı iqtisadi asılılıq olmadan mümkün deyil. O, ilkin mərhələdə məhdud və rəmzi xarakter daşısa belə. İndi bir neçə il əvvələdək siyasi və psixoloji baxımdan mümkünsüz hesab edilən addımlar məhz bu kontekstdə qiymətləndirilir.

Ermənistana Azərbaycan ərazisi ilə taxıl tranziti məhz belə humanitar və siyasi siqnal sayılır. Bu nəqliyyat marşrutunun açılması sülh gündəliyinin təcrübədə həyata keçirilməsinin ən bariz nümunələrindən birinə çevrilib. Tədarük həcminin nisbətən məhdud olmasına baxmayaraq, bu addım son dərəcə böyük önəm daşıyır. Birincisi, humanitar aspekt: Ermənistanda ərzaq təhlükəsizliyi sahəsində həssaslıq azalır. İkincisi, siyasi aspekt: Bakı kommunikasiya xətləri üzərində suveren nəzarətdən təzyiq aləti kimi yox, regional sabitləşmə elementi kimi istifadəyə hazır olduğunu nümayiş etdirir. Üçüncüsü, regional aspekt: perspektivdə Cənubi Qafqazı tamhüquqlu nəqliyyat bəndinə çevirə biləcək tranzit əməkdaşlığı presedenti formalaşır.

Bu cür addımlar Azərbaycan-Ermənistan münsibətlərində onilliklər boyu hökmran olmuş “sıfır məbləğ” məntiqini dağıdır. Yəni taxıl tranziti sadəcə təsərrüfat əməliyyatı deyil. O, hər iki tərəfin uğurla keçdiyi etimad sınağına çevrilib.

Əhəmiyyətli məqamlardan biri də Azərbaycandan Ermənistana benzin tədarükünün həyata keçirilməsidir. Bu, uzun illər sonra iki ölkə arasında birbaşa enerji əməkdaşlığının ilk nümunəsidir. Klassik iqtisadi məntiq baxımından bu, Ermənistanın yanacaq balansı üçün həlledici əhəmiyyət daşımır. Amma onun siyasi-psixoloji effekti kifayət qədər güclü alınıb. Postmünaqişə şəraitində enerji əməkdaşlığı hər zaman münasibətlərdə transformasiyanın dərinliyinin göstəricisi saylıb. Bu halda söhbət «ekzistensial düşmən» obrazının dağıdılmasından, qarşılıqlı məsuliyyətin elementar modelinin formalaşdırılmasından, eləcə də münasibətlərin hərbi və ideoloji müstəvilərdən tədricən praqmatik müstəviyə keçməsindən gedir.

Bununla yanaşı, enerji tədarükünün ciddi insidentlər və siyasi böhranlar yaşanmadan həyata keçirilməsi faktı beynəlxalq müşahidəçilər tərəfindən prosesin dayanıqlılığının göstəricisi kimi qəbul edilib. Təşəbbüskarı Azərbaycan olan bu etimad tədbirlərinin əhəmiyyəti, ilk növbədə, iqtisadi göstəricilərdə deyil, rəmzi və psixoloji müstəvidə əksini tapır. İctimai etimadsızlığın səviyyəsi azalır, elitalar praktiki əməkdaşlıq təcrübəsi qazanır, qarşıdurmaya qayıdışın siyasi və iqtisadi baxımdan sərfəli olmadığı qarşılıqlı asılılığın ilkin cizgiləri formalaşır.

Bu mənada 2025-ci ilin iqtisadi və humanitar tədbirləri Azərbaycan tərəfindən gələcək, daha miqyaslı layihələrin – nəqliyyat dəhlizlərinin tam açılmasından tutmuş, regional enerji və ticarət sxemlərinədək – təməli kimi qiymətləndirilir. Buna görə də Ermənistan tərəfi 2025-ci ilin son günlərində irəli sürülən təkliflərə – Azərbaycana alüminium və kənd təsərrüfatı məhsullarının tədarükü təşəbbüsünə – diqqət yetirməlidir. Bakı, əlbəttə ki, ölkənin ehtiyac duymadığı məhsulları almaq niyyətində deyil. İrəvanla münasibətlərdə hər hansı xeyriyyəçilik, ümumiyyətlə, cəmiyyət tərəfindən qəbul edilməyəcək.

