Müəllif: Emil İSMAYILOVBakı
Dünya həyati əhəmiyyət daşıya biləcək hadisəyə şahidlik etdi - tarixdə ilk dəfə olaraq, ABŞ və İran prezidentləri arasında telefon danışığı oldu. Bu haqda məlumatı Ağ Evdə jurnalistlərə Barak Obama verib. O, İranın nüvə məsələsi ilə bağlı problemin hamını qane edəcək həllinin tapılmasını mümkün saydığını da bildirib. "Mən İran prezidenti Ruhani ilə telefonla danışdım. Biz İranın nüvə proqramı ilə bağlı problemin həlli istiqamətində davam etdirilən səyləri müzakirə etdik. Əlbəttə ki, prosesin irəliləməsi prosesində ortaya maneələr çıxacaq və uğur qazanacağımıza heç bir zəmanət yoxdur. Amma hər halda, düşünürəm ki, biz hər kəsi qane edəcək razılığa gələ bilərik", - deyə Obama qeyd edib. ABŞ prezidenti İranın dini lideri Əli Xameneinin vaxtilə kütləvi qırğın silahı istehsalı və istifadəsini qadağan edən fətva verdiyini xatırladıb.
İslam respublikasının yeni prezidenti Həsən Ruhani isə "İranın heç zaman nüvə silahı istehsal etməycəyini" bildirib. "Mən açıq şəkildə bildirdim ki, ABŞ İran xalqının dinc xarakterli atom haqqına hörmət edir. Bu, İranın öz öhdəliklərinə əməl etməsi kontestində baş verməlidir", - deyə Obama vurğulayıb.
Ağ Ev sahibi ölkəsinin hansı təhlükələrlə qarşılaşa biləcəyini anladığını söyləyib: "Bunun 1979-cu ildən sonrakı dövrdə Amerika və İran prezidentləri arasında ilk danışıq olması faktının özü ölkələrimiz arasında ciddi inamsızlığın mövcudluğunu göstərir. Amma bu fakt həm də bu ağır tarixin geridə qoyulmasının mümkünlüyünün göstəricisidir".
Həqiqətən də, bu hadisə "islahatçı" Həsən Ruhaninin İran prezidenti seçilməsindən sonra Tehranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həllinə yaranmış cüzi ümidlərin təsdiqidir. Məlum olduğu kimi, Vaşinqtonla Tehran arasında diplomatik əlaqələr 33 il əvvəl İranda islam inqilabının qələbə çalmasından sonra kəsilib. Lakin Ruhaninin İranda keçirilmiş son prezident seçkisində qalib gəlməsindən sonra Vaşinqtonla Tehran münasibətləri bərpa etməyin mümkünlüyü haqda danışmağa başlamışdılar. Üstəlik bunun üçün əlverişli xarici siyasi konyuktura da var. Axı ABŞ Əfqanıstan bataqlığından hələ də çıxa bilməyib, üstəlik Suriya burulğanına düşüb. Odur ki, indiki mərhələdə amerikalılar üçün İranla qarşıdurma daha çox strateji yox, taktiki planda aktualdır. İran üçün isə beynəlxalq və regional konfiqurasiyada özünü sülhsevər dövlət kimi göstərmək son dərəcə vacibdir. Bu, İran iqtisadiyyatına və əhalinin zəif hissəsinə ciddi zərbə olmuş sanksiyaların yumşaldılması baxımından da işə yarıya bilər.
Tehranın nüvə proqramına dair problemin həllilə bağlı danışıqlarda irəliləyişə ümidlərin olduğunu göstərən daha bir amil var - ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin mənzil-qərargahında ikitərəfli görüş keçiriblər. Bununla yanaşı, onlar "altılıq" ölkələrinin (BMT TŞ-nin daimi üzvləri və Almaniya) XİN başçılarının İran tərəfilə görüşündə də iştirak ediblər. Tehranın "nüvə dosyesi"nin Nyu-York müzakirələrini danışıqların bütün iştirakçıları müsbət qiymətləndirib. Onlar "altılıq"la İranın xarici işlər naziri arasında növbəti görüşün oktyabrın 15-16-da Cenevrədə keçirilməsinə dair razılıq da əldə ediblər.
ABŞ-ın dövlət katibi Con Kerri indi onların qarşısında "böyük işin dayandığını" bildirib: "Biz şübhəsiz ki, bu işlə məşğul olacağıq. Hamımız ümid edirik ki, İranın nüvə proqramı ilə bağlı suallara cavab verməyimizə imkan yaradacaq konkret nəticələr əldə edəcəyik".
Cavad Zərif isə öz növbəsində bildirib ki, İranla beynəlxalq vasitəçilər nüvə proqramı ilə bağlı 1 il ərzində konkret razılığa gəlinməsinin vacibliyinə dair yekdil fikirdədirlər.
Guman ki, bundan sonrakı danışıqlar uranın 20% zənginləşdirilməsi ətrafında aparılacaq. Əksər ekspertlərin fikrincə, dinc xarakterli nüvə proqramı üzərində işləyən ölkəyə bu səviyyədə zənginləşdirilmiş uran lazım ola bilməz. "Altılıq" hesab edir ki, Tehran uranın maksimum 5% zənginləşdirilməsilə kifayətlənməlidir.
