RADİKAL YENİDƏNQURMA
Çindəki «hərbi təmizləmə»nin arxasında nə dayanır?
Müəllif: İrina XALTURİNA
2026-cı il yanvarın sonlarında dünyanın informasiya məkanını çalxalayan bir xəbər yayılıb: indiyədək toxunulmaz sayılan Çin Xalq Azadlıq Ordusunun ali rəhbər orqanı olan Mərkəzi Hərbi Şuranın (MHŞ) sədr müavini, general Çjan Yusya və ordunun Baş Birləşmiş qərargahının rəisi, general Lyu Çjenli «ciddi qanun və intizam pozuntuları» ittihamı ilə araşdırma obyektinə çevriliblər. Çin hökumətinin rəsmi açıqlamalarında ənənəvi olaraq istifadə edilən bu evfenizm, bir qayda olaraq, vəzifədən azad olunma, çox vaxt ilə həbslə bitir. Çin ordusunun rəsmi qəzeti olan «Tszefantszyunbao» qəzeti yazır ki, Çjan və Lyu «partiyanın və xalqın etimadını doğrultmayıblar», «partiyanın Silahlı Qüvvələri üzərindəki mütləq rəhbərliyi prinsipini sarsıdıblar».
Yenidənqurmanın kulminasiyası
Mərkəzi Hərbi Şura Xalq Azadlıq Ordusu da daxil olmaqla, Çin Silahlı Qüvvələrinə, Strateji Təyinatlı Raket Qoşunlarına (nüvə silahı ilə təchiz olunmuş), Dəstək Qüvvələrinə və Xalq Silahlı Polisinə rəhbərliyi həyata keçirən ali kollegial idarəetmə orqanıdır. Formal olaraq ali baş komandan Çin Xalq Respublikasının sədri yox, MHŞ-dir. Bu vəzifəni Çin Xalq Respublikasının sədri, eyni zamanda həm də MHŞ sədri və Çin Kommunist Partiyasıının baş katibi olan Si Cinpin icra edir.
Çjan Yusya və Lyu Çjenlinin vəzifələrindən kənarlaşdırmaları bir neçə il əvvəl başlamış miqyaslı kadr dəyişiklikləri prosesinin kulminasiya nöqtəsi sayıla bilər. Si Cinpin tərəfindən MHŞ-yə 2022-ci ildə təyin edilmiş 6 üzvdən orada yalnız biri – siyasi iş və intizama nəzarət edən general Çjan Şenmin qalıb. Budan başqa, son 3 ildə qoşun növlərinə və hərbi əməliyyat səhnələrinə rəhbərlik etmiş 30 general və admiraldan yalnız 7-si postunu qoruyur. 2025-ci ilin oktyabrında MHŞ-nin rütbəcə ikinci sədr müavini olan He Veydon da korrupsiya ittihamı ilə vəzifədən uzaqlaşdırılıb.
Bəs Çin liderini bu qədər genişmiqyaslı kadr əməliyyatına nə vadar edib? Pekin rəsmi olaraq baş verənləri korrupsiya ilə mübarizə ilə izah etsə də, Qərb və Rusiya ekspertlərinin fərqli fikirləri var: elita daxilindəki intriqalardan tutmuş, Tayvan probleminə yanaşmaya, hərbi doktrina da daxil olmaqla, strateji məsələlərlə bağlı fikir ayrılıqlarınadək. Maraqlıdır ki, Çjan Yusya son hadisələrlə bağlı rəsmi açıqlamadan bir neçə həftə əvvəldən «yoxa çıxmışdı» – ictimaiyyət önündə görünmürdü. Ölkədə əvvəlcə fiqurun «yox olması», bir müddət sonra isə onunla bağlı araşdırmalara başladığına dair məlumatın yayılması standart prosedura çevrilib. Qərb mediası baş verənləri Mao Tszedun dövrü ilə müqayisə edir. Həmin dövrdə onillik mədəni inqilab ərzində bir çox yüksəkrütbəli general və hərbi rəhbər hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu, həm potensial siyasi rəqiblərin sıradan çıxarılması idi, həm də inqilab ideologiyasına loyallığı təmin etmək. İndi isə bir çox qərbli analitik Si Cinpinin son addımlarında şəxsi münaqişələrin, ordu daxilində mümkün dissidentliklə bağlı narahatlığın əlamətlərini görürür. Analitiklər düşünülər ki, Cinpin şəxsi nəzarətindən kənarda olan hər hansı potensial təsir mərkəzlərini yox etməklə, hakimiyyətin dayanıqlığını gücləndirməyə çalışır. Hərbi dairələr, xüsusilə Çjan Yusyanın da daxil olduğu «şahzadələr» - inqilab veteranlarının övladları – ənənəvi olaraq, öz təsir kanallarına malik xüsusi kasta formalaşdırıblar. Bu səbəbdən, onun vəzifədən kənarlaşdırılması rəmzi olaraq, ordunun Si Cinpinin rəhbərlik etdiyi partiya vertikalına tam tabe hala gətirilməsi kimi qiymətləndirilir.
