«MENÇO» ƏMƏLİYYATI
Ən çox axtarılan narkobaronun məhvi Meksikanı böhranla üz-üzə qoyub
Müəllif: İrina XALTURİNA
Fevralın sonlarında Meksikanın 32 ştatından 20-ni sözün əsl mənasında cəmi bir neçə saatda xaos bürüyüb. Küçələrdə onlarla avtobus və yük maşını yandırılıb, əsas magistrallar bağlanıb. Miçoakandan tutmuş, Quanaxuatoyadək şəhərlər arasında əlaqələr kəsilib, nəhəng bir ərazidə logistika tam pozulub.
Fəlakət filmləri səhnələri kimi
Ölkənin ikinci böyük metropolisi, 5 milyondan çox əhalisi olan Qvadalaxara şəhəri, demək olar ki, tam boşalıb. Silahlı qruplaşmalar şəhərin mərkəzində yanacaqdoldurma məntəqələrinə, avtomobillərə od vurub, Xalisko ştatının qubernatoru Pablo Lemus Navarro sakinləri evlərini tərk etməməyə çağıraraq, ictimai nəqliyyatın fəaliyyətini tam dayandırıb.
Xaos Sakit okean sahilindəki məşhur Puerto-Valyarte kurortunu da bürüyüb: onlarla daxili və beynəlxalq reys ləğv edilib. ABŞ-nin Meksikadakı səfirliyi vətəndaşlarına təhlükəsiz yerlərdə gizlənmələrini tövsiyə edən çağırış yayıb. Sosial şəbəkələrdə yayılan saxta xəbərlər vəziyyəti daha da gərginləşdirib.
Bəli, bu, hansısa fəlakət filminin ssenarisi deyil. Bu, Meksika vətəndaşlarının üzləşdiyi reallıqdır. Hər şey fevralın 22-si səhər Meksika hökumətinin ABŞ kəşfiyyatının dəstəyi ilə 59 yaşlı Nemesio Ruben Osegera Servantesi zərərsizləşdirməsi ilə başlayıb. Söhbət «Yeni Xalisko nəsli» (CJNG) kartelinin qurucusu və lideri, «El Menço» adı ilə tanınan cinayətkardan gedir. O, son illərin ən çox axtarılan cinayətkarı idi. Meksika xüsusi təyinatlıları «El Menço»nu zərərsizləşdirmək üçün Xilasko ştatının dağlıq ərazisində, Qvadalaxaradan 130 kilometr cənub-qərbi yerləşən kiçik Tapalpa şəhəri yaxınlığında əməliyyat keçirib. Bu zaman kartelin silahlıları dərhal əvvəlcədən hazırlanmış narkoblokada ssenarisini işə salıblar. Nəhayət, sonda hökumət kartelin 250-dən artıq postunun darmadağın edildiyini, əraziyə nəzarətin ələ alındığını açıqlayıb. Amma bu, onlara heç də asan başa gəlməyib: çoxsaylı dağıntılar və Milli Qvardiyanın 25 hərbçisinin ölümü!
«Yeni Xilasko nəsli» karteli uzun müddətdir ki, sadə cinayətkar qruplaşmadan böyük bir orduya çevrilib. Bəzi bölgələrdə o, bələdiyyə üzvlərini, polis orqanlarını rüşvətlə ələ alaraq, yerli bizneslə sıx əlaqələr quraraq, insanlara sosial dəstək göstərərək «dövlət içərisində dövlət»ə çevrilib. Kartel həm işəgötürən, həm də düşmənlərdən və ya hakimiyyətdən müdafiə vasitəsi kimi də çıxış edir. Kartelin üzvləri mövqelərini qorumaq üçün partizan müharibəsinə bənzər taktikadan da istifadə edir: partlayıcı dronlar, kustar üsulla hazırlanmış minalar, hətta hərbi aviasiyanı vurmaq cəhdləri tez-tez rast gəlinən hallardır. Qruplaşma son illərdə Meksikanın ən zəngin və amansız kartellərindən biri olmaqla yanaşı, daha aqressiv, texnoloji cəhətdən daha inkişaf etmiş kartel erasının rəmzinə çevrilib. Onun narkotrafik və zorakılıqla əldə etdiyi gəlirlər hotellər və turizm biznesi vasitəsilə «yuyulur», bu da öz növbəsində, cinayət iqtisadiyyatını rəsmi xidmət və əmlak sektoruna daxil edir. Belə şəraitdə ölkənin qərb ştatlarında kartelə qarşı əməliyyatlar avtomatik olaraq, siyasi və iqtisadi böhrana yol açır: turizm və logistika iflic olur, investisiyalara və büdcəyə zərbə dəyir. Bu səbəbdən, Meksika üçün belə addımlar ciddi daxili xərclərlə də müşayiət olunur.