Məsələ ilə bağlı Rusiyanın mövqeyi də diqqətçəkicidir. Bu ölkənin Xarici işlər naziri Sergey Lavrov problemin mərhələli həll planını təklif edir. Plan tərəflərin qarşılıqlı güzəştlərini nəzərdə tutur: İran nüvə proqramında şəffaflığı təmin etməli, MAQATE müfəttişlərini onları maraqlandıran bütün obyektlərə buraxmalı, ABŞ isə İrana tətbiq etdiyi birtərəfli sanksiyaların bir hissəsini aradan qaldırmalıdır. Bundan başqa, Rusiyanın təklifinə görə, İran uranın 20%-dək zənginləşdirilməsindən imtina etməli, BMT TŞ isə bunun nəticəsində Tehrana tətbiq olunmuş beynəlxalq sanksiyaları yumşaltmalıdır. Beləliklə, bu proses "iddia yoxdursa, sanksiya da yoxdur" prinsipi ilə sıfır səviyyəsinədək davam etdirilməlidir.
İranın uranın 20%-dək zənginləşdirilməsi prosesini dayandırması regiondakı ən yaxın müttəfiqi olan İsrailin təhlükəsizliyinin təminində maraqlı olan ABŞ üçün ən prinsipial məsələdir. Yeri gəlmişkən, İsrail rəhbərliyi İranın yeni prezidentinin Qərblə razılığa gəlmək niyyətinə qətiyyən inanmır. BMT-də Amerika ilə İran arasında müzakirələrin getdiyi bir vaxtda ABŞ-ın nüfuzlu nəşrlərindən birinin Obamaya İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyini xatırlatması təsadüf deyildi. Netanyahu Həsən Ruhaninin barışdırıcı jestlərini uranın zənginləşdirilməsi prosesinin davam etdirilməsi məqsədilə zaman qazanılmasına hesablanmış tələ sayır. Baş Assambleyada çıxış edən Netanyahu İranı açıq şəkildə "abırsızlıqda" və "riyakarlıqda" günahlandırıb, onun nüvə silahı əldə etməyə çalışdığını söyləyib. Bununla yanaşı, İran da daxil olmaqla, Yaxın Şərqin bir sıra problemlərilə bağlı İsraillə Səudiyyə Ərəbistanının mövqelərindəki uyğunluq getdikcə daha açıq nəzərə çarpmaqdadır. Təl-Əviv və Ər-Riyad rəsmi olaraq özlərini barışmaz düşmən kimi göstərsələr də, onlar "şiə ayparası"nı qəbul etməməkdə tam həmrəydirlər. İsrailin ABŞ-dakı səfiri Maykl Oren bu yaxınlarda verdiyi açıqlamasında bildirib ki, "İsrail üçün ən böyük təhlükə Tehrandan Dəməşq və Beyrutadək uzanan strateji qövsdür".
Sünni islamının daha mühafizəkar formasının dayağı olan Səudiyyə Ərəbistanı da İrandan İraq və Suriya vasitəsilə "Hizbullah"ın Livandakı dayaq nöqtələrinədək uzanan şiə oxunun nüfuzunu artırmasından nara-hatdır. Həm İsrailin, həm də Səudiyyə Ərəbistanının qəbul etmədiyi qüvvə məhz İrandır. İraqda və regionun digər "qaynar nöqtələrində" sünni-şiə qarşıdurmasının kənardan qızışdırılmasında da niyyət məhz İranın regional nüfuzunu azaltmaqdır. Səudiyyə Ərəbistanı və İsrailin Suriyanın hakim rejiminə "ölüm hökmü" çıxarmaları da bununla izah olunur. Elə həmin səfir Oren açıq şəkildə bildirir ki, "Biz Bəşər Əsədin gedişini hər zaman istəmişik. Biz hər zaman İranın dəstəklədiyi pis oğlanlardansa, İranın dəstəkləmədiyi pis oğlanlara üstünlük vermişik".
Amma Həsən Ruhaninin ən azı Ər-Riyadla münasibətlərdə inamsızlıq buzunu əridə biləcəyini istisna etmək olmaz. Hər halda, İran prezidenti Tehranla Ər-Riyad arasında əlaqələrin möhkəmləndirilməsinə çağırış edib. O, krallığı İranın "dostu və qardaşı" adlandırıb. Ruhani Səudiyyə Ərəbistanına açıq barışıq mesajı göndərərək bildirib ki, o, "ikitərəfli maraqlar və islam dünyasının maraqları naminə xırda ixtilafları aradan qaldırmağa hazırdır".
Bir sıra çətin məqamlara rəğmən, diplomatiyanın İranla bağlı problemin həllinə imkan verəcəyinə ümidlər hələ də qalmaqdadır. Deyəsən buna yalnız İran deyil, Qərb liderləri də hazırdırlar. Hər halda Obama "Suriyada hərbi təhlükəyə əsaslanan diplomatiyanın İranın nüvə iddiaları ilə bağlı danışıqlarda potensial model ola biləcəyi" haqda bəyanatı boş yerə səsləndirməyib. O qədər də sülhə əsaslanmayan bu diplomatiyanın İran probleminin bütün beynəlxalq birliyin maraqlarına uyğun şəkildə - sülh yolu ilə həllinə imkan verib-verməyəcəyi bundan sonrakı hadisələrin gedişindən asılıdır. Bunun bir göstəricisi də "altılıq"la İran arasında aparılan danışıqların yaxın günlərdə keçiriləcək növbəti raundu olacaq.
MƏSLƏHƏT GÖR: