PARÇALANMA TƏXİRƏ SALINIR?
Aİ ilə ABŞ Qrenlandiya məsələsində qarşıdurmanı yox, kompromisi seçirlər
Müəllif: Samir VƏLİYEV
Son dövrlərdə ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları ətrafında vəziyyət yeni dinamika qazanıb. Mövzu ABŞ ilə onun NATO-dakı müttəfiqləri arasında artıq adi hala çevrilmiş tənqidi diskurs çərçivəsindən çıxaraq, Vaşinqtonun Avropa ilə daha geniş ticarət-siyasi və hərbi-strateji ziddiyyətlər kontekstinə keçib. Hadisələrin inkişafı göstərir ki, artıq söhbət sadəcə müzakirələrdən deyil, bütövlükdə trans-Atlantik əməkdaşlığın perspektivlərinə kritik təsir göstərən parçalanma xəttinin formalaşmasından gedir.
Tarif sadəcə bəhanədir
Bu yeni dinamikanın əsas elementi Vaşinqtonun tarif alətindən siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdi olub. Danimarkaya və Avropa İttifaqının bir sıra dövlətlərinə, o cümlədən Fransa və Almaniyaya qarşı əlavə rüsumların tətbiqi ilə bağlı təhdidlər birbaşa onların Afrika gündəliyi və Qrenlandiyaya da aidiyyəti olan təhlükəsizlik məsələləri ilə əlaqəli mövqeləri ilə əlaqələndirilib ki, bununla da, ABŞ-nin ticarət siyasəti yenidən geostrateji məqsədlərə xidmət edən amil kimi qabardılıb. Bu isə məlum olduğu kimi, iqtisadi rıçaqları xarici siyasət sövdələşməsinin universal aləti kimi nəzərdən keçirən Donald Trampın yanaşmasına tam uyğundur.
Bununla yanaşı, Avropa tərəfi də cavab addımlarına, «güzgü effektli» ticarət tədbirlərinin tətbiqinə hazır olduğunu bildirib. Bu eskalasiya yalnız ticarət-iqtisadi sahəni deyil, həm də trans-Atlantik blokun daxilində müttəfiqlər arasında siyasi koordinasiyanın əsaslarını əhatə edən böhran riski yaradırdı.
Bu xətt yanvarın 22-də Brüsseldə Avropa İttifaqı institutları, eləcə də dövlət və hökumət başçıları səviyyəsində yaranmış vəziyyətin təcili müzakirəsi zamanı da müzakirə olunub. Müzakirələr ABŞ-nin avropalı müttəfiqlərinə qarşı potensial ticarət və siyasi addımlarına hərs edilmişdi. Sammitin nəticələri göstərib ki, hələlik Aİ-nin ABŞ ilə birmənalı şəkildə aşkar qarşıdurmaya keçdiyindən danışmaq olmaz. Bəli, Vaşinqtonun ticarət tədbirlərinin təhlükəsizlik məsələlərilə, Afrika gündəliyi ilə əlaqələndirilməsi Brüsseldə ciddi narahatlıq doğurur. Amma eyni zamanda Aİ daxilində buna sərt cavabın verilməsi ilə bağlı vahid mövqe yoxdur. Bir çox ölkələrdə hesab edirlər ki, ABŞ ilə açıq ticarət müharibəsi Aİ iqtisadiyyatı üçün təhlükəlidir və xüsusilə Avropanın təhlükəsizliyi sahəsində hələ də Vaşinqtondan ciddi asılılığın qaldığı bir vaxtda bu, trans-Atlantik əməkdaşlığı sarsıda bilər.
Məsələn, İtaliyanın baş naziri Corca Meloni açıq şəkildə bildirib ki, Aİ ABŞ Prezidenti Donald Tramp ilə qarşıdurmaya getməməlidir, çünki bu, Avropa ölkələri üçün mənfi nəticələrə səbəb ola bilər.
Qrenlandiya məsələsinə gəlincə, Aİ Danimarkanın ərazi bütövlüyünü dəstəkləmək və müttəfiqlərə iqtisadi alətlərlə təzyiq göstərilməsinin qəbuledilməzliyini bəyan etməklə kifayətlənib. Aİ həm də Qrenlandiya mövzusunun sanksiyalar və ticarət xarakterli cavab tədbirləri üçün bəhanəyə çevirmək istəməyib. Əksinə, Avropa İttifaqı Arktika ilə bağlı məsələlərin ikitərəfli sövdələşmə yolu ilə yox, çoxtərəfli və institusional formatda müzakirələr vasitəsilə çözülməsinə tərəfdardır.
