ƏRƏBSAYAĞI ÇOXQÜTBLÜLÜK
Yaxın Şərq regionunda milli iddialar, iqtisadi şaxələndirmə və strateji yenidən qiymətləndirmə riskləri
Müəllif: İrina XALTURİNA
Böyük Yaxın Şərq regionu sürətli geosiyasi dəyişikliklər mərhələsinə qədəm qoyub. Alyanslar fəal şəkildə yenidən qurulur, bunun əsas motivi isə iqtisadiyyatın şaxələndirilməsi, həmçinin təhlükəsizlik sahəsində, ilk növbədə, ABŞ-dən asılılıqdan imtina, səylərin müstəqil çoxqütblü koordinasiya modelinə keçiddir. Bu, son dövrlərdə Suriyada, Yəməndə və Qəzzada davam edən lokal münaqişələr, İran ətrafındakı vəziyyət, Hindistanla Pakistan arasındakı gərginlik və Afrika Buynuzu ölkələrindəki son dərəcə mürəkkəb daxili münaqişələr fonunda bir tendensiyaya çevrilib. Daxili ziddiyyətlər və ümumilikdə dünyadakı son dərəcə qeyri-müəyyən vəziyyət üzündən eskalasiya riskləri yüksəkdir. Görünən odur ki, artıq xeyli sürətlənmiş bu prosesi dayandırmaq mümkün deyil.
Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərinə qarşı
Ən diqqətçəkən dəyişikliklərdən biri Səudiyyə Ərəbistanı (SƏ) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında artan rəqabətlə bağlıdır. ABŞ-nin iki əsas müttəfiqi arasındakı ziddiyyətlərə Amerikanın nüfuzlu «The National Interest» analitik nəşri də diqqət çəkir. Məqalənin müəllifi – Qlobal Siyasət Mərkəzinin baş elmi işçisi Məhəmməd Əyyub hesab edir ki, bu rəqabətin potensial nəticələri perspektivdə regional siyasətdən xeyli kənarda da hiss oluna, ABŞ-nin strateji maraqlarına və enerji resursları ilə zəngin zonada ümumi təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərə bilər. Bu barədə əvvəllər Qərbin digər nüfuzlu nəşrləri də dəfələrlə yazıb.
Ər-Riyad ilə Əbu-Dabi arasındakı hazırkı münasibətləri ekspertlər getdikcə daha çox tarixi tərəfdaşlıqla iqtisadiyyatda, Fars körfəzində liderlik uğrunda yarışın, həmçinin digər sahələrdə artan rəqabətin qarışığı kimi xarakterizə edirlər. Maraqlıdır ki, cəmi 10 il əvvəl SƏ ilə BƏƏ-nin Vaşinqtonla tandem şəklində formalaşmış birliyi ümumi maraqlara əsaslanan sarsılmaz ittifaq hesab edilirdi: İrana və onun proksi-qüvvələrinə müqavimət, neft hasilatının və qiymətinin sabit saxlanılması, Yəməndə əməkdaşlıq, «Müsəlman qardaşları» ilə birgə mübarizə və s. Bununla yanaşı, hər iki ölkə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı iddialı proqramlara start vermiş, genişmiqyaslı xarici siyasət həyata keçirməyə başlamışdı. Səudiyyə Ərəbistanı «Vizyon 2030» proqramı ilə iqtisadiyyatın neftdən asılılığını azaldacaq xarici investisiyaların cəlbini, Ər-Riyadın qlobal biznes mərkəzinə çevrilməsini hədəfləyirdi. BƏƏ isə öz növbəsində, mərkəzi Dubay və Əbu-Dabidə yerləşən, dünyaya açıq ticarət habı modelini möhkəmləndirir və genişləndirirdi.
