3 May 2026

Bazar, 07:53

VAXT BİTİR

Vaşinqtonla Tehranın təhlükəli mərhələdə balans axtardıqları bir vaxtda aviadaşıyıcılar mövqe tutur

Müəllif:

01.03.2026

ABŞ ilə İran arasında Tehranın nüvə proqramına dair Cenevrədə aparılan danışıqların (birbaşa olmasa da) üçüncü raundu fevralın 26-da başa çatıb. Müzakirələr Oman səfirliyinə məxsus binalardan birində bu ölkənin xarici işlər nazirinin də iştirakı ilə aparılıb. Əvvəllər olduğu kimi, bu dəfə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb və sonda nazir «əhəmiyyətli irəliləyiş»in əldə olunduğunu bildirib. «Biz əhəmiyyətli irəliləyişlə yadda qalan bir günü başa vurduq», - deyə o, «X» sosial şəbəkəsində yazıb. Nazirin sözlərinə görə, danışıqlarda iştirak edən ölkələrin paytaxtlarında aparılacaq məsləhətləşmələrdən qısa müddət sonra dialoq davam etdiriləcək. Texniki səviyyədə müzakirələr isə Vyanada aparılacaq.

Amma heç də bütün qiymətləndirmələr bu qədər nikbin deyil. Məsələn, «Axios» nəşrinin jurnalisti Barak Ravid yazır ki, Amerika tərəfi danışıqların gedişindən narazı qalıb. O, adı açıqlanmaya mənbəyə istinadən bildirir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner iranlı nümayəndələrlə görüşdə eşitdiklərindən məyusluqlarını ifadə ediblər.

Qeyd edək ki, Tramp administrasiyası danışıqlar ərəfəsində İranın ballistik raket proqramına, pilotsuz uçuş aparatları istehsalına və sanksiya altında olan neft satışına dəstək verməkdə ittiham edilən şəxslərə və şirkətlərə növbəti sanksiyalar paketini tətbiq edib. Beləliklə, Vaşinqton öz taktikasına sadiq qalaraq, razılaşmanın əldə olunması məqsədilə Tehrana təzyiqləri davam etdirir. Amma görünən odur ki, bu taktika özünü o qədər də doğrultmur.

 

Problemin detalları

ABŞ son həftələr ərzində İranla fəal danışıqların getməsinə baxmayaraq, Yaxın Şərqdə hərbi mövcudluğu davamlı olaraq artırır. Tərəflər arasında gərgin keçən danışıqların ilk iki raundu faktiki olaraq, ciddi nəticələr verməyib. Əsas mübahisə mövzusu hələ də uranın zənginləşdirilməsi səviyyəsi və prosesə nəzarət tədbirləri ilə bağlıdır. İran zənginləşdirmənin səviyyəsinin azaldılması, artıq zənginləşdirilmiş uranın bir hissəsini təhlükəsizlik məqsədilə xaricə göndərilməsi, MAQATE tərəfindən təftişlərin artırılması ilə bağlı təkliflərə baxmağa hazırdır. Lakin bunun müqabilində o, iqtisadi sanksiyaların ləğvini, dinc məqsədlər üçün uranın zənginləşdirilməsi hüququnun tanınmasını istəyir.

Eyni zamanda Tehran danışıqlarda onun raket proqramı və regiondakı silahlı qruplara dəstəyi ilə bağlı məsələlərin müzakirəsindən təkidlə boyun qaçırır. O, bunu hətta «qırmızə xətt» kimi təqdim edir. İranlılar israrla bildirirlər ki, dialoq yalnız nüvə proqramı ilə məhdudlaşmalı, Vaşinqtonun gündəliyə daxil etmək istədiyi digər strateji məsələlər müzakirəyə çıxarılmamalıdır.

