15 Mart 2026

Bazar, 20:11

İRAN DİLEMMASI

İnqilabla sabitlik arasında: Tehranı kim və niyə çalxalayır?

Müəllif:

01.02.2026

Ötən ilin son, yeni ilin ilk günlərində dünya ekranlarını İrandan çəkilmiş dramatik görüntülər bürüyüb. Orada baş verənlər Ukrayna müharibəsini belə, kölgədə qoyub. İranda başlamış kütləvi etirazları ekspertlər 1979-cu ildə şaha qarşı keçirilmiş inqilabda sonra ən miqyaslı hərəkat kimi qiymətləndirib. Etirazlar 27 vilayətdə, təxminən, 100 şəhəri əhatə edib. Bəzi şəhərlərdə nümayişçilər dövlət binalarına hücuma belə, keçiblər...

Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumunadək bu etirazlar artıq yatırılmışdı. Lakin mövzu siyasi liderlərin diqqətindən kənarda qalmayıb. Azərbaycan Prezidenti İlham Əliyev də forum çərçivəsində «Euronews» telekanalına verdiyi müsahibədə bu mövzuya da toxunub. Jurnalistin İrandakı vəziyyətlə bağlı sualını cavablandıran İ.Əliyev deyib: «Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən, biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur».

İranda sabitliyin pozulması, əlbəttə ki, Azərbaycan üçün aşkar təhlükə mənbəyidir. Vəziyyət kritik həddə çatarsa, İrandan qaçqın axını başlayacaq. Bu, yalnız «yerləşdirmək, yedizdirmək, tibbi yardım göstərmək» tərzində humanitar problem deyil. Belə hallarda sərhədi çox fərqli insanlar, o cümlədən radikal ideyalara sahib olanlar da keçir. Odur ki, İrandakı siyasi gərginliyin mümkün qaçqın düşərgələrinə daşınması riski var. Bu mənada, Türkiyənin Suriyadan gəlmiş qaçqınlarla bağlı təcrübəsi ortadadır.

Bundan başqa, bu gün Azərbaycan-İran münasibətləri yüksəliş dövrünü yaşayır. Tərəflər Zəngəzur dəhlizinə alternativ sayılan Araz dəhlizi də daxil olmaqla, miqyaslı layihələri müzakirə edir. Bu işlərin pozulması Azərbaycana əl vermir. «Sabitlik virusu»nun dövlət sərhədlərini tanımadığını isə yəqin ki, vurğulamaq artıq olardı.

Daha bir vacib məqam: Azərbaycan İrandakı «etiraz romantikası»na aldanmayaraq, bir çox Qərb dövlətindən fərqli olaraq, iğtişaşların səbəblərini, mümkün nəticələrini və real potensialını çox real qiymətləndirir.

 

«Etiraz romantikası» və sərt reallıqlar

Xatırladaq ki, hər şey 2025-ci il dekabrın 28-də İranın milli valyutası rialın real həddə ucuzlaşması (1 ABŞ dolları = 1 450 000 rial) ilə başlamışdı. Səbəb aydındır. Sanksiyalar fonunda İran ciddi valyuta defisiti ilə üzləşib və bu vəziyyətdə hakimiyyət üçün valyutanın məzənnəsini sabit saxlamaq getdikcə çətinləşir. Milli valyutanın ucuzlaşması isə İranda kifayət qədər geniş çeşiddə olan idxal mallarının bahalaşmasına səbəbdir. Məhz bu səbəbdən əvvəlcə böyük şəhərlərdə etirazlar başlayıb. İlk olaraq aksiyalara kiçik sahibkarlar qoşulub. Hadisələrin episentri Tehran bazarı idi. Onun ölkə iqtisadiyyatındakı rolu isə az qala Uoll-stritin ABŞ-dəki rolu qədərdir. Paytaxtda mağazalar dərhal bağlanmağa başlayıb. Sahibkarlar əvvəlcə bunu mallarını saxlamaq niyyəti ilə edirdilərsə, sonradan mağazalarını etirazçıların hücumlarından qorxduqları üçün qapadıblar.