Bütün bunlara baxmayaraq, Meksika hökuməti ABŞ-nin görünməmiş təzyiqi qarşısında CJNG liderini aradan götürmək qərarına gəlib. Vaşinqton əks təqdirdə Meksika ərazisinə hərbi zərbələrin endirilməsi də daxil olmaqla, birtərəfli addımlar atacağı ilə bağlı hədələr səsləndirirdi. Donald Trampın Ağ Evə qayıtmasından sonra Amerikanın Meksika ilə bağlı ritorikası kifayət qədər sərtləşmişdi. O, bu ölkənin «kartellərin nəzarətində olduğunu» bildirirdi. 2025-ci ildə Vaşinqton CJNG-ni xarici terror təşkilatları siyahısına belə, əlavə edib. Bununla da, ABŞ özü üçün antiterror addımları atmaq haqqı qazandırmışdı: kartelə hər hansı maddi dəstək göstərən şəxslərin məsuliyyətə cəlb edilməsindən tutmuş, onlarla işləyən xarici banklardakı aktivlərinin dondurulmasına, ikinci dərəcəli sanksiyalara qədər.
Müşahidəçilər düşünürlər ki, Meksikanı bu əməliyyatı keçirməyə vadar edən son addım Pentaqonun Venesuelada Nikolas Maduroya qarşı həyata keçirdiyi əməliyyat ola bilər. Bu, Vaşinqtonun Latın Amerikasında ekspedisiya əməliyyatları həyata keçirməyə hazır olduğunu nümayiş etdirib. O zaman Meksika amerikalıların bu addımını pisləsə də, görünür, baş verənlərdən özü üçün nəticə də çıxarıb.
Üstəlik, ABŞ-nin tələblərini fəal iqtisadi tədbirlər də müşayiət edirdi. Ötən il Tramp administrasiyası Meksikadan, demək olar ki, bütün idxala 25%-lik rüsum tətbiq edib. O, bunu miqrant və narkotik axınının qarşısının alınması tələbi ilə əlaqələndirib. Yəni Tramp administrasiyası açıq şəkildə bildirir ki, Meksikanın ABŞ bazarına çıxışı sadəcə ticarət parametrlərindən yox, həm də fentanil, miqrasiya və kartellərlə mübarizə səviyyəsindən asılı olacaq.
Yeri gəlmişkən, ABŞ, Meksika və Kanada azad ticarət zonası haqda razılaşmanın daha 16 il müddətinə uzadılacağı, yoxsa ona tədricən son qoyulması ssenarisinə üstünlük veriləcəyi ilə bağlı məsələni həll etməlidirlər. Bununla yanaşı, hazırda ABŞ-Meksika münasibətlərinin özünün pik dönəmini yaşadığı qeyd olunmalıdır. Tramp Şeynbaumun liderliyinə açıq simpatiyasını göstərərək, onun sərtliyini və əməkdaşlıq səylərini yüksək qiymətləndirir.
Potensial «El Menço»lar və sistem
Son bir ildə il ərzində sərhədə minlərlə hərbçi göndərib, onlarla məşhur narkotaciri ABŞ-yə ekstradisiya edib və öz hava məkanında ABŞ-nin geniş kəşfiyyat uçuşlarına icazə verib. Bu, sonda Mərkəzi Kəşfiyyat İdarəsinə rabitə dinləmələri, geolokasiya təhlilləri və agentura şəbəkəsi sayəsində «El Menço»nun axtarışı üçün «həlledici» məlumatları əldə etmək və ötürmək imkanı verib. Narkobaronun zərərsizləşdirilməsindən sonra isə Tramp meksikalı həmkarına şəxsən zəng edərək ona təbriklərini çatdırıb, əməliyyata dair müzakirə aparıb. Meksikada bu jest hörmət əlaməti kimi qəbul olunub.
Beləliklə, Meksika Prezidenti ölkəsinin müstəqil şəkildə yüksək dəqiqliklə əməliyyat həyata keçirmək bacarığını ortaya qoyub və dolayısı ilə ölkə ərazisində ABŞ hərbçilərinə ehtiyacın olmadığını göstərib.
Lakin bu, sadəcə taktiki qələbə təsiri bağışlayır. Məsələ ondadır ki, «El Menço»nun ölümündən sonra CJNG dağılmayıb. Üstəlik, o, ölkədə heç də yeganə kartel deyil. Liderin ölümündən sonra yaranmış xaos isə onların güc nümayişinin klassik nümunəsidir. Vəziyyətin nisbətən tez sakitləşməsi heç nəyi ifadə etmir. Birincisi, bu, digər kartellərə və ya parçalanmış qruplara boşluqları doldurmaq imkanı yaradır ki, bu zaman ərazilər uğrunda şiddətli toqquşmalar qaçılmaz olun. 10 il əvvəl «Sinaloa» kartelinin lideri «El Çapo»nun həbsindən sonra da belə olmuşdu. İkincisi, «El Menço» zərərsizləşdirilən ilk kartel lideri deyil və görünən odur ki, sonuncu da olmayacaq. Liderin aradan götürülməsi sistemi məhv etmir. Çünki Meksikada yüz minlərlə potensial «El Menço» var.