ABŞ tərəfində isə sərt ritorika ilə yanaşı, diplomatik kanalları açıq saxlamaq istəyi də müşahidə olunur. Onlar danışıqlarda qarşıya qoyulmuş vəzifələrin ciddiliyini vurğulamaqla yanaşı, eyhamla da olsa bildirirlər ki, Donald Tramp müzakirələrin davam etdirilməsilə bərabər, irəliləyişin əldə edilməyəcəyi təqdirdə hərbi varianta əl atmaq hüququnu da özündə saxlayır.

 

Son müddət ultimatum kimi

Cenevrə danışıqlarının üçüncü raundu ərəfəsində Donald Tramp İrana nüvə proqramı ilə bağlı razılığa gəlməsi üçün 10-15 gün vaxt verib. O bildirib ki, tərəflər bu müddətdə razılığa gəlməzsə, «həqiqətən pis şeylər baş verəcək». Söhbət, əlbəttə ki, İrana təzyiqlərin daha da artırılması ilə yanaşı, hərbi tədbirlərə əl atılmasından da gedə bilər. Hər halda, bu bəyanat ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdə mövcudluğunu ciddi şəkildə artırması fonunda səsləndirilir ki, bu da Tehrana təzyiqlərin artırılması ilə yanaşı, son müddətin real ultimatum kimi qəbul olunmasını qaçılmaz edir. Trampın bəyanatına cavab olaraq İran tərəfi hərbi əməliyyatlara başlamaq niyyətinin olmadığını, lakin Vaşinqtonun hər hansı formada təcavüzünə «qəti və adekvat cavab veriləcəyini» bəyan edib.

Belə təəssürat yaranır ki, danışıqlara nə Vaşinqtonda, nə də Tehranda böyük ümid var. Proses formal olaraq davam edir, lakin tərəflər paralel olaraq ən pis ssenariyə də hazırlaşır. ABŞ regiona əlavə hərbi qüvvələr göndərərək sərt addımlara hazır olduğunu nümayiş etdirirsə, İran da mümkün hərbi qarşıdurmaya hazırlıq sayıla biləcək addımlar atır.

«The New York Times» yazır ki, İranın ali dini lideri Əli Xamenei ABŞ ilə mümkün müharibədə həlak olması, yaxud ölkədə idarəçiliyə nəzarəti itirməsi halı ilə bağlı fəaliyyət planının hazırlanması tapşırığını verib. Məlumata görə, planda onun səlahiyyətlərinin bir hissəsi dar çərçivədə olan etibarlı şəxslərə verilib. Bununla yanaşı, rəhbərlə əlaqənin itəcəyi və ya onun zərbələrin hədəfinə çevriləcəyi təqdirdə dövlət idarəçiliyinin iflic olmaması üçün varislik sistemi yaradılıb. Müxtəlif struktur rəhbərlərinə fövqəladə vəziyyət üçün bir neçə mümkün müavin müəyyənləşdirmələri tapşırılıb.

Qəzetə məlumat verən mənbənin sözlərinə görə, qeyd olunan vəziyyət üçün əsas koordinator İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani seçilib. Son aylarda onun proseslərə təsiri nəzərəçarpacaq dərəcədə artıb. Laricani hazırda daxili təhlükəsizlik məsələləri, müttəfiqlərlə əlaqə və nüvə proqramına dair danışıqlarla məşğuldur. Bununla belə, söhbət onun mümkün dini varisliyindən getmir. O, daha çox böhran şəraitində siyasi koordinasiyanı təmin edəcək şəxs kimi müəyyənləşdirilib.

«Axios» nəşrinin ABŞ-nin guya İrana qarşı müxtəlif ssenarilər hazırladığı, o cümlədən Xameneinin və oğlunun aradan götürülməsi variantının nəzərdən keçirildiyi haqda xəbərləri əlavə gərginlik yaradıb. Məlumat rəsmi şəkildə təsdiqlənməsə də, belə xəbərlərin ortaya çıxması təzyiqi, psixoloji müharibə atmosferini gücləndirir. Tehran isə belə planlara qarşı hazırlıqlara, yəqin ki, çoxdan başlayıb. Bəlkə də ölkənin böhran şəraitində necə idarə olunacağı ilə bağlı planların qurulmasına İsraillə hələ ötən il gərginliyin artması zamanı, yəhudi dövlətinin İranın hərbi və dini rəhbərliyinə zərbələr endirdiyi vaxt başlanılmışdı.

