ALTERNATİVSİZ TƏRƏFDAŞLIQ
Avropanın enerji təhlükəsizliyi, Avrasiyanın yeni geosiyasəti və Azərbaycanın artaq rolu
Müəllif: İlqar VƏLİZADƏ
Artan beynəlxalq gərginlik, regional dinamikanın mürəkkəbləşməsi, beynəlxalq enerji bazarlarında vəziyyətin pisləşməsi Avropa İttifaqını qabaqlayıcı tədbirlər görməyə, uzunmüddətli, etibarlı tərəfdaşlarla əlaqələri gücləndirməyə vadar edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Qaz və elektrik enerjisinə «stavka»
Antonio Kosta ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında gönüş Avropanın enerji bazarında davam edən qeyri-müəyyənlik şəraitində baş tutub. Qeyd edək ki, bu qeyri-müəyyənlik İrandakı müharibə fonunda daha da artıb. Son illərdə Azərbaycanın Avropa istiqamətində qaz tədarükünü əhəmiyyətli şəkildə artırdığı məlumdur. Aİ ilə 2022-ci ildə imzalanmış enerji memorandumuna əsasən gələcəkdə ixrac həcminin mərhələli şəkildə daha da artırılması nəzərdə tutulur.
Görüş zamanı İlham Əliyev bildirib ki, Bakı yaxın 2-3 ildə Aİ-yə birbaşa qaz tədarükünü ildə təxminən 10 milyard kubmetr artırmağı planlaşdırır. Bunun üçün yeni qaz yataqlarının işlənməsi nəzərdə tutulur. Dövlət başçısı xüsusi vurğulayıb ki, tərəflər arasında enerji əməkdaşlığı dayanıqlıdır və genişlənmə potensialına malikdir. Dövlət başçısı Azərbaycanın «enerji sahəsində Avropanın etibarlı tərəfdaşı olduğunu sübut etdiyini» söyləyib, bildirib ki, Bakı avropalı istehlakçıların tələbatına uyğun olaraq, Aİ-yə qaz tədarükünü artırmağa hazırdır. Bu açıqlama Azərbaycanın Avropa bazarında uzunmüddətli enerji tədarükçüsü rolunu möhkəmləndirmək niyyətini də əks etdirir.
Antonio Koşta isə Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi strategiyasında Bakı ilə əməkdaşlığın vacib yer tutduğunu söyləyib. «Avropa İttifaqı sabit və şaxələndirilmiş enerji tədarükü məsələsində Azərbaycanı vacib tərəfdaş sayır», - deyə o, bildirib. Koşta dünyada davam edən geosiyasi sarsıntılar fonunda bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycanın fərqləndirici xüsusiyyətlərindən biri ondadır ki, o, sadəcə çoxsaylı enerji tədarükçülərindən biri deyil. Bu gün Azərbaycan faktiki olaraq, Aİ-yə birbaşa qaz kəməri ilə «mavi yanacaq» tədarük edən yeganə ölkə olaraq qalır. Söhbət Xəzər regionunu birbaşa Avropa ilə birləşdirən qaz kəmərindən gedir. Alternativ qaz mənbələrinin əksəriyyətinin ya dəniz vasitəsi ilə mayeləşdirilmiş qaz tədarükünə, ya da Avropa və Yaxın Şərqdən keçən ənənəvi marşrutlara bağlı olduğunu nəzərə alsaq, onların yüksək risk daşıması fonunda Xəzər istiqaməti strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdən, Bakı ilə əməkdaşlıq Brüsseldə tədricən sadəcə tədarükün şaxələndirilməsi elementi kimi deyil, həm də Avropada enerji arxitekturasının formalaşdırılmasının bir hissəsi kimi qiymətləndirilir. Bəli, bu arxitekturada Xəzər resurslarının və nəqliyyat dəhlizlərinin əhəmiyyəti getdikcə artır.
Daha uzunmüddətli perspektivdə konkret infrastruktur təşəbbüsləri də nəzərdə tutulur. Söhbət regionda istehsal olunan «yaşıl» elektrik enerjisinin Avropaya ixracından gedir. Xüsusilə Xəzər-Qara dəniz enerji dəhlizinin inkişafı müzakirə mövzusudur. Bu, Azərbaycandan elektrik enerjisinin Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Rumıniya və Aİ bazarlarına ötürülməsini nəzərdə tutur. Layihə özündə təxminən 1100-1200 kilometr uzunluğunda, 1000 MVt gücündə yüksək gərginlikli sualtı kabelin inşasını əks etdirir. O, Avropaya ildə təxminən 4-5 milyard kVt/saat elektrik enerjisinin nəqlinə imkan verəcək.
