RELSLƏR ƏTRAFINDA MANEVRLƏR
Ermənistan yeni logistika formulları axtarır, Rusiya konsessiyanı xatırladır, Azərbaycan öhdəliklərin yerinə yetirilməsini gözləyir
Müəllif: NURANİ
Bakı ilə İrəvan arasındakı sülh prosesi sanki rəsmi fasilədədir. Müşahidəçilər bildirirlər ki, tərəflər artıq kifayət qədər uzun yol qət ediblər. Sərhəddə uzun müddət idi gözlənilən səssizlikdir, 2025-ci ilin avqustunda Vaşinqtonda aparılan danışıqlarda misli görünməmiş irəliləyiş əldə olunaraq, sülh müqaviləsinin mətni paraflanıb, TRIPP layihəsinə rəsmən start verilib. Bundan başqa, Azərbaycan öz ərazisindən Ermənistana yük tranzitinə qoyduğu məhdudiyyətləri aradan qaldırıb ki, bir müddət əvvələdək bu, tamamilə mümkünsüz görünürdü.
İndi region İrəvandan da müvafiq addımlar gözləyir. Bu, hər şeydən əvvəl ölkə konstitusiyasına dəyişiklik edilməsidir. Xatırladaq ki, Ermənistan Konstitusiyasının preambulasında bir neçə yerdə Qarabağa birbaşa iddialar yer alır. Amma proses sürətli getmir. Ermənistan, hələ ki, yeni konstitusiya layihəsini təqdim etməyib, dəyişikliklərlə bağlı referendumun nə vaxt keçirilə biləcəyi açıqlanmayıb. Bakı isə istər rəsmi səviyyədə, istərsə də ictimai təşkilatların dili ilə bildirir ki, qeyd edilən dəyişiklik olmadan, sülh müqaviləsi imzalanmayacaq.
Ümumi prosesdə müsbət məqamlar bu yaxınlarda Vaşinqtonda keçirilmiş Sülh Şurası sammitində də müşahidə edilib. Qeyd edək ki, sammitin iştirakçıları arasında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan da olub. Onlar arasında rəsmi görüş keçirilməsə də, beynəlxalq və regional informasiya agentlikləri Əliyev ilə Paşinyanın bir-birlərinin əlini sıxdıqlarını lentə alaraq yaya bilib. Sammitin kulisində qeyri-rəsmi söhbət də olub. Beləliklə, Azərbaycan tərəfində xoş niyyət qorunur və İrəvandan konkret addımlar gözlənilir.
Ekspertlərin dialoqu – presedentlər və digər məsələlər
Baş verənlər fonunda ən diqqətçəkən hadisələrdən biri Azərbaycan və Ermənistanın mülki fəalları və ekspertləri arasında dialoqun növbəti raundunun – «Sülh körpüsü»nün təşkilidir. Azərbaycan nümayəndələri bu dəfə Ermənistana delimitasiya olunmuş sərhəd zonasında yerləşdirilmiş müvəqqəti sərhəd-keçid məntəqəsindən daxil olublar. Onlar Ermənistanda hotelə gediş, istirahət, plenar iclaslar və s. daxil olmaqla, 35 saat qalıblar. Bu dəfə dialoq daha geniş tərkibdə keçib – təxminən, 30 nəfərin iştirakı ilə. Üstəlik, ekspertlərin görüşündə Ermənistan hökumətinin üzvü də iştirak edib…
Lakin görüş iştirakçıları bəzi məsələlərdə yekdil nəticəyə gələ bilməyiblər. Azərbaycan tərəfi bunu tamamilə məntiqli sayır. İllər boyu davam etmiş münaqişə səbəbindən həll edilməli olan bir çox problem yığılıb. Görüşdə dialoqun davam etdirilməsi, yeni layihələrin hazırlanması ilə bağlı razılıq əldə olunub ki, bu da müharibənin mirasının aradan qaldırılmasına kömək etməlidir. Sızan məlumatlardan belə anlaşılır ki, əsas diqqət kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına yönəlib.
