15 Mart 2026

Bazar, 18:41

MƏRMİLƏR ƏVƏZİNƏ TRANZİT

Azərbaycanla Ermənistan arasında sülhün bir parçası da iqtisadi axınlardır

Müəllif:

01.02.2026

2025-ci ilin oktyabrında 1990-cı illərdən bu yana ilk dəfə olaraq Azərbaycan ərazisindən keçməklə Ermənistana Qaxazıstan taxılı çatdırılan zaman bu, sadəcə bir logistika xəbəri yox, daha böyük prosesin başlanğıcı kimi qəbul edilmişdi. Bu hadisənin rəmzi mənası da var idi: son dönəmlərədək mümkünsüz görünənlər reallığa çevrilirdi. Burada daşınan taxıl da adi əmtəədən daha böyük məna kəsb edirdi.

Bu gün həmin dəhliz artıq daha fəal işləyir. Ermənistan hökumətinin məlumatına görə, Azərbaycan üzərindən bu ölkəyə 8400 tondan çox Rusiya taxılı, həmçinin 7600 ton Azərbaycan neft məhsulları daxil olub. Ermənistanın iqtisadiyyat naziri bildirib ki, bu benzin tədarükü ölkədə yanacağın qiymətinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmasına imkan verib – indi ölkədə benzinin qyiməti 80 dramadək enib.

 

İqtisadiyyat təzyiq rıçaqı yox, körpü kimi

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev baş verənlərin məntiqini aydın şəkildə ifadə edib. «Biz faktiki olaraq, dəhlizləri açmışıq», - deyə o, bildirib. Dövlət başçısı deyib ki, Bakı Rusiya və Qazaxıstandan Ermənistana yüklərin tranziti üçün məhdudiyyətləri aradan qaldırıb, İrəvan isə əks istiqamətdə, məsələn, Rusiyaya tranzit daşımaları ilə bağlı Bakıya müraciət edib: «Bu gün bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir. Ancaq bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil».

Başqa sözlə, tranzit məcburedici təsir alətinə deyil, qarşılıqlı asılılıq mexanizminə çevrilir. İqtisadiyyatdan təzyiq “rıçaq”ı kimi yox, əksinə, ümumi inkişaf üçün ortaq platforma kimi istifadə olunur. Bu, şübhəsiz ki, sabitliyə doğru ciddi addımdır.

İlham Əliyev onu da deyib ki, münaqişə illəri ərzində beynəlxalq təşkilatlar Bakı ilə İrəvan arasındakı ziddiyyətləri həll etməyə dəfələrlə cəhdlər göstərsələr də, praktiki nəticə əldə olunmayıb. Onun sözlərinə görə, indi tərəflər təşəbbüsü öz əllərinə alır və «müharibə səhifəsini bağlayır».

 

Benzin, taxıl və real nəticələr

Ermənistana Azərbaycan benzinin göndərilməsi nümayiş xarakterli addım deyildi. O, artıq istehlak qiymətlərinə öz təsirini göstərir. Benzinin ucuzlaşması daşımaların ucuzlaşması, malların qiymətinin aşağı düşməsi inflyasiyanın azalması deməkdir. İrəvanda adi sürücü bunun təsirini hansısa diplomatik bəyanatın təsirindən qat-qat real hiss edir.

Taxıl isə Ermənistan iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan məhsuldur. Onun fasiləsiz tədarükü ərzaq təhlükəsizliyini möhkəmləndirir, iki ölkə arasında onilliklər boyu davam etmiş gərginliyin azalması üçün real zəmin yaradır.

Ümumiyyətlə, tranzit dəhlizlərinin açılması, bəlkə də, sülh prosesinin konkret elementlərindən biridir. Mallar qarşılıqlı olaraq hərəkət etdikcə, logistika şirkətləri, dəmir yolu xidmətləri, dövlət institutları arasında işgüzar əlaqələr yaranır. Bu isə siyasi iradənin «dalğalandığı» halda belə, kəsilməsi çətin olan əlaqələrə yol açır. Bu baxımdan, Azərbaycanın xeyli iş gördüyünü söyləmək mümkündür. Ermənistanla sərhədə yaxın Ağdama artıq qatarlar işləyir, Horadiz-Ağbənd sərhədə qədər uzanır, Araz çayı üzərində körpü hazırdır, İran Araz dəhlizinin avtomobil seqmentinin açılmasına hazırlaşır, yük daşımaları sərhədyanı Qumlaq stansiyasına qədər çatır, dəmir yolu relsləri Ağalıyadək uzanır (layihə yaxın aylarda başa çatdırılacaq).

Zəngəzur dəhlizinin Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı bu ölkənin cənub rayonları vasitəsilə birləşdirməkdə olan hissəsi – TRIPP – Cənubi Qafqazın yeni regional logistikasının əsas elementinə çevrilməlidir. Eyni zamanda bu, Azərbaycanın milyardlarla dollar investisiya yatıraraq illər ərzində ərsəyə gətirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyətini də qətiyyən azaltmır. Marşrutların şaxələndirilməsi Cənubi Qafqaz dəhlizlərinə marağın artmasına, yük axınının daha da çoxalmasına aparıb çıxaracaq.

