İRƏVAN «DÖYÜŞ»Ə HAZIRLAŞIR
Ermənistan müxalifəti yeni lider axtarır və parlament seçkisinə hazırlaşır
Müəllif: NURANİ
Postsovet məkanında siyasi ehtiraslar, bir qayda olaraq, prezident seçkiləri ərəfəsində coşur. Parlament seçkiləri sanki ikinci planda qalır. Ermənistan bu mənada azsaylı istisnalardandır. Məsələ ondadır ki, ölkədə formal prezident postu olsa da, əsas səlahiyyətlər parlament tərəfindən seçilən baş nazirdədir.
Xatırladaq ki, hələ 2013-cü ildə Gürcüstan prezidenti Mixail Saakaşvili də bənzər siyasi manevr etmək qərarına gəlmişdi. İki prezidentlik müddəti başa çatdığından, o, əsas səlahiyyətləri hökumət başçısına ötürməyi, bundan sonra isə baş nazir olmağı düşünürdü. Lakin həmin il Saakaşvilinin partiyası parlament seçkisində «Gürcü arzusu» partiyasına uduzdu.
2018-ci ildə eyni gedişi Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan edib. Həmin vaxt ölkənin baş naziri postunu «Qazprom»un sabiq top-meneceri Karen Karapetyan tuturdu və bir çox əlamətlərə görə yeni formatda da hökumətə o rəhbərlik etməli idi – Moskva onu açıq-aşkar «yerli İvanişvili» roluna hazırlayırdı. Lakin son anda Sarqsyan hökumətə özü rəhbərlik etmək qərarına gəlib. Sonrakı hadisələr məlumdur: Nikol Paşinyanın (parlamentin müxalifətdən olan deputatı) ölkə boyu təşkil etdiyi yürüşlər, «kabab inqilabı», Sarqsyanın istefaya məcbur olması, eyni zamanda Karapetyanın da vəzifədən gedişi, nəhayət, Paşinyanın baş nazir vəzifəsinə gəlməsi. Həmin vaxt Paşinyan ölkədə yenidən seçki keçirərək, rəhbərlik etdiyi «Vətəndaş müqaviləsi» partiyasının çoxluğu ələ almasına da nail olmuşdu.
İndi həmin inqilabdan 8 il sonra Nikol Paşinyanı yeni seçki sınağı gözləyir. Lakin bu dəfə qüvvələr nisbəti fərqlidir.
Baş nazir imicini dəyişir
Seçki ərəfəsində Paşinyanın vəziyyətini birimənalı qiymətləndirmək çətindir. Bir yandan o, əvvəlki imici ilə vidalaşmaq niyyətində olduğunu açıq şəkildə nümayiş etdirir. Kamuflyaj köynək və bel çantası əvəzinə «sanballı» palto və şlyapa. Lakin bununla yanaşı, o, yenə də populizm oyunu oynamaq, «sadə xalq adamı» imicini saxlamaq niyyətindədir. Mediada və sosial şəbəkələrdə vaxtaşırı Paşinyanın şlyapa və paltoda insanlarla görüşdüyü, avtobusda pirojki və ya sucuq yediyi görüntüləri yayılır. Bəzilərində bu qədər demokratiklik heyranlıq yaradır, digərləri isə bunu sərt tənqid edir. Onun «pirojki demokratikliyi»ni İran böhranı ilə bağlı susqunluğu fonunda nümayiş etdirməsi xüsusilə tənqid olunur. Çünki Tehranla münasibətlər İrəvan üçün çox vacibdir.