Paralel olaraq, Azərbaycan bərpa olunan enerji sahəsində də miqyaslı layihələr həyata keçirir. Hökumətin qiymətləndirmələrinə görə, yalnız Xəzər dənizində külək enerjisi potensialı 150 GVt-dan artıqdır. Yaxın illərdə bir neçə iri günəş və külək stansiyasının ümumi istehsal gücü isə təxminən 3-4 GVt olacaq. Bu layihələr Aİ-nin enerji keçidi strategiyasına və tədricən aşağı karbonlu istehsalın artımı planlarına tam cavab verir. Azərbaycan üçün isə bu layihələr enerji ixracı infrastrukturunun şaxələndirilməsi, ənənəvi qaz tədarükünü bərpa olunan enerji ixracı ilə tamamlayaraq, Xəzər regionu ilə Avropa arasındakı enerji, nəqliyyat dəhlizlərində mövqeyini möhkəmləndirmək imkanıdır.
Effektiv əməkdaşlıq formaları axtarışında
Koştanın səfərini daha geniş siyasi kontekstdə də təhlil etmək olar. Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi Ukrayna müharibəsi və qlobal enerji axınlarının dəyişməsi nəticəsində Avrasiyada davam edən geosiyasi yenidənqurma şəraitində baş verir. Nəticədə, Azərbaycanın Aİ-nin siyasi tərəfdaşı rolu tədricən artır. Bakı danışıqları zamanı Antonio Koşta tərəflər arasında yeni çərçivə sazişinin hazırlanması məsələsini xüsusi olaraq qaldırıb. Sənəd strateji əməkdaşlığın uzunmüddətli parametrlərini müəyyənləşdirməlidir. Koşta bildirib ki, Brüssel bu sənədin hazırlanmasına böyük əhəmiyyət verir və prosesin yaxın perspektivdə yekunlaşdırılmasını gözləyir. Onun sözlərinə görə, Aİ sözügedən sənədi «daha dərin və kompleks tərəfdaşlıq forması» üçün baha kimi görür, orada iqtisadiyyat, enerji, nəqliyyat dəhlizləri və siyasi dialoqun əhatə olunmasını nəzərdə tutur.
Amma bu sənəd üzərində işin artıq az qala 10 ildir davam etməsi faktı bir sıra suallar yaradır. 1990-cı illərin tərəfdaşlıq və əməkdaşlıq bazasını əvəzləməli olan yeni hərtərəfli sazişlə bağlı danışıqlar hələ 2010-cu illərin ortalarında başlasa da, yekun sənədin imzalanması hələ də mümkün olmayıb. Nəticədə, Aİ ilə Azərbaycan arasında institusional münasibətlər faktiki olaraq, natamamdır. Belə vəziyyətdə Bakı ilə digər nəhəng beynəlxalq tərəfdaşlar arasında əlaqələrin inkişaf templəri ilə müəyyən təzad yaranır. Azərbaycan bu dövrdə bir sıra aparıcı beynəlxalq və regional oyunçularla müxtəlif strateji, fundamental sazişlər imzalayıb. Xüsusilə Çinlə strateji tərəfdaşlıq, Türkiyə ilə müttəfiqlik haqqında bəyannamə, ABŞ ilə strateji dialoqun dərinləşdirilməsi, Rusiya ilə müttəfiq əlaqələrin sazişlərini misal göstərmək olar. Bütün bu sənədlər Bakının beynəlxalq öhdəliklər və strateji əməkdaşlıq formatları şəbəkəsini formalaşdırır.
Bu kontekstdə Azərbaycanla Aİ arasında danışıqların uzanması bu istiqamətdəki institusionallığı obyektiv olaraq zəiflədir. İntensiv enerji əməkdaşlığına, Avropanın enerji təhlükəsizliyinin təminində Bakının əhəmiyyətli roluna baxmayaraq, tərəflər arasında çərçivə sazişinin olmaması müəyyən asimmetriya təəssüratı yaradır. Sanki iqtisadi və enerji əməkdaşlığı kifayət qədər inkişaf etsə də, strateji tərəfdaşlığın rəsmi-hüquqi bazası natamamdır.
Məhz bu səbəbdən Koştanın Bakıda sazişdən danışması Brüsselin bu prosesi fəallaşdırmaq, Azərbaycanla münasibətlərə daha dayanıqlı institusional xarakter vermək niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər. Avropa isə Avrasiya arasında enerji və nəqliyyat əlaqələrinin yenidən qurulduğu, Avrasiyada siyasi münasibətlərin dəyişdiyi şəraitdə belə bir sənədin imzalanması Azərbaycanın Cənubi Qafqazda və daha geniş Xəzər regionunda Aİ-nin əsas tərəfdaşı rolunu möhkəmləndirə bilər.