Son zamanlar artıq Ər-Riyad da qlobal biznes üçün eksklüziv «qapı»ya, əsas logistika körpüsünə, aviasiya qovşağına çevrilmək istiqamətində fəal addımlar atır. SƏ-nin «Riyadh Air» aviaşirkətinin yaradılması və hava limanının genişləndirilməsi ilə bağlı çoxmilyardlıq layihəsi açıq şəkildə «Emirates», «Etihad Airways» və «FlyDubai» ilə rəqabətə yönəlib. Dövlətin məqsədi Ər-Riyad və Ciddəni Asiya, Avropa və Afrikanı birləşdirəcək aviasiya superhabına çevirməkdir. Paralel olaraq turizm sahəsində yeni meqalayihələr də ölkənin qlobal turizm istiqamətinə çevrilməsinə hesablanıb ki, bu da xüsusilə elit turizm sahəsində BƏƏ-nin üstün mövqeyinə birbaşa çağırışdır. Beləliklə, maliyyə, logistika və biznes xidmətləri sahəsində struktur rəqabəti formalaşıb.
Ər-Riyad ilə Əbu-Dabi arasındakı geosiyasi fikir ayrılıqlarına gəlincə, bu, özünü xüsusilə Yəməndə göstərir. İki monarxiya əvvəllər bu istiqamətdə ciddi şəkildə koordinasiyalı siyasət aparırdılarsa, 2015-ci ildə bu ölkədə «Qətiyyətli fırtına» adlı birgə əməliyyat belə keçirmişdilərsə, sonradan onların hədəfləri fərqlənməyə başlayıb.
İndi onların İsraillə münasibətlərində də fərqlər müşahidə olunur. BƏƏ yəhudi dövləti ilə «İbrahim razılaşması» çərçivəsində açıq əlaqələr qurursa, səudiyyəlilər daha ehtiyatlı davranırlar.
Qırmızı dənizdə mühüm strateji qovşaq olan Sudan, həmçinin Somali (və Somalilend) ətrafındakı vəziyyət də fikir ayrılıqlarının olduğu vacib məqamlardandır.
İran məsələsinə gəldikdə, hər iki ölkə Tehrana antipatiya ilə yanaşsa da, bu ölkəyə münasibətdə də xeyli fərqlər var. SƏ ona daha tənqidi yanaşır. Xeyli iranlının yaşadığı (xüsusilə Dubayda) BƏƏ isə Tehranla diplomatik və ticarət əlaqələrini qoruyub saxlayır. SƏ ilə İran arasında Çinin vasitəçiliyi ilə 2023-cü ildə əldə olunmuş yaxınlaşma uzun illər davam etmiş qarşıdurmadan sonra, əlbəttə ki, strateji dönüş idi. Lakin buna baxmayaraq, onlar arasında qarşılıqlı etimadsızlıq, şübhələr qalmaqdadır. BƏƏ özü də SƏ ilə İran arasında münasibətlərin normallaşmasına ehtiyatlı nikbinliklə yanaşır, eyni zamanda bunu özünün təsir gücünü zəiflədə biləcək amil sayır.
Aydındır ki, Ər-Riyad ilə Əbu-Dabi qarşılıqlı asılılıq, institusional məhdudiyyətlər, Fars körfəzi Əməkdaşlıq Şurasında sabitliyin qorunması istəyi kimi səbəblərdən münasibətlərin kəskinləşməsində maraqlı deyillər. Lakin eyni zamanda görünən odur ki, regional siyasəti getdikcə daha çox bu iki monarxiya arasındakı çoxsaylı fikir ayrılıqları və rəqabət müəyyən edəcək.
Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı
Baş verənlər fonunda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə alyansı çərçivəsində birləşməyə hazır olmaları diqqət çəkir. Ötən ilin sentyabrında Ər-Riyadla İslamabad arasında uzun illərə söykənən sıx hərbi-texniki əməkdaşlıq əsasında formalaşmış Səudiyyə-Pakistan müdafiə sazişi imzalanıb. Türkiyə isə Ər-Riyadla son beş ildə münasibətlərin kəskin şəkildə soyumasının ardından əlaqələri, demək olar ki, tam bərpa edib. Bununla yanaşı, İslamabadla Ankara da müdafiə sahəsində fəal əməkdaşlıq edir. İndi yalnız bu əlaqələrin daha aydın platformaya keçirilməsi qalır ki, həm tərəflərin öz, həm də ümumi mövqeyi güclənsin.
