NİŞANGAH ALTINDA APARILAN MÜZAKİRƏ
Diplomatik səylər regionu müharibədən qoruya biləcəkmi?
Müəllif: Samir VƏLİYEV
ABŞ-nin İran ərazisinə mümkün hərbi zərbələrin endirilməsinə hazırlığı sürətləndirməsi şəraitində Vaşinqton və Tehran arasında Omanda intensiv danışıqlar gedir. Məqsəd İranın nüvə proqramından imtinası müqabilində ona qarşı hərbi əməliyyat ssenarisinin gündəmdən çıxarılmasıdır.
Maraqlıdır ki, Maskatda aparılan danışıqları tərəflər fərqli qiymətləndirir. Tehran müzakirələrin ilkin mərhələsini təmkinli şəkildə müsbət dəyərləndirirsə, Vaşinqton, hələ ki, daha çox ümidlərdən bəhs edir. Dialoqun görünməz iştirakçısı sayılan İsraildə isə nüvə proqramı ilə bağlı müzakirələri, ümumiyyətlə, perspektivsiz sayırlar. Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu ABŞ-İran danışıqlarının növbəti raundu ərəfəsində təcili Vaşinqtona uçaraq Birləşmiş Ştatların Prezidenti Donald Tramp ilə görüşüb. O, Ağ Ev sahibini inandırmağa çalışıb ki, İslam Respublikası ilə danışıqların gündəliyinə Tehranın raket proqramı və regiondakı proksi-qüvvələrə dəstəyin dayandırılması məsələləri də daxil edilməlidir.
Danışıqlar var, nəticə yox
Tramp özü nüvə proqramı ilə bağlı danışıqların nəticə verməyəcəyi təqdirdə hərbi əməliyyatlara başlamağa hazır olan gəmilərin Yaxın Şərqə göndəriləcəyini istisna etməyib. «Axios» nəşrinə müsahibəsində o, xəbərdarlıq edib: «Oraya armada göndərilir. Ola bilsin ki, daha biri göndərilsin». Buradan aydın olur ki, Donald Tramp ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus ikinci zərbə qrupunu da İran istiqamətinə göndərmək haqda düşünür.
Bununla yanaşı, Tramp İranla ən yaxın zamanlarda razılığa gəlməyə çalışdıqlarını da söyləyib. Eyni zamanda o, Oman danışıqlarının «cüzi də olsa» nəticə verdiyini də söyləyib. ABŞ Prezidenti deyib ki, İran indi 2025-ci ilin yayında baş vermiş hərbi eskalasiya ərəfəsində olduğundan «daha böyük çeviklik» nümayiş etdirir. Bu, tənqidçilərə danışıqlar prosesinin imitasiya olmadığı, real perspektivlərə söykəndiyinə dair mesajdır. Tramp Netanyahu ilə görüşündə də bildirib ki, Vaşinqton bütün çətinliklərə baxmayaraq, iranlılarla müzakirələri davam etdirmək əzmindədir.
Maskat danışıqlarının son raundu fevralın 6-da keçirilib. Tərəflər diqqəti əsasən İranın nüvə proqramına, niyyətlərin ciddiliyinin qiymətləndirilməsinə, dialoqun davam etdirilməsi yollarının axtarışına yönəldiblər. İran tərəfi danışıqların yalnız nüvə problemi və Tehranın uranı zənginləşdirmək hüququ ilə məhdudlaşmasını istəsə də, Vaşinqton gündəliyi genişləndirərək ballistik raketlər, regional fəaliyyət, insan hüquqları kimi sahələri də əhatə etməyə çalışıb. Lakin İran ballistik raket arsenalının müzakirəsi təklifini rədd edib, zənginləşdirilmiş uranın ölkə ərazisindən kənara çıxarılmayacağını bildirib, vurğulayıb ki, Vaşinqton tərəfindən ciddi güzəştlərin olmayacağı təqdirdə belə addımların atılması mümkün deyil.
