9 Mart 2026

Bazar ertəsi, 16:00

TARİXİ SƏFƏR

Cey Di Vensin turnesi ABŞ-nin Cənubi Qafqazda, ilk növbədə isə Azərbaycanda möhkəmləndiyini göstərir

Müəllif:

15.02.2026

Yüksəkrütbəli məmurların səfərlərinin iki ölkə arasındakı münasibətlərin səviyyəsini nə dərəcədə əks etdirməsi mürəkkəb və həssas məsələdir. 1992-ci ildə ABŞ-nin ozamankı dövlət katibi Ceyms Beyker Bakıya gəlmişdi. Məqsəd münasibətlərin qurulması idi. O zaman «romantik amerikanizm»in çiçəkləndiyi dövr idi. Azərbaycan Vaşinqtona nikbin ümidlər bəsləyirdi. Amma proses formal prosedurlardan o yana keçmədi, üstəlik, elə həmin il Azadlığa Dəstək Aktına 907-ci düzəliş qəbul olundu. Bu, mahiyyətcə təcavüzə məruz qalmış ölkəyə Vaşinqton tərəfindən sanksiyanın tətbiqi idi.

ABŞ-nin Azərbaycana səfər etmiş ikinci yüksəkrütbəli nümayəndəsi müdafiə naziri Donald Ramsfeld olub. Bu səfər 2001-ci ildə baş tutub. O vaxt Vaşinqton Bakı ilə NATO-nun Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində Azərbaycanın hava məkanından tranzit məqsədilə istifadəyə dair razılığa gəlmək istəyirdi. Danışıqlar uğurla başa çatmış, Vaşinqton o dövr üçün 907-ci düzəlişin tətbiqini dayandırmışdı.

2008-ci ildə bölgəyə Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni səfər edib. Amma bu, münasibətləri irəli aparmaq cəhdi yox, sırf «mənəvi dəstək» səfəri idi.

2010-cu ildə ABŞ-nin dövlət katibi Hillari Klinton da gəlib…

 

Vensin səfəri ABŞ-nin Azərbaycan siyasətini yenidən formalaşdırır

30 il ərzində kifayət qədər paradoksal vəziyyət yaranmışdı. Bir yandan Birləşmiş Ştatlarla Azərbaycan enerji sahəsində fəal əməkdaşlıq edir («Əsrin müqaviləsi»ni xatırlatmaq kifayətdir), terrorçuluğa qarşı birgə mübarizə aparır, raket və nüvə texnologiyalarının yayılmaması rejiminin qorunması sahəsində sıx tərəfdaşlıq edirdi. Digər tərəfdən isə Bakı özü üçün çox vacib məsələlərdə, ilk növbədə, Qarabağ probleminin həllində Vaşinqtondan gözlədiyi dəstəyi ala bilmirdi.

Vensin səfəri isə indiyədək baş verənlərdən köklü şəkildə fərqlənir. Yalnız ona görə yox ki, ABŞ-nin vitse-prezidenti əvvəlki administrasiyanın Azərbaycanla bağlı buraxdığı səhvləri etiraf edib və onların aradan qaldırılmasının vacibliyini bildirib. Vens diplomatik portfelində Bakı ilə Vaşinqton arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya adlı sənəd də gətirmişdi. Azərbaycan Prezidenti İlham Əliyev isə onu təsadüfən tarixi sənəd adlandırmayıb. Bu, «niyyətlər bəyannaməsi» və ya dostcasına çiyinə qoyulmuş əl deyil. Sənəddə sadəcə müxtəlif sahələrdə əməkdaşlıqdan danışılmır. Orada konkret yol xəritələri ilə konkret işçi qruplarının yaradılmasından danışılır. Bu faktın özü göstərir ki, indi söhbət ABŞ-nin Azərbaycanla bağlı siyasətini tam yenidən nəzərdən keçirməsindən gedir.

«Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir», - deyə İlham Əliyev bildirib.

Hərbi sahədə əldə olunmuş razılaşma da diqqətəlayiqdir. Söhbət xüsusilə sahil mühafizəsi üçün katerlərin tədarükündən gedir. Vens də mətbuata bəyanatında iki ölkə arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı xüsusi vurğulayıb.

