9 Mart 2026

Bazar ertəsi, 10:57

ERMƏNİSTAN UZAQLAŞIR

İrəvan Moskva ilə strateji bağı necə və niyə kəsir?

Müəllif:

15.02.2026

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq. Onun sözlərinə görə, eyni vaxtda iki inteqrasiya birliyində yer almaq mümkün deyil.

Beləliklə, Ermənistanın Rusiyadan uzaqlaşması artıq mübahisə və şərh mövzusu yox, siyasi faktdır. Üstəlik, prosesi ani və emosional deyil, daha çox struktur xarakteri daşıyır, zaman baxımından regional və qlobal proseslərlə sinxron həyata keçirilir. Ermənistanın baş aziri Nikol Paşinyan son aylardakı bəyanatları ilə faktiki olaraq, 2020-ci ildən bu yana baş verənləri təsdiqləyir: Ermənistanın Rusiyanın təhlükəsizlik, iqtisadi və ümumi təsir orbitindən çıxır.

 

Siyasi qopma: Rusiya – müttəfiqdən «düşmən aktor»a

Paşinyanın KTMT-nin Ermənistan dövlətçiliyinin məhv edilməsi ilə bağlı qərar qəbul etdiyinə dair bəyanatı sadəcə emosional ritorika deyil. Siyasi leksikonda belə ifadələr statusun yenidən müəyyənləşdirilməsi deməkdir. Rusiyanın təşəbbüsü ilə yaradılmış KTMT ilk dəfədir ki, problemli tərəfdaş, yaxud faydasız müttəfiq yox, «ekzistensional təhdid» adlandırılıb. Bu, faktiki olaraq «qırmızı xətt»in keçilməsi deməkdir. Bu tip ifadələrdən sonra siyasi kurs və ya hakimiyyət tam dəyişmədən əvvəlki münasibətlərə qayıdış mümkün olmur.

Daha bir vacib məqam var: Paşinyan bu fikirləri öz şəxsi qiymətləndirməsi kimi deyil, dövlətin şüurlu şəkildə gəldiyi nəticə kimi səsləndirib. O, bu təhdidi iki addımla aşdıqlarını söyləyib: 2022-ci ilin Praqa razılaşması və KTMT-də iştirakın dondurulması. Baş nazir bununla «qopma»nı sanki «köhnə tarixlə rəsmiləşdirir».

 

Rusiyanın zəmanət modelinin iflası: institusional uzaqlaşma

KTMT Rusiya-Ermənistan münasibətlərinin təməl daşı sayılıb. Odur ki, 2020-2023-cü il hadisələri zamanı təşkilatın faktiki iflic vəziyyətinə düşməsi erməni cəmiyyətinin gözündə psixoloji dönüş nöqtəsinə çevrilib. KTMT-nin mövqeyi ilə bağlı stereotiplər məhz həmin dövrdə aydın şəkildə formalaşıb. Onun İkinci Qarabağ müharibəsinə, həmçinin Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə Qarabağ ərazisindən ermənilərin könüllü şəkildə tam çıxıb getməsi zamanı hadisələrə müdaxilə etməməsi İrəvanda artıq Rusiyanın təhlükəsizlik zəmanətinin işləmədiyi qənaətini yaradıb. Bu mənada, Ermənistanın təşkilata üzvlüyünü dondurması taktiki demarş yox, əvvəlki təhlükəsizlik sisteminin strateji iflasının faktiki etirafıdır. Belə şəraitdə təşkilatın sıralarının tərk olunması zaman, uyğun siyasi məqam axtarışı məsələsinə çevrilir. Amma real ayrılıq siyasi bəyanatlar və deklarasiyalarda deyil. Söhbət sistemli institusional uzaqlaşmadan gedir. Bu proses yalnız hərbi strukturlarla bağlı dəyişikliklərlə məhdudlaşmayacaq. Burada Rusiya sərhədçilərinin rolunun azalması, 102-ci hərbi bazanın formatına yenidən baxılması, Rusiyanın bütün danışıqlar treklərindən çıxışdırılıb çıxarılması kimi məsələlər də aktuallaşacaq.

 

Geosiyasi seçim: ABŞ və Qərbə «stavka»

İndi Rusiyanın vasitəçilik missiyasını Aİ və ABŞ-ın timalında Qərb institutları, Vaşinqton və Brüssel tərəfindən dəstəklənən ikitərəfli formatlar əvəzləyir. Moskva «məcburi iştirakçı»dan arzuolunmaz müşahidəçiyə çevrilir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarda ABŞ-yə etdiyi səfər, İrəvan-Vaşinqton dialoqunun fəallaşması, təhlükəsizlik sahəsində əməkdaşlığın yeni formatlarının müzakirəsi alternativ müdafiə çətirinin formalaşdığını göstərir.

Paşinyan kor-koranə hərəkət etmir. O, Rusiya ilə bağlı ritorikasını yalnız əvvəlcədən siyasi təminatlar alındığı təqdirdə bu qədər sərtləşdirə bilərdi. Ermənistanın Moskva ilə davranışı göstərir ki, artıq ABŞ-nin regionla bağlı strategiyasında İrəvanın rolu müəyyənləşib, o, İranın qarşısının kəsilməsi və Cənubi Qafqazda nüfuzların yenidən bölüşdürülməsi kimi daha geniş proseslərə inteqrasiya olunub. Görünən odur ki, TRIPP marşrutu və ABŞ-nin regiondakı fəallığı Ermənistanın yeni təhlükəsizlik arxitekturasının başlanğıc nöqtəsidir və bu arxitekturada Rusiyaya yer olmadığı aydındır.

