29 Aprel 2026

Çərşənbə, 22:06

«AÇIQ MÜHARİBƏ»

Pakistanla Əfqanıstan arasında münaqişə dərinləşir?

Müəllif:

15.03.2026

Dünyadakı gərginlik ocaqlarından biri də Pakistanla Əfqanıstan arasındakı münaqişədir. Tərəflər arasında silahlı qarşıdurma miqyaslı müharibəyə keçməsə də, vaxtaşırı baş verən hərbi toqquşmalar Cənubi və Mərkəzi Asiyada ümumi təhlükəsizliyə son dərəcə mənfi təsir göstərir.

 

Dürand xətti

Pakistan-Əfqanıstan münaqişəsinin müxtəlif aspektləri var. Onun kökləri müstəmləkə dövrünə gedib çıxır: XIX əsrin sonlarında ingilis-əfqan müharibələrinin nəticəsi olaraq Britaniya Hindistanı ilə Əfqanıstan arasında sərhəd müəyyənləşdirilib. O, Dürand xətti adlanır (1893-cü ildə əmir Əbdürrəhman xan ilə ingilis və əfqan mülkləri arasında delimitasiya razılaşmasını imzalamış diplomat Henri Mortimer Düranın şərəfinə adlandırılıb). 1947-ci ildə müstəqil Pakistanın yaranmasından sonra Əfqanıstan puştun tayfalarının yaşayış arealını bölən bu xətti tanımaqdan imtina edib. Beləliklə, uzunluğu 2640 kilometr olan Pakistan-Əfqanıstan sərhədi qarşılıqlı şəkildə tanınmayıb. Amma bunun tərəflər arasındakı münsibətlərin xarakterinə hər zaman və hər istiqamətdə mənfi təsir göstərdiyini də söyləmək olmaz.

SSRİ-nin Əfqanıstana müdaxiləsi dövründə Pakistan qonşu müsəlman ölkəsində geniş vüsət alan azadlıq hərəkatına dəstək verib. 1996-cı ildə Əfqanıstanda radikal «Taliban» hərəkatının hakimiyyətə gəlməsindən sonra isə Pakistan yeni hökuməti rəsmən tanıyan azsaylı ölkələrdən olub. O, ABŞ və NATO-nun başçılıq etdiyi koalisiyanın dövründə 20 ildən artıq davam etmiş amerikapərəst hakimiyyətdən sonra 2021-ci ildə taliblərin hakimiyyətə qayıdışını da dəstəkləyib. Lakin bir müddət sonra İslamabadla Kabil arasında ciddi fikir ayrılıqları yaranıb. Ziddiyyətlərin birbaşa səbəbi «Təkrik-e-Taliban Pakistan» (TTP) hərəkatına münasibət olub. Qeyd edək ki, bu təşkilat mahiyyət etibarilə taliblərin Pakistan qolu sayılır. Əfqan «Taliban»ı onu dəstəkləyir, qruplaşmanın ölkə ərazisində hazırlıq düşərgələri, təchizat məntəqələri yaratmasına imkan verir. İslamabad isə buna qarşıdır. Məsələ ondadır ki, TTP Pakistanda əfqan taliblərin elan etdiyi əmirlik modelinə uyğun rejim qurulmasını öz hədəfi elan edib. Bununla yanaşı, Pakistan öz ərazi bütövlüyünü də qoruyur. Çünki əsas bazasını puştunların təşkil etdiyi «Taliban» Pakistanın puştunlar yaşayan Xayber-Paxtunxva əyalətinə muxtariyyət verilməsi tələbini də irəli sürür.

İslamabadda bildirirlər ki, TTP müntəzəm olaraq Əfqanıstandakı bazalarından Pakistan ərazisinə terror hücumları həyata keçirir, Kabil isə bu halların qarşısını almaq üçün heç bir addım atmır. Tərəflərin razılığa gəlmək cəhdləri nəticə vermir. Nəticədə, iki ölkə sərhədində vaxtaşırı silahlı toqquşmalar baş verir. 2024-cü ildən bəri belə toqquşmalar daha intensiv xarakter alıb.

Pakistanla Əfqanıstan arasında 2025-ci ilin oktyabrında başlamış sərhəd toqquşmalarına Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşması ilə son qoyulmuşdu. Lakin razılaşmanın dayanıqlı olmayacağına dair fikirlər 2026-cı ilin fevralında Dürand xətti boyunca daha miqyaslı döyüşlərin alovlanması ilə təsdiqini tapıb.

