QLOBAL BAKI DİALOQU
Forum beynəlxalq böhranların həlli yollarının axtarışı üçün liderləri, ekspertləri və institutları bir araya toplayıb
Müəllif: Elçin HÜSEYNOV
Martın 12-14-də «Gülüstan» Sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunmuş XIII Qlobal Bakı Forumu keçirilib. Azərbaycan paytaxtı bir neçə gün ərzində beynəlxalq böhranların – geosiyasi münaqişələrdən tutmuş, iqtisadi və iqlim çağırışlarınadək – müzakirə olunduğu əsas platformalardan birinə çevrilib. Forumda müxtəlif ölkələrdən yüksəkrütbəli siyasətçilər də daxil olmaqla, təxminən 400 nümayəndə iştirak edib.
Bu forum yarandığı gündən siyasi liderlər, diplomatlar, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri arasında dialoq üçün nüfuzlu beynəlxalq platformaya çevrilib. O, hər il hazırkı və keçmiş dövlət və hökumət başçılarını, tanınmış ictimai xadimləri Bakıya toplayır, dünya siyasətinin ən aktual məsələlərinin müzakirəsinə imkan yaradır.
Bu ilin mövzusu «Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması» olub. Müzakirələrin mərkəzində beynəlxalq münasibətlər sisteminin transformasiyası, yeni geosiyasi çağırışlar, qlobal təhlükəsizlik, dayanıqlı inkişaf və dünyada artan gərginlik şəraitində dialoq mexanizmlərinin axtarışı kimi məsələlər dayanıb.
Prezidentdən vacib mesajlar
Forumu açan Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq gündəliyin əsas mövzularına diqqət çəkib, Bakının təhlükəsizlik, münaqişələrin tənzimlənməsi, enerji və nəqliyyat əlaqələri sahəsindəki təcrübəsini bölüşüb. Müasir beynəlxalq vəziyyətdən də danışan dövlət başçısı bildirib ki, bu gün təhlükəsizlik məsələsi bütün dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. «Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır», - deyə İlham Əliyev qeyd edib.
Çıxışının əhəmiyyətli bir hissəsini Azərbaycanın uzunmüddətli münaqişənin həlli, ərazi bütövlüyünün bərpası təcrübəsinə həsr edən prezident hesab deyib ki, bu təcrübə beynəlxalq ictimaiyyət üçün faydalı ola bilər. «Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq» deyən dövlət başçısı təxminən 30 illik işğal dövründən sonra ölkənin suverenliyinin bərpa olunduğunu xatırladıb. O, Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə də toxunaraq münaqişədən sülhə keçidin nisbətən qısa müddətdə baş verdiyini söyləyib: «2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir».
Dövlət başçısı deyib ki, əldə olunmuş sülhün yalnız siyasi yox, həm də praktiki mənası var: «Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik. Artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur». İlham Əliyev Bakının münaqişə tərəfləri arasında xarici vasitəçilər olmadan birbaşa dialoqu dəstəklədiyini də vurğulayıb: « Biz Ermənistanla sülhə nail olduq, - biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək». Prezident özlərini Minsk qrupu adlandıran vasitəçilərin fəaliyyətinin heç bir nəticə vermədiyini xatırladıb.
İlham Əliyev çıxışında enerji təhlükəsizliyi məsələsinə də xüsusi diqqət çəkib. O, dünya enerji bazarındakı qeyri-sabitliyin istər istehlakçılar, istərsə də istehsalçılar üçün əlavə çağırışlar yaratdığını deyib, Azərbaycanın etibarlı enerji tədarükçüsü kimi qaldığını, üstəlik, ixrac coğrafiyasını genişləndirməyə çalışdığını söyləyib. «Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi», - deyə prezident bildirib. Bildirilib ki, bu gün enerji əməkdaşlığının inkişafı həm milli, həm də beynəlxalq təhlükəsizliyin vacib komponenti kimi qiymətləndirilir.