Bununla yanaşı, milli valyutanın dəyərdən düşməsi hakimiyyət üçün çox əlverişsiz dönəmdə baş verib. Prezident Məsud Pezeşkian yeni maliyyə ili üçün büdcə layihəsini məhz həmin gün müdafiə etməli idi. Tehran dərhal təcili tədbirlərə əl atıb: hökumətin qanun layihəsi rədd edilib, İran Mərkəzi Bankının sədri Məhəmməd Farzin istefaya gedib, onu bu vəzifədə sabiq iqtisadiyyat naziri Nəsər Həmməti əvəzləyib. Hökumətin müdaxiləsi ilə dolların riala nisbətdə dəyəri tədricən azalmağa başlayıb. Amma bunlar gərginliyin aradan qaldırılmasına kifayət etməyib. Xüsusilə Qərb mediasında «ayətullah rejimi üçün sonun başlanğıcı», «İran yeni inqilab ərəfəsində» kimi proqnozlar yer almağa başlayıb ki, buna da etiraf etmək lazımdır ki, əsaslar var idi.

Lakin yanvarın ortalarına İran hakimiyyəti vəziyyəti güc yolu ilə nəzarət altına almağa nail olub. Amma etirazçıların strateji uğursuzluğunun əsas səbəbinin hakimiyyət qüvvələrinin sərtliyi olduğunu söyləmək doğru olmazdı. Əsas səbəb odur ki, etirazçıların nə konkret siyasi proqramı var idi, nə bu proqramı təqdim edə biləcək siyasi təşkilatı, nə də nüfuzlu lideri. Bu tip aksiyalar xəbərlərdə, liberal auditoriyaya yönəlmiş şərhlərdə maraqlı görünə bilər. Lakin real dəyişiklik üçün bu, kifayət deyil. Belə hallarda rejimi devirmək mümkün olsa belə, yeni effektiv hakimiyyətin formalaşdırılması çox çətin olur.

Amma o da qeyd edilməlidir ki, İranda küçə etirazları mövcud hakimiyyəti devirmək üçün kifayət qədər güc toplaya bilməyib. Onlara hakimiyyət dairələrindən, güc strukturlarından dəstək də olmayıb. Lakin əsas məsələ bu da deyil. Nə qədər paradoksal görünsə də, nümayişçilərin əleyhinə işləyən əsas amil «milli məsələ» olub.

 

«Böyük Fars ölkəsi» müasir İrana qarşı

Ekspertlər İran Azərbaycanını uzun illərdir «İran inqilabının beşiyi» adlandırırlar. Burada narazılıq dalğalarının əksəriyyəti Təbriz və Ərdəbildən başlayıb. Bu dəfə hadisələrin episentri bu bölgə olmayıb. Hakimiyyət iğtişaşların sonuna doğru Cənubi Azərbaycan şəhərlərinə də əlavə təhlükəsizlik qüvvələri yönəltsə də, etnik azərbaycanlılar, ümumiyyətlə, siyasi etirazlara dəstək verməyiblər. Bunun öz səbəbləri var.

Etirazların müəyyən mərhələsində xüsusilə də Qərb keçmiş İran şahının oğlu Rza Pəhləvini müxalifətin potensial lideri kimi fəal şəkildə önə çəkilməyə başlayıb. O, müsahibələr verməyə, etirazçılara dəstək bəyanatları səsləndirməyə girişərək, İrana qayıdaraq hakimiyyətə rəhbərlik etməyə hazır olduğunu bildirib. Amma eyni zamanda onun vədlərini yerinə yetirməyə tələsmədiyi də aydın şəkildə görünürdü. Ola bilsin ki, Qərbin «beyin mərkəzləri»ndə bu sxem ideal görünürmüş: nifrət edilən mollakratiyanı devirmək, monarxiyanı bərpa etmək, Pəhləvilər sülaləsini yenidən taxta qaytarmaq və əvvəlki qlamur, qərbpərəst İranı geri almaq. Amma keçmiş şahın oğlu əsasən savadlı şəhər gənclərindən ibarət fars millətçiləri arasında müəyyən dəstəyə malikdir. İran isə çoxmillətli ölkədir. Dəqiq statistika olmasa da, ölkə əhalisinin böyük bir hissəsini məhz etnik azərbaycanlılar təşkil edir. Daha sonra türkmənlər, qaşqaylar, şahsevənlər, kürdlər, bəluclar və digərləri gəlir. Xüsusilə ən böyük etnik azlıq olan azərbaycanlılar üçün Pəhləvi sülaləsinin simasında monarxiyanın bərpası perspektivi qətiyyən cəlbedici görünmür. Üstəlik, fars millətçilərinə söykənən bir model ilə. Bu, onlar üçün «yağışdan çıxıb yağmura düşmək» olardı.

