LİDERLİK VƏ TANINMA
İlham Əliyevin sülhə və regional sabitliyə yönəlmiş səyləri beynəlxalq qiymətini alır
Müəllif: Elçin HÜSEYNOV
Fevralın əvvəlində Əbu-Dabidə, Yaxın Şərqin ən rəmzi humanitar-siyasi platformalarından birində «Zayed İnsan Qardaşlığı Mükafatı»nın təqdimetmə mərasimi keçirilib. Tədbirin əsas fiqurlarından biri Azərbaycan Prezidenti İlham Əliyev olub. Bu iştirak nə protokol jesti idi, nə siyasi mesaj. Qlobal gündəliyin getdikcə daha çox dialoq, eynilik və postmünaqişə sülhü mövzuları ətrafında qurulduğu bir dövrdə Azərbaycan liderinin belə platformada iştirakı göstərir ki, artıq Bakı qlobal proseslərə sadəcə reaksiya vermir, həm də onun fəal iştirakçısına çevrilib.
Mükafat və sülhün yeni tarixi ölçüsü
«Zayed İnsan Qardaşlığı Mükafatı» 2019-cu ildə Əbu-Dabidə İnsan Qardaşlığı üzrə Ali Komitənin təşəbbüsü və BƏƏ rəhbərliyinin himayəsi ilə təsis edilib. O, bir tarixi hadisənin – Roma Papası Fransisk ilə Əhməd ət-Tayyibin görüşünün birbaşa nəticəsi kimi meydana çıxıb. Həmin görüş zamanı müxtəlif mədəniyyətlərə və dinlərə mənsub insanlar arasında sülhə, hörmətə və qarşılıqlı tanınmaya çağıran «İnsan Qardaşlığı Sənədi» imzalanıb. Mükafat BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Mükafatın dəyərinin rəmzi məhz Şeyx Zayedin humanitar missiyası, tolerantlıq ideyalarıdır. O, təsis olunduğu vaxtdan hər il təqdim olunan beynəlxalq mükafata çevrilib. «Zayed İnsan Qardaşlığı Mükafatı» 1 milyon ABŞ dolları məbləğində pul mükafatını da əhatə edir. O, insanlar arasında həmrəyliyin, mədəniyyətlərarası dialoqun, dözümsüzlüyün, dinc birgəyaşayışın möhkəmləndirilməsində mühüm töhfəsi olan şəxslərə təqdim edilir. İllər ərzində bu mükafata istər dini liderlər, istər dünya miqyaslı başqa xadimlər layiq görülüblər. Onun ilk fəxri laureatları «İnsan Qardaşlığı Sənədi»ni imzalamış Papa Fransisk ilə Əhməd ət-Tayyib olublar. Sonrakı illərdə «Zayed İnsan Qardaşlığı Mükafatı»nı BMT-nin Baş katibi Antonio Qutyerreş, İordaniya kralı II Abdulla, Kraliça Raniya, həmçinin müxtəlif beynəlxalq təşkilatlar və fəallar alıblar.
Nəhayət, 2026-cı ildə mükafat yeni tarixi ölçü qazanıb. O, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və əfqanıstanlı hüquq müdafiəçisi Zərka Yaftəliyə təqdim olunub. Beynəlxalq münsiflər heyətinin Azərbaycan və Ermənistan liderləri ilə bağlı qərarı onların ötən ilin avqustunda Vaşinqtonda parafladıqları sülh sazişinin Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllində mühüm mərhələ olması, bunun sabitlik, dialoq axtaran digər regionlar üçün nümunə təşkil etməsi ilə əsaslandırılıb. Bu kontekstdə İlham Əliyev ilə Nikol Paşinyan yalnız dövlət başçıları kimi deyil, həm də sülh prosesinin həmmüəllifləri kimi qiymətləndiriliblər. Onlar onilliklər ərzində davam etmiş münaqişədən sonra danışıqlar və kompromislər yolu ilə dayanıqlı sülhün mümkün olduğunu bütün dünyaya nümayiş etdiriblər.
İlham Əliyevin bu mükafata layiq görülməsi onun fəaliyyətinin milli siyasətin çərçivəsini aşdığını, regional və qlobal əhəmiyyət daşıdığını göstərir. Əbu-Dabidə mükafatın təqdim edilməsi mərasimində İ.Əliyev deyib ki, regionda sülh və sabitlik yalnız dialoq, suverenliyə hörmət və kompromis yolu ilə mümkündür. O deyib ki, Azərbaycan qarşıdurma deyil, həll yolları axtaran tərəfdaş olmağa hazırdır.
