MƏRCLƏR ARTIR…
Yaxın Şərq böyük fırtına astanasında: dünya düzənini dəyişən müharibə…
Müəllif: Samir VƏLİYEV
ABŞ-İsrail-İran qarşıdurması fevralın 28-dən bəri davam edir. Bu müddət ərzində onun nə vaxt və necə başa çata biləcəyinə dair proqnozlar bir-birini əvəzləməkdədir. Müharibə isə davam edir, insanlar həlak olur, iqtisadi itkilər fəlakət həddindədir. Demək olar ki, hamının razılaşdığı yeganə məqam ondadır ki, region hələ belə miqyaslı müharibə ilə üzləşməmişdi…
Köhnə qaydalarla aparılan müharibə
ABŞ və İsrailin məlumatına görə, ötən müddət ərzində İran çox ciddi hərbi itkilər verib. Əsas zərbələr ölkənin hava hücumundan müdafiə (HHM) sisteminə, aviasiya infrastrukturuna və hərbi-dəniz obyektlərinə endirilib. Qərb analitik mərkəzlərinin qiymətləndirməsinə görə, əməliyyatlara başlandığı ilk günlərdə İranın təxminən 200 HHM sistemi məhv edilib. Bu, ABŞ və İsrailə əməliyyatlara başlanılmasından cəmi bir sutka sonra İranın hava məkanının əhəmiyyətli hissəsinə faktiki nəzarəti ələ almaq imkanı verib.
İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri də ciddi itkilərlə üzləşib. ABŞ komandanlığının məlumatında bildirilir ki, bazalara və liman infrastrukturuna endirilən zərbələr nəticəsində 60-dan artıq gəmi, o cümlədən iri döyüş vahidləri və yardımçı gəmilər sıradan çıxarılıb. Ayrı-ayrı epizodlarda birbaşa dəniz toqquşmaları da qeydə alınıb. Məsələn, ABŞ-a məxsus sualtı qayığın «Dena» freqatını batırması nəticəsində yüzdən çox iranlı dənizçi həlak olub.
Hücumların daha bir hədəfi aviasiya infrastrukturudur. Hərbi aerodromlar, pilot hazırlığı mərkəzləri, silah anbarları bombardman edilib. Nəticədə, İran təyyarələrinin əksəriyyəti ya yerdə məhv edilib, ya da aerodromların və logistikanın dağıdılması səbəbilə havaya qalxmaq imkanını itirib. Paralel olaraq, raket və pilotsuz uçuş aparatları (PUA) sənayesi müəssisələrinə də zərbələr endirilib. Pentaqonun açıqlamasında bildirilir ki, bu, Tehranın raket buraxılışı həcmini müharibənin ilk günləri ilə müqayisədə, təxminən, 90, dron istifadəsi imkanını isə 95% azaldıb.
İnsan itkisi də kifayət qədər böyükdür. Müxtəlif mənbələrə görə qarşıdurmanın başlamasından bəri İranda ən azı 1300-1400 insan, o cümlədən hərbçilər və güc strukturlarının nümayəndələri həlak olub. Yaralıların sayı on minlərlə ölçülür.
ABŞ və İsrailin müharibə aparmaq taktikasına gəlincə, o, bir çox cəhətlərinə görə yüksək texnologiyalı kampaniyalar modelini təkrarlayır. Müharibənin ilk saatlarında «korlaşdırma» adlandırılan zərbələr radiolokasiya stansiyalarını, HHM sistemlərini və idarəetmə mərkəzlərini sıradan çıxarıb. Bu, hava üstünlüyünün tez bir zamanda əldə olunmasına imkan verib. İkinci mərhələdə hərbi infrastrukturun sistemli şəkildə məhvinə başlanılıb: raket qurğuları, anbarlar, aerodromlar, hərbi-dəniz bazaları və müdafiə sənayesi müəssisələri.
Beləliklə, əməliyyat müasir münaqişələr üçün klassik sayılan sxem üzrə aparılıb: əvvəlcə rəqibin öz hava məkanından istifadə imkanlarının yox edilməsi, daha sonra onun təşkilatlanmış hərbi əməliyyatlar aparmaq qabiliyyətinin zəiflədilməsi.
«Çətin qoz»
Lakin bu qədər ciddi itkilər belə, münaqişənin tez bir zamanda başa çatdırılmasına səbəb olmayıb. İranın hərbi strategiyası ənənəvi olaraq, texnoloji baxımdan daha güclü rəqiblə klassik qarşıdurma yox, müharibəni uzatmaq, rəqib üçün onun dəyərini artırmaq qabiliyyəti üzərində qurulub. Bu məntiqə görə donanmanın, aviasiyanın və HHM sistemlərinin ciddi itkiləri belə, müqavimət qabiliyyətinin itirilməsi demək deyil.