İranlılar «ciddi güzəştlər» dedikdə adətən rəmzi xarakterli addımları deyil, ABŞ-nin təzyiq siyasətində köklü dəyişiklikləri nəzərdə tutur. Söhbət əsasən iqtisadi və maliyyə sanksiyalarının, o cümlədən bank və neft sektoruna tətbiq edilmiş ikinci dərəcəli məhdudiyyətlərin tam ləğvindən gedir. Buraya Trampın ilk prezidentliyi dövründə ABŞ-nin İranla razılaşmanı tərk etməsindən sonra əldə olunmuş razılaşmaların aradan qaldırılmayacağına dair hüquqi və siyasi təminat məsələsi də daxildir. Tehran hesab edir ki, ABŞ-nin yeni administrasiyasının razılaşmaları yenidən nəzərdən keçirilməsinin istisna olunması, İranın öz ərazisində beynəlxalq hüquq çərçivəsində uranı zənginləşdirmək haqqının tanınması, həmçinin onun xaricdəki aktivlərinin dondurulması qərarının ləğvi vacibdir. Başqa sözlə, söhbət qismən yumşalmadan yox, sistemli iqtisadi və hüquqi təminatlardan gedir.
Tehran Vaşinqtonla təmaslara qarşısına qoyduğu məqsədlərə çatmaq ümidi kimi yanaşır. Ölkənin xarici işlər naziri Abbas Əraqçi danışıqları «yaxşı başlanğıc» adlandırıb, diplomatik prosesin davam etdirilməsinin vacibliyi haqda qarşılıqlı anlaşmanın əldə olunduğunu söyləyib. Bununla yanaşı, o, hələlik faktiki razılaşmaların olmadığını deyib. Omanlı vasitəçilər isə dialoqun mövqelərin aydınlaşdırılmasına, gələcək müzakirələr üçün zəmin yaradılmasına kömək etdiyini bildiriblər.
Yanaşmalardakı fərqlər fonunda
Müsbət bəyanatlara baxmayaraq, ekspertlər hesab edirlər ki, tərəflər arasında qarşılıqlı etimad səviyyəsi aşağı olaraq qalır, hərbi gərginlik, eskalasiya riski isə yüksəkdir. Məsələ ondadır ki, ABŞ paralel olaraq regionda hərbi mövcudluğunu gücləndirir, yeni sanksiyalara əl atır. İranlı analitiklər deyirlər ki, danışıqlar bəlkə də vaxt qazanılması üçün taktiki xarakter daşıyır. Hər halda, hələlik tərəflərdən heç biri fundamental güzəştlərə getmir.
Ümumilikdə Maskatda əldə olunan razılaşmalar «ilkin və məhdud» kimi xarakterizə edilir. Əsas məsələlər sayılan nüvə proqramı, sanksiyalar, regional təhlükəsizlik sahələrində irəliləyiş göstəricisi sayılacaq qərarlar yoxdur. Tərəflər, sadəcə, müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edib.
Mənzərəni «diplomatik duman» olmadan, reallığa uyğun ümumiləşdirsək, o, belə görünür: ABŞ-nin mövqeyi təmkinli, lakin sərt və əsasən instrumental xarakter daşıyır. O, Oman danışıqlarını hərtərəfli nüvə sazişinə qayıdış cəhdi kimi yox, ilk növbədə, eskalasiyanı idarə etmək mexanizmi kimi görür. Vaşinqtonun əsas vəzifəsi İranın nüvə proqramını kritik həddən aşağı səviyyədə (ilk növbədə, uranın zənginləşdirilmə dərəcəsi və ehtiyatların toplanması tempi baxımından) «dondurmaq»dır. Amma o, buna üzərinə sanksiyaların sistemli ləğvi ilə bağlı öhdəlik götürmədən nail olmaq istəyir. Amerikalılar «sazişin bərpası» məsələsindən şüurlu şəkildə qaçır, üstünlüyü eskalasiyanın qarşısını müvəqqəti olaraq alacaq mərhələli, sonradan imtina edilməsi mümkün razılaşmalara üstünlük verirlər. Bununla yanaşı, Birləşmiş Ştatlar qeyri-formal da olsa, danışıqların gündəliyini genişləndirmək, raket və İranın regiondakı fəaliyyəti ilə bağlı məqamları oraya daxil etmək istəyir. Çünki o, regiondakı müttəfiqləri, ilk növbədə isə İsrail üçün ən həsaas mövzuların məhz bunlar olduğunu yaxşı bilir. Burada hərbi amildən təzyiq vasitəsi kimi istifadə edilir. Yəni Amerikanın güc ssenarisinə hazır olduğunu nümayiş etdirməsi danışıqların «qiymətini artırmağa» hesablanıb.