NATO-da ikinci ən böyük orduya və inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olan Türkiyə Cənubi Asiya və Afrikada regional mövcudluğunu, təsir gücünü getdikcə artıra bilər. Nüvə dövləti olan, inkişaf etmiş silahlı qüvvələrə, müdafiə məhsulları ixracı sektoruna malik Pakistan bu əməkdaşlıqdan əlavə hərbi-texniki üstünlüklər, həmçinin investisiya və diplomatik dividendlər qazanacaq. SƏ-yə gəlincə, bu vəziyyət ona regional liderliyi gücləndirmək, ABŞ-dən asılılığı azaltmaq üçün güclü impuls olacaq. Ölkələrin özlərində bildirirlər ki, onların arasında üçtərəfli müdafiə paketi aqressiv blok və ya «kiçik NATO» kimi şərh edilməməlidir. Bu alyansda iştirak təhlükəsizlik maraqlarının koordinasiyasını nəzərdə tutur və bir sıra məsələdə muxtariyyətdən imtinanı tələb etmir. Pakt tərəflərdən birinə qarşı təcavüzü ümumi təhdid kimi qiymətləndirir, lakin avtomatik hərbi güc tətbiqini, yaxud inteqrasiya olunmuş komanda strukturlarının yaradılmasını nəzərdə tutmur. Bununla belə, bəzi müşahidəçilər hesab edir ki, SƏ-Pakistan-Türkiyə oxu məhz Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və İsrailə qarşı yönəlib. Belə ki, bu ilin yanvarında Hindistanla BƏƏ arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığın dərinləşdirilməsi, o cümlədən sənaye əməkdaşlığı və dəniz təhlükəsizliyi üzrə niyyət sazişi imzalanıb. İki blok arasında açıq rəqabətin müşahidə olunduğu digər məqam isə «İnkişaf yolu» layihəsi ilə bağlıdır. Söhbət Türkiyə ilə İraq arasında Cənubi İraq limanlarını Türkiyə infrastrukturu, oradan isə Avropa bazarları ilə birləşdirəcək quru nəqliyyat dəhlizindən gedir. Bu təşəbbüsün IMEC (Hindistan-Yaxın Şərq-Avropa) layihəsinə açıq rəqib olduğu ortadadır. IMEC Asiya, Fars körfəzi və Avropanı dəniz və dəmir yolu şəbəkəsi vasitəsilə birləşdirməyi hədəfləyir. Layihə Hindistan, BƏƏ, SƏ, İordaniya, İsrail və Yunanıstanı əhatə edir. Təşəbbüs regionda təsir gücünü artırmaq, onun Çindən asılılığını azaltmaq istəyən ABŞ və Avropa İttifaqı tərəfindən də fəal şəkildə dəstəklənir. O da aydındır ki, bu layihə birbaşa Qəzzada sabitlikdən asılıdır. Qeyd edək ki, orada müharibənin başlamasından sonra SƏ layihədə iştirakını faktiki olaraq dayandırıb.
ABŞ amili
Aydındır ki, öz iqtisadi və strateji maraqları olan ABŞ bu regiondakı geosiyasi düzənə ənənəvi olaraq təsir göstərib, göstərir və göstərəcək. Bunun sübutları kifayət qədərdir. Məsələn, Səudiyyə Ərəbistanında keçirilən «World Defense Show 2026» beynəlxalq silah sərgisində Türkiyə SƏ ilə birlikdə beşinci nəsil «TF-X KAAN» qırıcısının istehsalı planını açıqlayıb. Amerika bu əməkdaşlıqdan narazılığını bildirib. Çünki bu, Vaşinqton üçün onun Səudiyyə Ərəbistanının silah bazarında illərdir davam edən hökmranlığına açıq çağırışdır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin noyabrında Səudiyyə Ərəbistanının hərtərəfli strateji müdafiə sazişi çərçivəsində «F-35» döyüş təyyarələrinin satılacağını elan etmişdi.