Bəzi şərhçilər isə Çin liderinin addımlarını ordunun müasirləşdirilməsindəki uğursuzluqlarla əlaqələndirir. Bəzi ehtimallara görə, Cinpin ilə generallar arasında hərbi müasirləşmənin vaxt qrafiki ilə bağlı fikir ayrılıqları var. «The Wall Street Journal» yazır ki, Cinpin 2027-ci ilə qədər ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini vacib sayırsa, general Çjan Yusya 2035-ci ili daha real tarix hesab edirmiş. Deyilənə görə, Çin Xalq Azadlıq Ordusunun müasirləşdirilməsi mərhələlərinə tam rəqəmsal idarəetmə sisteminin yaradılması və nüvə komandanlığı üçün kvant texnologiyalarının tətbiqi də daxildir. Çin elektronika, şəbəkələr və idarəetmənin əsas rol oynadığı yüksək texnologiyalı müharibəyə yönəlmiş ordu qurur. Belə iddialı planın həyata keçirilməsi üçün isə Cinpinə ənənəvi üsullara alışmış köhnə generallar deyil, sədaqətli icraçılar lazımdır.
Tayvanın müjdəçisi?
Qərbdə daha geniş yayılmış digər versiyaya görə, kadr təmizləmələri Çinin Hind-Sakit okean regionunda ABŞ ilə açıq qarşıdurmaya keçdiyinin əlaməti ola bilər. Hər halda, Cinpinin qərarlarının miqyası yaşananların sistemli xarakter daşıdığını göstərir. Araşdırmalar Strateji Təyinatlı Raket Qoşunlarından tutmuş, Hərbi Dəniz Qüvvələrinədək bütün ordu növlərini, həmçinin Tayvan istiqamətində əməliyyatlara cavabdeh olan Şərq dairəsi daxil olmaqla, beş hərbi dairənin hamısının komandanlığını əhatə edib.
Dəfələrlə Tayvan məsələsinin güc yolu ilə həllinin mümkün olduğu tarix kimi 2027-ci il göstərilib. Bunun rəmzi mənası var. 2027-ci ildə Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 100 ili tamam olur və həmin vaxt Çin Kommunist Partiyasının növbəti qurultayı keçirilməlidir. Qurultayda Si Cinpinin dördüncü müddətə dövlət başçısı seçiləcəyi gözlənilir. Bir çox ekspert hesab edir ki, son iki ildə ABŞ ilə Çin arasında Tayvanla əlaqəli hərbi münaqişə riski xeyli artıb. Çin ordusu məhz bu senariyə hazır olduğunu nümayiş etdirmək üçün 2025-ci ilin dekabrında Tayvanın sahil sularında genişmiqyaslı hərbi təlimlər də keçirib, təlimlərdə adanın dəniz və hava blokadası imkanları nümayiş etdirilib.