Amma bu yanaşmanı qəbul etməyənlər də var. Onlar Aİ rəhbərliyini qətiyyətsizlikdə, təsir imkanına malik olmamaqda günahlandırırlar. Bu mövqedə olanlar Brüssel sammitinin «danışıqlar platforması»ndan başqa bir şey olmadığını bildiriblər.
Ümumilikdə Aİ-nin ABŞ-nin davranışlarına qarşı çıxması üün həqiqətən də ciddi alətləri yoxdur. Onun Vaşinqtona qarşı sanksiyalara əl atması Brüsselin uzun müddət özünə gələ bilməyəcəyi əks təsirlərə yol aça bilər.
NATO-nun baş katibi, Niderlandın keçmiş baş naziri Mark Rütte sonradan məsələni belə şərh edib: «Avropa ABŞ-sız öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Kimsə düşünürsə ki, Aİ və ya bütövlükdə Avropa ABŞ olmadan da özünü qoruya bilər, qoy xəyallar qurmasın. Siz bunu bacarmazsınız. Biz də bacarmarıq. Bizim bir-birimizə ehtiyacımız var. ABŞ-nin də NATO-ya ehtiyacı var. Onlara təhlükəsiz Arktika, Atlantik okeanı regionu, təhlükəsiz Avropa lazımdır».
Həll yolu tapıldımı?
Təsadüfi deyil ki, yaranmış ziddiyyətlərin aradan qaldırılması üçün optimal yol Trampın Dünya İqtisadi Forumunun kluarlarında Rütte ilə apardığı müzakirələrdən sonra tapılıb. Orada tərəflər NATO daxilindəki parçalanma riskləri haqda fikir mübadiləsi aparıblar. Nəticədə, Aİ-nin təcili sammiti ərəfəsində ABŞ administrasiyasının rəhbəri tarif tələblərindən müvəqqəti imtina edildiyini açıqlayıb və bu, Qrenlandiya və bütövlükdə Arktika regionu üzrə «gələcək razılaşma çərçivəsi»nin müəyyənləşdirilməsinin nəticəsi kimi təqdim olunub. Bu, Vaşinqtonun təzyiq taktikasını məhdud nailiyyətlər taktikasına çevirmək niyyətindən xəbər verir.
Həqiqətən də, Rütte ilə danışıqlar tam yerinə düşüb. NATO-nun blok adından çıxış edən baş katibi tərəflərə simalarını qorumağa imkan verən kompromis formulunu təklif edib. Əldə olunmuş razılaşmanın mahiyyəti ondan ibarətdir ki, ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğu, o cümlədən artıq mövcud olan bazaları regional təhlükəsizlik sisteminin əsas elementi kimi qəbul edilir. Söhbət, ilk növbədə, erkən xəbərdarlıq, raket əleyhinə müdafiə və Şimali Atlantika və Arktika istiqamətlərinə nəzarət üçün dayaq nöqtəsi kimi qiymətləndirilən Pituffik (Tule) kosmik bazasından gedir.
Avropa tərəfi bu infrastrukturun gələcək inkişafının, eləcə də Arktikadakı ABŞ obyektlərinin mümkün müasirləşdirilməsinin, funksiyalarının genişləndirilməsinin NATO çərviəsində, ABŞ-nin koordinasiyası altında həyata keçirilməsinə de-fakto razılıq verib. Bu, müşahidə sistemlərinin, radiolokasiya nəzarətinin, logistika təminatının və müttəfiq qüvvələrin şimal enliklərində operativ uyğunluğunun gücləndirilməsini əhatə edir. Bu zaman əsas vurğu Avropa ölkələrinin yeni milli bazalarının yaradılmasına deyil, onların potensialının artıq mövcud olan ABŞ obyektlərinə inteqrasiyasına edilir. Bu, Vaşinqtona Arktikada çəkindirmə arxitekturasının mərkəzi elementi olaraq qalmaq, Aİ-yə isə kollektiv təhlükəsizlik məntiqi çərçivəsində formal hərəkət edərək birbaşa siyasi qarşıdurmadan yayınmaq imkanı yaradır.
Rütte və Avropa ölkələri üçün əldə olunmuş kompromis həm də vaxt qazanmaq, artıq «yetişmiş» parçalanmanın qarşısını almaq vasitəsinə çevrilib. Tariflərdən imtina gərginliyi azaltmağa, dialoq kanallarını qorumağa, NATO daxilində institusional böhranı əngəlləməyə kömək edib. Bununla yanaşı, avropalılar Arktikadakı uzunmüddətli maraqlardan imtina da etməyiblər. İndiki mərhələdə onlar sadəcə, məsələnin Vaşinqtonun müəyyənləşdirdiyi çərçivədə müzakirəsinə razılaşıblar.