Bununla yanaşı, Azərbaycan bütün region üçün əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində də işləri ciddi şəkildə davam etdirir və İrəvandan da məsələyə eyni yanaşmanı gözləyir. «Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu, demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var», - deyə Prezident İlham Əliyev müsahibəsində bildirib.

 

Trend-2026: birdəfəlik addımlardan sistemə keçid

2026-da həyata keçiriləcəv növbəti mərhələnin əsas çağırışı bu təcrübələrin institusionallaşdırılması olacaq. Əgər tranzit, ticarət və enerji sahəsində əməkdaşlıq dayanıqlı, müqavilələrlə rəsmiləşdirilmiş rejimə keçərsə, Cənubi Qafqaz postmünaqişə regionları üçün nadir sayılan şans qazanacaq: «neqativ sülh»dən (müharibənin olmaması) qarşılıqlı maraqlara, faydaya əsaslanan pozitiv sülhə keçid.

Məhz buna görə 2025-ci ildə həyata keçirilmiş iqtisadi və humanitar etimad tədbirləri siyasi razılaşmaların ikinci dərəcəli əlavəsi kimi deyil, Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturasının əsas sütunlarından biri kimi dəyərləndirilir. Bu prosesdə Azərbaycanın hansı rolu oynamalı olduğunu İlham Əliyev öz müsahibəsində dilə gətirərək, onu bir növ fasilitator kimi xarakterizə edib. Yəni bu gün Azərbaycan yük axınının artmasına töhfə verən, özünün və qonşu ölkələrin infrastrukturuna investisiya yatıran, axınları kommersiya məqsədəuyğunluğu və digər amillər əsasında bölüşdürən ölkəyə çevrilib: «Bu səbəbdən də, xüsusən də açıq dənizə çıxışı olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq».

Lakin bütün sistemlərdə olduğu kimi, hərəkətin ikitərəfli olması vacibdir. Ərazilərini erməni işğalından azad etmiş bir ölkənin məğlub tərəfə uzunmüddətli sülh müqaviləsinin imzalanmasını, sistemli iqtisadi əməkdaşlığı, regional layihələrdə iştirakı təklif etdiyini müşahidə edən zaman anlayırsan ki, qarşılıqlı addımlar zəruridir. Bu mənada, üç əsas məqam var: 1. Ermənistan Konstitusiyasından Azərbaycan ərazilərinə iddianı nəzərdə tutan maddələrin çıxarılması; 2. Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması istiqamətində işlərin fəallaşdırılması və sürətləndirilməsi; 3. Ermənistanın və erməni cəmiyyətinin törədilmiş təcavüz, işğal və cinayətlərə görə tövbə etməsi, bununla da, sülh prosesinin inkişafına, Bakının Ermənistan tərəfinin niyyətinin səmimiliyinə inanmasına şərait yaratması.

Nikol Paşinyan bu məqsədlə «meydanı təmizləmək» məcburiyyətindədir. O, revanşist qüvvələrə, o cümlədən Qarabağ klanına qarşı dayanır. Ermənistan Apostol Kilsəsinin rəhbərliyinə təzyiqləri artırır, islahatlar təklif edir, katolikosu və kilsənin idarəetmə strukturunu dövlətin mexanizmləri vasitəsilə dəyişməyə çalışır. Burada isə ortaya kilsə qaydalarının mövcud qanunvericiliyə uyğunluğu, kilsənin siyasi həyata təsirinin legitimliyi ilə bağlı suallar çıxır. Görünür, Paşinyan hazırkı katolikosun opponentləri olan bir qrup keşişlə birlikdə kilsədə islahatlar üzrə şuranı da məhz bu kontekstdə yaradıb.

Bu gün Cənubi Qafqaz yekun sabitlik mərhələsinə deyil, idarə olunan transformasiya fazasına qədəm qoyub. Yeni regional təhlükəsizliyin, dövlətlərarası sülhün, nəqliyyat və iqtisadi əlaqələrin əsası məhz 2025-ci ildə qoyulub. Azərbaycan bu prosesdə sadəcə benefisiar kimi deyil, həm də qlobal nizamsızlıq şəraitində öz xarici siyasət resurslarını qoruyub saxlamağı, gücləndirməyi bacaran güc, yeni reallığın təşəbbüskarı, memarı kimi çıxış edir.



MƏSLƏHƏT GÖR:

60