15 Mart 2026

Bazar, 18:42

SÜLH ÜÇÜN «MƏSLƏHƏT»

Azərbaycan ABŞ-nin himayəsi altında beynəlxalq münaqişələrin yeni tənzimlənmə modelində

Müəllif:

01.02.2026

Son dövrlərin ən önəmli hadisələrindən biri yanvarın 23-də Davosda «Sülh Şurasının Nizamnaməsi»nin imzalanmasıdır. Bir çox siyasətçilərin və müşahidəçilərin fikrincə, bu hadisə qlobal siyasi münasibətlər sistemində yeni mərhələnin başlanğıcının rəmzidir. Artıq köhnə dünya mövcud deyil. Yeni dünya formalaşmaqdadır. Mövcud vəziyyətin tənqidçiləri isə hesab edirlər ki, ABŞ lideri yaratdığı bu Şura ilə BMT-ni əvəz etmək niyyətindədir.

Bu iddialara Birləşmiş Ştatların Prezidenti Donald Tramp şəxsən cavab verib. Təsis sənədinin imzalanması mərasimində çıxış edən Ağ Ev sahibi bildirib ki, Sülh Şurası qlobal problemlərin həllində BMT-ni əvəz etməyə çalışmayacaq. O, yeni təşkilatın BMT ilə əməkdaşlıq edəcəyini də söyləyib. Tramp bu təşəbbüsün Yaxın Şərqdə və ümumilikdə dünyada məşğul olacağı mühüm xarici siyasət məsələlərini də sadalayıb. Əsas istiqamətlərdən biri Qəzza sektorundakı münaqişənin həlli olacaq.

 

Sülh Şurası BMT-yə paralel qurumdurmu?

Tramp açıq şəkildə bildirib ki, Sülh Şurasının yaradılması BMT-ni əvəz etmək cəhdi deyil – nə formal, nə mahiyyət baxımından. Media da yazır ki, yeni struktur tez-tez BMT-yə alternativ kimi təqdim olunsa da, bunu nə təsis sənədlərində, nə bəyan olunmuş funksiyalarda, nə də Şuranın ümumi quruluş məntiqində görmək mümkündür. Burada söhbət rəqabətə hazırlaşan universal strukturdan deyil, qarşılıqlı əlaqələrin prinsipial olaraq fərqli formatından gedir. Bununla yanaşı, Ağ Ev rəhbəri fikirlərini özünəməxsus tərzdə açıq ifadə edərək, mövcud münaqişələrin həlli təcrübəsini tənqid də edib. «BMT sadəcə olaraq, çox da faydalı deyil. Mən BMT-nin potensialının böyük pərəstişkarıyam. Amma bu potensial heç zaman reallaşdırılmayıb. Mənim son qoyduğum bütün müharibələrə BMT son qoymalı idi. Amma mən onlara müraciət etmədim. Heç müraciət etməyi düşünmədim də», - deyə Tramp bildirib.

Həqiqətən də, Sülh Şurası dövlətlər arasında siyasi dialoq və məsləhətləşmələr üçün könüllü platforma kimi nəzərdə tutulub. O, ümumi üzvlük prinsipini nəzərdə tutmur, fövqəlmilli səlahiyyətlərə malik deyil, hüquqi baxımdan icrası məcburi qərarlar qəbul etmək mexanizmi yoxdur. Beynəlxalq hüquq sisteminə inteqrasiya olunmuş, sülhün və təhlükəsizliyin qorunması sahəsində formal mandata malik BMT-dən fərqli olaraq, Sülh Şurası sanksiyalar tətbiq etmir, sülhməramlı missiyalar göstərmək, beynəlxalq hüquq normaları formalaşdırmaq səlahiyyətlərinə malik deyil. Onun qərarları tövsiyə və siyasi-deklarativ xarakter daşıyır, iştirakçılar üçün məcburi öhdəliklər yaratmır.