ABŞ hərbçilərinin iddialarına baxmayaraq, İran raket potensialından, PUA-lardan fəal istifadəni davam etdirir. Bu, Tehranın hərbi doktrinasının əsas elementlərindən biri olaraq qalır. Ölkənin hərbi istehsal obyektlərinə, anbarlarına zərbələrə baxmayaraq, mobil buraxılış qurğularının və yeraltı infrastrukturun bir hissəsi fəaliyyət qabiliyyətini saxlayır, bu isə Tehrana vaxtaşırı düşmənə cavab zərbələri endirmək imkanı verir. Onun raket arsenalının əhəmiyyətli hissəsi ənənəvi olaraq, yeraltı komplekslərdədir ki, bu da havada rəqibin tam üstünlüyü şəraitində belə, bu arsenalın tam məhvini çətinləşdirir.
Bundan başqa, İranın strategiyasının əsas elementlərindən biri regiondakı proksi-qüvvələrdən istifadədir. Tehran uzun illər ərzində Yaxın Şərqdə silahlı müttəfiq qruplar şəbəkəsi yaradıb, onlara davamlı dəstək verib. Bu gün həmin qüvvələr əlavə gərginlik ocaqları yaratmağa və beləliklə, münaqişənin coğrafiyasını genişləndirməyə qadirdirlər. Söhbət müharibənin ölkə sərhədlərini aşması mexanizmindən gedir. Bu taktika İran rəhbərliyinə nizami silahlı qüvvələrdəki itkilərin qismən kompensasiyası, düşmənlər üçün münaqişənin dəyərinin artırılması imkanı yaradır. Çünki prosesə getdikcə daha geniş məkanlar və daha çox iştirakçılar cəlb edilir.
Nəhayət, siyasi amil də nəzərə alınmalıdır. Belə münaqişələr nadir hallarda yalnız hərbi yolla başa çatır. İqtisadi xərclərin artması, enerji bazarına təzyiq, humanitar itkinlərin çoxalması fonunda diplomatik kanallar getdikcə fəallaşır. Məhz bu səbəbdən, döyüş əməliyyatlarının intensivliyinə baxmayaraq, ekspertlər hesab edirlər ki, münaqişənin həlledici mərhələsi böyük ehtimalla hərbi əməliyyatlarla deyil, regionda yeni təhlükəsizlik konfiqurasiyasının axtarışı ilə bağlı olacaq.
Münaqişələr orbitində
Təəssüf ki, davam edən eskalasiya fonunda qonşu dövlətlər üçün də ciddi risklər getdikcə özünü daha çox göstərir. İran artıq regionun bir çox ölkələrinin ərazisinə raket və PUA zərbələri endirib və bu hallar davam etməkdədir. Nəticədə, münaqişə zonası faktiki olaraq ilkin hərbi əməliyyatlar coğrafiyasının hüdudlarını aşmağa başlayıb. Bu, böhranın daha da dərinləşməsi və genişlənməsi ehtimalını artırır.
Bu cür dinamika Yaxın Şərq ölkələrindən və İrana bitişik regionlardan getdikcə daha çox dövlətin münaqişəyə cəlb olunması riskini yaradır. Qonşu ölkələrin ərazilərinə endirilən tək-tək zərbələr belə, gərginliyin səviyyəsini kəskin şəkildə artıra bilər, çünki həmin dövlətlərin hökumətləri buna həm hərbi, həm də siyasi müstəvidə reaksiya vermək məcburiyyətində qalırlar. Nəticədə, münaqişə tədricən regional miqyas alır və hər bir yeni hücum cavab tədbirlərinin zəncirvari reaksiyası riskini yaradır.
