26 Aprel 2026

Bazar, 18:28

“ANTİBÖHRAN METALI”

“Yaşıl enerji”nin artımı, DATA-mərkəzlərin və süni intellektin inkişafı misin bahalaşmasının hərəkətverici qüvvəsinə çevrilib

Müəllif:

01.04.2026

Mütəxəssislərin hələ bir neçə il əvvəl səsləndirdiyi proqnozlara əsasən, dünyanın mis bazarı cari onillikdə yüksəliş trendləri altında olacaq. Bu hesablamalar dünyada xammal hasilatının azalmasına, ən əsası isə elektronika, elektromobil istehsalı, “yaşıl enerji” və süni intellekt (AI) sahələrində dinamik tələbə əsaslanırdısa, indi qlobal tələbata ABŞ-nin tarif siyasəti də təsir göstərib.

Mütəxəssislərin gözləntilərini keçən ilin nəticələri də təsdiqləyib: mis qiymətləri artıb və bu artım 2026-cı ilin yanvarında da davam edib.

2025-ci ildə əlverişli xarici konyunktur Azərbaycana mis konsentratının ixracını, eləcə də istehsalını artırmağa kömək edib.

 

Tələbat artır…

İqtisadçılar çoxdan misi “antiböhran metal” və hətta “XXI əsrin qızılı” adlandırırlar. Polad və alüminiumdan sonra dünyada istehlak səviyyəsinə görə üçüncü metal olan mis yaxın perspektivdə yüksək bazar tələbini qoruyub saxlayacaq.

Sənayenin misə olan tələbatı “yaşıl enerji” keçidi, enerji şəbəkələrinin genişləndirilməsi və magistral elektrik kabellərinin çəkilməsi fonunda sürətlə artır. 3 MVt-dan çox gücə malik müasir külək turbinində təxminən 5 ton mis var. 1 MVt günəş paneli istehsal etmək üçün bu metaldan bir qədər az miqdarda tələb olunur. Qlobal elektrik enerjisinə daim artan tələbatı ödəmək üçün yarımstansiya transformatorlarının sarıqları üçün milyonlarla kilometr elektrik kabelləri və mis naqillər tələb olunur. Genişlənən elektromobil istehsalında da “qırmızı metal”a çox ehtiyac duyulur: burada daxili yanma mühərrikli avtomobillərlə müqayisədə bir neçə dəfə çox mis istifadə olunur. Təkcə elektromobilin akkumulyatorunda misin payı onun çəkinin təxminən 10%-ni təşkil edir. Bu metala artan məişət elektronikası və elektrotexnika bazarı, eləcə də müxtəlif İT-periferiya qurğularının və kompüter texnikasının istehsalı böyük tələbat yaradır.

Son bir neçə ildə bu əlvan metala tələbatın yeni hərəkətverici qüvvəsi süni intellekt üçün güclü DATA-mərkəzləri olan “bulud infrastrukturu”nun formalaşması olub. Mis bu yeni konfiqurasiyada AI infrastrukturunun əsas metalına çevrilir. Süni intellektin inkişafı məqsədilə DATA-mərkəzlərini işə salmaq üçün dünyaya yeni yarımstansiyalar, transformatorlar, kabel xətləri, soyutma sistemləri və nəhəng həcmdə elektrik enerjisi lazımdır.

Beynəlxalq Enerji Agentliyinin qiymətləndirmələrinə görə, təkcə DATA-mərkəzlərinin enerji istehlakı 2024-cü ildəki təxminən 415 TVt/saatdan 2030-cu ilə qədər 945 TVt/saata yüksələcək. AI serverləri tərəfindən istehlak olunan elektrik enerjisi isə baza ssenarisi üzrə ildə təxminən 30% artacaq. Üstəlik, proqnozlaşdırılır ki, inkişaf etmiş ölkələrdə məlumat emalı mərkəzləri 2030-cu ilə qədər elektrik enerjisinə olan tələb artımının 20%-dən çoxunu təmin edəcək. Bu, yalnız server sayının artması deyil, həm də bütün əlaqəli enerji infrastrukturunun kəskin genişlənməsi deməkdir. Belə ki, ABŞ-nin “S&P Global” korporasiyasının hesablamalarına görə, ABŞ iqtisadiyyatı 2030-cu ilə qədər məlumat emalı üçün alüminium, polad, sement daxil olmaqla bütün enerji tutumlu məhsulların birlikdə istehsalından daha çox elektrik enerjisi istehlak edəcək.