Ümumiyyətlə, son illər Xəzər dənizinin hərbiləşdirilməsi qorxunc templərlə artır. Bu, artıq istər Azərbaycan, istərsə də Mərkəzi Asiya ölkələri üçün böyük əhəmiyyət kəsb edən neft infrastrukturunun və trans-Xəzər ticarət marşrutlarının təhlükəsizliyinə təhdid yaradır. Bu, rəsmi şəkildə açıq müzakirə mövzusu olmasa da, ABŞ-nin Xəzərdəki vəziyyəti yaxından izlədiyinə şübhə yoxdur. Bu mənada, katerlərin tədarükü də göstərir ki, Vaşinqton sadəcə «vəziyyətin monitorinqi» ilə kifayətlənmir. O, artan təhdidlər fonunda strateji tərəfdaşlarının təhlükəsizliyini gücləndirməyə hazırdır.

Lakin əsas məqam ondadır ki, ABŞ artıq sözdən əmələ, bəyanat və çağırışlardan konkret proqramlara, yol xəritələrinə keçir. Yəni indi, əslində, ABŞ-nin Azərbaycanla bağlı siyasəti köklü şəkildə yenidən formalaşdırılır. Burada, şübhəsiz ki, ABŞ tarixinin «ən ermənipərəst administrasiyası» sayılan Bayden-Blinken komandasının hakimiyyətdən gedişi də mühüm rol oynayır. Amma məsələ yalnız bununla bitmir. İndi Azərbaycanın öz rolu da dəyişib. Qarabağda əldə olunmuş qələbə, həqiqi müstəqil xarici siyasi kurs, çoxtərəfli diplomatiya və nəhayət, Cey Di Vensin də qeyd etdiyi kimi, Bakının həm Türkiyə, həm də İsrail ilə yaxşı münasibətlərə malik yeganə ölkə olması... Üstəlik, bu bəyanat Azərbaycanın Sülh Şurasına qoşulması və Bakının Yaxın Şərq bölgəsində nüfuzlu oyunçulardan birinə çevrilməsi fonunda səsləndirilib. Belə bəyanatlar təsadüfən verilmir.

Azərbaycanın xarici siyasi uğurlarını çox sadalamaq olar. Bu gün onlar ABŞ istiqamətində konkret nəticəyə çevrilir. Görünən odur ki, bu, yalnız başlanğıcdır. Xatırladaq ki, Vensin səfəri ərəfəsində ABŞ-nin iri biznes dairələrinin nümayəndə heyəti də Bakıya gəlmişdi. Üstəlik, Amerika tərəfi belə səfərlərin hər il olacağını bildirir. «Əsrin müqaviləsi»nin imzalanmasından ötən dövr ərzində ABŞ biznesində Azərbaycanın investisiya mühiti ilə bağlı təsəvvür formalaşıb və indi o, bu imkanlardan yararlanmağa hazırdır.

 

Ermənistan: şirin qabıqlı acı həblər

Yəqin ki, Vensin səfərinin əsas məqsədlərindən birinin TRIPP layihəsinin və ümumilikdə sülh prosesinin təşviqi olduğunu da söyləyə bilərik. Bu çərçivədə Azərbaycan artıq öz ərazisindən Ermənistana yüklərin tranzitinə icazə verib. Vitse-prezident regiona səfərə məhz Ermənistandan başlayıb. Orada İrəvana bir sıra güzəştlər təklif olunub – INVIDA şirkətinin çiplərinə ixrac lisenziyasının verilməsindən tutmuş, Ermənistan ordusu üçün pilotsuz uçuş aparatlarının tədarükünədək. Ekspertlər iddia edirlər ki, ABŞ Ermənistanı Rusiyadan «satın almaq» niyyətindədir və bu məqsədlə ölkədə nüvə enerjisi sahəsinə 9 milyard dollar investisiya yatırmağı, oraya modul reaktorların tədarükünü nəzərdə tutur. Vaşinqtonda düşünürlər ki, bu, Ermənistanın Rusiyanın nüvə texnologiyasından asılılığını aradan qaldıracaq.