Bununla belə, razılaşmanın real nəticələri Vaşinqtonun müvəqqəti kompromisi dayanıqlı öhdəliklər sisteminə çevirə, Avropanın isə açıq qarşıdurmaya getmədən manevr imkanlarını qoruyub saxlaya bilib-bilməyəcəklərindən asılı olacaq.
Diqqət mərkəzində Arktikadır
Razılaşma təhlükəsizlik məsələləri ilə yanaşı, faydalı qazıntılar, ilk növbədə isə Qrenlandiya mövzusunu da əhatə edir. Avropa faktiki olaraq, burada resursların Vaşinqtonla sıx koordinasiya şəraitində hasil edilməsinə, həmçinin onun ümumi təhlükəsizlik sistemi ilə əlaqələndirilməsinə razılıq verib. Bu isə o deməkdir ki, ABŞ regionda nəinki hərbi mövcudluğunu təmin edir, həm də strateji əhəmiyyətli resurslara – nadir torpaq elementlərinə və digər kritik metallara çıxış qaydalarının formalaşdırılmasında aparıcı rol qazanır. Doğrudur, bu, Avropanın alternativ tədarükçülərdən, ilk növbədə, Çindən asılılığını azaldacaq. Lakin o, Arktikada müstəqil resurs siyasəti yürütmək imkanlarını xeyli itirir.
Ümumilikdə Qrenlandiya və Arktika ətrafında hadisələrin gedişi göstərir ki, sərt ritorikaya, təzyiq elementlərinə baxmayaraq, qarşıdurmanın dayanıqlı institusional parçalanma həddinə çatmasında nə ABŞ maraqlıdır, nə də Aİ. Əksinə, tərəflərin addımları göstərir ki, onlar ziddiyyətləri idarə oluna bilən çərçivədə saxlamaq istəyir və çalışır ki, bu, trans-Atlantik münasibətlər sistemində böhrana yol açmasın.
Vaşinqton üçün Avropa ilə aşkar parçalanma bir neçə səbəbdən strateji uğursuzluq olardı. Birincisi, ABŞ-nin Arktika strategiyasını həyata keçirməsi üçün müttəfiqlərin infrastrukturuna, NATO-nun siyasi legitimliyinə, şimaldan avropalı tərəfdaşların təhlükəsizliyinin təmininə ciddi ehtiyac var. İkincisi, Çinlə rəqabət və Rusiya ilə davam edən qarşıdurma şəraitində Vaşinqton obyektiv olaraq, zəifləmiş, parçalanmış alyansa deyil, vahid avro-Atlantik məkana ehtiyac duyur. Tarif təhdidlərindən, təzyiq taktikasının kompromislər variantına keçid Amerikanın liderliyi gücləndirməsinə imkan verəcək bu amillərlə, əlaqələndirilir.
Aİ də öz növbəsində, parçalanma istəmədiyini nümayiş etdirib. Ticarətdən siyasi təzyiq vasitəsi kimi istifadə olunmasından, təhlükəsizliklə bağlı məsələlərdə qərarların diktə edilməsi cəhdlərindən yaranmış narazılıqlara baxmayaraq, Brüsseldə əmindirlər ki, bu gün hərbi və strateji sahələrdə Avropa üçün ABŞ ilə müttəfiqliyin alternativi yoxdur. Müdafiə, nüvə çəkindirməsi, kəşfiyyat və operativ planlaşdırma kimi məsələlərdə ABŞ-dən asılılıq sərt qarşıdurma imkanlarını məhdudlaşdırır. Məhz buna görə də Avropa öz siyasətini ticarət məhdudiyyətlərinə dərhal və sərt cavabların verilməsi istiqamətində deyil, Qrenlandiya mövzusunun siyasiləşməsinə imkan verilməməsi, çoxtərəfli formatların qorunması və vaxt qazanılması üzərində qurub.
Beləliklə, əldə olunmuş kompromis tərəflərin bu mərhələdə bir-birlərindən asılı olduqlarını anladıqlarını göstərib. Bu mənada, görünən odur ki, mövcud razılaşmalar yekun tənzimləmə deyil, sərt gedişləri təxirə salmağa, münasibətlərin idarə olunanlığını qorumağa imkan yaradan müvəqqəti balansdır. Məhz buna görə də Qrenlandiya ABŞ ilə Avropa arasında parçalanma səbəbindən yox, tərəflərin eyni zamanda həm rəqabət apardığı, həm də əməkdaşlığa məcbur olduğu mürəkkəb sövdələşmə məkanına çevrilir. Hələlik yığılıb qalmış ziddiyyətləri parçalanma formatına keçirməyə nə ABŞ, nə də Aİ hazırdır. Onlar hələlik üstüörtülü şəkildə də olsa, qarşılıqlı asılılığı qoruyub saxlamağa üstünlük verirlər.
MƏSLƏHƏT GÖR:



64

