26 Aprel 2026

Bazar, 18:25

QLOBAL PROBLEM

Yaxın Şərqdəki müharibə dünya iqtisadiyyatında son dövrlərin ən güclü resessiyasına səbəb ola bilər

Müəllif:

01.04.2026

 

Yaxın Şərqdəki müharibənin nəticəsindən asılı olmayaraq, artıq ilk günlərdən onun iqtisadi fəsadlarının uzunmüddətli və qlobal xarakter daşıyacağı aydın idi. Qlobal enerji ticarətinin əsas marşrutlarından biri olan Hörmüz boğazının bağlanması məsələsi gündəmə gələn kimi həm beynəlxalq maliyyə institutları və analitiklər açıq-aşkar panik xarakterli proqnoz və xəbərdarlıqlarla çıxış etməyə başlayıblar.

Vəziyyət, həqiqətən də, pisdir? Yaxın Şərq böhranı qlobal iqtisadiyyatın hansı sektorlarına zərbə vurur və ən çox kim zərər çəkəcək? Bu suallara cavablar təkcə iqtisadçıları deyil, hər kəsi narahat edir.

 

Enerji bazarına təsir

Hörmüz boğazının ümumi iqtisadiyyat üçün əhəmiyyətindən və onun ətrafındakı vəziyyətin niyə hamını bu qədər narahat etdiyindən başlayaq. Bu, kifayət qədər dar su dəhlizi Fars körfəzini beynəlxalq bazarlarla birləşdirir. Qlobal neft və sıxılmış təbii qaz ticarətinin təxminən 20%-i onun vasitəsilə həyata keçirilir.

Bu boğaz vasitəsilə, həmçinin aviasiya və avtomobil sənayesi, kimya sənayesi, gübrə istehsalı, çiplər və hətta MRT aparatları kimi sahələr üçün zəruri olan çoxsaylı elementlər daşınırdı.

Ekspertlər Avropa, ABŞ və Asiyada inflyasiya templərinin sürətlənəcəyini proqnozlaşdırırlar. Və görünür, bu, hələ ən kiçik problemlərdən biridir.

Beynəlxalq Valyuta Fondunun (IMF) araşdırmasında qeyd olunduğu kimi, enerji resurslarının qiymətlərindəki sıçrayışlar artıq Asiya və Avropadakı idxalçılara miqyasına görə 2021-2022-ci illərin qaz böhranının nəticələrini xatırladan ciddi zərbə vurub. Bununla yanaşı, analitiklərin fikrincə, problem bahalaşma ilə məhdudlaşmır. Belə ki, bir sıra regionlarda, ilk növbədə, Afrika və Asiyada, qiymətləri yüksəlmiş enerji resurslarına belə, fiziki çıxışla bağlı çətinliklər qeydə alınır.

Avropa bazarı bu vəziyyətdə yenidən son illərin enerji böhranından sonra arxada qalmış kimi görünən risklərlə üzləşir. "İtaliya və Böyük Britaniya kimi ölkələr qaz elektrik stansiyalarından asılılıqlarına görə xüsusilə həssasdır, Fransa və İspaniya isə atom və bərpa olunan enerjinin daha əhəmiyyətli gücləri sayəsində nisbətən qorunub", - IMF-in məlumatında vurğulanıb.

Mənfi təsir idxalçılarla məhdudlaşmır. Hətta ənənəvi olaraq yüksək neft qiymətlərindən faydalanan Fars körfəzi ölkələri belə, iqtisadi artımın yavaşlaması ilə üzləşə bilər. Sığorta xərclərinin artması, investisiya riskləri və adi logistik marşrutların pozulması kapital axını və infrastruktur layihələrinin həyata keçirilməsi üçün yeni məhdudiyyətlər formalaşdırır.

Cari böhranın miqyası klassik enerji şoklarının çərçivəsindən xeyli kənara çıxır. Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birolun qeyd etdiyi kimi, dünya bu gün enerji təhlükəsizliyi məsələsində misli görünməmiş təhdidlə üzləşir: "Əvvəllər heç vaxt buna bənzər bir şey görməmişdik. Ötən əsrin 70-ci illərində iki neft böhranı olmuşdu - 1973-cü və 1979-cu illərdə. O zaman dünyada neft hasilatının ümumi itkisi cəmi sutkada 10 milyon barel təşkil edirdi. Yaxın Şərqdəki indiki böhran zamanı isə gündəlik itkilər 1970-ci illərin hər iki böhranının birlikdə götürülmüş itkisindən çoxdur".