İ.Əliyev nəqliyyat əlaqələrinə, beynəlxalq nəqliyyat dəhlizlərinin artan əhəmiyyətinə də toxunub. Azərbaycanın logistika infrastrukturuna fəal sərmayələr yatırdığını xatırladan dövlət başçısı deyib: «Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq».
Orta Dəhliz: Avrasiyanın strateji körpüsü
Forum çərçivəsində bir sıra panel sessiyalar da keçirilib. Qlobal və regional təhlükəsizlik, çoxtərəfli əməkdaşlıq, enerji və iqlim təhlükəsizliyi, eləcə də nəqliyyat və infrastruktur əlaqələri kimi aktual mövzular ətrafında fikir mübadilələri aparılıb.
Əsas sessiyalar arasında «Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çağırışlar» və «Böhran şəraitində çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış» kimi mövzularda təşkil olunmuş müzakirələr də olub. Bu müzakirələr Azərbaycanın dünya siyasəti, iqtisadiyyatı və dayanıqlı inkişaf üzrə təcrübə mübadiləsi, koordinasiya üçün beynəlxalq platformaya çevrildiyini ortaya qoyub. Sessiyalarda sadəcə müxtəlif baxışlar ortaya qoyulmayıb, həm də qlobal çağırışların öhdəsindən gəlinməsində dialoq və əməkdaşlığın rolunu təsdiqləyib.
Müzakirələrin əsas istiqamətlərindən biri Orta Dəhliz mövzusu olub. Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən bu layihə sabitlik, iqtisadi müstəqillik və regional əməkdaşlıq vasitəsi kimi çıxış edir. Müzakirə zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: «35 ildə ilk dəfədir ki, bölgəmizdə sülh və sabitlik bərqərar olub, sərhədlər açılıb… Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid siyasət çərçivəsində birləşdirən əsas istiqamətlərdən biridir».
Rumıniya Prezidentinin məsləhətçisi Ana Birçall deyib ki, «Orta Dəhliz sadəcə infrastruktur layihəsi deyil, həm də sabitlik üçün strateji vasitədir… Dəhliz üzrə illik tranzit həcmi 150% artıb, Asiyadan Avropaya daşımaların müddəti 45 gündən 20 günə düşüb».
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım isə bu gün Orta Dəhlizin Avropa ilə Asiya arasında təhlükəsiz və etibarlı nəqliyyat yolu olduğunu deyib. «Zəngəzur dəhlizi onun bir hissəsidir… Orta Dəhlizin inkişafı bölgədə sabitlik və təhlükəsizliyi təmin edir», - deyə o, bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Rəşid Alimov vurğulayıb ki, «Mərkəzi Asiya Orta Dəhlizin əsas elementinə çevrilir və Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü rolunu oynayır… Region Avrasiyanın ən böyük bazarlarını birləşdirən etibarlı körpüyə çevrilir».
Özbəkistan Prezidentinin məsləhətçisi Əbdüləziz Kamilov isə ölkəsinin «çoxsəviyyəli tərəfdaşlıq sisteminin yaradılmasını dəstəklədiyini» söyləyib: «Bu sistem Şərqi Asiya, Yaxın Şərq və Avropa ölkələri arasında əlaqəliliyi təmin edən nəqliyyat marşrutlarını əhatə edəcək».
Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev bildirib ki, ümumilikdə bu dəhlizin inkişafına 40 milyard dollar investisiya qoyulub və məbləğ artmaqda davam edir. Onun sözlərinə görə, Orta Dəhliz sürətli artım nümayiş etdirir – ötən ilin ilk yarısında bu marşrut üzrə konteyner daşımaları 93% artıb.
Beləliklə, bu gün Orta Dəhliz Avropa isə Asiya arasında davamlı inkişaf, regional inteqrasiya və təhlükəsiz tranzit üçün strateji alət kimi qiymətləndirilir, təşəbbüsün uğuru isə daşımaların artması, investisiyaların çoxalması, həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz ölkələrinin prosesi cəlbi ilə təsdiqlənir.
