23 Mart 2026

Bazar ertəsi, 05:09

TRAMP «YENİ DÜNYA»NI İŞƏ SALIR

Vaşinqtonda Bakının da iştirakı ilə Sülh Şurası təqdim edilib – yeni təhlükəsizlik arxitekturası kimi

Müəllif:

01.03.2026

Barəsində çox danışılan və yazılan Sülh Şurasının inauqurasiya mərasimi, nəhayət, baş tutub. 2026-cı il fevralın 19-u beynəlxalq münasibətlərin müasir tarixinə, bəlkə də, gələcəyin təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək hadisə kimi düşüb. ABŞ Prezidenti Donald Tramp və komandası təxminən 20 dövlətin liderlərinin iştirakı ilə yeni təşəbbüsün əsas parametrlərini və institusional məntiqini elan edib.

 

Yeni qüvvələr nisbətində Bakının rolu

Məlum olduğu kimi, son illərdə beynəlxalq sistem dərin transformasiyalar mərhələsinə qədəm qoyub. Bu dəyişikliklər fonunda mövcud idarəetmə mexanizmlərinin yeni geosiyasi və humanitar reallıqlara uyğun gəlmədiyi aydın şəkildə görünməkdədir. Davam edən silahlı münaqişələr, artan humanitar böhranlar şəraitində ənənəvi beynəlxalq institutlar çağdaş çağırışlara effektiv reaksiya göstərməkdə çətinlik çəkir. Hazırda dünyada mövcud olan altmışdan çox qeyri-sabitlik ocağı, o cümlədən Qəzza və Rusiya-Ukrayna müharibəsi sülh və təhlükəsizliyin təminatı mexanizmlərinin sistemli böhran yaratdığı hissini gücləndirir. Belə bir vəziyyətdə BMT-yə qarşı tənqidlər getdikcə artmaqdadır. Bir çox ekspertlər hesab edirlər ki, BMT münaqişələri tez bir zamanda həll etmək üçün kifayət qədər siyasi iradəyə, lazımi alətlərə malik deyil. Üstəlik, BMT Nizamnaməsinin əsas prinsiplərinin aşınması mövcud qlobal idarəetmə sisteminə inamı zəiflədir, dövlətləri daha çevik, effektiv beynəlxalq əməkdaşlıq formatları axtarmağa vadar edir.

Donald Tramp administrasiyası məhz bu səbəbdən alternativ və ya əlavə sülhyaratma aləti kimi, Sülh Şurasını təqdim edib. Təşəbbüsün siyasi əsasları Şarm əl-Şeyx sammitində qoyulub. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin sammitdə də iştirak etmişdi. Yəni Bakı bu təşəbbüsün həyata keçirilməsinə ilk mərhələlərdən fəal dəstək göstərir.

Azərbaycanın Sülh Şürasına məhz təsisçi dövlət statusunda qoşulması formalaşmaqda olan mexanizmin siyasi əhəmiyyətini ortaya qoyur, Bakının beynəlxalq çəkisinin nə qədər artdığını nümayiş etdirir. Bu mənada, Azərbaycan tərəfindən Ermənistanla sülhə dair irəli sürülmüş gündəlik də əlavə amil kimi qiymətləndirilir. Bu gündəlik suverenlik və beynəlxalq hüququn prinsiplərinə əsaslanan postmünaqişə həllinin nümunəsi kimi qəbul olunur. Bu mənada, İlham Əliyevin Sülh Şurasının Vaşinqtonda keçirilən ilk toplantısına dəvət alması onun beynəlxalq nüfuzunun, eyni zamanda Bakının sülh təşəbbüsündəki rolunun təsdiqi kimi qiymətləndirilə bilər.

Donald Trampın inauqurasiya mərasimində səsləndirdiyi bir fikir xüsusi diqqət çəkir. O, Azərbaycanı yeni təşkilatın donorlarından biri kimi təqdim edib. ABŞ liderinin sözlərinə görə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt Qəzzaya yardım paketinə birlikdə 7 milyard dollardan çox vəsait ayırıblar. Tramb bildirib ki, onun ölkəsi ayrıca Sülh Şurasının Qəzza ilə bağlı layihələrinə təxminən 10 milyard dollar ayırmağa hazırdır. Lakin bu öhdəliklərin Sülh Şurasının Nizamnamə ödənişləri və ya konkret hədəf proqramları ilə əlaqəsi ictimaiyyətə açıqlanmayıb. Nəticədə, təşkilatın maliyyə arxitekturası ilə bağlı müxtəlif şərhlər ortaya çıxıb.

