23 Mart 2026

Bazar ertəsi, 05:07

DANIŞIQLAR VƏ ZİDDİYYƏTLƏR

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından dörd il keçir: sülh şansı varmı?

Müəllif:

01.03.2026

Rusiyanın Ukraynaya müdaxiləsinin dördüncü ildönümündə deyəsən, nəhayət, hərbi əməliyyatların dayandırılması perspektivi görünməyə başlayıb. Danışıqlar gedir. Onun uğurla nəticələnməsində istər Kiyevlə Moskvadan, istərsə də münaqişəyə cəlb olunmuş Qərb dövlətləri maraqlıdır. Təbii ki, dialoqda vasitəçi kimi çıxış edən ABŞ da. Lakin əsas məsələ olan ərazi mübahisəsində irəliləyiş yoxdur ki, bu da yaxın vaxtlarda sülhün əldə edilməsinin o qədər də real olmadığını düşünməyə əsas verir.

 

Cenevrə «irəliləyiş»i

2026-cı ilin əvvəlindən bəri Ukrayna ilə Rusiya arasında Vaşinqtonun vasitəçiliyi ilə danışıqların üç raundu keçirilib. Onlardan ikisi 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə, üçüncüsü isə fevralın 17-18-də Cenevrədə baş tutub. Görünən odur ki, ən azı müəyyən ciddi razılaşmaların əldə olunması baxımından ən məhsuldarı məhz Cenevrə danışıqlarıdır.

Cenevrədə ABŞ və Ukraynanı BƏƏ paytaxtında keçirilmiş görüşlərdəki heyət təmsil edib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ağ Ev sahibinin kürəkəni Cared Kuşner, ordu naziri Den Driskoll və NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, sabiq müdafiə naziri Rüstəm Umerovun başçılıq etdiyi Ukrayna nümayəndə heyətində isə prezident ofisinin rəhbəri Kirill Budanov və onun birinci müavini Sergey Kistlıtsa, «Xalqın xidmətçisi» partiyasının Ali Radadakı fraksiyasının lideri David Araxamiya və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski yer alıblar.

Rusiyanın nümayəndə heyətinə gəlincə, onun rəhbərliyində dəyişiklik olub. Əbu-Dabidə keçirilmiş görüşlərdə ruslara Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edirdisə, Cenevrədə bu işi dövlət başçısının köməkçisi Vladimir Medinski görüb. Xatırladaq ki, Medinski Ukrayna ilə daha əvvəl də danışıqlar aparıb və bu məsələdə «sərt mövqeyi» ilə tanınır. Rusiya nümayəndə heyətinə bu dəfə xarici işlər nazirinin müavini Mixail Qaluzin də qoşulub.

Tərəflər Cenevrə danışıqlarının yekununu ehtiyatlı nikbinliklə qiymətləndirib. Umerov görüşün «intensiv və məzmunlu» keçdiyini, Medinski «çətin, lakin işgüzar» atmosferdə baş tutduğunu bildirib. Uitkoff isə «əhəmiyyətli irəliləyişdən» belə, danışıb. Bəs söhbət hansı irəliləyişdən gedir?

Mediaya müxtəlif mənbələrdən sızan məlumatlara görə, danışıqlarda iştirakçılar iki qrupa bölünüblər. Bir qrup Donbasın taleyi, təhlükəsizlik təminatı və müharibənin hansı şərtlərlə dayandırıla biləcəyi kimi siyasi məsələləri, ikinci qrup isə hərbi məsələləri, yəni siyasi qərarların həyata keçirilməsi üçün konkret texniki imkanları müzakirə edib. Qüvvələrin ayrılması, mümkün pozuntuların monitorinqi və s. kimi məsələlər də müzakirə olunub.

Beləliklə, siyasi qrupun iştirakçıları müharibənin başa çatması və sülhün əldə olunması kimi qlobal məsələlərdən danışıblarsa, digər qrup əməliyyatların dayandırılması ilə bağlı mümkün qərarın maksimum tez qəbul edilməsinə imkan verəcək tədbirlər kompleksinin hazırlanması ilə məşğul olub. Cenevrə görüşünün iştirakçıları tərəfindən qeyd edilən irəliləyiş məhz ikinci – «hərbi» istiqamət üzrə müəyyən razılaşmaların əldə olunmasından ibarətdir. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski də etiraf edib. Onun sözlərinə görə, «hərbi istiqamətdə danışıqlar konstruktiv keçib və əhəmiyyətli irəliləyiş var». Zelenski bildirib ki, tərəflər bu istiqamətdə «prinsipcə, demək olar ki, hər şey üzrə razılığa gəlib». Həmçinin monitorinq «mütləq şəkildə Amerika tərəfinin iştirakı ilə həyata keçiriləcək». Bununla yanaşı, Zelenski siyasi istiqamətdə müəyyən işlər görülsə də, «mövqelərin hələ də fərqli olduğunu», «danışıqların asan keçmədiyini» söyləyib.