Beləliklə, hazırda ikili mənzərə yaranıb: danışıqlar formal olaraq davam edir, amma tərəflər paralel şəkildə eskalasiyaya da hazırlaşır. Bu, dərin qarşılıqlı etimadsızlıqdan, diplomatik prosesin əslində ciddi hərbi təzyiq şəraitində getdiyindən xəbər verir.

 

Danışıqlara ümid…

Konkret olaraq hərbi hazırlıqlara gəldikdə, onlar getdikcə daha sistemli və çoxşaxəli xarakter alır. Artıq söhbət adi dislokasiyalardan, planlı rotasiyalardan deyil, regionda tamhüquqlu zərbə arxitekturasının formalaşdırılmasından gedir. Qərb mediası yazır ki, ABŞ İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarında aviasiya qruplarını əhəmiyyətli dərəcədə böyüdüb. «Financial Times» peyk görüntülərinə və Təl-Əviv Universiteti tədqiqatçılarının məlumatlarına əsasən yazır ki, ABŞ İordaniyadakı hərbi bazasına 66 döyüş təyyarəsi yerləşdirib. Onların arasında 18 ədəd beşinci nəsil «F-35», 17 ədəd çoxməqsədli «F-15» və 8 ədəd «A-10» hücum təyyarəsi də var. Bundan başqa, bazada «EA-18» radioelektron mübarizə təyyarələrinin və nəqliyyat aviasiyasının mövcudluğu da qeydə alınıb. Bu tərkib sadəcə zərbələrin endirilməsi deyil, həm də hava hücumundan müdafiə sistemlərinin susdurulmasına, əməliyyatların müşayiətinin təmininə, dayanıqlı logistikanın qurulmasına imkan verir.

Peyk görüntülərinin təhlili Səudiyyə Ərəbistanındakı aviabazada uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarələri olan «E-3 AWACS»ların da sayının artırıldığını göstərir. Eyni zamanda orada «C-130» və «C-5» nəqliyyat təyyarələrinin də sayı artırılıb. Bu isə hava əməliyyatlarının mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradıldığını, əlavə qüvvələrin mümkün dislokasiyasına hazırlıq görüldüyünü təsdiqləyir.

Eskalasiya amillərindən biri də ABŞ Hərbi Hava Qüvvələrinin iki aviadaşıyıcı zərbə qrupunu regiona göndərməsidir. Bu, ABŞ aviasiyasının fəaliyyət radiusunu əhəmiyyətli dərəcədə genişləndirir, qurudakı bazaların infrastrukturuna bağlı olmayan müstəqil zərbə platformaları yaradır. Qeyd edək ki, aviadaşıyıcı qrup yalnız göyərtə aviasiyasından idarət deyil. O, həm də qanadlı raketlər, hava və raket hücumundan müdafiə vasitələri ilə təchiz olunmuş müşayiət gəmilərini əhatə edir ki, bu da potensial əməliyyatın güclü dəniz komponentini formalaşdırır.

Ümumilikdə isə qurudakı bazalardakı hava qrupları ilə aviadaşıyıcı birləşmələrin mövqelənməsi çoxsəviyyəli təzyiq konfiqurasiyası yaradır. Media yazır ki, Vaşinqton regionda İrana qarşı bir neçə həftə davam edə biləcək əməliyyatların aparılmasına imkan verəcək hərbi-dəniz potensialı formalaşdırır. Bu addımların bir hissəsi danışıqlar çərçivəsində çəkindirməyə, qətiyyət nümayişinə hesablanmış olsa belə, yerləşmənin miqyası və strukturu dialoqun nəticə verməyəcəyi təqdirdə güc ssenarisinə sürətli keçid üçün bütün imkanların yaradıldığını göstərir.