Hazırda İran Prezidenti məhz etnik azərbaycanlı Məsud Pezeşkiandır. Ölkədə müəyyən daxili islahatlara, həyatın liberallaşdırılmasına da onun qərarı ilə start verilib. Belə bir vəziyyətdə Cənubi Azərbaycan şəhərlərində ümidlər məhz Pezeşkiana bağlıdır.

İran Azərbaycanında sonuncu şah Məhəmməd Rza Pəhləvinin 1946-cı ildə azərbaycanlıların milli hərəkatını qan içərisində boğduğunu yaxşı xatırlayırlar. Doğrudur, onun oğlu və varisi hüquqi baxımdan buna görə məsuliyyət daşımır. Amma o, azərbaycanlıların və digər xalqların hüquqlarının təmini ilə bağlı «milli azlıqların maraqları nəzərə alınmalıdır» kimi qeyri-müəyyən bəyanatlardan başqa heç bir addım atmayıb. Halbuki İranda milli əyalətlərin dəstəyi olmadan heç bir qüvvə uğur qazana bilməz. Xüsusilə də inqilab ssenarisində. Pəhləviyə bəslənən ümidlər elə buna görə doğrulmayıb.

 

Xaric kömək etməyəcək

Etirazçı hərəkatın başladığı ilk günlərdən ABŞ, İsrail və digər ölkələrdə İrana xarici hərbi müdaxilə ehtimalı müzakirə olunmaqda idi. Xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun komanda mərkəzlərinə zərbələrin endirilə biləcəyi haqda fikirlər var idi. Lakin mütəxəssislər tələskən proqnozlardan, qənaətlərdən çəkinməyi tövsiyə edirdilər. Onlar xatırladırdılar ki, 2025-ci ilin yayındakı «12 günlük müharibə»də belə zərbələr İranda hakimiyyətin dəyişməsi ilə nəticələnməyib. İndiki şəraitdə isə buna nail olunması daha çətindir. Əksinə, belə hücumlar etirazçıların xarici xüsusi xidmət orqanları tərəfindən qızışdırıldığını iddia edən İran hakimiyyətinin rəsmi təbliğatı üçün əsl hədiyyə olardı. İran cəmiyyətində isə «sərt islam rejimi»ndən yorğunluq mövcud olsa da, rejimin tərəfdarları da kifayət qədərdir. Üstəlik, «mollakratiya»dan narazı olanların heç də hamını ABŞ və İsrailin bombardmanlarını, xüsusilə hakimiyyətə bu zərbələr nəticəsində gələcək siyasi qüvvəni dəstəkləməyə hazır deyil. Bundan başqa, hakimiyyətin dəyişməsi üçün sadəcə seçilmiş nöqtələrə zərbələrin endirilməsi kifayət deyil. İran İslam Respublikasını qərbpərəst İranla əvəzləmək üçün lokal hücumlar yox, genişmiqyaslı hərbi müdaxilə lazımdır.

Birləşmiş Ştatlar belə ssenariləri vaxtilə İraq və Əfqanıstanda tətbiq edib. Məlum olduğu kimi, 20 illik hərbi mövcudluğun sonunda Əfqanıstan Vaşinqtonun ən böyük siyasi fiaskosuna çevrilib. O zaman çoxları orada baş verənləri amerikalıların Vyetnamdan qaçması ilə müqayisə edirdi. Kabil hava limanında təyyarələrin izdiham tərəfindən ələ keçirilməsi səhnələri bütün dünyaya yayılmışdı. Bir sözlə, «gələcəyik, süngülərimiz üzərində yeni hökumət gətirəcəyik, o, cənnətin qapılarını insanların üzünə açacaq və hər şey əla olacaq» ssenarisi işləməyib. Antoni Blinken kimi liberal düşərgənin nümayəndələri belə, demokratiyanın zorla kənardan ixracının işləmədiyini etiraf etmək məcburiyyətində qalıb.

Bütün bunlarla yanaşı, Ukrayna müharibəsi fonunda Qərb ölkələrinin İrana qarşı miqyaslı hərbi əməliyyatlara başlamağa nə resursları, nə də siyasi iradələri var. Bir sözlə, xaricdən vəziyyəti sarsıtmağa yönəlmiş istənilən cəhd regionda ciddi qeyri-sabitlik yarada bilər. Onun sülhə, təhlükəsizliyə hər hansı töhfəsi mümkün deyil.



MƏSLƏHƏT GÖR:

69