«ROJAVA»NIN SÜQUTU
Suriya hökuməti kürd separatizminə ciddi zərbə endirdi
Müəllif: Natiq NAZİMOĞLU
Suriya qaynamaqda davam edir. Gərginliyin bu mərhələsi hökumət qüvvələri ilə kürd qruplaşmaları arasındakı qarşıdurma ilə bağlıdır. Lakin Suriya dövlətinin gələcəyi baxımından həlli son dərəcə vacib olan bu münaqişədə xarici amillər də az rol oynamır. Söhbət, ilk növbədə, ABŞ-dən gedir.
Döyüşlər və atəşkəs
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın rəhbərlik etdiyi yeni hökumət ilə kürdlərin «Suriya Demokratik Qüvvələri» (SDQ) arasında silahlı toqquşmalar ötən ilin sonlarından başlayıb. Qarşıdurma 2025-ci il martın 10-da imzalanmış, kürd silahlı birləşmələrinin tədricən Suriya dövlət orqanlarına və ordu strukturlarına inteqrasiyasını nəzərdə tutan razılaşmanın yerinə yetirilməməsi ilə daha da qızışıb. Dəməşq SDQ-ni razılaşmanı pozmaqda, hakimiyyətə tabe olmamaqda günahlandırıb.
Tərəflər arasında silahlı toqquşmalar 2026-cı ilin əvvəllərində daha da qızışıb. Nəticədə, Suriya qoşunları yanvarın ilk ongünlüyündə ölkənin ən böyük şəhəri olan Hələbi ələ keçirib. Bir həftə sonra ordu əsasən ərəblərin yaşadığı Həsəkə, Rakka və Deyr əz-Zor vilayətlərinin böyük hissəsini də nəzarətə götürüb. Bununla da, kürd silahlıları Fərat çayının digər sahilinə çəkilmək məcburiyyətində qalıb. Nəhayət, yanvarın 18-də Suriya hökuməti SDQ ilə atəşkəs razılaşmasının imzalandığını elan edib. Sazişə əsasən, təxminən, on il ərzində kürd qüvvələrindən nəzarətində olmuş üç vilayət tam şəkildə Dəməşqin nəzarətinə verilməlidir. Buraya kürd separatizminin mərkəzi sayılan Ayn əl-Ərəb (Kobani) də daxildir.
Yanvarın 20-də Suriya hökuməti kürd qüvvələrinə dörd gün möhlət verildiyini, bu müddət ərzində onların nəzarətində olan ərazilərin dövlət hakimiyyəti sisteminə inteqrasiyası mexanizmini müəyyənləşdirən planın hazırlanmalı olduğunu bəyan edib. Bu, mahiyyət etibarilə həmin ərazilərdəki bütün mülki institutların, neft-qaz yataqlarının Dəməşqin idarəçiliyinə keçməsi deməkdir. Bununla yanaşı, SDQ qarşısında həyati əhəmiyyətli seçim də qoyulub: ya döyüşçülər könüllü şəkildə Suriyanın güc strukturlarının tərkibinə keçməlidir, ya da onlara qarşı hərbi əməliyyatlar bərpa olunacaq. Yəni dörd gün faktiki olaraq, atəşkəsin davam etmə vaxtını müəyyən etməlidi idi və onun uzadılması SDQ rəhbərliyinin Suriya dövlətinə inteqrasiya istiqamətində köklü addımlar atıb-atmayacağından asılı idi.
Qeyd olunan tədbirlərin belə qısa müddətdə həyata keçirilməsi tələbi, ilk növbədə, kürd qüvvələrinin inteqrasiya prosesini uzatması ilə əlaqələndirilir. Bundan başqa, Suriya hökuməti ilə SDQ arasında inteqrasiyanın necə aparılmalı olduğuna dair də fikir ayrılıqları var. Xüsusilə SDQ öz döyüşçülərinin Suriya ordusuna kürd zabitlərinin komandanlığı altında üç diviziya şəklində inteqrasiyasını istəyirsə, Dəməşq kürd elementlərinin hər hansı formada yenidən təşkilatlanmasına yol verməmək üçün onların güc və digər dövlət strukturlarına fərdi qaydada qəbulunda israrlıdır.