İstənilən halda, etiraf olunmalıdır ki, ekspertlər arasında aparılan dialoq olduqca ümidvericidir. «Sülh körpüsü» çərçivəsində keçirilən görüşlər artıq bir sıra presedentlər yaradıb. Xatırladaq ki, əvvəlcə uzun illər sonra ilk dəfə AZAL təyyarəsi İrəvana eniş edib, Ermənistan aviaşirkətinə məxsus təyyarə isə Bakıya gəlib. Son görüş üçün isə iştirakçılar sərhədi quru yolu ilə keçib və şübhə yoxdur ki, ermənilərin cavab səfəri də eyni qaydada olacaq. Prosesə yeni şəxslərin cəlbi daha bir müsbət haldır.
Lakin realist olmaq lazımdır. Bu dialoqda yalnız bir qrup iştirak edir. Demək, proses hələ genişmiqyaslı deyil. Ekspertlər layihələr hazırlaya, öz qiymətləndirmələrini ifadə edə, bəzi məsələlərin müzakirəsini apara bilərlər. Amma sadəcə bu. «Xalq diplomatiyası»nın imkanlarını şişirtməyə ehtiyac yoxdur. Onun buzları tam əridə, ictimai rəyə önəmli təsir göstərə, sülh prosesini ciddi şəkildə irəli apara biləcəyini gözləmək doğru olmazdı. Üstəlik, müzakirə edilən ideyaların hamısı tam aydın deyil.
Dəmir yolu logistikası və siyasi maneələr
Ekspertlər görüşdə iki ölkəni birləşdirən dəmir yollarının açılması imkanlarını da müzakirə ediblər. Ermənistan tərəfi xüsusilə təklif edir ki, Sovet İttifaqı illərində əsas magistral dəmir yolu olan Qazax-İcevan xətti bərpa olunsun. Bu xətt Ermənistanı Azərbaycan və Gürcüstanla birləşdirirdi. Həmin ərazidə qaz kəməri də mövcuddur. Əvvəllər Azərbaycan qazının Ermənistana nəql edildiyi boru xətti də buradan keçib. İndi ümid edilir ki, onun bərpası qaz tədarükünün də bərpasına imkan yarada bilər.
Ermənilərin daha bir təklifi Gürcüstan vasitəsilə Naxçıvanla dəmir yolu bağlantısının yaradılmasıdır. Onların fikrincə, bunun üçün Ermənistanın Yerasx şəhərindən Azərbaycanın Sədərək bölgəsinədək uzanan dəmir yolu bərpa olunmalıdır. Bu, həm də Gürcüstanla İran arasında tranzit əlaqəsinin təmininə imkan verəcək. Söhbət 6-7 kilometrlik məsafədən gedir. Məlumdur ki, TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisi bir neçə il çəkəcək.
İlk baxışdan bu, olduqca müsbət görünür və sülh prosesinə tam uyğundur. Amma burada nəzərə alınmalı olan bir sıra məqamlar var. Aydındır ki, İrəvan Azərbaycanla birbaşa dəmir yolu əlaqəsini açmaqda maraqlıdır. Amma o, Zəngəzur vasitəsilə Naxçıvana tranzit yolunun açılmasını istəmir. Ermənistan üçün bu məsələ həm vacibdir, həm də həssas. SSRİ dövründə regionun ən yaxşı dəmir yolu logistikası ona məxsus olub. Lakin sonradan ölkə nəqliyyat baxımından təcrid duruma düşüb. Onun İranla dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən – Culfadan keçir. Münaqişə illərində Zəngəzur (ermənilər “Sünik” adlandırırlar) vasitəsilə İrana dəmir yolunun çəkilməsinə dəfələrlə cəhdlər edilsə də, nəticəsi olmayıb. Bu, uzun, mürəkkəb və bahalı işdir. Azərbaycan isə Astara-Astara-Rəşt dəmir yolunun inşasını uğurla reallaşdıraraq, Ermənistanı kənarda qoya bilib.
Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolu da yoxdur. Köhnə yol Suxumidən keçirdi ki, Abxaziyanın işğalı ilə o, bağlanıb. Belə bir vəziyyətdə bu gün Azərbaycan Ermənistana yük tranzitini açıb. Amma o, Gürcüstan vasitəsilə və demək, əlavə xərclərlə baş tutur.