Bütün bunların fonunda 75 yaşlı Çjan Yusyanı sadəcə təcrübəli hərbi rəhbər kimi yox (o, quru qoşunlarında xidmət edib, Çin Xalq Azadlıq Ordusunda real döyüş təcrübsinə malik azsaylı şəxslərdəndir), həm də ölkənin hərbi isteblişmentində ehtiyatlı mövqenin səsi kimi xarakterizə olunur. Yusya kimi generalların ordudan uzaqlaşdırılması o deməkdir ki, Silahlı Qüvvələrdə Cinpini Tayvan məsələsinin hərbi həllindən çəkinməyə çağırmağa cəsarət edəcək heç kim qalmayacaq. «Si Cinpin hakimiyyəti öz əlində cəmləşdirərək, yeganə qərar qəbuletmə mərkəzinə çevrilib. Bu, onun Tayvana potensial hərbi müdaxilə imkanlarını genişləndirir», - deyə «The Wall Street Journal» yazır.
Bununla belə, Qərb ekspertləri onu da vurğulayırlar ki, kadr təmizləmələri öz-özlüyündə Tayvana hərbi müdaxilənin qaçılmaz hala gəldiyini də göstərmir. Bu, sadəcə, Pekinin mümkün eskalasiyaya hazırlığı kimi qiymətləndirilə bilər ki, bu da hər kəsi ordu rəhbərliyindəki dəyişiklikləri daha diqqətlə izləməyə vadar edir. Eyni zamanda bir sual da yaranır: mühafizəkar generalların ordudan uzaqlaşdırılması Silahlı Qüvvələrin müasirləşdirilməsini, həqiqətən, sürətləndirə, Ayvana qarşı hipotetik əməliyyatda onun effektivliyini artıra bilərmi?
Daha bir versiyaya görə, yaxın perspektivdə Çin birbaşa hərbi müdaxiləyə deyil, «çoxsəviyyəli məcburetmə» strategiyasından istifadəyə üstünlük verəcək. Məsələn, dəniz və hava blokadası imitasiyalı miqyaslı hərbi təlimlər, kiberəməliyyatlar, informasiya təzyiqi və iqtisadi tədbirlər. Pekin güc tətbiqinə əl atmadan, Tayvanın müqavimətini məhz bu yolla tədricən azaltmağı düşünə bilər.
Adanın əsas sponsoru və həyati əhəmiyyətli dəstəkçisi olan ABŞ Tayvanın Çinə birləşdirilməsinin əleyhinədir. Belə ki, o, Tayvanı özünün regiondakı həyati maraqlarının təmini baxımından həlledici əhəmiyyətə malik amil sayır.
«The Wall Street Journal» daha bir maraqlı xəbər yayıb. Məlumata görə, Yusya ilə bağlı ABŞ-yə xüsusilə Çinin nüvə silahı proqramı ilə bağlı məlumatlar ötürməsi iddiaları ilə bağlı da araşdırmalar aparılır.
İqtisadi çağırışlar və regional təhlükəsizlik
Digər yandan bu qədər genişmiqyaslı kadr təmizləmələri ölkənin hərbi rəhbərliyində boşluq yaradır. Üstəlik, iqtisadi böhran amili də var ki, bu da Si Cinpinə təzyiqləri artırır. Hazırda Çin iqtisadiyyatı bir sıra struktur çağırışları ilə üz-üzədir: artım tempi zəifləyir, kredit fəallığı azalır, daşınmaz əmlak bazarında böhran yaşanır, daxili tələbat zəifləyir. Rəsmi məlumata görə, 2025-ci ildə Çində ÜDM 5% artaraq, hökumətin müəyyənləşdirdiyi hədəf göstəriciyə çatıb. Müstəqil iqtisadçılar isə bildirirlər ki, bu, genişmiqyaslı fiskal dəstək sayəsində əldə olunub və əsas göstəricilər zəif olaraq qalır. 2026 və 2027-ci illər üçün proqnozlarda artımın zəifləyəcəyi bildirilir.
Bununla yanaşı, ABŞ ilə ticarət gərginliyi əlavə məhdudlaşdırıcı amil kimi çıxış edir. Trampın hakimiyyətə qayıdışından sonra yeni rüsumların tətbiqi, texnoloji məhdudiyyətlərin sərtləşdirilməsi təhlükəsi var. Bu şəraitdə Pekin çıxış yolları axtarır və bəzi hesablamalara görə, iqtisadi və maliyyə sisteminin bazasının yenidən qurulması, uzunmüddətli qarşıdurma şəraitində milli təhlükəsizliyin təmininə yönəlmiş modelə keçid üzərində düşünülür.