«El Menço» 1966-cı ildə Miçoakan ştatında kasıb kəndli ailəsində doğulub. O, yoxsulluqla böyüyüb. İbtidai məktəbi bitirdikdən sonra təhsil almayaraq plantasiyalarda işləyib, sonra qeyri-qanuni yolla ABŞ-yə keçib və orada narkotiklə bağlı həbs edilib. Təxminən 3 il ABŞ həbsxanasında qaldıqdan sonra Meksikaya deportasiya olunub. O vaxtdan burada «cinayət pillələri»ndə addım-addım yüksəlməyə başlayıb.
Bu tərcümeyi-hal sistemli yoxsulluğun, təhsilsizliyin, məhdud imkanların insanları kriminal həyata necə itələdiyinin klassik nümunəsidir. Nə qədər ki, kartellər gənclərə hər hansı qanuni işlə müqayisədə daha çox zəhməthaqqı verir, onlara real müdafiə, status, müəyyən perspektivlər vəd edir, Meksikanın və ABŞ-nin bu istiqamətdə gördüyü tədbirlər faydasız olacaq. Vəziyyətin düzəlməsinə yalnız real investisiyalar kömək edə bilər: keyfiyyətli təhsil, qanuni iş yerləri, gənclər üçün proqramlar, kənd təsərrüfatına dəstək, bərabərsizliyin azaldılması. Əks halda sistem davamlı olaraq yeni «El Menço»lar yetişdirəcək.
Narkotik ticarət yükü kimi
Daha bir problem Meksikada narkokartellərin liman iqtisadiyyatına inteqrasiyasının sistemli xarakter daşımasıdır. ABŞ hökumətinin müxtəlif hesabatlarında bildirilir ki, Cənubi Amerikadan ABŞ-yə sənədləşdirilmiş kokain tədarükünün təxminən 70-80%-i Şərqi-Sakit okean dəhlizi ilə həyata keçirilir. Xalisko, Miçoakan, Kolima və Nayarit ştatları Meksikanın iqtisadi baxımdan, xüsusilə Asiya-Sakit okean bölgəsi və Şimali Amerika ilə idxal-ixrac axınları nöqteyi-nəzərindən ən fəal mikroregionlarındandırlar. Sakit okeanın əsas limanları məhz burada yerləşir: Manzanilyo, Lasaro Kardenas, Puerto-Valyarta. Bu limanlardakı intensiv mal dövriyyəsi fonunda cinayətkar strukturlar öz əməliyyatlarını gizlətmək üçün effektiv sxemlər qurublar. Onların ən sadə üsulu narkotikləri kommersiya yüklərinə əlavə etməkdir. Məsələn, sintetik narkotiklər buradan leqal qida əlavəsi və ya sənaye qatqıları adı altında yola salınır. Nəticədə, narkotik satışından gələn milyardlarla dollar qlobal təchizat zənciri içərisində «əriyir».
Bundan başqa, narkokartellər getdikcə texniki imkanlarını da təkmilləşdirir. Məsələn, onlar artıq uzaqdan idarə olunan pilotsuz «sualtı narkoqayıq»lardan istifadə edirlər.
Beləliklə, Meksikada kartellərin zorakılığına qarşı hərbi vasitələrlə mübarizədə ciddi məhdudiyyətlərin olduğu ortadadır. Bu, əjdahanın başını kəsməyə bənzəyir. Oksford Universitetinin inkişaf araşdırmaları üzrə müəllimi Raul Zepeda Gilin 2024-cü ildə «The Conversation» nəşrində dərc olunmuş məqaləsində bildirilir ki, «Meksikada zorakılıq səviyyəsini azaltmaq üçün hərbiləşməyə və əmək bazarında qeyri-sabitliyə səbəb olan sosial-iqtisadi modelin yenidən nəzərdən keçirilməsi zəruridir».
Son illərlə Meksikada xüsusilə hazırkı dövlət başçısı Klaudiya Şeynbaumun rəhbərliyi altında yoxsulluqla mübarizə hökumətin əsas prioritetlərindən biridir. Ümid edək ki, sərt hərbi yanaşma ilə sosial-iqtisadi tədbirlərin birləşməsi sonda arzulanan nəticəyə aparıb çıxaracaq. Hələliksə Qlobal Mütəşəkkil Cinayətkarlıq İndeksində Meksika 193 ölkə arasında 3-cü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, dünyada ümumi qeyri-sabitlik artıq, Meksika kifayət qədər böyük ölkədir, Latın Amerikasında önəmli mövqeyə malikdir və ABŞ ilə həmsərhəddir, bu, beynəlxalq miqyaslı risklər də doğurur.
MƏSLƏHƏT GÖR:




92