Seçkiqabağı daha bir məqam onun «vətəndaş nikahı» ilə yaşadığı Anna Akopyandan ayrılmasıdır. Baş nazir dörd övladlarının olmasına baxmayaraq, Akopyanla rəsmi nikah bağlamayıbmış. Bunun səbəbləri haqda, təbii ki, sadəcə ehtimallar irəli sürmək olar. Bir çoxları əmindir ki, xanım Akopyan «diqqət mərkəzində olmaq» üçün həddindən artıq ciddi israr göstərirdi. Bundan başqa, onun hökumətə məxsus yaşayış kompleksindən adi kirayə mənzilə köçməsi Paşinyanın «korrupsiya pulları»na malik olmadığını nümayiş etdirməlidir. Halbuki Paşinyanın «Vətəndaş müqaviləsi» partiyasından olan silahdaşları korrupsiya qalmaqalları ilə kifayət qədər tez-tez qarşılaşırlar.
Son dövrlərə qədər Nikol Paşinyanın siyasi mənada «sağ qala» bilmək qabiliyyətini möcüzəvi saymaq olar. O, nəinki 44 günlük müharibə dövründə vəzifəsini qoruyub saxlayıb, müharibədən sonra keçirilən seçkidən belə, qalib çıxıb. Bu, ekspertləri, sözün əsl mənasında, təəccübləndirmişdi. Lakin ədalət naminə o da qeyd edilməlidir ki, bu gün «sülhpərvər» kimi çıxış edən Paşinyan həmin vaxt seçki kampaniyasını revanşist şüarlar altında aparır, hətta Şuşa və Hadrut şəhərlərinin yenidən işğal ediləcəyi vədini verirdi.
Bu gün isə baş nazirin «siyasi baqaj»ında daha bir uduzulmuş müharibə var. Azərbaycan 2023-cü ilin payızında Qarabağ bölgəsində lokal antiterror tədbirləri keçirərək, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində bütün ərazisi üzərində suverenliyini bərpa edib. İndi İrəvanın revanş üçün nə şansı, nə imkanı var. Üstəlik, Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki bazası ciddi şəkildə darmadağın olunub. Belə vəziyyətdə onun sülhpərvər mövqedən çıxış etməkdən başqa yolu yoxdur. Paşinyan növbəti seçki ərəfəsində məhz bununla məşğuldur. Məsələ ondadır ki, xüsusilə ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş məlum görüşdən sonra onun Qarabağ məsələsində manevr etmək imkanı, demək olar ki, qalmayıb. Amma bu, Paşinyanın rəqiblərinin də revanşist şüarlardan fəal şəkildə istifadə etməyəcəkləri anlamına gəlmir.
Qarşı olanlar kimlərdir?
«Siyasi burulğanlar»da Paşinyanı əsasən müxalifətin parçalanmış vəziyyəti, güclü, xarizmatik liderə malik olmaması xilas edib. Antipaşinyan cəbhəsinə uzun müddət «Qarabağ klanı»nın liderləri sayılan Robert Koçaryanla Serj Sarqsyan rəhbərlik edib. Hazırkı baş nazir üçün ən təhlükəli rəqib də məhz Koçaryan sayılıb. Hər halda sabiq dövlət başçısı təcrübəli siyasi oyunçu, intriqalar ustası, siyasi mübarizə üsullarında çox da həssas olmayan fiqurdur.