Yerli «The Middle East Eye» xəbər agentliyi bildirir ki, Vaşinqton Səudiyyə Ərəbistanının Pakistan-Çin istehsalı olan «JF-17» çoxməqsədli qırıcılarını almaq istədiyi zaman da eyni cür davranmışdı. O zaman Ər-Riyad geri çəkilmişdisə, indi görünən odur ki, Türkiyə bu proqramın icrasında çox maraqlıdır. Çünki o, birgə istehsal və texnologiyalar transferini nəzərdə tutur.
Bütün bunlar İsrailin uzun müddətdir ki, Yaxın Şərq dövlətlərinə qabaqcıl Amerika silahlarının satışına faktiki veto qoymaq hüququna malik olması fonunda baş verir. Yəhudi dövləti bunu özünün «keyfiyyətli hərbi üstünlüyünü» qorumaq üçün edir. Əlbəttə, bu, Səudiyyə Ərəbistanına tədarük edilə biləcək «F-35» təyyarələrinə də aiddir.
Maraqlıdır ki, Vaşinqton qeyd olunan narazılıq ifadəsi ilə paralel olaraq, gözlənilmədən SƏ ilə onun nüvə proqramına dair çoxmilyardlıq saziş imzalamağa hazır olduğunu da bəyan edib. Üstəlik, o, sənədi əvvəllər israr etdiyi məhdudiyyətlər olmadan imzalamağa «hə» deyir. Ekspertlər Ər-Riyadın nüvə silahı əldə etmək iddialarının olduğunu deyərək, burada risklərin olduğunu bildirirlər. Hesab edilir ki, Vaşinqton bu addımı strateji rəqibləri olan Rusiya və Çinin SƏ ilə analoji razılaşmanı imzalamasını əngəlləmək üçün atır. Çünki ikinci variant Birləşmiş Ştatlar üçün daha ciddi səhv və risk olardı.
ABŞ-nin proseslərə təsirinin daha bir bariz nümunəsi Pakistanla bağlıdır. Vaşinqton kritik əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin hasilatı, emalı və nəqli siyasəti çərçivəsində Pakistanın «Reko Diq» mis və qızıl hasilatı layihəsinə 1,3 milyard dollar maliyyə ayıracağını təsdiqləyib. Bu, istər yatağın miqyasını, istərsə də Pakistanın qlobal təchizat zəncirlərində artan əhəmiyyətini göstərir. Lakin bu işin də öz «əmmaları» var. Birincisi, yataq minerallarla zəngin, lakin son dərəcə qeyri-sabit Bəlucistan əyalətində yerləşir. İkincisi, Pakistan Çinin «Bir kəmər, bir yol» təşəbbüsünün əsas layihələrindən olan Çin-Pakistan İqtisadi Dəhlizi üçün platformadır. Məlum olduğu kimi, Pekin artıq bu ölkəyə ciddi investisiyalar yatırıb və onları qorumaqdan çəkinməyəcək. Xüsusilə nadir torpaq metallarının hasilatı, hələ ki, Çinin inhisarındadır və bu, onun ABŞ qarşısındakı əsas üstünlüklərindən biridir.
Sadalanan nümunələr göstərir ki, ABŞ-nin hazırkı administrasiyası çoxqütblü Böyük Yaxın Şərqdə belə, öz maraqlarına uyğun davranacaq. Bununla yanaşı, region ölkələri arasında getdikcə güclənən rəqabət təkcə artan imkanlar və manevr qabiliyyəti yox, həm də risklər və qeyri-müəyyənlik yaradır. Logistika, ticarət və təhlükəsizlik sahələrində paralel sistemlər yaranır və onlar bir-birləri ilə kəsişir, rəqabət aparır. Üstəlik, bu vəziyyət getdikcə daha çox ideologiyadan deyil, milli maraqlardan qaynaqlanır. Odur ki, Böyük Yaxın Şərqin əsas ölkələri üçün başlıca çağırış uzunmüddətli regional sabitlik, milli iqtisadiyyatların şaxələndirilməsi, öz iddialarının və gözləntilərinin qurbanına çevrilməməkdir.
MƏSLƏHƏT GÖR:




54