Aydındır ki, bunun üçün yüksək istilik və elektrik keçiriciliyinə malik olan misin əhəmiyyətli həcmləri tələb olunur. Dünya Bankının (DB) ən optimist ssenarisi çərçivəsində əlvan metallar üzrə qiymət indeksinin bu səbəblə 2026-2027-ci illərdə 2% artacağı gözlənilir. Ən böyük artım alüminium, nikel, qalay və mis üzrə nəzərdə tutulur. Bundan başqa, mis və qalay dollarla nominal rekordları yeniləyə bilər, alüminium, mis və qalay bazarları isə təklifin məhdudluğunun davam etməsi səbəbindən azı 2027-ci ilə qədər gərgin qalacaq.

DB ekspertləri qeyd edirlər ki, əlvan metalların istehsalı 2025-ci ildə məhdud olub və yaxın bir neçə il ərzində belə qalacaq, mis istehsalına mədən müəssisələrinin fəaliyyətindəki fasilələr və istehsal məhdudiyyətləri təsir göstərir. Son 5-7 ildə mis istehsalındakı fasilələr, ilk növbədə, Cənubi Amerikanın tükənən köhnə yataqlarında müşahidə olunur.

 

…hasilat isə azalır

Qlobal mis hasilatı ildə təxminən 23-24 milyon ton təşkil edir. Amma bir sıra ölkələrdə bu göstərici nəinki artmır, hətta azalır. İstismar olunan yataqlarda qlobal mis filizi ehtiyatlarının nəzərəçarpacaq azalması hasilatdakı fasilələrlə təsdiqlənir. Yeni yataqların istismara verilməsi isə onların coğrafi uzaqlığı və həddən artıq kapital tutumlu mənimsəmə ilə məhdudlaşır. Metalın defisitinin qarşısını almaq üçün mis sənayesi müəssisələri 100 milyard dollardan çox investisiya cəlb etməlidir.

Sabit tələb fonunda dünyada mis hasilatının azalması bazarda kəsirə səbəb olur. Bundan başqa, ötən ilin iyulunda ABŞ Prezidenti Donald Trampın idxal olunan misə 50% rüsum elan etməsi daxil olmaqla, tarif siyasəti vəziyyətin daha da pisləşməsinə səbəb olub. Daha sonra ABŞ hökuməti tarifləri mərhələli şəkildə tətbiq etmək qərarına gəlib. Buna baxmayaraq, bu şəraitdə treyderlər ABŞ-nin “Comex” metal birjasında daha yüksək qiymətlərdən yararlanmağa və sonrakı illərdə potensial idxal rüsumlarından yayınmağa çalışıblar. Bu addımlar, nəticədə, gözlənilən tariflərdən əvvəl ABŞ-yə mis ehtiyatlarının artırılmasına dair ajiotaja səbəb olub. Buna görə də ötən il qiymətlər kəskin şəkildə artıb.

Belə ki, ötən ilin yanvar-dekabr aylarında spot bazarda mis qiymətləri 41% artıb və dekabrın sonunda London Metal Birjasında mis üzrə fyuçers müqavilələrinin dəyərinin 1 ton üçün 12 min dolları keçən yeni tarixi maksimum qeydə alınıb. 2025-ci ildə qobal bazarda metal defisiti ilə bağlı narahatlıqlar, hasilatın azalması və ABŞ, Çin və bir sıra başqa ölkələrdə ehtiyatların yığılmasının davam etməsi səbəbindən misə tələb rekord maksimuma yüksəlib.

2026-cı ilin yanvar ayının sonunda birja ticarətlərində misin dəyəri daha bir rekord qıraraq 1 ton üçün 14 min dolları keçib. Lakin martda qiymətlər artıq yüksək volatillik nümayiş etdirərək 1 ton üçün 11 500-13 200 dollar ətrafında dəyişir. Bu azalmanı, digər amillər arasında, Yaxın Şərqdəki müharibə və Fars körfəzində gəmiçiliyin bağlanması ilə əlaqələndirirlər. “S&P Global” analitiklərinin fikrincə, enerji daşıyıcılarının qiymətlərinin artması iqtisadi böyüməni yavaşladır, deməli, istehsalçılara daha az mis lazım olur. Digər tərəfdən bərpa olunan enerji və elektrikli nəqliyyat vasitələri sektorları dövlət subsidiyalarından çox asılıdır. Bu subsidiyaların azaldılması riski var və bu da mis bazarına mənfi təsir göstərə bilər.