Şayiə və anlaşılmazlıqların aradan qaldırılması üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev «X» sosial şəbəkəsində Bakının mövqeyini aydın şəkildə ifadə edib. O yazıb ki, Azərbaycan təsisçi dövlət kimi, Sülh Şurasının məqsəd və vəzifələrini dəstəkləyir, perspektivdə Qəzzanın bərpası üzrə investisiya layihələrində də iştirak edə bilər. Bununla yanaşı, Bakı Sülh Şurasının iclasında qeyd olunan 7 milyard dollarlıq maliyyə paketində birbaşa iştirakı nəzərdə tutmur.

Eyni zamanda Bakının Qarabağ və Şərqi Zəngəzurda münaqişədən sonra miqyaslı bərpa təcrübəsi beynəlxalq platformalarda tələbatın ola biləcəyi potensial kimi də qiymətləndirilir. Bundan başqa, Bakı əvvəllər də istər BMT mexanizmləri vasitəsilə, istərsə də ikitərəfli əsasda Fələstinə humanitar yardımlar göstərib. Odur ki, perspektivdə Azərbaycan strukturlarının orada kommersiya şərtləri ilə investisiya layihələrində iştirakı da istisna deyil.

 

Qəzza sınağı

İnauqurasiya mərasiminin özünə gəlincə, burada məsələ yalnız yeni strukturun rəsmən fəaliyyətə başlaması ilə məhdudlaşmayıb. O, ABŞ-nin Qəzza ilə bağlı konkret sülh planını təqdim etməsi üçün platforma rolunu da oynayıb. Bununla yanaşı, Donald Tramp bildirib ki, Sülh Şurasının potensialı təkcə Fələstin məsələsi ilə məhdudlaşmayacaq və ondan digər münaqişələrin həllində də istifadə oluna bilər. Ağ Ev sahibinin sözlərinə görə, Vaşinqtonun məqsədi Qəzzanı «çox uğurlu və təhlükəsiz etmək»dir və gələcəkdə oxşar yanaşma dünyadakı digər gərginlik mərkəzlərinə də tətbiq edilə bilər.

Amma Avropa ölkələri bu prosesə nəzərəçarpacaq ehtiyatlılıqla yanaşıblar. BMT Təhlkəsizlik Şurasının İsrail ilə HƏMAS arasında atəşkəsin təsdiqi ilə bağlı qətnaməsindən sonra Sülh Şurası müəyyən beynəlxalq dəstək qazansa da, Avropa İttifaqının əksər üzvləri indiki mərhələdə yeni struktura qoşulmaq istəməyib. Avropa paytaxtlarında həm Şuranın institusional düzəni, həm də uzunmüddətli səlahiyyətləri ilə bağlı şübhələr var. Amma burada siyasi paxıllıq elementlərinin olduğu da istisna deyil. Çünki təşəbbüs ənənəvi Avropa mexanizmlərindən kənar yaranıb və bu, gündəliyin, oyun qaydalarının formalaşmasında Aİ üzvlərinin aparıcı rol oynamayacağı anlamına gəlir.

Tramp tədbirə dəvət edilmiş bəzi dövlətlərin gözləmə mövqeyi tutmalarına təsadüfən sərt reaksiya göstərməyib. O, bildirib ki, dəvətlilərin təxminən yarısı hələ də Şuraya qoşulmaqdan çəkinir. Bununla yanaşı, Tramp sonda onların hamısının fikrini dəyişəcəyinə əmindir. ABŞ lideri sözügedən dövlətlərin «məsafədən oyun oynamaq» cəhdlərini tənqid edib ki, bu ritorika bəzi Avropa paytaxtlarındakı skeptizmi daha da artırıb. Məsələn, Fransanın Xarici İşlər Nazirliyinin rəsmisi Paskal Konfavre bildirib ki, Paris toplantıya yeni strukturun həcmi və parametrləri ilə bağlı davam edən qeyri-müəyyənlik üzündən qatılmayıb. Məlumata görə, bənzər skeptizmi Kanada və bir sıra digər Qərb dövlətləri də paylaşır.

Qəzzada vəziyyət isə hələ də olduqca mürəkkəbdir və bu, sanki yeni platformanın effektivliyi üçün bir sınaq olacaq. Hazırda sektor faktiki olaraq, HƏMAS ilə İsrail ordusu arasında bölünüb, humanitar ehtiyaclar hələ də böyükdür, bölgənin iqtisadiyyatı iflic vəziyyətdədir. Bu şəraitdə Sülh Şurası siyasi bəyanatlardan praktik nəticələrə keçmək qabiliyyətini nümayiş etdirməlidir və buna çalışır. Hər halda toplantının əsas hadisələrindən biri Trampın Sülh Şurasının Qəzza ilə bağlı layihələrinə 10 milyard dollar ayırmağı düşündüklərini açıqlaması olub. Gözlənilir ki, başqa ölkələrin ayıracağı vəsaitlər də daxil olmaqla, bütün maliyyə vahid bir mexanizmdə – Dünya Bankının Qəzzanın Bərpası və İnkişafı Fondunda cəmləşəcək. Dünya Bankının rəhbəri Acay Banqa bildirib ki, vəsaitlərin paylanma istiqamətlərini Sülh Şurası müəyyənləşdirəcək, bank isə maliyyə şəffaflığını və nəzarəti təmin edəcək. Xüsusi maliyyə inspektorunu təyin etmək vəzifəsi də bankın üzərindədir.