Belə insidentlər döyüş əməliyyatları zonasına nisbətən yaxın yerləşən Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərində də narahatlığı artırır. Bu regionların dövlətləri üçün risklər yalnız hərbi komponentlə məhdudlaşmır, eyni zamanda regiondan keçən ticarət, logistika və enerji marşrutlarının fəaliyyətinə də mümkün risklər yaradır. Bu mənada, münaqişə zonasının genişlənməsi riski özünü ən aydın şəkildə Azərbaycanla bağlı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin İranın ali dini lideri Əli Xamaneinin həlak olmasından sonra Tehrana başsağlığı verməsinə, qonşu dövlətə Azərbaycan ərazisindən heç bir təhlükənin olmayacağını bir daha ən ali səviyyədə dilə gətirməsinə baxmayaraq, gərginliyi tam aradan qaldırmaq mümkün olmayıb. Münaqişənin ilk günlərində Azərbaycanın əsas nəqliyyat qovşaqlarından olan Naxçıvan Beynəlxalq Hava Limanına PUA zərbəsi endirilib. Bu, qarşıdurmanın başlamasından etibarən Bakı üçün ən ciddi epizodlardan birinə çevrilib və Azərbaycan tərəfinin sərt reaksiyasına səbəb olub. Nəticədə, aviasiya əlaqələrinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Gərginlik yalnız iki ölkə prezidentləri İlham Əliyev ilə Məsud Pezeşkian arasındakı telefon danışığından sonra qismən azalıb. Tehran belə halların təkrarlanmayacağına təminat verib, nəticədə, regionda hava və yerüstü nəqliyyatın hərəkəti tədricən bərpa edilib. Artıq martın 10-da – prezidentlərin telefon danışığından cəmi bir gün sonra Azərbaycan Prezidenti İrana humanitar yardımın göndərilməsilə bağlı tapşırıq verib. Nəticədə, qonşu ölkəyə hərbi böhran şəraitində zəruri olan əsas ərzaq məhsulları və dərman vasitələri göndərilib. Bu, sadəcə, humanitar deyil, həm də siyasi əhəmiyyəti olan addımdır: Bakı bundan sonra da müstəqil regional siyasi yürütmək, həmçinin on milyonlarla azərbaycanlının yaşadığı qonşu ölkə ilə gərginliyi azaltmaq niyyətini ortaya qoyub.
Prezident İlham Əliyev hələ Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən 9-cu sammitində demişdi ki, türk dünyası müstəqil türk dövlətlərinin sərhədləri ilə məhdudlaşmır və region ölkələri onların hüdudlarından kənarda yaşayan soydaşlarının vəziyyətini də nəzərə almalıdır. Bu kontekstdə İrana humanitar yardımın göndərilməsi əlavə məna da kəsb edir. Bu göstərir ki, Bakı praqmatik xarici siyasətini regional məsuliyyətin humanitar ölçüsü ilə də uzlaşdırmağa çalışır. Eyni zamanda, bu addımı İran daxilində Azərbaycana hələ də şübhə ilə yanaşan, guya onun ərazisindən təhlükə gəldiyini iddia edən qüvvələrə mesaj kimi də qiymətləndirmək olar. Qonşu ölkəyə ərzaq və dərmanların göndərilməsi fonunda belə ittihamlar xüsusilə əsassız görünür.
Boğaz bağlıdır – neft bahalaşır
Artıq müharibənin iqtisadi nəticələri də getdikcə daha aydın görünür. Bu mənada əsas amillərdən biri beynəlxalq enerji bazarının əsas arteriyalarından sayılan Hörmüz boğazı ilə bağlı vəziyyətdir. Dünyada neft tədarükünün təxminən 20%-i bu dar dəniz dəhlizi vasitəsilə həyata keçirilir və bu, onu qlobal energetikanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevirir. Son məlumatlara görə, boğazda gəmiçilik kəskin şəkildə azalıb. Hücum təhlükəsi səbəbindən tanker və konteyner gəmiləri bu ərazidən yan keçməyən üstünlük verir. Bildirilir ki, müharibənin başlamasından bəri Fars körfəzi və Hörmüz boğazı hövzəsində ən azı 16 ticarət gəmisi hücuma məruz qalıb.
Bundan başqa, hərbi risklər səbəbilə sığorta şirkətləri Fars körfəzindən keçən gəmilərə xidmət göstərməkdən imtina etməyə başlayıblar ki, bu da dəniz daşımalarının qiymətini daha da artırıb.
Böhranın ilk günlərində artıq «Brent» markalı neftin bir barelinin qiyməti 100 dolları ötüb. Bəzi proqnozlara görə, eskalasiyanın davam edəcəyi təqdirdə, bu rəqəmin 120-130 dollaradək yüksəlməsi mümkündür. Odur ki, bu gün Hörmüz boğazı ətrafındakı vəziyyət sadəcə müharibənin iqtisadi qiymətini deyil, həm də onun başa çatdırılması yollarının nə qədər tez tapılmalı olduğunu müəyyənləşdirəcək əsas amillərdən biri kimi qiymətləndirilir.
Tehranın da müəyyən mənada məhz buna ümid etdiyi istisna deyil. Münaqişənin uzanması, onun iqtisadi qiymətinin artması və qlobal bazarlara təzyiqin yüksəlməsi beynəlxalq ictimaiyyətdə döyüş əməliyyatlarının dayandırılması, siyasi kompromis axtarışı ilə bağlı tələbat formalaşdıra bilər.
MƏSLƏHƏT GÖR:










104