Son döyüşlərin başlamasına görə tərəflər bir-birlərini günahlandırırlar. Hər bir halda, söhbət qarşılıqlı zərbələrdən gedir. Əfqanıstan qoşunları Pakistan ordusunun mövqelərini atəşə tutub, bir sıra sərhəd postlarını ələ keçirib, hətta nüvə infrastrukturu istiqamətində belə, hücumlar təşkil edib. Pakistan Hərbi Hava Qüvvələri isə öz növbəsində, Kabildə, Qəndəhar və Paktia vilayətlərindəki hərbi obyektləri, eləcə də sərhəd zonasındakı yeddi hərbi düşərgəni məhv edib. Hər iki tərəfdən onlarla insan həlak olub. Ölənlər arasında mülki şəxslər də var. Gərginlik o həddə çatıb ki, Pakistan rəsmi şəkildə Əfqanıstanla «açıq müharibə» vəziyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, İslamabad son toqquşmaların səbəbləri arasında daha bir amili önə çəkir. Söhbət onun əzəli düşməni olan Hindistandan gedir.

 

Taliblərlə Hindistanın ittifaqı

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif ölkəsinin hərbi fəallığını şərh edərkən bildirib ki, İslamabadın «səbir kasası daşıb, çünki taliblər Hindistanın müstəmləkəsinə, kuklasına çeviriblər».

Həqiqətən də, son aylarda Kabil ilə Yeni Dehli arasında görünməmiş yaxınlaşma müşahidə olunur. Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttaki ötən ilin oktyabrında Hindistana səfər edib. Səfər tərəflər arasında diplomatik münasibətlərin bərpası, həmçinin Kabilə iqtisadi və səhiyyə sahəsində yardımın göstərilməsinə dair razılaşmalarla yadda qalıb. Səfər zamanı kifayət qədər diqqətçəkən bəyanatlar da səsləndirilib. Muttaki Hindistanı «yaxın dost» adlandırıb, təhlükəsizlik məsələlərində bu ölkə ilə həmrəy olduqlarını bildirib. Elə həmin vaxt İslamabad Əfqanıstanı Yeni Dehli üçün «proksi-müharibə aparmaqda» günahlandırıb.

Hindistanın taliblərlə sıx əməkdaşlığı, təbii ki, Pakistanın maraqlarına heç bir halda cavab vermir. Qeyd olunur ki, bu yaxınlaşmayadək İslamabad mövcud fikir ayrılıqlarını hərbi-siyasi müstəviyə keçirməməyə çalışırdı. Lakin Kabil ilə Nyu-Dehlinin münasibətləri sıxlaşdırması pakistanlılar üçün «qırmızı xətt»ə çevrilib. Çünki bu, onun təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid yaradır. Odur ki, İslamabad Hindistanı Əfqanıstanın taliban hökumətindən istifadədə, onunla əlaqəli TTP-ni isə Pakistanda separatçı hərəkatı qızışdırmaqda ittiham edir.

Maraqlıdır ki, bir çox dövlətlər və beynəlxalq mərkəzlər tərəfindən ekstremist, «islamçı-cihadçı» kimi qiymətləndirilən «Taliban» Hindistanın Neandra Modi hökuməti ilə ortaq dil tapa bilib. Halbuki, elə bu hökumətin özü Hindistanda yaşayan müsəlmanlara qarşı mütəmadi olaraq sərt ayrı-seçklik, repressiya siyasəti yürütməkdə günahlandırılır. Hindistanın baş naziri Modi ilə «Taliban» lideri Heybətullah Axundzadənin rəhbərlik etdiyi tandem isə qarşılıqlı maraqlara söykənir. Bu maraqların əsasını, əlbəttə ki, məhz Pakistanla qarşıdurma təşkil edir.

Taliblər Pakistanın ənənəvi rəqibi olan Hindistanla yaxınlaşmaqla İslamabadın regiondakı mövqelərini zəiflətməyə də çalışır. Onlar bunu, təbii ki, TTP-nin fəaliyyəti, həmçinin Pakistan-Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı edirlər. Hindistana gəlincə, onların strateji hesablamalarının məqsədi aydındır – Pakistana qarşı radikal islamçı qruplardan istifadə etmək.