Bununla yanaşı, Sülh Şurasını onsuz da kifayət qədər yüklənmiş beynəlxalq institutlar sistemində növbəti formal üst qurum kimi qəbul etmək doğru olmazdı. Donald Trampın adı ilə assosiasiya olunan bu layihənin işi həddindən artıq bürokratik, ləng, siyasi baxımdan qeyri-işlək hesab olunan mövcud qlobal idarəetmə modelini sadəcə deklarativ tənqid etməklə məhdudlaşmır. Burada söhbət daha rahat, funksiyalarla hədsiz yüklənməmiş, lakin real siyasi təsir qabiliyyətinə malik fərqli format qurmaq cəhdindən gedir. Bu məntiq çərçivəsində Sülh Şurası bəyanatlar verməklə məşğul olan rəmzi platforma deyil, praktik nəticəyə, birbaşa razılaşmalara, konkret münaqişə vəziyyətlərinin həllinə təsir göstərə bilən məhdud, lakin effektiv təsir rıçaqlarına malik alət kimi nəzərdə tutulur.

 

Qəzzadan qlobal hədəflərə

Bu mənada, təşəbbüsün mənşəyini də nəzərə almaq vacibdir. O, birbaşa Trampın dünya liderlərinə 2025-ci ilin oktyabrında təqdim etdiyi «Qəzzada münaqişənin dayandırılması üzrə Kompleks Plan»a əsaslanır. 20 maddədən ibarət plan İsrail ilə HƏMAS arasında müharibənin dayandırılmasını, Qəzza sektorunun demilitarizasiyasını, daha sonra isə anklavın bərpasını nəzərdə tutur. 2025-ci ilin noyabrında bu plan BMT Təhlükəsizlik Şurasında qətnamə şəklində təsdiqlənib ki, bu da əldə olunmuş razılaşmanın icrası üçün ayrıca mexanizmin formalaşdırılmasına siyasi-hüquqi zəmin yaradıb.

Xatırladaq ki, ilkin mərhələdə Sülh Şurası məhz bu planın müşayiəti üçün alət kimi nəzərdə tutulmuşdu – Qəzzanın bərpasının koordinasiyası, vəziyyətin dayanıqlı şəkildə sabitləşdirilməsinin təmini. Lakin institusionallaşma prosesində onun mandatı genişləndirilib. Bir sıra rəsmi sənədlərdə və xartiyanın işçi versiyalarında Sülh Şurası artıq potensial olaraq digər münaqişələrə də tətbiq oluna biləcək mexanizm kimi təsvir edilir. Bu isə, əlbəttə ki, məqsədin daha böyük olduğunu göstərir. İndi söhbət yalnız konkret bir sülh prosesində iştirakdan yox, beynəlxalq böhranların nizamlanması üçün ABŞ-nin nəzarəti ilə klassik çoxtərəfli institutlardan kənarda bir platformanın yaradılmasından gedir.

Bu ilin yanvarında layihə konseptual mərhələdən pratiki mərhələyə keçib. Tramp administrasiyası Sülh Şurasının yaradıldığını rəsmən elan edib, strukturda iştirak etmələri, həmçinin iştirak xartiyasını imzalamaları üçün ayrı-ayrı dövlət başçılarına dəvət göndərilib. Təxminən iyirmiyə yaxın dövlət başçısının iştirak etdiyi imzalanma mərasimi isə təşəbbüsə böyük praktiki marağın olduğunu ortaya qoyub, layihənin yaxşı gələcəyinin olduğunu hər kəsə göstərib. Davosda «Sülh Şurasının Nizamnaməsi»ni ilk imzalayanlar arasında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan, əksər Yaxın Şərq ölkəsinin liderləri, həmçinin Qazaxıstan və Özbəkistan prezidentləri də olub. Maraqlıdır ki, imzalanma mərasimində iştirak etməsələr də, təşəbbüsü Rusiya və Belarus prezidentləri də dəstəkləyiblər.