Daha bir mübahisəli məsələ Suriyanın şimal-şərq bölgələrində hakimiyyət strukturları ilə bağlıdır. Kürd liderlər yerli idarəetmənin saxlanılmasını istəyirsə, hökumət son illərdə SDQ tərəfindən idarə olunan vilayətlərdə bütün səlahiyyətlərin dövlətə qaytarılmalı olduğu qənaətindədir.
Hər halda, atəşkəsin daha 15 gün uzadılmasına qərar verilib və bu, əsasən ABŞ-nin bir əməliyyatı ilə əlaqələndirilir. Söhbət daha əvvəl SDQ-nin nəzarətində olmuş, lakin yanvarın 18-də imzalanmış atəşkəs sazişi ilə Suriya hökumətinin ixtiyarına verilməli olan həbsxanalardan «İslam Dövləti» (İD) terror təşkilatının bir neçə min döyüşçüsünün İraqa təxliyəsindən gedir. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib ki, sözügedən məhbuslar «Birləşmiş Ştatların və regionun təhlükəsizliyinə birbaşa təhdid yarada bilərdilər». Davam edən qeyri-sabitlik şəraitində onların qaçışının qarşısının alınması üçün həyata keçirilən təxliyə prosesi silahlı eskalasiya fonunda çətin olardı. Doğrudur, Suriya hökuməti ilə SDQ arasında atəşkəs razılaşmasının əldə edilməsindən sonra da eskalasiya təhlükəsi qalmaqdadır. Hər halda, yanvarın 26-da tərəflər arasında artilleriya və pilotsuz uçuş aparatlarından istifadə edilməklə baş vermiş toqquşma bunu təsdiqləyir. Aydındır ki, indi əsas məsələ Dəməşqin bütün Suriya üzərində nəzarəti hansı müddətə tam bərpa edəcəyidir və atəşkəsin taleyi də məhz bundan asılıdır. Bu mənada, Suriyanın şimal-şərqindəki kürd muxtar idarəçiliyi kimi tanınan «Rojava»nın ləğvi zəruri sayılır. Dəməşq bu halda kürdlərin bütün hüquqlarına zəmanət verməyə hazır olduğunu bildirir. Prezident əş-Şaraa artıq kürd dilinə dövlət dili statusunun verilməsi ilə bağlı sərəncam imzalayıb, həmçinin kürdlərin yeni il bayramı sayılan Novruzu dövlət bayramı elan edib.
Bütün bunlar Suriyanın yeni hökumətinin kürdləri ölkənin ayrılmaz hissəsi kimi qəbul etdiyini, onlara Suriya dövlətinin tərkibində ayrıca muxtariyyət hüququ olan müstəqil element kimi baxmır. Məhz bu səbəbdən Suriya hakimiyyəti separatçılığa yönəlmiş kürd fəaliyyətinin istənilən təzahürünü bundan sonra da yatırmağa hazır olduğunu nümayiş etdirir.
