9 Mart 2026

Bazar ertəsi, 10:31

NƏHƏNG Aİ-HİNDİSTAN SAZİŞİ

Yeni Dehlidə əldə olunmuş razılaşma dünya siyasəti və iqtisadiyyatına ciddi təsir göstərəcəkmi?

Müəllif:

15.02.2026

Avropa İttifaqı (Aİ) ilə Hindistan arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən tarixi saziş imzalanıb. Onun reallaşdırılması hazırda yenidən formalaşdırılan qlobal siyasi-iqtisadi sistemin böyük bir hissəsinə çevrilə bilər.

 

Müdafiə, ticarət və s.

Aİ ilə Hindistan arasında rəsmi dialoq tərəflərin (birinci tərəf o zaman Avropa İqtisadi Birliyi idi) diplomatik münasibətlər qurduğu 1962-ci ildə başlayıb. 2004-cü ildə Brüssel ilə Yeni Dehli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar ki, bu da siyasi və ticari əməkdaşlıqla yanaşı, təhsil, elm, texnologiya və terrorçuluqla mübarizə kimi sahələrdə ikitərəfli münasibətləri genişləndirib. Daha üç il sonra tərəflər hərtərəfli ticarət və investisiya sazişi üzrə danışıqlara start verib. Lakin 6 il davam edən bu proses bazarlara çıxış, əqli mülkiyyət və Hindistandan olan yüksəkixtisaslı kadrlar üçün viza məsələləri ilə bağlı fikir ayrılıqları üzündən «dalana dirənib».

Brüssel ilə Yeni Dehli, nəhayət, dialoqun fəallaşmasına 2020-ci ildə keçirilmiş Aİ-Hindistan sammiti ilə təkan verib. Məhz həmin sammitdə əməkdaşlıqla bağlı 5 il üçün nəzərdə tutulmuş yol xəritəsi də qəbul olunub. 2022-ci ildə ticarət sazişi üzrə danışıqlar bərpa edilib, 2025-ci ilin martında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Hindistana səfəri zamanı tərəflər yaxın zamanlarda saziş imzalamaq niyyətlərini elan ediblər. Bu niyyət 2026-cı il yanvarın 25-27-si tarixlərində reallaşıb. Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Hindistan Respublikasının 77 illiyinə həsr olunmuş tədbirdə və 16-cı Aİ-Hindistan sammitində iştirak ediblər. Bir sıra mühüm ikitərəfli sənədlər də bu sammitdə qəbul edilib. Onlardan ən vacibi ticarət haqqında sazişdir. Sənədə əsasən, Hindistan yeddi il ərzində Aİ-dən idxal olunan malların 96,6%-i üzrə gömrük rüsumlarını azaldacaq, Aİ isə Hindistandan idxal olunan malların 99,5%-i ilə bağlı eyni addımı atacaq. Xüsusilə Hindistan Avropa avtomobillərinə tətbiq olunan rüsumu 110%-dən 10%-ə endirəcək, Aİ isə Hindistanın zərgərlik və tekstil məmulatları, qiymətli daşlar və dəniz məhsullarının bazarlarına çıxış şərtlərini yaxşılaşdıracaq.

Bundan başqa, tələbələr, tədqiqatçılar və ixtisaslı mütəxəssislər üçün viza proseduru sadələşdiriləcək. Bununla əlaqədar mobillik və miqrasiya haqqında saziş imzalanıb. Yeni Dehlidə Aİ-nin «Legal Gateway» ofisinin açılması nəzərdə tutulur. O, viza müraciətlərinə, ixtisasların tanınmasına, Avropanın əmək bazarı ilə bağlı məlumatların əldə olunmasına dəstək göstərəcək.

Tərəflər rəqəmsal ticarət və qabaqcıl elektron imzalar sahəsində əməkdaşlığa dair də razılığa gəlib. Karbon tənzimləmə mexanizminin yaradılması məsələsi də ayrıca qeyd olunmalıdır. Söhbət yüksək karbon emissiyası ilə istehsal edilən malların idxalına tətbiq ediləcək vergidən gedir. Razılaşmaya əsasən, Aİ Hindistanın polad və alüminium sənayesinin dekarbonizasiyası üçün texniki ekspertizanın təmini məqsədilə 500 milyon avro maliyyə yardımı ayıracaq.

Aİ ilə Hindistanın 2030-cu ilədək birgə hərtərəfli strateji gündəliyi qəbul etmələri, həmçinin tarixdə ilk dəfə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalamaları da önəmli hadisədir. Bu saziş dəniz təhlükəsizliyi, müdafiə sənayesi, ən yeni texnologiyalar, kibertəhlükəsizlik, kosmos, hibrid təhdidlərin aradan qaldırılması, terrorçuluqla mübarizə kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Bundan başqa, tərəflər informasiya təhlükəsizliyi üzrə sazişlə bağlı danışıqların başa çatdırıldığını da bəyan edib və bunu alqışlayıb.