Çin: sabit oyunçu
Əsas müzakirə mövzularından biri də qlobal idarəçilikdə Çinin rolu ilə bağlı olub. Panel müzakirələri göstərib ki, Pekin mövcud qlobal qeyri-sabitlik şəraitində öz ideya və yanaşmalarını təklif edərək, strateji mövqe tutur.
Mikayıl Cabbarov hesab edir ki, regionda effektiv alətlərdən istifadə etməkdəiqtisadi ticarətin genişləndirilməsi vacibdir. Sloveniyanın sabiq dövlət başçısı Borut Paxor isə bildirib ki, Çin «qlobal məsələlərin həllində fəal iştirak edir və hazırkı geosiyasi vəziyyətdən qazanan ölkələrdən biridir». Paxor Pekinin dünya nizamında radikal dəyişikliklərə can atmadığını, əksinə diqqəti öz inkişafına yönəldərək sabit, proqnozlaşdırıla bilən dövlət, beynəlxalq hüququn tərəfdarı kimi çıxış etdiyini söyləyib.
Müzakirələrdə 2019-2025-ci illərdə Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olmuş U Xunbo da öz mövqeyini ifadə edib: «Çin özünün müasirləşməsi prosesi ilə paralel olaraq, mövcud qlobal qeyri-sabitlik, qeyri-müəyyənlik fonunda qlobal idarəetmə ilə bağlı ideya və yanaşmalarını da təqdim etməyə çalışır… Beynəlxalq hüququn aliliyi son dərəcə vacibdir… Düşünürəm ki, dünyada heç bir ölkə «cəngəllik qanunları» dövrünə qayıtmaq istəməz».
Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov diqqəti Çinin Mərkəzi Asiyadakı strateji roluna çəkib: «Ötən il Çin ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi rekord həddə – 106 milyard dollara çatıb. Bu, 2021-ci ilin göstəricisindən, demək olar ki, iki dəfə artıqdır… Çin regionda rolunu artırmağa davam edir». Aripovun sözlərinə görə, Pekin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı fəal şəkildə gücləndirir və bu gün regionun ən böyük investorudur: «Ötən il regionda Çin investisiyalarının həcmi 40 milyard dollara çatıb».
Sankt-Qallen Universitetinin Çin üzrə Kompetensiyalar Mərkəzinin keçmiş direktoru, iqtisadçı Yozef Mond bu gün dünyada çoxsaylı beynəlxalq təşəbbüslərin mövcud olduğunu xatırladaraq bildirib ki, hər bir dövlət, təbii ki, əsasən öz maraqlarından çıxış edir: «Qlobal Cənub ölkələri Çini rəqib kimi görmür. Pekin burada konkret infrastruktur və iqtisadi layihələr həyata keçirir».
COP: təzyiq altında qlobal əməkdaşlıq
«COP-un qorunması uğrunda mübarizə» adlı panel sessiya da qızğın müzakirələrə səhnə olub. Səbəb iqlim gündəliyinin heç zaman olmadığı qədər aktuallıq qazandığı şəraitdə COP-un qlobal əməkdaşlıq üçün universal platforma rolunun qorunub saxlanmasının böyük əhəmiyyət daşımasıdır.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP 29-un prezidenti Muxtar Babayev bildirib ki, «münaqişələr və müharibələr fonunda dövlətlər müdafiə və təhlükəsizlik məsələlərinə getdikcə daha çox resurs yönəldir, nəticədə, iqlim dəyişiklikləri ilə mübarizə ikinci plana keçir». Babayevin sözlərinə görə, iqlim proqramlarının həyata keçirilməsinin əsas amili maliyyələşmə olsa da, beynəlxalq iqlim platformaları çərçivəsində götürülmüş öhdəliklərə əməl edilməsi də az əhəmiyyət kəsb etmir. O bildirib ki, bu gün COP 29-un 300 milyard dollar həcmində maliyyələşmə ilə bağlı qərarı, eləcə də 1,3 trilyon dollarlıq yol xəritəsinin praktiki icrası sual altındadır. «Çünki bəzi ölkələr bu qərardan geri çəkilir», - deyə M.Babayev qeyd edib.