Danışıqların «asan keçməməsi», əlbəttə ki, tərəflərin münaqişənin siyasi tərəfləri ilə bağlı tam əks mövqedə olmalarından irəli gəlir. İlk növbədə, ərazi olaraq Donbasın mənsubiyyəti məsələsində fikirlər bir-birinə tam ziddir.

 

Dubanlı perspektiv

Rusiyanın irəli sürdüyü şərtlər sırasında problemin guya «ilkin səbəbləri» ilə bağlı da bir sıra məsələlər var. Buraya Ukraynada rus dilinin statusu, Ukraynanın dövlətçiliyin Moskva tərəfindən «benderçilər» kimi qiymətləndirdiyi prinsipindən imtinası, həmçinin ukraynalıların kilsə həyatının Moskva patriarxatına tabe olması da var… Lakin əsas məsələ ərazi tələbləridir. Yəni beynəlxalq birlik tərəfindən Ukraynanın tərkib hissəsi sayılan Donbas Rusiya torpağı kimi tanınmalıdır. Bununla yanaşı, Moskva tələb edir ki, Ukrayna Silahlı Qüvvələri rusların Donetsk vilayətinin dörd ildir davam edən miqyaslı hərbi əməliyyatlar nəticəsində ələ keçirə bilmədikləri hissələrindən də çıxmır (Luqansk vilayəti demək olar ki, tamamilə Rusiyanın nəzarətindədir). Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, əks halda Moskva müharibəni öz məqsədinə nail olanadək davam etdirəcək.

Görünən odur ki, Tramp administrasiyası Moskvanın ərazi tələbləri ilə barışmağa hazırdır. Bu üzdən də o, «sülhün mümkün qədər tez əldə olunması üçün» Kiyevə təzyiq göstərir. Vaşinqton Ukraynanı Donbas ərazisinin hələ də nəzarətdə saxladığı 20%-dən çıxmağa razı salmağa çalışır. Üstəlik, o, Rusiya tərəfinin «konstitusion əsaslarla» ilhaq etdiyi Zaporojye və Xerson vilayətlərində qoşunlarını mövcud təmas xəttində saxlamağa razılaşmasını Kiyevə güzəşt kimi təqdim edir.

Lakin Kiyev nəinki Rusiyanın Ukrayna ərazilərinə iddialarını, həmçinin «nəzakətli adamlar» tərəfindən hələ 2014-cü ildə ələ keçirmiş Krımın işğalını qəbul etmir, həm də hazırkı cəbhə xəttinin «dondurulmasını» tələb edir.

Vladimir Zelenski Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dördüncü ildönümü ərəfəsində BBC-yə geniş müsahibə verərək bildirib ki, onun ölkəsi bu savaşı uduzmayacaq və müharibə Kiyevin qələbəsi ilə başa çatacaq. Bu qələbənin necə görünəcəyi haqda suala dövlət başçısı belə cavab verib: «Bu, əlbəttə ki, ukraynalıların normal həyata qayıtması, insan tələfatının dayandırılması deməkdir». Bununla yanaşı, Zelenski Rusiyanın ələ keçirdiyi ərazilərin geri qaytarılmasını «zaman məsələsi» sayır: «Bunu bu gün etmək milyonlarla insanın həyatı bahasına başa gələ bilərdi. Rusiya ordusu böyükdür və biz belə addımların qiymətini anlayırıq». Prezident Ukrayna qoşunlarının Donbasdan çıxarılması təklifini rədd etməsinin daha bir səbəbini açıqlayıb: «Bu, cəmiyyətimizi parçalayardı».

Beləliklə, Ukrayna Prezidenti ölkəsinin və xalqının bu qış Rusiyanın şəhərlərə, enerji obyektlərinə güclənmiş hücumları qarşısında soyuqdan ölmək təhlükəsinə rəğmən, tab gətirə bildiyini göstərib. Üstəlik, belə məlum olur ki, Kiyev ABŞ-nin vasitəçiliyi ilə təklif oluna biləcək istənilən razılaşmanı qəbul etmək niyyətində deyil. Bu cür prinsipial mövqeni nəzərə alan, özünü neytral vasitəçi kimi təqdim edən, bu rolda «təcavüzkar» və «qurban» kimi kateqoriyaları rədd edən ABŞ tərəflərin bir-birinə tam zidd mövqelərini yaxınlaşdıra bilmək üçün yeni ideyalar üzərində işləyir.