Bu sözlər İlham Əliyevin son illərdəki xarici siyasətinin əsas prinsipini əks etdirir: milli maraqlarda qəti mövqe ilə praqmatik və balanslı diplomatiyanın uzlaşdırılması. 2025-ci ilin avqustunda ABŞ-də Azərbaycan-Ermənistan razılaşmasının əldə olunmasına məhz bu strategiya imkan verib. Nəticədə, mürəkkəb, uzun illər davam edən münaqişənin konstruktiv həllinə nadir nümunə yaranıb.
İlham Əliyevin mükafatın təqdimatında iştirakı bir neçə istiqamət üzrə aydın geosiyasi siqnal sayıla bilər. Cənubi Qafqaz və Yaxın Şərqdəki qonşular üçün bu, Azərbaycanın dialoqa hazır olduğunu, sabitlik tərəfdarı kimi çıxış etdiyini, eyni zamanda milli maraqlarının qəti müdafiəçisi olaraq qaldığını göstərir. Beynəlxalq müşahidəçilər vurğulayırlar ki, İlham Əliyev ilə Nikol Paşinyanın birgə laureat kimi tanınmaları kompromisin, bigər məsuliyyətin vacibliyini göstərir. Bu, hətta uzunmüddətli münaqişələrin belə, danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll oluna biləcəyini dünyaya nümayiş etdirir.
ABŞ, Avropa İttifaqı və Fars körfəzi ölkələri kimi iri qlobal oyunçular üçün isə bu, Azərbaycanın təkcə regional iştirakçı yox, həm də Avrasiyada formalaşan təhlükəsizlik və diplomatik düzənin vacib iştirakçısına çevrildiyini göstərir. Beləliklə, indi Bakı sadəcə iqtisadi və enerji əməkdaşlığı üçün deyil, həm də konstruktiv siyasi dialoq üçün platforma olmaq qabiliyyətini ortaya qoyur ki, bu da onun beynəlxalq arenada təsir imkanlarını artırır.
Sülhə beynəlxalq dəstək
«Zayed İnsan Qardaşlığı Mükafatı»nın təqdimat mərasimində Yaxın Şərq, Avropa və Asiya ölkələrinin liderləri və nümayəndələri, eləcə də beynəlxalq təşkilatların nümayəndə heyətləri, o cümlədən BMT və Ərəb Dövlətləri Liqasının təmsilçiləri iştirak ediblər. Bu, mükafatın sülh və dialoq ideyalarının təşviqi üçün qlobal platforma kimi qəbul olunduğunu təsdiqləyir, Azərbaycan və Ermənistan liderlərinin təltif olunmalarını münaqişələrin həllinə konstruktiv yanaşmanın rəmzinə çevirirdi.
Mükafat Komitəsinin baş katibi Məhəmməd Əbdüssalam deyib: «Bu gün biz tarixi ziddiyyətləri dialoq və əməkdaşlıq imkanına çevirə bilənləri təltif edirik. Sülh sazişləri imzalamağa qadir liderlər bütün dünya üçün nümunədir».
İlham Əliyev isə öz növbəsində, belə yüksək mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirib, Bakı ilə İrəvanın sülh şəraitində yaşamağı öyrənməkdə olduqlarını söyləyib. «Bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olub», - deyə İlham Əliyev qeyd edib. Dövlət başçısı təltifetmə mərasiminin və münsiflər heyəti ilə beynəlxalq ictimaiyyətin səyləri tanımasının «çox ümidverici» olduğunu deyib: «Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür».
Ermənistanın Baş naziri Nikol Paşinyan isə mükafatı beynəlxalq birliyin dəstək aktı kimi qəbul etdiyini söyləyib. O, münsiflər heyətinin bu qərarının regionda sülhə birmənalı dəstək olduğunu, tərəflərin sülh və etimadın möhkəmlənməsi istiqamətində səyləri davam etdirəcəyini söyləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasim iştirakçılarına müraciətində mükafatın sülh və sabitlik aləti kimi əhəmiyyətini vurğulayıb: «Arzu edirəm ki, 2019-cu ildən təqdim olunan bu mükafat bütün dünyada sülhə, sabitliyə töhfə versin… Arzulayıram ki, bu mükafat bütün bəşəriyyət üçün faydalı olsun».
Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev Azərbaycanla Ermənistanın sülh sazişinin imzalanması istiqamətində əldə etdikləri irəliləyişləri tarixi əhəmiyyətə malik dönüş nöqtəsi adlandırıb. «Bu, göstərir ki, hətta uzunmüddətli münaqişələr belə, dialoq, məsuliyyət və təmkinlə tənzimlənə bilər», - deyə o, vurğulayıb.
Roma Papası XIV Lev isə öz müraciətində deyib: «Zayed İnsan Qardaşlığı Mükafatı» sayəsində bu gün biz bu dəyərləri əsl insan mehribanlığının və qonşuya sevgi göstərməyin həqiqi nümunəsinə çevirənlərə borcumuzu ödəyirik». Laureatlarımız – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Zati-aliləri Nikol Paşinyan və xanım Zərka Yaftəli, həqiqətən də, dünyaya ümid səpənlərdirlər; elə bir dünyaya ki, orada çox zaman körpülər salmaq əvəzinə divarlar tikilir».
Əbu-Dabidə Əliyev-Paşinyan görüşü
Mükafatlandırma mərasimi çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü də baş tutub və o, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton sülh sammitində başlamış normallaşma prosesinin mühüm davamı olub. Tərəflər əldə edilmiş razılaşmaların icrasında müsbət dinamikanı vurğulayaraq bildiriblər ki, artıq hər iki ölkənin cəmiyyəti yerlərdə sülhün praktik faydalarını hiss edir. Konkret nailiyyətlər sırasında ikitərəfli ticarətin başlaması, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, həmçinin taxıl və digər malların Azərbaycan ərazisindən tranziti göstərilib. Bu addımlar sülh prosesinin formal razılaşmalar çərçivəsindən çıxaraq real iqtisadi nəticələr verməyə başladığını ortaya qoyur.
Görüşün vacib cəhətlərindən biri də etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin müzakirəsi olub. Tərəflər vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin davam etdirilməsi, nəqliyyat infrastrukturu layihələrini, o cümlədən TRIPP layihəsini inkişaf etdirmək haqda razılığa gəlib. Bu, göstərir ki, normallaşma strategiyası siyasi dialoqu konkret iqtisadi və sosial təşəbbüslərlə birləşdirir ki, bu da əldə olunmuş irəliləyişlərin dayanıqlılığını artırır.
Ümumilikdə Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin təmasları davam, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək iradəsi təsdiqlənib. Bu, əlbəttə ki, Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün şəraitin yaranması deməkdir. Bu hadisə beynəlxaq ictimaiyyət üçün regional münaqişələrin ardıcıl diplomatik addımlar, praqmatik razılaşmalar yolu ilə həll edilə bildiyi haqda siqnaldır. Azərbaycan isə bu prosesin fəal iştirakçısı kimi çıxış edir.
Beləliklə, İlham Əliyevin «Zayed İnsan Qardaşlığı Mükafatı» ilə təltif olunması Azərbaycanın regional və qlobal düzənin formalaşmasında fəal rol oynayan ölkə imicini formalaşdırır. Bu, onun milli maraqlarının qəti müdafiəsini dialoq və kompromisə açıq diplomatik ustalıqla birləşdirə bilən lider nüfuzunu bir daha ortaya qoyur. Beynəlxalq ictimaiyyət üçün mesaj aydındır: Azərbaycan Cənubi Qafqazda sabitliyin təmini, strateji əhəmiyyətli bu regionda dinc birgəyaşayışın təşviqi prosesinin əsas oyunçusuna çevrilib.
Dünya xəritəsində bu, sivilizasiyaların və maraqların kəsişmə nöqtəsi kimi görünür – kiçik, lakin təsirli bir ölkə diplomatik müstəvidə atdığı addımlarla artıq bütün qitələrdə hörmətlə qarşılanır. İlham Əliyevin liderliyi bu cür səviyyəli bir mükafatla təsdiqlənərək, Azərbaycanı sülh və regional əməkdaşlıq təşəbbüslərinin mərkəzinə çevirir, hər kəsə göstərir ki, dialoq aparmaq, dövlətlər arasında körpü qurmaq bacarığı onun beynəlxalq çəkisinin əsas amillərindən birinə çevrilib.
MƏSLƏHƏT GÖR:




76