Bəli, 9 milyard dollar ciddi rəqəmdir. Lakin bu, real investisiya sazişləri yox, potensial sərmayədir. Müşahidəçilər xatırladırlar ki, ABŞ daha əvvəl Ermənistanda alternativ enerji sahəsində 8 milyard dollar investisiya yatıracağı vədini versə də, sonradan bu işə 1 sent belə, yönəltməyib. İnvestisiyaları Ermənistan özü cəlb etməli idi. Lakin həmin vaxt ölkədə elektrik enerjisinin haqqı yumurta və digər «təbii» ödənişlərlə qarşılanırdı. Belə bir vəziyyətdə investorların tapılmaması təəccüblü deyildi.

Bu arada, Vensin səfərinə cavab olaraq Moskvadan Ermənistana kifayət qədər sərt xəbərdarlıq gəlib – Rusiya İrəvana Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki öhdəliklərini xatırladıb. Bu, artıq kifayət qədər ciddi məsələdir. Belə ki, İrəvan məhz Aİİ-yə üzv olduğu üçün Rusiyadan neft və qazı daxili qiymətlərlə alır. Belə maliyyə dayaqları olmazsa, Ermənistan iqtisadiyyatı sadəcə, çökə bilər. Bununla yanaşı, ölkənin zərərlə işləyən dəmir yolları da Rusiyanın idarəçiliyindədir və onu Moskva öz vəsaiti hesabına işlək vəziyyətdə saxlayır. Qaz şəbəkələri, rabitə sahəsi də eyni vəziyyətdədir…

Baş nazir Nikol Paşinyan son aylarda ölkənin elektrik şəbəkələrinə nəzarəti geri qaytarmağa çalışsa da, hələlik nəticə yoxdur. Əksinə, Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı müzakirələr fonunda Rusiya ilə birgə Quru Qoşunları və Hava Hücumundan Müdafiə Qüvvələri də fəaliyyətini davam etdirir. Belə bir vəziyyətdə Vens İrəvanı tərk edər-etmək, Paşinyan hamını inandırmağa başlayıb ki, İrəvanın siyasəti heç bir halda Rusiyaya qarşı yönəlməyəcək. Bu, Ermənistanda Kremldən real şəkildə uzaqlaşmaq üçün siyasi iradənin olmadığını göstərir. Beləliklə, Ermənistanın Rusiyadan ayrılması praktik olaraq, çox çətindir.

Ermənistanı ən acı «həb» isə səfərin sonunda gözləyirmiş. Protokola əsasən İrəvana səfərə gəlmiş xarici qonaqlar 1915-ci il hadisələrinin qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər. Bu, həmin hadisələri «soyqırım» kimi tanımayan ölkələrin nümayəndə heyətlərinə də aiddir. Vens də abidəni ziyarət edib, üstəlik, «X» sosial şəbəkəsində «erməni soyqırımı» ifadəsinin də yer aldığı paylaşımını edib. Lakin bir neçə saat sonra həmin paylaşım silinib, ardınca isə onun «səhvən» paylaşıldığı bildirilib. Bunun Ermənistana nə qədər ağır zərbə olduğunu sözlə ifadə etmək çətindir.

Mütəxəssislərin fikrincə, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması erməni lobbisinin Vakı-Vaşinqton əməkdaşlığının hər iki ölkənin maraqlarına uyğun səviyyəyə yüksəlməsini əngəlləməyə yönəlmiş, illərdir davam edən səyləri heç edir. Onlar bu məqsədlə hər vasitəyə əl atırdılar: ödənişli lobbiçilik, «insan hüquqları» mövzusunda spekulyasiyalar, Qaradağda separatçılığa açıq dəstək və s. İndi isə oyun qaydaları kökündən dəyişir. Ermənipərəst siyasəti ilə seçilən Bayden administrasiyasının dövrü başa çatıb. Amerikanın əsas erməni lobbiçilərindən olan Bob Menendez həyat yoldaşı ilə birlikdə korrupsiya ittihamı ilə həbsdədir. Daha bir nəhəng erməni lobbçisi Adam Şiff risk zonasındadır və bu, sadəcə ayrı-ayrı məhkəmə qərarları deyil. Bu, bütünlükdə erməni siyasi lobbiçiliyi sisteminə münasibətin dəyişməsidir. Bu dəyişikliyin nəticələri isə artıq özünü siyasətdə göstərməkdədir.

Görünən odur ki, regionda geosiyasi yenidənqurma prosesi hələ yalnız başlanğıc mərhələsindədir.



MƏSLƏHƏT GÖR:

90