Bununla yanaşı, Suriyada yaşananlara daha bir amil ciddi təsir göstərir. Söhbət xarici siyasi amildən gedir. Nəzərə almaq lazımdır ki, ABŞ ilk dəfədir ki, kürd qüvvələrinə hərtərəfli dəstək təcrübəsindən imtina edib…
ABŞ və Türkiyənin rolu haqda
SDQ ölkədəki vətəndaş müharibəsi dövründə Suriyanın şimal-şərqində nəzarəti məhz ABŞ-nin hərbi dəstəyi sayəsində ələ ala bilib. Lakin onunla yeni hökumət arasındakı silahlı qarşıdurma zamanı Vaşinqton kürdlərə yardım etməyi lazım bilməyib. Yanvarın 17-də – Suriya hökumət qoşunlarının kürd qruplaşmalar üzərindəki qələbəsinin rəsmiləşdirilməsindən bir gün əvvəl – ABŞ Mərkəzi Komandanlığının rəhbəri Kuper sadəcə əş-Şaraanı «hücum əməliyyatlarını dayandırmağa» çağırmaqla kifayətlənib. Bununla da, Vaşinqton kürdlərə açıq şəkildə başa salıblar ki, ondan yardım gözləməyə dəyməz. SDQ lideri Mazlum Abdi məhz bu səbəbdən «Fəratın şərqində məskunlaşmağa» razılıq verməsini «dost ölkələrdən gələn çağırışlar»la əsaslandırıb. Artıq yanvarın 18-də Birləşmiş Ştatların Suriyadakı xüsusi nümayəndəsi, eyni zamanda ABŞ-nin Türkiyədəki səfiri Tom Barak əş-Şaraa ilə Abdi arasında imzalanmış sazişi alqışlayıb. Onun imzalanmasında, şübhəsiz ki, həlledici rolu məhz ABŞ oynayıb.
ABŞ-nin siyasətindəki bu kəskin dönüş nə ilə bağlıdır?
Kürdlərə dəstəyin azaldılması ABŞ Prezidenti Donald Tramp administrasiyasının Suriyada Amerikanın hərbi mövcudluğunu azaltmağa yönəlmiş siyasətinin tərkib hissəsidir. Vaşinqton Suriya ərazisində yerləşən səkkiz hərbi bazasının yeddisinin bağlanılmasına dair qərarı hələ 2025-ci ilin iyununda qəbul edib. İndi isə ABŞ Suriyadan hərbi kontingentinin tam şəkildə çıxarılması məsələsini müzakirə edir. Amerika mediası yazır ki, proses İD üzvü olan məhbus döyüşçülərin İraqa təxliyəsinin başa çatmasından sonra bitə bilər.
Vaşinqtonun Suriya siyasətindəki bu dəyişiklik ilk növbədə, ərəb ölkəsinin özündə siyasi vəziyyətin kökündən dəyişməsi ilə bağlıdır. Bəşər Əsəd rejiminin süqutundan və Əhməd əş-Şaraa başda olmaqla yeni komandanın hakimiyyətə gəlişindən sonra Suriya artıq Birləşmiş Ştatlar üçün düşmən Yaxın Şərq ölkəsi deyil. Bunu Vaşinqtonun Suriyaya tətbiq etdiyi bütün sanksiyaların Tramp administrasiyası tərəfindən ləğvi də təsdiqləyir. ABŞ-nin «Rojava»ya himayəçi dəstəyinin başa çatması məhz bu mühüm məqamlarla izah oluna bilər.
İndi Amerikanın suriyalı kürdlərə hansı münasibətdə olduğunu Tom Barak ətraflı izah edib. O, xatırladıb ki, SDQ-nin yaradılmasında əsas məqsəd İD ilə mübarizə olub və bu mübarizə artıq başa çatıb. Odur ki, ayrıca kürd muxtariyyətinə də ehtiyac qalmayıb. Barak bildirib ki, üstəlik, indi Dəməşq «kürd əhalinin təhlükəsizliyinin təmini öhdəliyini üzərinə götürməyə hazır və qadirdir».
«ABŞ Suriyada hərbi mövcudluğunu uzun müddət davam etdirməkdə maraqlı deyil. Vaşinqton separatçılığı və federalizmi dəstəkləmədən, «İslam Dövləti»nin qalıqlarının məhvinə, barışığın təşviqinə, milli birliyin güclənməsinə üstünlük verir», - deyə Barak qeyd edib. Onun fikrincə, hazırda kürdlər üçün unikal imkan yaranıb: «Yeni Suriya dövlətinə inteqrasiya onlara tam vətəndaş hüquqları, Suriyanın ayrılmaz hissəsi kimi tanınma, kürd dilinin və mədəniyyətinin konstitusiya ilə müdafiəsi, eləcə də dövlət idarəçiliyi sistemində tamhüquqlu iştirak imkanı verəcək». Barak bildirib ki, «ABŞ-nin fəal diplomatik dəstəyi ilə həyata keçiriləcək inteqrasiya kürdlərin beynəlxalq səviyyədə tanınmış Suriya dövləti çərçivəsində uzunmüddətli təhlükəsizlik və təminatlı hüquqlar əldə etməsi üçün ən real, ən güclü yoldur».