Mərakeşin sabiq xarici işlər naziri və COP 22-nin prezidenti Saləhəddin Mezuar isə deyib ki, «iqlim dəyişikliyi qlobal problem olduğundan, onun həlli də qlobal əməkdaşlıq tələb edir». Mezuar hesab edir ki, qərarların konsensus əsasında qəbulu legitimliyi təmin etsə də, prosesi ləngidir. O, öhdəliklərin yerinə yetirilməsinin sürətləndirilməsi üçün «istəkli ölkələr koalisiyaları»ndan istifadə olunmasını təklif edib.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP 31-in prezidenti Murad Kurum ölkəsinin iqlim dəyişiklikləri ilə mübarizədə mühüm addımlar atdığını söyləyib. «Biz toplanmış təcrübəni COP 31-də bölüşməyə çalışacağıq. Konfransa hazırlıq çərçivəsində Avstraliya ilə birgə işlər davam etdirilir», - deyə Kurum qeyd edib.
Bolqarıstanın sabiq dövlət başçısı Petar Stoyanov isə diqqəti qlobal münaqişələrin iqlim proseslərinə təsirinə çəkib: «Biz idarəetmədə sadəlik prinsipini qorumalıyıq. Populizm bu prosesə zərər vurur. Anlamalıyıq ki, bu, milyonlarla insanın maraqlarına və inkişafına ziddir. Bu isə qlobal problemlərə, iqlim dəyişikliklərinə aparıb çıxarır. Orta gücə malik dövlətlər öz regionlarında təsirə malikdirlər. Çoxtərəflilik kontekstində onların dəstəyi vacibdir».
BMT və çoxtərəflilik çağırışları: islahatlar zərurəti
Bakı Forumunda BMT-nin rolu, onun müasir qlobal çağırışlara cavab vermək qabiliyyəti haqda da fikir mübadiləsi aparılıb. Müzakirələr göstərib ki, bir çox ekspert bu qurumun fəaliyyətinin effektivliyinin artırılması üçün orada islahatların aparılmasını vacib sayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus hesab edir ki, BMT müasir reallıqlara uyğunlaşmaq məcburiyyətindədir. «ÜST dünyanı daha təhlükəsiz etməyə çalışır, dövlətlər çoxtərəfliliyə sadiqlik nümayiş etdirir. Lakin qaydalar dəyişir və bu dəyişikliklər BMT-nin fəaliyyətdə də öz əksini tapmalıdır. Bəzi üsullar hələ də İkinci Dünya müharibəsi dövrünün qaydaları səviyyəsində qalır», - deyə o, bildirib.
Qebreisus ölkələri gələcək mümkün pandemiyalara hazırlığı gücləndirməyə, əməkdaşlığı möhkəmləndirməyə çağırıb. O xatırladıb ki, 2025-ci ildə dünyada hərbi xərclər 2,7 trilyon dollara çatıb ki, bu da 2030-cu ilədək aclığın aradan qaldırılması üçün tələb olunan məbləğdən 30 dəfə artıqdır. Qebreisus bunun əvəzində «görünməz düşmən»ə qarşı hazırlıqlı olmağı daha vacib sayır. Söhbət COVID19 tipli pandemiyalardan gedir. Qiymətləndirmələrə görə, bu pandemiya «20 milyon insanın həyatına son qoyub ki, bu da müasir tarixdə baş vermiş istənilən müharibənin qurbanları ilə müqayisədə daha çoxdur». Eyni zamanda pandemiya qlobal iqtisadiyyata 10 trilyon dollardan artıq ziyan vurub.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT-nin müasir münaqişələrin həllində effektiv rol oynaya bilməməsinə diqqət çəkib. «BMT-nin 194 üzvü var. Lakin Təhlükəsizlik Şurası ilə bağlı ciddi tənqidlər, iradlar eşidirik. Bu təşkilat uzun illər çox vacib missiyalar yerinə yetirib. Lakin son illərdə dünyada baş verən müharibə və münaqişələrin tənzimlənməsində uğur qazana bilməyib», - deyə Yıldırım qeyd edib. Onun fikrincə, BMT-nin qlobal çağırışlara daha effektiv cavab verə bilməsi üçün mövcud problemlər aradan qaldırılmalıdır.