 

Ermənistanın gedişinə Rusiyanın reaksiyası

Hələlik Rusiya tərəfi «Ermənistanın Moskvanın nüfuz dairəsini tərk etdiyi» ilə bağlı formal şəkildə rəsmi bəyanatlar səsləndirmir. Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Yerevan müttəfiqlikdən uzaqlaşmanı davam etdirərsə, Moskva onunla münasibətlərə yenidən baxa bilər.

Rusiya rəsmiləri İrəvanın Qərbə yönəlmiş addımlarını tənqidi qiymətləndirir, bunun iki ölkə arasındakı münasibətə risklər yaratdığını bildirir. Lavrov daha əvvəl demişdi ki, Ermənistanın Aİ-yə üzvlüyə can atması və ya onunla daha sıx əlaqə qurmaq istəyi Rusiyanın təşəbbüsü ilə yaradılmış Aİİ-yə üzvlüklə bir araya sığmır. Ümumiyyətlə, İrəvanın Aİ ilə yaxınlaşması Rusiya XİN-i tərəfindən dəfələrlə tənqid olunub, bu yaxınlaşmanın mümkün mənfi nəticələri ilə bağlı xəbərdarlıqlar edilib. Yəni Moskva demək istəyir ki, Ermənistanın Aİ ilə yaxınlaşması onun Rusiya ilə münasibətlərinə təsirsiz ötüşə bilməz. Lavrovun «münasibətlərə yenidən baxa bilərik» xəbərdarlığı da bu qəbildən olan bəyanatlardandır.

Rusiya Ermənistanın təhlükəsizliyini birbaşa Moskva ilə müttəfiqliklə əlaqələndirir, İrəvanın bəzi əməkdaşlıq formatlarından çıxmasını onun özü üçün zərərli hesab edir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, indiki durumu Ermənistanın Moskvanın təsir dairəsindən qaçılmaz çıxışı kimi qiymətləndirmək düzgün deyil, lakin «Qərb amilinə aludəçilik və KTMT-yə üzvlüklə bağlı tərəddüdlər Ermənistanın müttəfiq kimi itirilməsinə aparıb çıxara bilər».

Onun həmkarı Aleksandr Rankin isə bəyan edib ki, Ermənistanın KTMT-yə üzvlük haqqının ödənişi ilə bağlı problemləri olsa belə, heç kim onu təşkilatdan çıxarmaq niyyətində deyil. «Əməkdaşlıq modallıqları»nın müzakirə edildiyini deyən Rankin ümumilikdə Ermənistanın təşkilatdan çıxmasını qaçılmaz hadisə kimi qiymətləndirməyib.

Lakin «Ermənistanı təşkilatdan çıxarmağın mümkün olmadığı» haqda bəyanatlar KTMT-nin gələcəyinin qeyri-müəyyənliyini göstərir (bu isə Moskvanın münasibətlərin soyumasından narahatlığını ortaya qoyur).

 

Üst-üstə düşən nadir maraqlar və yeni zəmanətlər

Yaranmış vəziyyətin paradoksallığı ondadır ki, Ermənistanın Rusiyadan uzaqlaşması Azərbaycanla paralel şəkildə baş verir. Bakıda bu, məlum təyyarə qəzası və Rusiyanın qeyri-adekvat davranışları ilə bağlıdırsa, İrəvan müttəfiqinin davranışlarından məyus olmuş ölkə kimi, yeni zəmanətçilər axtarır.

Tarixən Azərbaycanla Ermənistan sabit regional konfiqurasiyanı ya kənar arbitr vasitəsilə, ya da birlikdə qura bilərdilər. Bu gün ikinci variant daha real görünür: sülh gündəliyi, sərhədlərin qarşılıqlı tanınması, xarici müdaxilələrin minimuma endirilməsi, transkommunikasiya layihələrinin icrası. Ermənistanın sülh gündəliyindən istənilən uzaqlaşma cəhdi bölgəni yenidən münaqişə vəziyyətinə qaytaracaq, onu təcavüzkar ölkəyə çevirəcək. Bu gün Ermənistan tərəfinin nümayiş etdirdiyi nadir rasional yanaşma bunun fərqində olmasıdır.

Məşhur «iki qoçun başı bir qazanda qaynamaz» fikri burada tam yerinə düşür. ABŞ regionu Rusiya ilə tərəfdaş kimi deyil, onun əvəzedicisi kimi daxil olur. Bu məntiqlə Rusiyanın Ermənistanda mövcudluğu da artıq və konfliktogen xarakter alır.

Odur ki, artıq məsələ Rusiyadan Ermənistanı tərk etməsinin hansı formada və nə vaxt tələb olunacağındadır: yumşaq, yoxsa sərt? Mərhələli, yoxsa böhranlı şəkildə?

İstənilən halda, Ermənistan sadəcə Rusiyadan uzaqlaşmır. O, öz dövlət strategiyasını yenidən formalaşdırır. Mövcud siyasi kurs çərçivəsində bu prosesin geri dönüşü yoxdur. O, ağrılı, riskli olsa da, şüurlu şəkildə həyata keçirilir.

Cənubi Qafqaz yeni dönəmə qədəm qoyur. Burada köhnə zəmanətlər, keçmiş ittifaqlar, inersiyalı konstruksiyalar işləmir. Bu reallığa uyğunlaşa bilməyənlər isə ondan kənarda qalmaq riski ilə üz-üzədirlər.



MƏSLƏHƏT GÖR:

93