İXRAC RESURSU
Bakı “yaşıl generasiya”nı regional enerji arxitekturasının elementinə çevirir
Müəllif: Ağasəf NƏCƏFOV
Azərbaycan qlobal enerji keçidi 2030 proseslərində iştirak edir. O, xarici investorları cəlb etməklə bərpa olunan enerji mənbələri (BOEM) sahəsini ardıcıl olaraq inkişaf etdirir. Bu addımların son məqsədi enerji dəhlizlərinin yaradılması və “yaşıl elektrik enerjisi”nin Türkiyə və Avropa İttifaqı (Aİ) istiqamətində ixracıdır. Əlçatan BOEM mənbələri istilik elektrik stansiyalarında təbii qaz istehlakını azaltmağa kömək edəcək, qənaət edilmiş yanacaq isə xarici bazarlara yönəldiləcək. “Yaşıl enerji”ni, həmçinin İT sektorunun enerji tutumlu sahələrinin, məsələn, DATA mərkəzlərinin işi üçün istifadə etmək nəzərdə tutulur. Bu prioritet məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində müzakirə olunub.
Fəaliyyət planı
Son illər ərzində Azərbaycan BOEM generasiyası sahəsində irimiqyaslı layihələrə yüz milyonlarla dollar dəyərində xarici investisiya cəlb edə bilib. O, həmçinin elektrik enerjisinin ixracı üçün infrastrukturun yaradılması üzrə beynəlxalq təşəbbüslərdə iştirak edir.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, ölkədə mənimsənilməsi mümkün olan BOEM-in məcmu iqtisadi potensialı 27 GVt təşkil edir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, eləcə də Naxçıvan MR-i yaşıl energetika zonaları kimi müəyyən edib. İlk iki region üzrə Energetika Nazirliyinin mütəxəssisləri tərəfindən Yaponiyanın TEPSCO enerji şirkətinin dəstəyi ilə kompleks konsepsiya və fəaliyyət planı hazırlanıb və artıq həyata keçirilir.
Fars körfəzi, Çin, Türkiyə, Avropa ölkələrinin BOEM-in inkişafına vəsait yatıran profil şirkətləri ilə tərəfdaşlıq qurulub. Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan “ACWA Power” və “Masdar” şirkətlərinin maliyyə və texniki dəstəyi ilə, həmçinin BP, “Nobel Energy” və Çinin nəhəng şirkətlərinin investisiyaları hesabına günəş və külək elektrik stansiyaları tikilir.
Son 5 il ərzində Qarabağ regionunda ümumi gücü 307 MVt olan su elektrik stansiyaları istifadəyə verilib. “Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib”, - Prezident İlham Əliyev Məşvərət Şurasının iclasında çıxış edərkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, bir neçə layihə artıq icra mərhələsindədir: “Gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik”.
Bu məqamda qeyd edək ki, 2027-ci ilə qədər 10 günəş və külək elektrik stansiyasının tikintisi üçün investisiyaların həcminin 2,7 milyard dolları keçəcəyi, ölkənin enerji sisteminin isə əlavə 2 GVt gücə malik olacağı gözlənilir.
Bu proseslər dinamik şəkildə inkişaf edir və forumda iştirak edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev xatırladıb ki, 2030-cu ilə qədər günəş, külək və hidroenerji sahəsində ümumi gücü 6 GVt-a qədər olan layihələr, 2033-cü ilə qədər isə 8 GVt-a qədər layihələr həyata keçiriləcək. Bu baxımdan proqnozlaşdırılır ki, ölkədə ümumi elektrik enerjisi istehsalında BOEM-in payı 2027-ci ildə 25%-ə çatacaq, 2030-cu ildə isə 30%-i keçəcək.
Həm ekologiya, həm qənaət
“Yaşıl energetika”nın inkişafı və onun müxtəlif sahələrdə istifadəsi aspektlərinə ayrıca plenar sessiya həsr olunub. Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, dünya süni intellekt (AI), məlumat emalı mərkəzləri və rəqəmsallaşma tərəfindən idarə olunan bərpa olunan elektrik enerjisi dövrünə sürətlə daxil olur.
Forumda çıxış edən Azərbaycan Prezidenti diqqəti ona yönəldib ki, “yaşıl elektrik enerjisi”nin ixracı ilə yanaşı, prioritet vəzifə onun daxili ehtiyaclar üçün - İES-lərdə elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazı əvəz etmək məqsədilə tətbiqidir. “Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik. Bütün bunlar mənim və ABŞ-nin vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir”, - İlham Əliyev vurğulayıb.
Hökumətin ən mühüm hədəfləri sırasında ölkəni süni intellektin qlobal mərkəzlərindən birinə çevirmək dayanır. Həmçinin, yüksək enerji tutumlu məlumat mərkəzlərinin infrastrukturunu inkişaf etdirmək lazımdır. Bu baxımdan, rəqəmsal infrastruktur üçün dayanıqlı və nisbətən əlverişli enerji təchizatı üçün əlavə bərpa olunan enerji mənbələri vacibdir.
BOEM seqmentinin inkişafı, həmçinin daxili istehlak üçün qaza qənaət etməyə imkan verəcək ki, bu da yerli “mavi yanacağ”ın ixracının artmasına gətirib çıxaracaq. “Bilirəm ki, Azərbaycan “yaşıl elektrikləşdirmə”ni daxili yanacaq istehlakının azaldılması üçün katalizator kimi görür və bu da qaz ixracından əlavə gəlir imkanları açır. Bu, region, xüsusən də ev və sənaye isitmə sistemləri üçün elektrikləşdirmə üçün böyük potensiala malikdir”, - Məşvərət Şurasının işində iştirak edən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorqensen qeyd edib. O, son illərdə elan edilmiş transsərhəd elektroenerji interkonnektor yaradılması planlarını alqışladığını bildirib.