İranın mövqeyinə gəlincə, o, ritorikadan çox məzmun baxımından sərtdir. Tehranda hesab edirlər ki, danışıqlar yalnız nüvə proqramını əhatə edə bilər və müdafiə məsələləri müzakirə mövzusu deyil. İran öz ərazisində uranı zənginləşdirmək hüququnun tanınmasında israr edir. Bununla yanaşı, iranlılar bildirirlər ki, istənilən məhdudiyyət, ilk növbədə, neft və maliyyə sektorları ilə bağlı sanksiyaların konkret və ölçülə biləcək şəkildə yumşaldılması ilə əlaqələndirilməlidir. Odur ki, Tehranın təmkinli nikbinliyini onun kompromislərə hazır olması kimi qiymətləndirmək mümkün deyil. Bu, həm də ABŞ-nin hələ konkret ultimatumlara keçmədiyinin də göstəricisidir.
İran danışıqları strateji baxımdan vaxt qazanmaq, ABŞ-nin hərbi müdaxiləsi riskini azaltmaq, Vaşinqtonun təzyiqlərinin hansı həddədək ola biləcəyini müəyyənləşdirmək vasitəsi kimi qiymətləndirir. Bu şəraitdə zənginləşdirilmiş uranın ölkədən çıxarılmasından, əlavə yoxlama mexanizmlərindən imtina prinsipial «qırmızı xətt» olaraq qalır.
Qonşular müharibənin əleyhinədir. İsrailin öz mövqeyi var
Baş verənlər fonunda region dövlətlərinin proseslərə reaksiyası da diqqətəlayiqdir. Strateji prioritetlərdəki fərqlərə baxmayaraq, İranın heç bir qonşusu hərbi eskalasiyada maraqlı deyil. Bununla yanaşı, onları Tehranın nüvə potensimalına malik olması perspevtivi də narahat edir və bu ölkələr bu perspektivi strateji qeyri-sabitlik amili kimi qiymətləndirirlər.
Ən sərt mövqedən çıxış edən ənənəvi olaraq, İsraildir. Təl-Əviv əmindir kmi, uranın zənginləşdirilməsi ilə bağlı parametrlərin yalnız müvəqqəti dondurulmasını nəzərdə tutan qismən və ya mərhələli razılaşmalar təhlükəni aradan qaldırmır, sadəcə təxirə salır. İsrail hesab edir ki, strategiya İranın qısa müddətdə nüvə silahı səviyyəsinə keçid etməsinə imkan verən infrastrukturdan məhrum olunmalıdır. Bu kontekstdə ABŞ-nin hərbi təzyiqləri tədbir kimi deyil, real güzəştlərə məcburetmə elementi kimi qəbul olunur. Təsadüfi deyil ki, İsrailin baş naziri ABŞ-yə təcili səfəri zamanı Vaşinqtonu İrana təzyiqləri azaltmamağa, bütün zəruri güzəştlərə nail olmağa çağırıb. Netanyahu əmindir ki, yumşaq və ya qismən razılaşma İrana nüvə proqramının əvvəlki vəziyyətinə tez bir zamanda qayıtmaq imkanı yarada bilər. Baş nazir deyib ki, əks təqdirdə, İsrail önləyici tədbirlər görmək hüququnu özündə saxlayır. Bir sözlə, Təl-Əvivin də mövqeyi dəyişməzdir.
Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri daha praqmatik və ehtiyatlı yanaşma ortaya qoyublar. Əl-Riyad ilə Tehran arasında Çinin vasitəçiliyi ilə diplomatik əlaqələrin bərpasından sonra Fars körfəzi ölkələri üçün prioritet proseslərin proqnozlaşdırıla və idarə edilə bilən olmasıdır. Onların enerji infrastrukturunun yaxınlığında mümkün hərbi münaqişə neft ixracına, investisiya proqramlarına, həmçinin Hörmüz boğazı ilə logistika marşrutlarına birbaşa risk yaradır.
Bununla yanaşı, Ər-Riyad İranın nüvə dövlətinə çevrilməsində də maraqlı deyil. Beləliklə, körfəz ölkələrinin mövqeyi ikili xarakter daşıyır. Onlar diplomatiyaya üstünlük verir, lakin bu yolun İranın nüvə potensialını məhdudlaşdırmalı olduğunu düşünürlər.
Türkiyəyə gəlincə, o, ardıcıl şəkildə güc ssenarisinə qarşı çıxır, böhranı, ilk növbədə, regional iqtisadi sabitliyə və tranzit layihələrinə təhdid kimi qiymətləndirir. Ankara balansın qorunmasında maraqlıdır. Onun fikrincə, ABŞ ilə İran arasında eskalasiya regionda xarici hərbi mövcudluğunu artmasına, Türkiyənin müstəqil diplomatiyası üçün manevr imkanlarının azalmasına aparıb çıxara bilər. Bununla yanaşı, İranın nüvə dövlətinə çevrilməsinin Şərqi Aralıq dənizi və Yaxın Şərq regionlarında strateji balansı pozacağı aydındır. Bu isə Ankaranı uzunmüddətli perspektivdə öz müdafiə doktrinasına yenidə baxmaq məcburiyyətində qoya bilər.
Oman ilə Qətər ABŞ-İran danışıqlarının davam etməsinin fəal tərəfdarlarındandırlar. Onlar üçün prioritetlər Fars körfəzində hərbi münaqişənin qarşısının alınması, ticarət marşrutlarının qorunmasıdır. Bu iki dövlətin diplomatik fəallığı regionun kiçik dövlətlərinin nəhəng oyunçuların qarşıdurmasının nəticələrini minimuma endirməyə yönəlib.
Azərbaycan dialoq tərəfdarıdır
Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi diqqətəlayiqdir. Bakı İranla quru sərhədinə malik olmaqla yanaşı, ABŞ ilə strateji tərəfdaş, İsrail ilə sıx hərbi-siyasi əlaqələri olan dövlətdir. Bu mənada o, obyektiv olaraq həssas geosiyasi konfiqurasiyada yerləşir. Azərbaycan ardıcıl olaraq üçüncü tərəflər arasındakı münaqişələrə qoşulmamaq mövqeyindən çıxış edir, geosiyasi sabitliyin qorunması xəttini tutur. Bakı üçün ölkə ərazisinin və ya ona bitişik məkanların ABŞ-İran qarşıdurmasına cəlb olunması ssenarinin istisna təşkil etməsi çox vacibdir.
Mənzərə ümumilikdə paradoksal, lakin məntiqli konstruksiya yaradır. İranın qonşuları hərbi eskalasiyanı dəstəkləmirlər. Çünki bu halda hərbi qarşıdurmanın nəticələri – enerji infrastrukturuna zərbələr, Hörmüz boğazının bağlanması, neftin bahalaşması, proksi-qrupların fəallaşması sistemli hal ala bilər. Amma İranın nüvə dövlətinə çevrilməsi perspektivi də strateji balans üçün uzunmüddətli təhdid kimi qiymətləndirilir. Məhz bu üzdən regional aktorların əksəriyyəti danışıqlar prosesinin qorunub saxlanmasında maraqlıdır – o, aralıq xarakterli uzun proses olacaqsa belə. Onlar idarə olunan qeyri-müəyyənliyi açıq hərbi qarşıdurmadan daha az təhlükəli alternativ kimi qəbul edirlər.
MƏSLƏHƏT GÖR:



79