Ağ Ev hələ yanvarda bildirirdi ki, İrana güc tətbiqi ssenarisi nəzərdən keçirilir. Bu açıqlama fonunda Vaşinqton İranın nüvə silahından tam imtinasını nəzərdə tutan «ədalətli və bərabərhüquqlu» razılaşmanın əldə ediləcəyinə ümidini də dilə gətirmişdi. Vaşinqton bununla hər iki ssenarinin açıq qaldığını göstərirdi.

 

Tehran ən pis ssenariyə hazırlaşır

İran hakimiyyəti isə öz növbəsində, atom bombası yaratmaq niyyətində olmadığını təkrar-təkrar vurğulayır, nüvə proqramının dinc xarakter daşıdığını bildirir. Bununla yanaşı, iranlılar hadisələrin hərbi ssenari üzrə inkişafına da hazır olduqlarını nümayiş etdirir, hərbi imkanlarını davamlı olaraq artırır. Məsələn, bu günlərdə İran «Hörmüz boğazının ağıllı idarə olunması» təlimləri çərçivəsində yeni silah sınaqları keçirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq «Seyyad-3G» gəmi əsaslı zenit raketini sınaqdan keçirib. Söhbət 150 kilometrədək məsafədəki hədəfi vura bilən şaquli buraxılış sistemindən gedir. O, gəmi qruplaşmaları üçün regional hava hücumundan müdafiə çətirini formalaşdırmağa qadirdir.

Hörmüz boğazının strateji əhəmiyyətini nəzərə alsaq, bu cür halların yalnız hərbi deyil, həm də geoiqtisadi əhəmiyyəti ortadadır. Burada hava məkanına nəzarət qlobal enerji marşrutlarının təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Tehran hava hücumundan müdafiə sisteminin müasirləşdirilməsi istiqamətində də addımlar atır. Məlumata görə, 2025-ci ilin dekabrında Rusiya ilə təxminən 500 milyon avro dəyərində qapalı saziş imzalanıb. O, 2027-2029-cu illər ərzində İrana «9M339» raketləri ilə birlikdə təxminən 500 ədəd müasir «Verba» daşınan zenit-raket kompleksinin, həmçinin «Mauqli-2» nişangah sistemlərinin tədarükünü nəzərdə tutur. Bu, ilk növbədə, pilotsuz uçuş aparatları, qanadlı raketlər və aşağı hündürlükdə fəaliyyət göstərən aviasiya kimi alçaqdan uçan hədəflərə qarşı müdafiəni gücləndirməlidir.

Bundan başqa, potensial təhlükənin artması şəraitində xüsusi raket və dəniz qüvvələrinin operativ idarə olunmasında İİKK-nin rolu gücləndirilir. Təlimlərin artırılması, səfərbərlik hazırlığı, güc blokunun səlahiyyətlərinin yenidən bölüşdürülməsi ölkə ərazisinə mümkün zərbələr halında böhran idarəçiliyinə hazırlıqdan xəbər verir.

Beləliklə, qarşılıqlı təzyiqlər getdikcə artır. ABŞ danışıqların iflasa uğrayacağı təqdirdə güc ssenarisinə hazır olduğunu nümayiş etdirir, İran isə hərbi potensialını artırır, hava hücumundan müdafiə sistemini inkişaf etdirir, beynəlxalq neft ticarətinin əsas marşrutu olan Hörmüz boğazı ətrafında dəniz qüvvələrini möhkəmləndirir.

Belə bir vəziyyətdə danışıqlar prosesini zəif də olsa davam etməsi regionda sülhün ən azı müəyyən müddət üçün təmin ediləcəyinə ümidi qoruyub saxlayır.



MƏSLƏHƏT GÖR:

84