Dövlət başçısı da hesab edir ki, bu gün prioritet vəzifə “yaşıl elektrik enerjisi”nin xarici bazarlara çatdırılmasını təmin etmək üçün elektrik ötürmə xətlərinin tikintisidir. “Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək”.
“Enerji körpüsü”
Azərbaycan əsasən Türkiyə və Avropaya “yaşıl elektrik enerji”sinin ixracına yönəlmiş “enerji körpüləri”nin formalaşmasında fəal iştirak edir. Bu işi müxtəlif həyata keçirilmə mərhələlərində olan dörd güc interkonnektoru vasitəsilə təşkil etmək planlaşdırılır. Onlardan biri (Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan) üzrə ən yüksək səviyyədə siyasi razılaşmalar əldə olunub. Bundan əlavə, NMR vasitəsilə Türkiyəyə və oradan Avropaya “yaşıl enerji”nin ixracını təmin edəcək interkonnektor həyata keçirilir.
Bu istiqamətdə əsas təşəbbüs isə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsini (“Black Sea Energy”) nəzərdə tutan layihədir. Onun icrasına təxminən 2029-cu ildə başlanılması planlaşdırılır. Xatırladaq ki, İtaliyanın “CESI SpA” şirkəti texniki-iqtisadi əsaslandırmaların (TİƏ) hazırlanmasında məsləhət tərəfdaşı seçilib. Yaxın zamanda, həmçinin baş qərargahı Bakıda olmaqla Xəzər dənizinin dibi ilə ikinci interkonnektor layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması prosesi tamamlanacaq.
“Xəzər vasitəsilə elektrik enerjisi ticarətinin texniki və iqtisadi məqsədəuyğunluğunu qiymətləndirərək, bu təşəbbüs irimiqyaslı bərpa olunan enerji resurslarını açmağa, enerji təhlükəsizliyini və dayanıqlılığı gücləndirməyə, habelə təmiz enerji mübadiləsi üçün yeni yollar yaratmağa imkan verə bilər”, - Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal “Xəzər yaşıl enerji dəhlizi” layihəsinin TİƏ-si üzrə seminarda bildirib. Onun sözlərinə görə, bu, enerji keçidinin müasir çağırışlarına perspektivli cavabdır: “Bu, BOEM sahəsində milli ambisiyaların necə koordinasiyalı regional həllərə çevrilə biləcəyini göstərir”.
O qeyd edib ki, ADB Azərbaycanın “yaşıl energetika”ya keçidini inteqrasiya edilmiş və regional baxımdan əlaqəli yanaşma vasitəsilə dəstəkləməyə sadiq qalır. Maliyyələşdirmədən əlavə, ADB mürəkkəb layihələrin strukturlaşdırılması üçün dövlət və özəl sektorlara texniki ekspertiza təqdim etməyi planlaşdırır.
Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero Məşvərət Şurasının iclasında qeyd edib ki, Aİ “Black Sea Energy” layihəsinə dəstək göstərmək niyyətindədir: “Layihə Avropa ilə Cənubi Qafqaz arasında əlaqəliliyin gücləndirilməsinə doğru mühüm addım olacaq və Avropa Komissiyası bu yaxınlarda onu qarşılıqlı maraq layihələri siyahısına daxil edib, bu status “Connecting Europe Facility” proqramı çərçivəsində maliyyələşdirməyə müraciət etmək imkanı verəcək”.
Trans-Xəzər elektrik enerjisi tranzitinə Azərbaycan ərazisi vasitəsilə Qazaxıstan və Özbəkistanın müvafiq qurumları da maraq göstərir, onlar bu perspektivləri “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” TİƏ-sinin hazırlanmasına həsr olunmuş seminarda müzakirə ediblər. Belə ki, Qazaxıstan energetika nazirinin müavini Sanjar Jarkeşov bildirib ki, onun ölkəsində 2030-cu ilə qədər enerji istehsalı üzrə ümumi gücləri 26 GVt-a qədər artırmağa çalışırlar, bu zaman onların 30-35%-i BOEM mənbələrinin payına düşməlidir. “Yaşıl enerji”ni isə bu dəhliz vasitəsilə Avropa bazarlarına ixrac etmək planlaşdırılır.
Özbəkistanın Milli Elektrik Şəbəkəsinin idarə heyətinin sədri Feruz Kurbonov da eyni fikirdədir. Onun sözlərinə görə, ölkəsi mühüm enerji infrastrukturuna və BOEM seqmentinə əhəmiyyətli vəsait yatırır. Özbəkistan 2030-cu ilə qədər “yaşıl enerji”nin payını milli enerji sisteminin bütün gücünün 40%-i olan 20 GVt-a çatdırmağa çalışır və Özbəkistan-Qazaxıstan-Azərbaycan regional tranzit şəbəkəsinə qoşulmaqla Avropaya ixracı qurmaq niyyətindədir.
Göründüyü kimi, Azərbaycan bir daha təsdiqləyib ki, ölkədə BOEM-in inkişafı tədricən ayrıca enerji istiqamətindən uzunmüddətli iqtisadi strategiyanın əsas elementlərindən birinə çevrilir.
Yeni güc mənbələrinin istifadəyə verilməsi və ixrac interkonnektorlarının formalaşması ilə “yaşıl generasiya” eyni zamanda enerji dayanıqlılığını gücləndirir, ixrac potensialını genişləndirir və yeni yüksək texnologiyalı sahələrin inkişafı üçün baza yaradır.
MƏSLƏHƏT GÖR:


49