Beləliklə, Aİ ilə Hindistan sahəvi dialoqdan sistemli əməkdaşlığa, demək, mahiyyət etibarilə strateji tərəfdaşlığa keçirlər. Bu, beynəlxalq arenada geosiyasi və geoiqtisadi dəyişikliklərin çox önəmli təzahürlərindən biri sayıla bilər. Nəzərə alsaq ki, bu tarixi saziş dünya ÜDM-in təxminən 25%-ni təşkil edən iqtisadiyyatları birləşdirir, Brüssel ilə Yeni Dehli ticarət, texnologiya, informasiya və müdafiə gündəliklərini strukturlaşdırılmış şəkildə bir-birinə inteqrasiya etmək niyyətlərini ortaya qoyur, baş verənlərin qlobal əhəmiyyətini görməmək mümkün deyil.

 

ABŞ, Çin və digərləri

Aİ-Hindistan yaxınlaşmasında həlledici rollardan birini ABŞ tərəfindən onlara təzyiqlərin artması oynayıb. Söhbət xüsusilə Donald Tramp administrasiyası dövründə tətbiq olunan ticarət rüsumlarının artırılması təcrübəsindən gedir. Vaşinqtonun 2025-ci ildə bir sıra Hindistan mallarına 50%-lik rüsum tətbiq etməsi Yeni Dehlinin ciddi itkilərlə üzləşməsinə səbəb olub. Belə bir vəziyyətdə Hindistanda Brüssel ilə ticarət sazişinə ABŞ-nin siyasəti üzündən yaranmış məhdudiyyətlərin yumşaldılması imkanı kimi də baxılır. Aİ isə göstərir ki, o, Trampın sərt ticarət siyasətinə dünyanın ən sürətlə irəliləyən inkişaf etməkdə olan iqtisadiyyatı ilə miqyaslı ticarət sazişinin imzalanması kimi addımlarla cavab verə bilər.

Aİ-Hindistan yaxınlaşmasında Çinin dünya siyasəti və iqtisadiyyatındakı rolunun əhəmiyyətli dərəcədə artması da ciddi rol oynayır. Məhz bu reallığa cavab olaraq Brüssel ilə Yeni Dehli ticarət axınlarının şaxələndirilməsinə qarşılıqlı dəstək göstərirlər. Aİ Hindistanla birgə təchizat zənciri qurmaqla Çindən asılılığı azaltmağa çalışırsa, Yeni Dehli bu sazişdən Avropa ilə Asiyanın birləşdirilməsində – qitələrarası inteqrasiyada özünün mühüm rolunu sübut edən ciddi arqument kimi yararlanmaq niyyətindədir.

İmzalanmış sazişin geniş geosiyasi kontekstini liderlərin bəyanatları da təsdiqləyir. Avropa İttifaqı Şurasının rəhbəri Koşta sənədin imzalanması ərəfəsində bildirmişdi ki, ticarət sazişi «dünyaya Hindistanla Avropa İttifaqının tariflərə deyil, ticarət sazişlərinə daha çox inandıqlarına dair mühüm siqnal olacaq». Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə «təxminən iki milyard insanı əhatə edəcək azad ticarət zonasının formalaşmasından» danışaraq, əldə edilmiş razılaşmanı «dünyanın ikinci və dördüncü ən böyük iqtisadiyyatları olan nəhənglərin hekayəsi» adlandırmışdı. O, Brüssel ilə Yeni Dehlinin «həqiqi qarşılıqlı faydalı tərəfdaşlıq yolunu seçdiklərini» söyləyib. Fon der Lyayen müdafiə sahəsindəki sazişin əhəmiyyətini də xüsusi vurğulayıb: «Bu gün dünyanın iki ən böyük demokratiyası təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığa başladıqlarını elan edir». Onun fikrincə, bu tərəfdaşlıq «əsas strateji məsələlər üzrə daha sıx əməkdaşlıq üçün platformaya çevriləcək».

Hindistanın baş naziri Narendra Modi isə öz növbəsində, Aİ ilə razılaşmanı «bütün sazişlərin anası» adlandırıb.

Bununla yanaşı, Aİ-Hindistan sazişinin geosiyasi əhəmiyyəti ABŞ və bütövlükdə Qərb üçün son dərəcə önəmli olan daha bir məsələdə özünü göstərir. Söhbət Ukrayna ilə müharibəni davam etdirən Rusiyanın ticarət-iqtisadi təcridi məsələsindən gedir. Rusiyalı ekspertlər etiraf edirlər ki, Brüssel ilə Yeni Dehli arasında əldə olunmuş razılaşma orta və uzunmüddətli perspektivdə Moskva üçün çağırışa çevriləcək. O, Rusiya neftinin ixracına birbaşa təsir göstərməyə bilər, lakin Hindistan bazarlarında rus malları ixracatçılarının Avropadan tədarükçülər qarşısında qiymət üstünlüyünü itirməsi təsirsiz ötüşməyəcək. Ümumiyyətlə, Aİ ilə Hindistan arasındakı saziş Rusiyanın nəinki Hindistanda, bütün Cənubi Qafqazda və Hind-Sakit okean regionunda geosiyasi və geoiqtisadi rolunun azaldığının göstəricisidir.