Ağ Ev Avropa liderlərini, həmçinin Ukrayna və Kanada rəhbərliyi də təşəbbüsə qoşulmağa çağırmışdı. Lakin Avropa İttifaqının əksər üzvü Sülh Şurasından kənarda qalmağa üstünlük verib. Bu, Avropa elitalarının öz təsir imkanlarını itirmək, dünya siyasətində əsas qərarların qəbul edildiyi, qaydaların müəyyənləşdirildiyi dövlətlərin dairəsindən kənarda qalmaq qorxusu ilə bağlıdır.

Amma burada söhbət trans-Atlantik münasibətlərin pozulmasından getmir. Aİ ilə ABŞ təhlükəsizlik, iqtisadiyyat, eləcə də Ukrayna və Yaxın Şərq üzrə fəaliyyətin koordinasiyası məsələlərində hələ də bir-birinə sıx bağlıdır. Lakin mövcud vəziyyət göstərir ki, Avropa Ağ Evin təşəbbüslərini cilovlamağa, zərurət yarandığı təqdirdə ona etiraz etməyə çalışır. Çünki o, istəyir ki, qlobal arenada əsas oyunçulardan biri statusunu qorusun, başqaları tərəfindən qəbul ediləcək qərarların icraçısına çevrilməsin.

 

Postmünaqişə gündəliyi yeni dünya düzəninin mühüm elementi kimi

Sənədi imzalamış dövlətlərə gəlincə, bir çox ölkə üçün bu təşəbbüsdə iştirak ABŞ administrasiyası ilə birbaşa siyasi əlaqələri möhkəmləndirmək, beynəlxalq subyektliyi artırmaq, formalaşmaqda olan yeni beynəlxalq münasibətlər sistemində öz rolunu təsbit etmək vasitəsidir. Xüsusilə Azərbaycan və Ermənistan üçün bu, 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşma fonunda xüsusi regional və strateji əhəmiyyət daşıyır. Belə ki, ötən ilin avqustunda ABŞ administrasiyasının himayəsi altında Bakı ilə İrəvan arasında siyasi razılaşmalar paketi imzalanıb və bu sənəd onilliklər boyu davam etmiş münaqişədən, çoxsaylı nizamlama cəhdlərindən sonra mühüm dönüş nöqtəsinə çevrilib. Vaşinqton Bəyannaməsi və onu müşayiət edən razılaşmalar möhkəm dövlətlərarası münasibətlərin qurulmasına, hərbi qarşıdurmadan imtinaya, regional inteqrasiya və infrastruktur əlaqələri üçün yeni imkanların artmasına doğru atılmış addım kimi təqdim edilib. Bu kontekstdə Azərbaycanla Ermənistanın Davosda «Sülh Şurasının Nizamnaməsi»nin imzalanmasında iştirakı Vaşinqton prosesi çərçivəsində əldə olunmuş beynəlxalq-siyasi dividendləri möhkəmləndirmək, qlobal arenada fəal mövqe nümayiş etdirmək istəyinin göstəricisidir. Azərbaycan üçün bu, Ermənistan üzərindəki qələbənin nəticələrini nümayiş etdirmək, onu beynəlxalq-hüquqi müstəvidə əlavə olaraq təsbit etmək, sülh gündəliyinin beynəlxalq legitimliyini təsdiqləmək imkanıdır. Bu baxımdan, sammit çərçivəsində ABŞ Prezidentinin yalnız iki dövlət başçısı ilə təkbətək görüşdüyünü xatırlatmaq da vacibdir. Söhbət Azərbaycan və Ukrayna prezidentlərindən gedir. Bu fakt Amerika liderinin Bakıya göstərdiyi diqqəti və Azərbaycanın Sülh Şurasındakı yerini önə çıxarır.