Bəli, Ermənistan müxalifəti bu gün də parçalanmış vəziyyətdədir. Bu gün də o, bir neçə mərkəzdən ibarətdir. Paşinyana qarşı olan «Daşnaksutyun» partiyası reytinqlərdə ön sıralarda yer almasa da, diasporun hesabına ciddi maliyyə resurslarına malikdir. Daşnaklar xüsusilə ermənidilli informasiya məkanında güclü təsir imkanları ilə tanınırlar. Hələ XIX əsrin sonlarından mübarizə üsulu kimi terrordan da istifadə edən «Daşnaksutyun» bu ənənəsini hazırda da qoruyub saxlayır. Partiyaya yeni qəbul edilən üzvlər öz «qəhrəman»larının məzarı üzərində partiya bayrağı ilə yanaşı, həm də silaha əl basaraq and içirlər. Bununla yanaşı, daşnakların kilsənin dəstəyini qazanması şansı da kifayət qədər yüksəkdir. Məlum olduğu kimi, hazırda Ermənistanda kilsə ilə bağlı vəziyyət də qarışıqdır. Bir yandan arxiyepiskop Baqrat Srbazyanın rəhbərliyi ilə keçirilən mitinqlərin qısa zamanda «karikatura» səviyyəsinə düşməsi ilə bir çoxları ölkədə kilsənin siyasi potensialına istehza ilə yanaşmağa başlayıb. Digər tərəfdən, Paşinyanın kilsə, o cümlədən II Qaregin ilə açıq qarşıdurmaya getməsi vəziyyəti kökündən dəyişib. «Eçmiədzinə süvari hücumu» uğursuz olub – Paşinyan alternativ ibadətlərdən başqa ciddi nəticə əldə edə bilməyib. Demək, hökumət əsas məqsədinə, yəni seçki kampaniyasının pik dövründə və səsvermə günü kisəni tam nəzarətə götürmək hədəfinə nail olmayıb.
Vəziyyətə ikinci təsir mərkəzi isə hələ də «Qarabağ klanı»dır. Vaxtilə bu klanın qurduğu kriminal idarəetmə sistemi seçiciləri bezdirsə də, xüsusilə güc strukturlarında onların kifayət qədər tərəfdarı var. Bundan başqa, onlar Paşinyanın tam tərk-silah edə bilmədiyi qeyri-rəsmi silahlı dəstələrin dəstəyinə də arxalana bilərlər.
Amma Nikol Paşinyan üçün ən ciddi və xoşagəlməz sürpriz yeni ortaya çıxmış «Güclü Ermənistan» partiyası ola bilər. Partiya Samvel Karapetyan üçün yaradılır. Bildirilir ki, Karapetyan həbsdə olduğundan, partiyanın seçki siyahısına, hələ ki, onun qardaşı oğlu Narek Karapetyan başçılıq edəcək.
«İvanişvili» layihəsi – üçüncü cəhd
Görünən odur ki, Nikol Paşinyan üçün əsas təhlükə məhz budur. Xatırladaq ki, Samvel Karapetyan erməni əsilli rusiyalı oliqarx, «Taşir» şirkətlər qrupunun sahibidir. Bir müddət əvvələdək Ermənistanın elektrik şəbəkələri də ona məxsus olub. Sonradan Paşinyan bu şəbəkəni formal olaraq milliləşdirsə də, proses problemlər içərisində çabalayır. Ölkədə artıq bir neçə ildir ki, ciddi elektrik enerjisi çatışmazlığı var. Üstəlik, elektrik infrastrukturu ciddi şəkildə köhnəlib. Ermənistanın elektrik enerjisi şəbəkələri birbaşa Rusiyaya məxsus oluqda belə, ekspertlər bildirirdilər ki, təcili tədbirlərin görülməyəcəyi təqdirdə ölkə yenidən planlı elektrik enerjisi kəsintisi rejiminə qayıda bilər. Bu, hələ ki, baş verməyib, Paşinyan isə sahəni milliləşdirməklə «rubilnik»i nəzarətə götürdüyünü düşünür. Lakin bu sahəyə rəhbərlik edənlər və orada çalışanlar arasında Karapetyanın kifayət qədər adamının olduğu da şübhə doğurmur. Belə bir vəziyyətdə o, «Ermənistanın Bidzina İvanişvilisi» olmağa real namizəd kimi görünür.