ABŞ-nin bu mövqeyinin formalaşmasında əsas rolu Türkiyə amili oynayıb. Ötən illərdə Ankara Vaşinqtonun kürd qüvvələrini dəstəkləməsini daim kəskin şəkildə tənqid edib. Türkiyə istər SDQ-ni, istərsə də faktiki olaraq bu birliyin tərkib hissəsi sayılan «Xalq Özünümüdafiə Dəstələri»ni (YPG) onun təhlükəsizliyinə təhdid yaradan «Kürd Fəhlə Partiyası» (PKK) ilə sıx əlaqələrdə günahlandırırdı və bunda haqlı idi. Belə bir vəziyyətdə Türkiyə həmsərhəd olduğu Suriya torpaqlarında kürd muxtariyyətinin yaradılmasına prinsipial olaraq etiraz edirdi. Çünki Suriya kürdlərinin separatçı meyilləri təkcə bu ölkənin suverenliyi və ərazi bütövlüyünə deyil, Türkiyənin özünə də ciddi təhdid kimi qiymətləndirilirdi. Əsəd rejiminin süqutundan (bu gün Türkiyə Suriyanın əsas müttəfiqlərindən biridir), PKK-nın Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını elan etməsindən və 2025-ci ilin mayında özünü buraxmasından sonra bu xətt daha da güclənib. Odur ki, Ankara PKK ilə əlaqəli SDQ və YPG-nin (Türkiyə ordusu onlara qarşı dəfələrlə hərbi əməliyyatlar keçirib) fəaliyyətini davam etdirmələri ilə barışa bilməzdi. Bu mənada, diqqətəlayiq məqamlardan biri də əş-Şaraa ilə Adi arasında yanvarın 18-də imzalanmış sazişdə Ankaranın PKK üzvlərinin Suriyadan çıxarılması tələbinin də yer almasıdır.
Türkiyə birmənalı şəkildə bildirir ki, kürd silahlı qruplaşmalarının fəaliyyəti təkcə Suriyada deyil, bütünlükdə regionda qətiyyətlə boğulacaq. Məsələn, İranda baş vermiş son iğtişaşlar zamanı kürd döyüşçülərin İran İslam Respublikası ərazisinə sızması cəhdlərinin Türkiyə tərəfindən alındığına dair məlumatlar var. Bu cəhdin İran kürdləri arasında separatçı əhvali-ruhiyyənin dəstəklənməsinə yönəldiyinə şübhə yox idi.
ABŞ-yə gəlincə, Vaşinqton ən azı hazırkı mərhələdə kürd məsələsində Türkiyə ilə ziddiyyət yaratmağın məqsədəuyğun olmadığını düşünür. Vaşinqtonun özünün təşviq etdiyi miqyaslı regional dəyişikliklər fonunda Türkiyə Amerika üçün əvəzolunmaz müttəfiqdir. Bundan başqa, ABŞ Türkiyə ilə digər vacib strateji müttəfiqi olan İsrail arasında münaqişəyə yol vermək istəmir. Belə ki, İsrailin də dəstəklədiyi kürd amili Ankara-Təl-Əviv münasibətlərindəki böhranın səbəblərindən biridir. Nəticə etibarilə bu, amerikalıları qane etmədi və Vaşinqtonun yeni «Suriya siyasəti» fonunda separatçı kürdlərin xeyrinə işləmədi.
MƏSLƏHƏT GÖR:






41