Postmünaqişə reallığında münasibətlər
Münasibətlərin müqavilə-hüquq bazasında davam edən institusional boşluqlara baxmayaraq, Aİ hələ də Bakının onun siyasi və iqtisadi məkanlarına tədricən inteqrasiyasına maraq göstərir. Bu, özünü həm Avropa nümayəndələrinin açıqlamalarında, həm də Bakı ilə Avropa strukturları arasında əməkdaşlıq formatlarının genişləndirilməsində göstərir. Brüssel tədricən Azərbaycana yalnız enerji tərəfdaşı kimi yox, həm də Avropanın təhlükəsizlik arxitekturasının və regional sabitliyin mühüm iştirakçısı kimi yanaşır.
Bu əməkdaşlığa əlavə strateji dəyər verən amil isə regionun coğrafi mövqeyidir. Cənubi Qafqaz və bu bölgədə yerləşən Azərbaycan getdikcə Avropanın Mərkəzi Asiyaya açılan vacib nəqliyyat-siyasi pəncərəsi kimi görünür. Avropa bazarlarını Xəzər hövzəsi, daha sonra isə Mərkəzi Asiya ölkələri ilə birləşdirən əsas marşrutlar bu regiondan keçir ki, bu da Avrasiyada formalaşmaqda olan nəqliyyat və enerji dəhlizlərində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırır. Brüssel məhz bu səbəbdən indi Bakını Avropanın ümumi siyasi formatlarına cəlb etmək üçün daha fəal cəhdlər göstərir. Bu yanaşmanın rəmzi mərhələlərindən biri 2028-ci ildə Bakıda keçiriləcək Avropa Siyasi Birliyi sammiti ola bilər. Bu format Avropa dövlətlərinin təşəbbüsü ilə yaradılıb. Orada qitədə təhlükəsizlik və siyasi koordinasiya məsələləri müzakirə edilir. Sammit Avropa İttifaqı ölkələri ilə ondan kənarda yerləşən avropalı tərəfdaşları bir araya gətirir. Sammitin keçirilməsi üçün Bakının seçilməsi Avropa strukturlarının Azərbaycanı Avropa miqyaslı siyasi dialoqun fəal iştirakçılarından biri kimi qəbul etməyə hazır olduqlarının göstəricisi kimi qiymətləndirilə bilər.
Bu amil Cənubi Qafqazda formalaşmaqda olan postmünaqişə gündəliyi kontekstində xüsusi əhəmiyyət kəsb edir. Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan faktiki olaraq, regional gündəliyin əsas parametrlərini müəyyən edən tərəfə çevrilib. Bu gün bölgədə münasibətlərin normallaşdırılması, nəqliyyat kommunikasiyalarının açılması, yeni iqtisadi əməkdaşlıq sisteminin formalaşdırılması istiqamətində təşəbbüsləri məhz Bakı irəli sürür. Bu yanaşma ümumilikdə Aİ tərəfindən də dəstəklənir, çünki Brüssel Cənubi Qafqazın uzunmüddətli sabitliyində, region ilə Avropa bazarları arasında infrastruktur əlaqələrinin inkişafında maraqlıdır. Bu, İlham Əliyev ilə Antonio Koştanın mətbuata birgə bəyanatlarında da əksini tapıb. Bəyanatda deyilir ki, tərəflər Cənubi Qafqazın sülh, sabitlik və qarşılıqlı əlaqələr prinsipinə uyğun formalaşmasına yönəlmiş səyləri dəstəkləyir, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşviqinin vacibliyini vurğulayır. Tərəflər bildirirlər ki, region dövlətləri arasında davamlı nizamlama və münasibətlərin normallaşdırılması nəqliyyat kommunikasiyalarının açılmasına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, regional qarşılıqlı əlaqələr sisteminin formalaşmasına imkan yarada bilər.
Bəyanatda o da vurğulanır ki, infrastruktur və nəqliyyat layihələrinin inkişafı regional sabitliyin möhkəmləndirilməsinin vacib elementi sayılır, çünki ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı asılılıq səviyyəsinin yüksəldilməsi münaqişə potensialını azaldır, Cənubi Qafqazda daha dayanıqlı əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.
Beləliklə, Antonio Koştanın Bakı səfəri Aİ üçün Azərbaycanın strateji əhəmiyyətinin artdığını təsdiqləyib. Bu gün o, həm əsas enerji tərəfdaşı, həm Avropa ilə Xəzər regionu arasında mühüm tranzit mərkəzi, həm də Avrasiya məkanında formalaşmaqda olan yeni iqtisadi və siyasi əlaqələr arxitekturasının iştirakçılarından biri kimi qiymətləndirilir.
MƏSLƏHƏT GÖR:


76