Sanki bütün bunlar TRIPP layihəsinin mümkün qədər tez reallaşdırılmasının vacibliiyni göstərir. Lakin…
Ermənistanın manevrləri və Rusiyanın təpinməsi
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulması məsələsi hələ 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyannamədə əksini tapıb. Sənəddə bildirilir ki, bu yolda təhlükəsizliyi İran-Ermənistan sərhədini qoruyan, orada sərhəd zonası rejimi yaratmış Rusiya hərbçiləri təmin edəcək. Lakin Bəyannamənin imzalanmasından, təxminən, 5 il sonra baş tutan Vaşinqton danışıqlarına və TRIPP layihəsinə start verilənədək bu məsələdə heç bir irəliləyiş olmayıb. Üstəlik, Ermənistan artıq Azərbaycana rəsmi səviyyədə «alternativ yollar» da təklif edib. Həmin yollar Ermənistanın az qala bütün ərazisindən keçirdi. Buna baxmayaraq, təklifdə təhlükəsizliklə bağlı heç bir tədbir nəzərdə tutulmurdu və əlavə olaraq, həmin yolun əlverişsiz hava şəraiti üzündən ilin böyük hissəsi bağlı qalacağı məlum idi. Bakı bu təklifi, təbii ki, rədd edib.
İndi məsələ yenidən gündəmə gəlib. Nikol Paşinyan Rusiyadan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərinədək uzanan dəmir yollarının bərpası üçün kömək istəyib. Məlumdur ki, Ermənistanın dəmir yollları konsessiya əsasında Rusiya tərəfindən idarə olunur. Odur ki, Paşinyan daha sonra konsessiyanın «dost ölkə»yə satılmasını da təklif edib.
Yəni baş nazir hələ də eyni oyunu oynayır: yollar açılsın, tranzit təmin olunsun, TRIPP açılmasın. Məsələ heç onda da deyil ki, bu dəmir yolunun detalları Koçaryan və Sarqsyan dönəmində sökülərək İrana satılıb…
Rusiyanın məsələyə münasibəti özünü çox gözlətməyib. Əvvəlcə İrəvanın təklifinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova cavab verib. O, Paşinyanın çağırışını «qəribə» və «qəbuledilməz» adlandırıb. Zaxarova xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi 20 ildən çoxdur «Cənubi Qafqaz Dəmir Yolları» QSC tərəfindən idarə olunur. «Bu müddət ərzində o, yalnız konsessiya sazişinin şərtlərini yetinə yetirmir, həm də infrastruktur və qatarlara əhəmiyyətli investisiya qoyur. Görünür, İrəvanda bunu unudurlar ki, həmin investisiyalar hələ tam geri qaytarılmayıb. Eyni zamanda bu idarəçilik ölkədə çoxlu iş yerləri də yaradır. Bu da nəzərə alınmalıdır», - deyə XİN rəsmisi qeyd edib. Yəni Rusiya faktiki olaraq, Ermənistanın təcrid vəziyyətində zərərlə işləyən dəmir yolu şəbəkəsini maliyyələşdirməklə məşğuldur.
Daha sonra məsələyə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da münasibət bildirib: «Demək, iyirmi il ərzində qurulmuş sistem bir anda sıradan çıxarıla bilər. Bunun məsuliyyətini təbii ki, heç bir «dost ölkə» daşımayacaq. Ümid edirəm Ermənistan rəhbərliyi məsuliyyətli qərarlar qəbul edərkən vətəndaşlarının maraqlarını nəzərə alacaq».
Artıq bu, açıq təhdidə bənzəyir. Bəli, Rusiya üçün Ermənistan dəmir yollarının fəaliyyətini dayandırmaq çətin deyil. Bunun üçün xüsusi sabotaj sxemlərinə də ehtiyac yoxdur. Amma bütün bunlar Ermənistanda keçirilməli olan parlament seçkisi ərəfəsində baş verir. Moskva Paşinyana münasibətini gizlətmək niyyətində deyil. Amma İrəvana infrastruktur təzyiqinin göstərilə biləcəyi ilk dəfə dilə gətirilir. Burada söhbət yalnız dəmir yolundan getmir. Kreml başqa vasitələrə də əl ata bilər. Əgər «sistem sıradan çıxarsa», Paşinyan əsas seçki kartı olan Azərbaycan ərazisi ilə dəmir yolu tranziti imkanını tam itirəcək. Odur ki, İrəvan üçün Rusiyanın bu təzyiqi qarşısında duruş gətirmək heç də asan olmayacaq.
MƏSLƏHƏT GÖR:



71