BMT Baş Assambleyasının sabiq rəhbəri Srcan Kərim təşkilatın bütün strukturlarının fəaliyyətinin uzlaşdırılmasını vacib sayır: «BMT-nin mövcud sistemi çoxsaylı agentlikləri, proqramları, ixtisaslaşmış qurumları və katiblikləri özündə birləşdirir. Onların hər birinin öz idarəetmə və maliyyələşmə sistemi var. Bu müxtəliflik təşkilatın güclü tərəfidir. Lakin effektiv koordinasiya olmadıqda funksiyaların təkrarlanması, səmərəsizlik və parçalanma riskləri yaranır». Kərim vacib islahatların üç əsas istiqamətini qeyd edib: sülh, təhlükəsizlik, inkişaf və insan hüquqları sahələrində strateji planlaşdırmanın inteqrasiyası; çevik və proqnozlaşdırıla bilən maliyyələşmənin təmini; kollektiv nəticələrə yönəlmiş hesabatlılıq mexanizmlərinin gücləndirilməsi. Kərimin sözlərinə görə, «bu tədbirlər uğurla həyata keçirilərsə, BMT-də islahatlar mövzusu sonsuz institusional müzakirə kimi deyil, təşkilatın effektivliyinin artırılmasına yönəlmiş real addım kimi qəbul olunacaq».
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də sülh və təhlükəsizlik məsələlərində ciddi böhranın olmasına diqqət çəkib. «Bu, birbaşa BMT Təhlükəsizlik Şurası ilə bağlıdır. Şura qlobal təhlükəsizlik məsələlərində zəiflik nümayiş etdirir», - deyə Hikmət Hacıyev bildirib.
O, Azərbaycan üçün çoxtərəfliliyin sözdə deyil, əməli fəaliyyətdə vacib olduğunu söyləyib: «Qoşulmama Hərəkatında bununla bağlı ziddiyyətli fikirlər var idi. Lakin Azərbaycanın quruma sədrliyi dövründə təşkilat müxtəlif ölkələr arasında əməkdaşlığa yol açıb. COP 29 çərçivəsində də Azərbaycanın effektiv sədrliyi sayəsində çox mühüm qərarlar qəbul edilib. Eyni zamanda Bakı Türk Dövlətləri Təşkilatında da fəal rol oynayır. Onun təşkilatın formalaşması və genişlənməsindəki əhəmiyyətli rolu ortadadır».
XIII Qlobal Bakı Forumu göstərib ki, müasir qlobal idarəetmə sözlər yox, konkret addımlar tələb edir. Enerji və nəqliyyat təhlükəsizliyindən tutmuş, iqlim təşəbbüslərinə, beynəlxalq institutlarda islahatlara qədər – yalnız dövlətlərin və təşkilatların uzlaşdırılmış addımları ilə çağırışlar imkanlara çevrilə bilər.
Bakı bir daha ideyaların kəsişmə nöqtəsinə çevrilib. Burada siyasət, iqtisadiyyat və strategiya praktik yanaşmalarla birləşir, dialoq isə sabit və təhlükəsiz dünya üçün real qərarlara yol açır.
MƏSLƏHƏT GÖR:





78