Ermənistana gəlincə, onun üçün Sülh Şurasında iştirak sülh gündəliyini beynəlxalq formatlarda möhkəmləndirmək məqsədi daşıyır. Bu, revanşist, qarşıdurma məntiqinə qayıdıb, əldə olunmuş razılaşmalara yenidən baxılmasını hədəfləyən müxalif qüvvələrin manevr imkanlarını məhdudlaşdırır. ABŞ-nin təşəbbüsü ilə yeni beynəlxalq təşəbbüslərə inteqrasiya Ermənistanın hazırkı hakimiyyətinə sülh kursundan ölkədə rəhbərliyin dəyişməsi ssenarisi ilə belə, istənilən mümkün imtinanı beynəlxalq təcrid və xarici siyasi dəstəyin azalması təhdidi kimi təqdim etmək imkanı yaradır. Bu, həm də Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının transformasiyası şəraitində xarici tərəfdaşların şaxələndirilməsinə, ənənəvi güc mərkəzlərindən asılılığın azaldılmasına töhfə verir.

Prosesin vacib rəmzi elementlərindən biri də Donald Trampın Azərbaycan və Ermənistan liderlərinə ünvanladığı məktubdur. Məktubda o, «Sülh Şurasının Nizamnaməsi»nin formalaşdırılmasına və imzalanmasında iştiraka görə hər iki liderə təşəkkürünü bildirib. Tramp Azərbaycanla Ermənistanı uzunmüddətli münaqişədən çıxmaq üçün siyasi iradə nümayiş etdirən, beynəlxalq məsuliyyət və təhlükəsizliyin yeni arxitekturasına inteqrasiyaya hazır olan kimi qiymətləndirib. Beləliklə, iki ölkənin prosesdə iştirakı formal jest kimi deyil, ABŞ-nin fəal vasitəçiliyi ilə regional böhranların nizamlanmasının yeni modelinin formalaşdırılmasına töhfə kimi təqdim edilib.

 

Gələcək inkişaf ssenarisi

Sülh Şurasının gələcəyindən danışarkən qeyd olunmalıdır ki, onun yaşamaq qabiliyyəti, ilk növbədə, ABŞ-nin mövqeyindən və iştirakçıların mürəkkəb beynəlxalq problemlərin həllində formal bəyanatlarla kifayətlənməyərək, real iştiraka nə dərəcədə hazır olacaqlarından asılıdır.

Daha uzunmüddətli perspektivdə inkişafın iki əsas ssenarisi ola bilər. Birinci halda Sülh Şurası daimi, lakin funksiyaları məhdud format kimi möhkəmlənir. Bu halda o, əslində, təhlükəsizlik və münaqişə məsələlərini ənənəvi beynəlxalq təşkilatlar çərçivəsindən kənarda həll etməyə çalışan ölkələr klubu rolunu oynayacaq. Bu mexanizm mövcud institutları əvəzləməyəcək, əksinə müxtəlif səbəblərdən onların öhdəsindən gələ bilmədikləri vəzifələrin icrasını öz üzərinə götürəcək.

İkinci halda Şura qlobal dəyişikliklərin mövcud mərhələsinə xas olan müvəqqəti layihə kimi qalacaq. Bu ssenaridə o, köhnə beynəlxalq təhlükəsizlik sisteminin yaşadığı böhran fonunda daha dayanıqlı, daha aydın qlobal idarəetmə formalarının yaranmasınadək meydana çıxmış idarəetmə boşluğunu müvəqqəti doldurmaq funksiyası daşıyacaq.

Bununla belə, Şuranın hansı yol ilə gedəcəyindən asılı olmayaraq, bu cür formatlar aktual olaraq qalacaq. Çünki müasir beynəlxalq siyasətdə getdikcə daha çox universal qayda və prosedurlar yox, praqmatik razılaşmalar və situativ diplomatiya ön plana çıxır.



MƏSLƏHƏT GÖR:

63