Onun sözlərinə görə, gündəlik zərər artıq 11 milyon barelə çatıb, alternativ marşrutlar isə sutkada yalnız təxminən 4 milyon barel təmin edir.

Buna paralel olaraq qaz tədarükünün azalması baş verir ki, bu da təkcə enerji sektoruna deyil, həm də sənayeyə təzyiqi gücləndirir. "Rusiya ilə Ukrayna arasındakı müharibə fonunda təbii qaz təchizatı 75 milyard kubmetr azalıb. Hazırda isə Qətər və BƏƏ-dən ixracın azalması səbəbindən itkilər 110 milyard kubmetrə çatıb. Bundan əlavə, bu ölkələrdə daxili qaz təchizatı daha 30 milyard kubmetr azalıb", - F.Birol qeyd edib.

Bazarı sabitləşdirmək üçün cəhdlər edilir, lakin onların təsiri hələ ki, məhdud və qısamüddətli xarakter daşıyır. "BEA-nın təşəbbüsü ilə martın 11-də 400 milyon barel həcmində strateji neft ehtiyatları sərbəst buraxılıb ki, bu da "qara qızıl"ın qiymətlərinin müvəqqəti olaraq 18 dollar aşağı düşməsinə səbəb olub. Lakin bombardmanlar yenidən başlayıb və qiymətlər yenidən artmağa başlayıb", - F.Birol bildirib. O, agentliyin mövcud ehtiyatlardan bundan sonra da istifadə etməyə hazır olduğunu əlavə edib.

 

Bütün sektorlarda şok

Yaxın Şərq münaqişəsinin təsiri artıq enerji sektorunun hüdudlarından xeyli kənara çıxaraq tədricən qlobal daşıma zəncirlərinin sistemli böhranına çevrilir. Hörmüz boğazından təkcə neft və qazın deyil, həm də neft-kimya sənayesi üçün xammalın, həmçinin gübrələrin əhəmiyyətli hissəsi keçir. Bu da birbaşa aqrar sektora təsir göstərir. 

Enerji daşıyıcılarının yüksək qiymətləri iqtisadiyyata eyni vaxtda bir neçə istiqamətdə təsir edir: bu, ev təsərrüfatları üçün alıcılıq qabiliyyətinin azalması, biznes üçün isə nəqliyyat və istehsal xərclərinin artması və nəticə etibarilə gəlirliliyə təsir deməkdir. Eyni zamanda maliyyə bazarlarına təzyiq güclənir.

Geosiyasi qeyri-müəyyənlik ənənəvi olaraq qoruyucu aktivlərə tələbi stimullaşdırır ki, bu da ABŞ dollarının güclənməsinə və qlobal maliyyə şərtlərinin sərtləşməsinə gətirib çıxarır, borclanma dəyərini artırır və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün riskləri gücləndirir.

Bununla yanaşı, BMT-nin Layihə Xidmətləri İdarəsinin rəhbəri Jorje Moreyra da Silvanın xəbərdarlıq etdiyi kimi, münaqişənin eskalasiyası artıq qlobal ticarətdə ciddi pozuntulara gətirib çıxarır: "Hava məkanının, dəniz marşrutlarının və əsas keçid nöqtələrinin bağlanması dərmanlar daxil olmaqla, həyati əhəmiyyətli malların çatdırılmasını çətinləşdirir".

Ən həssas istiqamət isə aqrar sektordur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının keçmiş nümayəndəsi Əbdülrza Abbasiyan hesab edir ki, münaqişənin hətta qısamüddətli davam etməsi belə, misli görünməmiş nəticələrə gətirib çıxara bilər: "Əgər müharibə daha bir ay və ya daha çox davam edərsə, bizi indiyədək görmədiyimiz, həqiqətən, dəhşətli miqyaslı böhran gözləyir".

Artıq hazırda azot gübrələri ticarətinin əhəmiyyətli hissəsi ya dayandırılıb, ya da təhlükə altındadır. Bununla yanaşı, münaqişə Şimal yarımkürəsində əkin mövsümünün başlanğıcı ilə üst-üstə düşüb ki, bu da qlobal kənd təsərrüfatına potensial təsiri gücləndirir.