Bu azmış kimi, güman ki, ABŞ prezidentinin fevralın 3-də Hindistanın baş naziri ilə ticarət sazişinin imzalanmasına dair razılıq əldə etməsi fonunda Moskva üçün Hindistan istiqamətindəki perspektivlər daha da çətinləşəcək. Həmin razılaşmaya əsasən, ABŞ Hindistan mallarının ixracına əvvəl tətbiq etdiyi 50%-lik rüsumu 18%-ə endirəcək. Bununla yanaşı, Donald Tramp Narendra Modinin Rusiya neftinin idxalından imtina edərək, «qara qızıl»ı ABŞ və Venesueladan alacağına söz verdiyini bildirib.

Yeni Dehli ilə Brüssel arasında imzalanmış sazişlərin ciddi geosiyasi əhəmiyyətinə, onların iki tərəfin qlobal sistemdə gedən proseslərə sıx bağlılığını göstərməsinə baxmayaraq, bəzi siyasi dairələr üçün bu sənədlərin icrasında müəyyən çətinliklərin yarana biləcəyini də unutmaq olmaz. Bu, istər Hindistan tərəfinə aiddir, istərsə də Avropaya. Avropa ölkələrində nüfuzlu həmkarlar ittifaqı, qeyri-hökumət təşkilatları və bəzi siyasi dairələr Aİ-Hindistan azad ticarət zonasında prioritetin geosiyasi maraqlar olmasından, sosial və ekoloji maraqların ikinci plana atılmasından narazılıq edir. Onlar sazişdə əmək hüquqları, ətraf mühitin qorunması və iqlim öhdəlikləri ilə bağlı sərt, icrası məcburi müddəaların olmamasını qabardırlar.

Hindistandan mümkün əmək miqrasiyası da ayrıca mövzudur. Avropa Komissiyası və bir sıra milli hökumətlər bunu iqtisadi baxımdan zəruri, strateji cəhətdən isə qeyri-qanuni miqrasiyaya alternativ kimi daha üstün görür. Çünki Aİ üzvü olan bir çox dövlət səhiyyə, tikinti, logistika, xidmət kimi sahələrdə kəskin işçi çatışmazlığı problemi yaşayır. Əsasən Şərqi Avropa ölkələri isə Aİ çərçivəsində miqrasiyanın tənzimlənməsi planlarına müqavimət göstərirlər. Yerli ictimai-siyasi dairələrin narahatlığı əsasən kütləvi miqrasiyanın Avropa ölkələrinin milli kimliyinə yarada biləcəyi risklərlə bağlıdır. Bu, hindistanlı miqrantlara da aiddir.

Hüquq müdafiəsi təşkilatları isə Brüsseli başqa mövzuda tənqid edir. Onlar bildirirlər ki, Aİ Yeni Dehli ilə saziş imzalamaqla Hindistanda vətəndaş azadlıqlarının, mətbuat azadlığının məhdudlaşdırılması faktlarına, eləcə də bu ölkədə hakimiyyətin dini və milli azlıqlara qarşı ayrı-seçkilik siyasətinə göz yumub.

Hindistana gəlincə, orada sazişin tənqidçilərini narahat edən əsas məqam razılaşmanın ölkənin həssas sənaye və kənd təsərrüfatı sektorlarını avropalı rəqiblərin təzyiqi altına salması ehtimalıdır.

Nəhayət, sazişin reallaşdırılması perspektivinə müasir Avropa siyasətinin «Axilles dabanı» sayılan problem də kölgə salır. Sənəd qüvvəyə minməsi üçün həm Hindistan, həm də Avropa tərəfindən ratifikasiya olunmalıdır. Demək, onu Aİ üzvü olan bütün dövlətlər təsdiqləməli və yalnız bundan sonra Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir. Əsas skeptizm də məhz bununla bağlıdır. Aİ üzvləri sazişə fərqli yanaşa bilərlər. Bu halda onu Cənubi Amerikanın iqtisadi baxımdan ən böyük ölkələrini birləşdirən MERCOSUR ilə Aİ arasında azad ticarət sazişinin taleyi gözləyir. Avropalı fermerlərin təzyiqləri və Aİ-yə üzv bütün ölkələrin razılıq verməməsi üzündən 25 il müzakirə olunan sənəd bu il yanvarın 17-də imzalansa da, Avropa Parlamenti hələ də ciddi maneə ilə qarşı-qarşıyadır. O, artıq sazişlə bağlı hüquqi rəy alınması üçün sənədi məhkəməyə göndərib.

Amma bütün bunlar Aİ ilə Hindistan arasında imzalanmış «nəhəng saziş»in tarixi əhəmiyyətini qətiyyən azaltmır, onun dünyada gedən geosiyasi dəyişikliklərin parlaq göstəricilərindən biri olması faktını dəyişmir.



MƏSLƏHƏT GÖR:

31