Xatırladaq ki, Moskva Ermənistanda Karen Karapetyan ilə bu modeli hələ 2018-ci ildə icra etməyə çalışmış, lakin onun cəhdi uğursuz olmuşdu. Lakin Rusiya bu plandan imtina etməyərək, növbəti namizəd kimi Ruben Vardanyanı müəyyənləşdirmişdi. Plan sadə və real görünürdü: Kremlin dəstəklədiyi namizəd əvvəlcə Qarabağdakı separatçı layihəni dirçəltməli, revanş planını həyata keçirməli, daha sonra «Qarabağ platforması» sayəsində İrəvana siyasi hücuma başlamalı idi. Lakin hadisələr tam əks-istiqamətdə inkişaf edib və Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri revanş ümidinin üzərindən qalın bir xətt çəkib. Bu azmış kimi, Vardanyan saxlanılaraq Bakıya gətirilib və burada məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum olunub. Onun azadlığa vaxtından əvvəl çıxmaq şansı çox azdır…
İndi Moskva ortaya yeni «kozır»ını atır. Yeri gəlmişkən, bu, uzun müddət Kremlin əsas favoriti sayılmış Robert Koçaryan üçün də pis xəbərdir. Çünki indi Rusiyanın maliyyə dəstəyi və informasiya resusları kimi təsir alətləri Karapetyanın xeyrinə işləyə bilər. Ermənistanın siyasi dairələrində artıq ölkədə müxalifəti məhz Karapetyanın birləşdirə biləcəyi fikri də dolaşmaqdadır. Hər halda, o, artıq «ağırçəkililər»i ətrafına toplamağa başlayıb. Bu mənada Nikol Paşinyan üçün ən xoşagəlməz xəbərlərdən biri ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın Samvel Karapetyanın tərəfinə keçməsidir. Bunu açıq şəkildə bəyan edən Ter-Petrosyan hazırkı hökumətin kilsəyə qarşı kampaniyasını da sərt tənqid atəşinə tutub. Halbuki Paşinyan siyasi karyerasına məhz Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Ümumxalq Hərəkatında (sonradan Erməni Milli Konqresi adlandırıldı) başlayıb. 2008-ci ildə Serj Sarqsyanın qalib elan olunduğu qalmaqallı seçkidən sonra Ter-Petrosyana dəstək məqsədilə keçirilən mitinqlərin təşkilatçılarından biri də Paşinyan idi. O, məhz həmin aksiyalarda iştirakına görə həbs də edilmişdi.
İndi müxalifət liderləri hazırkı baş naziri qəbul etməyə elektoratı öz aralarında bölüşdürəcəklərsə, Ter-Petrosyan potensial olaraq Paşinyan tərəfdarlarını öz tərəfinə çəkməyə çalışacaq. Bu, hazırkı hökumət başçısı üçün ciddi nəticələr doğura bilər. Doğrudur, qeyd edilən variant belə, hələ ki, Paşinyanın məğlubiyyətinə və Samvel Karapetyanın qələbəsinə zəmanət vermir. Lakin iyunda keçirilməli olan parlament seçkisi hər bir halda kifayət qədər sürpriz vəd edir. Bu vəziyyətdən «baş çıxarmaq» Paşinyan üçün asan olmayacaq.
Seçki, əlbəttə ki, Ermənistanın daxili işidir. Amma əsas yarış məcburiyyətdən də olsa sülh gündəliyini irəli aparmağa çalışan Paşinyan ilə revanşist qüvvələr arasında gedəcəksə, bu, artıq birbaşa Azərbaycanın da maraqlarına toxunan məsələdir. Çünki İrəvanın sülh gündəliyi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi Bakı üçün mühüm əhəmiyyət kəsb edir. Revanşist düşərgədə yer alan siyasətçilər isə heç zaman öhdəliklərə ciddi əməl etmələri ilə fərqlənməyiblər. Bu mənada onlar müxtəlif xoşagəlməz sürprizlər yarada bilərlər. Bu sürprizlərin kimə qarşı yönələcəyi isə artıq açıq sualdır…
Reallıq ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanmasında Ermənistan Azərbaycandan daha çox maraqlıdır. Yaxşı olar ki, Ermənistan seçiciləri bunu vaxtında anlasınlar.
MƏSLƏHƏT GÖR:




75