Amma Çin ilə qarşıdurma ABŞ Prezidentinə də sərf etmir. Hər halda l, xarici siyasətin məhz bu istiqamətində çoxlarının gözləntilərinin əksinə olaraq, praqmatizmə, razılaşmalara hazır olduğunu nümayiş etdirir. Qarşılıqlı narahatlıq yaradan məsələlərlə bağlı Cinpinin də Vaşinqtonla razılığa gəlmək istədiyi istisna deyil. Amma bu danışıqlar üçün də Çin liderinə ölkənin hərbi rəhbərliyində «artıq səslər»in eşidilməməsi, maksimum konsantrasiya lazımdır.
Pekinin həyata keçirdiyi bu kadr dəyişiklikləri qonşu Yaponiya, Hindistan və Cənubi Koreya üçün regional təhlükəsizlik baxımından əhəmiyyətlidir. Tokio ənənəvi olaraq, Çinin hərbi gücünü artırmasını strateji təhdid sayır, Çin Xalq Azadlıq Ordusunun hərbi planlaşdırma strukturundakı istənilən dəyişikliyi diqqətlə izləyir. Hindistanlı ekspertlər hadisələri Himalaydakı sərhəd qarşıdurması prizmasından dəyərləndirirlər, Seul isə kadr dəyişikliklərinin Çin ordusunun Sarı dənizdəki davranışlarının proqnozlaşdırılmasını çətinləşdirə biləcəyindən ehtiyatlanır. Bununla yanaşı, koreyalılar hesab edirlər ki, baş verənlər Pxenyana qarşı sanksiyalar və bölgəyə ABŞ-nin raketdən müdafiə sisteminin yerləşdirilməsi istiqamətlərində Cənubi Koreyaya təzyiqləri artıra bilər.
Maraqlıdır ki, baş verənlərə Çinin digər qonşusu – Rusiya təmkinli reaksiya göstərir. Halbuki general Çjan Yusya Moskva ilə Pekin arasında hərbi əməkdaşlığın dərinləşdirilməsində əsas rol oynamış şəxsdir. Bununla yanaşı, ehtimal olunur ki, Rusiya rəhbərliyi baş verənlərin Şanxay Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli formatlarda fəaliyyətin koordinasiyasını çətinləşdirə, silahlanma və təlimlər sahəsində birgə layihələrə mənfi təsir göstərə biləcəyindən narahatdır.
Beləliklə, Çin ordusunda baş verənlər sadəcə kadr dəyişikliyi sayıla bilməz. Söhbət dünyanın ən böyük ordusunun hərbi idarəetmə sisteminin kökündən yenidən qurulmasından gedir. Bu, bir tərəfdən alternativ təsir mərkəzləri riskini azaldırsa, digər yandan sistemi daha kövrək vəziyyətə gətirir. Hakimiyyətin yüksək səviyyədə təmərküzləşməsi şəraitində istənilən daxili problem daha ciddi nəticələrə aparıb çıxara bilər.
Baş verənlər qlobal güc balansı üçün də qeyri-müəyyənlik mərhələsinə keçid deməkdir. Si Cinpinin rəhbərlik etdiyi Çinin geosiyasi iddiaları getdikcə artır – «Bir kəmər, bir yol» təşəbbüsündən tutmuş, Şərqi Çin və Cənubi Çin dənizləri, həmçinin Tayvanla bağlı mövqenin sərtləşdirilməsinədək. Bu səbəbdən də, Pekində yaşananlara ayrıca bir ölkənin daxili işi kimi yox, yaxın illərdə dünya siyasətində konfiqurasiyanı müəyyən edəcək hadisə kimi yanaşılmalıdır. Çin ordusunda misli görünməmiş təmizləmə, çətin ki, bu prosesin finalı olsun. O, daha çox nəticəsi hələ məlum olmayan dramın başlanğıcını xatırladır.
MƏSLƏHƏT GÖR:

56