Ukrayna mediasının məlumatına görə, danışıqların son raundu zamanı Kiyev ilə Moskva Donbasdan həm Rusiya, həm də Ukrayna qoşunlarının çıxarılması, oranın demilitarizasiya edilmiş zona şəklində idarə edilməsi üçün Rusiya-Ukrayna mülki administrasiyasının yaradılması təklifini də nəzərdən keçiriblər. Amma deyəsən bu, nə Donbasın əhəmiyyətli bir hissəsi üzərində nəzarəti təmin etmiş Rusiyanı, nə də suveren ərazisindən imtina etməyi düşünməyən Ukraynanı qane edir.

 

2026-cı ildə sülh şansı varmı?

Ukrayna və Qərb Rusiyaya iqtisadi təzyiqlərin artırılmasını hələ də prioritet sayır. Avropanın aparıcı dövlətlərinin hesablamaları aydındır: Moskvaya qarşı sanksiyaların genişləndirilməsi onu müharibəni heç bir şərt irəli sürmədən dayandırmağa vadar edəcək. Lakin Avropa İttifaqında bunun yekdil rəy olmadığını quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşü də təsdiqləyib. Macarıstanla Slovakiya Ukraynaya «Avropa ölkələrinin iqtisadiyyatı və təzhlükəsizliyi hesabına başa gələn» hədsiz dəstəyi qəbul etməyərək, Rusiyaya 20-ci sanksiyalar paketinin qəbulunu əngəlləyiblər.

Bununla belə, Aİ rəhbərliyi son illərdə formalaşmış Ukraynaya dəstək səviyyəsini azalmağı düşünmür. Savaşın başlamasının dördüncü ildönümündə – fevralın 24-də Kiyev ilə həmrəylik nümayişi kimi, Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Skandinaviya və Baltikyanı ölkələrin liderləri, həmçinin Xorvatiya rəhbərliyi Ukraynaya səfər ediblər. Elə həmin gün Ukrayna-Şimali Avropa və Baltikyanı ölkələrin sammiti, həmçinin «istəklər koalisiyası»nın iclası da keçirilib. İkinci tədbirə onlayn formatda NATO-nun baş katibi Mark Rütte, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransanın dövlət başçısı Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və daxil olmaqla, 30-dan çox dövlətin liderləri də qoşulublar. Onlar müharibənin başa çatmasından sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduqlarını təsdiqləyiblər. Buraya ölkə ərazisinə ABŞ-nin dəstəyi ilə çoxmillətli qüvvələrin yerləşdirilməsi də daxil ola bilər.

Bu arada, hərbi əməliyyatların gedişi Qərbin Ukraynanı bundan sonra hansı səviyyədə silahlandıracağından da asılıdır. Zelenski artıq «lazımi qədər» silaha malik olmamaqdan şikayətlənir. «Bu, artıq təkcə bizdən yox, həm də tərəfdaşlarımızdan asılı olan məsələdir», - deyə dövlət başçısı bildirib. Bu, əlbəttə ki, ABŞ və Aİ tərəfindən göstərilən hərbi dəstəyin yetərli olmadığına işarədir. Məlum olduğu kimi, Trampın dövründə Vaşinqton Ukraynaya hərbi yardımları, demək olar ki, dayandırıb. Aİ ölkələri Kiyev üçün ABŞ silahlarını satın alır. Bununla yanaşı, Avropada Ukrayna Silahlı Qüvvələrinin atəş gücünü artırmağa, həmçinin hava məkanını daha yaxşı qorumağa qadir silahların verilməsi ilə bağlı müzakirələr bitmək bilmir.

Beləliklə, Moskvaya hərbi və iqtisadi təzyiqlərin hansı nəticələri verəcəyi hələ son dərəcə qeyri-müəyyəndir. Odur ki, əsas ümidlər ABŞ diplomatiyasınadır. Hər bir halda, dünyada Putin ilə Zelenskini real şəkildə sülhə sövq edə biləcək yeganə lider kimi məhz Trampın adı çəkilir. Onun xüsusi nümayəndəsi Uitkoff yaxın həftələrdə Ukrayna, Rusiya və ABŞ-nin iştirakı ilə üçtərəfli formatda danışıqların yeni raundunun keçiriləcəyini bildirib. Artıq hətta Putin ilə Zelenskinin şəxsi görüşünün mümkünlüyündən, Trampın da onlara qoşulması ilə üçtərəfli sammitin təşkili ehtimallarından da danışılır. Görünür, müharibənin yaxın gələcəkdə başa çatıb-çatmayacağını məhz bu formatda aparılan danışıqların nəticəsi müəyyənləşdirəcək.



MƏSLƏHƏT GÖR:

55