Birja qiymətlərində bir qədər azalma olsa da, ekspertlər 2026-cı ildə qiymət artımının davam edəcəyini istisna etmirlər. ABŞ-nin ən böyük maliyyə konqlomeratı olan “Citigroup Inc” mütəxəssisləri hesab edirlər ki, misin dəyəri 2027-ci ilin əvvəlinə qədər 1 ton üçün 15 min dollara qədər yüksələ bilər. Bu dinamika mis bazarında hələ də mövcud olan defisit və mədən şirkətlərinin məhdud təklifi ilə izah olunur.

 

Azərbaycan üçün imkanlar

Xarici mühitdəki müsbət dəyişikliklər, zəngin xammal potensialı və mədən və emal müəssisələri nəzərə alınmaqla, Azərbaycana əhəmiyyətli imkanlar təqdim edir. 2025-ci ildə Azərbaycan 8144 tondan çox mis konsentratı istehsal edib ki, bu da əvvəlki illə müqayisədə 32,6 dəfə çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən, Azərbaycan 2025-ci ildə 56,8 milyon dollar dəyərində mis filizi və konsentratı ixrac edib ki, bu da 2024-cü illə müqayisədə 27 dəfə çoxdur.

Xammal bazasının genişləndirilməsi planları nəzərə alınmaqla, bu il istehsal həcmlərinin əhəmiyyətli dərəcədə artacağı istisna deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında 2 467 ton mis konsentratı istehsal edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycanda mis hasilatı dövlətə məxsus “AzerGold” QSC və özəl “Anglo Asian Mining” (AAM) tərəfindən həyata keçirilir. Avropa ölkələri əsas bazarlardır və 2019-cu ildən etibarən Özbəkistana da tədarüklərə başlanılıb.

Son illərdə ölkənin mis yataqlarının mənimsənilməsinə qoyuluşların genişləndirilməsi tendensiyası müşahidə olunur. Belə ki, nisbətən köhnə “Gədəbəy” və “Qoşa” müqavilə sahələri ilə yanaşı, AAM şirkəti üç yeni porfir yatağını işləyir.

Ümumiyyətlə, strateji inkişaf planına uyğun olaraq AAM 2029-cu ilə qədər mis hasilatını şirkətin əsas məhsuluna çevirməyi, proqnozlaşdırılan istehsalı ildə mis ekvivalentində 50-55 min ton səviyyəsində nəzərdə tutur.

AAM mütəxəssisləri Qarabağ iqtisadi rayonunda yerləşən, təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatı olan “Dəmirli” sahəsini uğurla mənimsəyirlər. 929 hektar ərazidə yerləşən dağ-mədən emalı kompleksinə mis flotasiya zavodu, nəm tullantıların saxlanması anbarı, elektrik yarımstansiyası və digər obyektlər daxildir. Onun Türkiyə və Almaniya texnologiyaları əsasında yenidən qurulmasına 15,3 milyon manat özəl investisiya yatırılıb. Flotasiya zavodunun emal gücü 5,6 milyon ton filizdir. Son məhsulun Çinə ixrac edilməsi planlaşdırılır.

Bu istiqamətdə “AzerGold” tərəfindən də az əhəmiyyətli olmayan genişmiqyaslı fəaliyyət planlaşdırılıb. Belə ki, bu səhmdar cəmiyyəti 2028-ci ilə qədər dörd mis filizi yatağını istismara verməyi planlaşdırır. Uzunmüddətli perspektivdə Avropada ehtiyatlarına görə ikinci olan, ümumi resursları 120 milyon ton kimi qiymətləndirilən və mis, qurğuşun, sink və gümüş yataqlarına malik “Filizçay” polimetal yatağının mənimsənilməsi nəzərdə tutulur. Yenilənmiş məlumatlara əsasən, “Filizçay” Azərbaycana 10 milyard manatdan çox gəlir gətirə bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, respublikada mis yataqları həmçinin Gədəbəy, Kəlbəcər, Qaradağ və Ordubad filiz rayonlarında mövcuddur.

Beləliklə, yaranan konyunktur Azərbaycan üçün təkcə xammal ixracının artırılması deyil, həm də əlvan metalların qlobal tədarük zəncirində mövqelərin tədricən möhkəmləndirilməsi üçün imkanlar pəncərəsi açır. Bu şəraitdə hasilat layihələrinin daha da inkişafı və emal sahəsinə investisiyalar milli iqtisadiyyatın diversifikasiyasının hərəkətverici qüvvələrindən birinə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

32