 

Bəs Ermənistanın istiqaməti harayadır?

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min dollar dəyərində yanacaq ixrac edib. Bu il, hələ ki, belə ixrac olmayıb.

Ermənistan tərəfi də öz növbəsində, tranzitdə iştiraka hazır olduğunu bildirir. Məsələn, o, Azərbaycandan Türkiyəyə Ermənistan ərazisi ilə yüklərin daşına biləcəyini deyir. Lakin təklif olunan marşrut iqtisadi baxımdan sərfəli olmamaqla yanaşı, həm də təhlükəsizlik anlamında risklidir. Odur ki, Şərqi Zəngəzurla Naxçıvan arasında birbaşa marşrutun, o cümlədən TRIPP yolunun açılması vacibdir. Belə bir vəziyyətdə İrəvanın cavab xarakterli bəyanatları Bakının real addımları ilə müqayisədə ardıcıl təsir bağışlamır. Tərəflərdən biri dəhlizi fəal şəkildə açır, infrastrukturu uyğunlaşdırır, digəri isə hələ də tərəddüd içərisindədirsə və uyğun məqamı gözləyirsə, bu, normallaşma prosesində mərhələlilik təsiri yaratsa da, simmetriyaya imkan vermir. Yəni ümumilikdə tendensiya müsbətdir, lakin hələ o, tam balanslaşdırılmayıb. Bütün bunlar isə 2025-ci il avqustun 8-də paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi gözləntisi fonunda baş verir.

 

Geosiyasi kontekst – bu, niyə vacibdir?

Avrasiyada enerji və nəqliyyat sisteminin ümumi şəkildə yenidən qurulduğu şəraitdə, ölkələrin Rusiya və İrandan keçən ənənəvi marşrutlara alternativlər axtardıqları vəziyyətdə Cənubi Qafqaz güclü logistika habına çevrilə bilər. Xüsusilə tranzit hər iki tərəfə faydalı olduqda o, sülhə strateji investisiyaya çevrilir.

Kommunikasiyaların inkişafında həyati əhəmiyyət daşıyan amillərdən biri də iri oyunçuların maraqlarıdır. Bu mənada, Avropa İttifaqı «Orta Dəhliz»ə üstünlük verdiyini açıq şəkildə bəyan edir. O, yolların, limanların müasirləşdirilməsinə, yeni sahələrin texniki-iqtisadi əsaslandırılmasına ayırdığı vəsaitlə bunu əyani şəkildə təsdiqləyir. Hər halda, Avropa üçün sanksiyalardan, münaqişələrdən asılı olmayan marşrut vacibdir.

Şimal istiqamətində risklərin çox artdığını anlayan Çin də marşrutlarını şaxələndirir. «Orta Dəhliz» buna da imkan verir. Bu gün Pekin İran ərazisi ilə tranzitdən geniş istifadə edə bilmir, çünki bu, Qərblə əlavə siyasi problemlər yaradır. Hərçənd, Çin üçün Cənub Dəhlizi də maraqlıdır.

Türkiyə, Azərbaycan və Qazaxıstan isə «Orta Dəhliz»in uzunmüddətli layihə olduğunu, onların strateji eyniliyinin bir hissəsinə çevrildiyini anladıqları üçün müvafiq infrastrukturların müasirləşdirilməsinə milyardlarla vəsait xərcləyirlər. Burada Ermənistanla Azərbaycanın maraqları baxımından əsas məqam bu layihələrin hələlik kənardan zorla qəbul etdirilən proses yox, iqtisadi faydaya, qarşılıqlı maraqlara xidmət etməsidir. Bu, onları daha dayanıqlı edir. Hər halda, insanlar ticarətdən münaqişə nəticəsində itirdiklərindən daha çox qazanc əldə etməyə başlayarlarsa, bu, artıq sadəcə diplomatiya deyil, həm də daxildə sülh quruculuğu mexanizminə çevriləcək.

 

Perspektivlər – dəhlizlərdən hərtərəfli inteqrasiyaya

Sərhədlər ikitərəfli tranzit üçün, həqiqətən də, açılarsa, yük axını müntəzəm və proqnozlaşdırıla bilən vəziyyətə gələrsə, bu, yalnız bölgədə müharibənin bitdiyini təsdiqləyən siqnal yox, həm də praktik olaraq sülh əməkdaşlığına keçid sayılacaq.

İlham Əliyevin Davosda dediyi kimi, biz müharibə səhifəsini bağlayır və sülh üçün imkanlar açırıq. Bu, sadəcə söz deyil. Bu, uzun müddət bağlı qalmış marşrutlar üzrə hərəkət edən taxıl qatarları və neft daşıyan yük maşınlarıdır.



MƏSLƏHƏT GÖR:

114