Lakin Pakistan baş verənləri sakitcə izləməyi düşünmür. O, bu ittifaqa qarşı qətiyyət nümayiş etdirir. Hazırkı eskalasiya göstərir ki, İslamabad bunu Dürand xəttini aşan, Əfqanıstanın dərinliklərinə də zərbələri əhatə edən hərbi əməliyyatlar bahasına belə, etməkdən çəkinmir. Yeri gəlmişkən, onun bu zərbələri Hindistan tərəfindən «qətiyyətlə pislənib».

 

Atəşkəs mümkündür. Bəs sülh?

Aydındır ki, Pakistan-Əfqanıstan münaqişəsi tammiqyaslı müharibəyə çevrilərsə, bu, taliblərin xeyrinə bitməyəcək. Pakistan dünyanın ən güclü ordularından birinə malikdir, üstəlik, onun nüvə silahı da var. Bununla belə, İslamabadla Kabil arasında miqyasıl müharibə ehtimalı demək olar ki, yoxdur. Eskalasiyanın əsasən sərhəd insidentləri ilə məhdudlaşacağı ehtimalı daha yüksəkdir.

Böyük ehtimalla müharibədə nə taliblər, nə də Pakistan maraqlıdır. «Taliban» hökuməti yaxşı anlayır ki, bu, onların hakimiyyətini ciddi şəkildə laxlada, hətta sona çatdıra bilər. İslamabad isə ciddi sosial-iqtisadi çətinliklər içərisindədir. Üstəlik, onun üçün müxtəlif terror təhdidləri də var (yalnız TTP deyil, həm də «İslam Dövləti» təşkilatı tərəfindən). Odur ki, Pakistan Əfqanıstanla gərginliyin tezliklə başa çatacağını bildirir, qonşusuna qarşı nüvə silahından heç zaman istifadə etməyəcəyini xüsusi vurğulayır. Tərəflər ticarət-iqtisadi əlaqələrin inkişafında da maraqlıdır. Unutmaq olmaz ki, Pakistan Əfqanıstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. O, əfqan kömürünün əsas alıcısıdır.

Görünən odur ki, toqquşmalar bir müddət sonra tamamilə dayanacaq, yeni atəşkəs razılaşması əldə olunacaq. Amma bu, tərəflər arasında davamlı sülhün əldə ediləcəyinə zəmanət vermir. Çünki əsas münaqişəli məsələlərlə bağlı ziddiyyətlər qalır. Söhbət, ilk növbədə, ərazi məsələsində kompromisin olmamasından gedir. Əfqanıstan istər əvvəlki, istərsə də indiki hakimiyyət dövründə Dürand xəttini iki dövlətin rəsmi sərhədi kimi tanımaqdan imtina edir.

Kabilin TTP-yə dəstəkdən imtina edəcəyi ehtimalı azdır. Ən azı ona görə ki, bu, taliblər arasında ciddi parçalanma yarada, nəticədə narazı qruplar «İslam dövləti»nin Əfqanıstan qolu olan «Vilayət Xorasan» qruplaşmasına qoşula bilər. Bunun Əfqanıstanda «Taliban»ın hakimiyyəti üçün son dərəcə ağır nəticələr verə biləcəyi aydındır. Amma Pakistan üçün bu məsələdə heç bir qeyd-şərt ola bilməz. İslamabad bildirir ki, Əfqanıstanla danışıqlar yalnız taliban hökumətinin TTP-yə dəstəyin dayandırmasından sonra mümkündür.

Əfqanıstanlı qaçqınlarla bağlı problem də ayrıca, həlli çətin məsələlərdəndir. İslamabadın məlumatına görə, son onilliklər ərzində beş milyon əfqan Pakistana sığınıb. Nəticədə, miqrasiya siyasətini sərtləşdirən pakistanlılar iki ölkə sərhədinin keçilməsi üçün sərt qaydalar müəyyənləşdirib. Müşahidəçilər, həmçinin Pakistandan minlərlə puştunun deportasiya olunduğunu bildirir ki, bu da puştun əhali arasında radikal qruplara dəstəyin artmasına yol açır.

Bütün bunlar Pakistanla Əfqanıstan arasında qarşıdurmanın başa çatmasına mane olan amillərdir. Eyni zamanda tərəflərin qarşısında duran əsas vəzifə qarşıdurmanın nəzarətdən çıxmasına imkan verməməkdir. Çünki zorakılığın istənilən formada alovlanması bölgədə miqyaslı hərbi əməliyyatlara yol aça bilər. İki ölkə arasında yaşanan hazırkı gərginlik bunu bir daha təsdiqləyir.



MƏSLƏHƏT GÖR:

53