Görüşün təhlükəsizlik konteksti də gərgin olub. HƏMAS-ın silahsızlaşdırılması məsələsi atəşkəsin dayanıqlılığı üçün əsas şərt olaraq qalır. Tramp ümid edir ki, HƏMAS öhdəliklərini yerinə yetirəcək. O, əks halda «çox sərt qarşıdurma»nın olacağını da deyib.

İsrail tərəfi isə Nazirlər Kabinetinin katibi Yossi Fuksun dilindən bəyan edib ki, HƏMAS-ın silahsızlaşdırılması müəyyən edilmiş müddətdə baş tutmazsa, Təl-Əviv sektorda hərbi əməliyyatları bərpa etməyə hazırdır. Paralel olaraq, Fələstin Texnokrat Komitəsinin rəhbəri Əli Şaat Qəzzadakı vəziyyəti dağıntıların miqyası, kəskin humanitar ehtiyaclar və asayişin kövrəkliyi səbəbilə «son dərəcə mürəkkəb» adlandırıb.

 

BMT, yoxsa Sülh Şurası?

Trampın BMT ilə Sülh Şurasının gələcək münasibətləri haqda fikirləri ayrıca rezonans doğurub. O, formal olaraq BMT ilə əməkdaşlıq ediləcəyini desə də, zaman keçdikcə yeni strukturun qlobal institutların effektivsizliyinə bir növ nəzarət mexanizmi rolunu oynaya biləcəyini də istisna etməyib. BMT və bir sıra üzv dövlətlərin yeni strukturun inauqurasiya mərasiminə qatılmaqdan imtinasının səbəblərindən biri də iəhz belə siqnallar olub. Onlar Şuranın mandatının qeyri-müəyyən olduğunu, BMT-nin funksiyalarını təkrarlaması ehtimalının olduğunu düşünürlər.

Amma iştirakçılar arasında təşəbbüsü dəstəkləyənlər də olub. Albaniyanın baş naziri, Trampın yaxın siyasi tərəfdaşlarından olan Edi Rama Şuranı BMT-nin əvəzi kimi görmədiyini, lakin onun mövcud sülhyaratma sistemini «silkələyə biləcəyini» düşündüyünü söyləyib.

Bir sıra digər siyasətçilər də çıxışlarında təşəbbüsə açıq dəstək veriblər. Pakistanın baş naziri Şahbaz Şərif Trampın regional diplomatiyadakı rolunu yüksək qiymətləndirib, Macarıstan hökumətinin başçısı Viktor Orban ABŞ Prezidentinə yaxınlığını bir daha dilə gətirib.

Ümumilikdə inauqurasiya mərasimi Sülh Şurasının ikili təbiətini nümayiş etdirib. Bir tərəfdən ciddi maliyyə-siyasi iddialar və bəzi dövlətlərin dəstəyi, digər yandan beynəlxalq ictimaiyyətin əhəmiyyətli bir hissəsindəki institusional skeptizm. Odur ki, böyük ehtimalla Sülh Şurasının qlobal sülh arxitekturasının dayanıqlı elementi kimi möhkəmlənə bilib-bilməyəcəyini müəyyənləşdirəcək əsas amil Qəzzada yaxın illərdə əldə ediləcək praktiki nəticələr olacaq.

Qeyd edək ki, Sülh Şurasının ilk toplantısında beynəlxalq sabitləşdirici qüvvələrin yaradılması məsələsi də müzakirə edilib. Ona sərhədlərə nəzarət, təhlükəsizliyi qorumaq, Qəzzanın demilitarizasiyası kimi işlər tapşırılacaq. İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniya yeni yaradılacaq qüvvələrə ordu hissələri göndərəcəklərini, Misirlə İordaniya isə polislərə təlim keçəcəklərini bildiriblər.

Bu qüvvələrin nə qədər effektiv olacağı və ümumiyyətlə, Qəzzanın bərpası planlarının necə həyata keçiriləcəyi yaxın illərdə ortaya çıxacaq. Sülh Şurası təşəbbüsünün taleyini, bəlkə də, elə bu təcrübə müəyyənləşdirəcək.



MƏSLƏHƏT GÖR:

72