Ekspertlər vurğulayırlar ki, nəticələr artıq yaxın perspektivdə özünü göstərə bilər. "Gübrə itkisi dünya kənd təsərrüfatına ciddi təsir göstərə bilər ki, bu da ərzaq qiymətlərinin artmasına gətirib çıxaracaq", - analitiklər deyirlər. Qaz dəyərinin gübrələrin maya dəyərinin 80%-nə qədərini formalaşdırdığı şəraitdə enerji böhranı avtomatik olaraq aqrar sektorda kəsiri və qiymət təzyiqini gücləndirir.

Böhranın yayılmasının ikinci istiqaməti isə sənayedir: yanacaq qiymətlərinin uzun müddət yüksək qalması kimya sənayesi, metallurgiya, gübrə və tikinti materialları istehsalı kimi enerjitutumlu sahələrə zərbə vura bilər.

Əlavə amil logistikanın fiziki pozulmasıdır. Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması artıq marşrutların uzanmasına və daşıma dəyərinin artmasına gətirib çıxarıb. Daşıyıcılar gəmiləri Afrikanı əhatə edən yolla yönləndirməyə məcbur olurlar ki, bu da çatdırılma müddətlərini artırır və marşrutlara minlərlə kilometr əlavə məsafə artırır.

Oxşar vəziyyət metal bazarında da yaranır. Fars körfəzi ölkələri dünya alüminium istehsalının təxminən 9%-ni təmin edir və ixracdakı fasilələr artıq qiymətlərin son illərin maksimumlarına qədər yüksəlməsinə gətirib çıxarıb. İstehsalçılar məhsulu tədarük edə bilmirlər və bu da qlobal bazarda kəsiri əlavə olaraq gücləndirir.

Paralel olaraq neft-kimya sektoru da zərbə altında qalır. Analitiklərin qiymətləndirmələrinə görə, Yaxın Şərq regionu dünya polietilen istehsalının 15%-nə qədərini təmin edir və limanların və logistik qovşaqların işində hər hansı pozuntular birbaşa plastmas və onunla əlaqəli sahələrin təchizatına təsir göstərir.

Bütün bu amillər genişmiqyaslı inflyasiya impulsu formalaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatında qeyd olunduğu kimi, əgər Fars körfəzi ölkələrinə/ölkələrindən ticarətin pozulması davam edərsə, alüminium, kükürd, helium (yarımkeçiricilər üçün), neft-kimya məhsulları, plastmaslar və digər malların istehsalına müvəqqəti kəsir və yüksələn qiymət təzyiqi qısamüddətli perspektivdə aktivləşə, təchizat zəncirləri boyunca yayıla və qlobal inflyasiya təsirini gücləndirə bilər.

 

Asimmetrik təsir

Bu şəraitdə dünya iqtisadiyyatı üçün əsas risk artıq təkcə qiymət artımının özündə deyil, həm də onun müddətindədir. Böhranın uzunmüddətli xarakteri sonradan iqtisadi artımın yavaşlaması və borc yükünün güclənməsi ilə müşayiət olunan klassik inflyasiya ssenarisini işə sala bilər. Bu da qaçılmaz olaraq iqtisadiyyatı keçmişin ən böyük enerji şokları dövrlərində üzləşdiyi çağırışlara qaytarır.

IMF-in araşdırmasında vurğulandığı kimi, sarsıntılar qlobaldır, lakin asimmetrikdir: "Enerji daşıyıcıları idxalçıları ixracatçılardan daha çox müdafiəsizdir, kasıb ölkələr varlı ölkələrdən daha çox, ehtiyatları az olanlar isə ehtiyatları çox olanlardan daha çox müdafiəsizdir".

Əslində söhbət iqtisadiyyatda risklərin yenidən bölüşdürülməsindən gedir və burada ən həssas dövlətlər xarici şoklara uyğunlaşmaq qabiliyyəti daha az olan ölkələrdir. Bununla yanaşı, fond ekspertlərinin qiymətləndirməsinə görə, dünya növbəti sarsıntı ilə üzləşir ki, bu da əvvəlki böhranlardan sonra hələ başa çatmamış bərpa prosesi ilə üst-üstə düşür.

Əlavə narahatlıq Yaxın Şərq münaqişəsinə bilavasitə cəlb olunmuş ölkələr üçün potensial nəticələrin xarakteri doğurur. IMF mütəxəssislərinin fikrincə, infrastruktura və sənayeyə dəyən zərər uzunmüddətli xarakter daşıya və illər ərzində iqtisadi artım üçün məhdudiyyətlər formalaşdıra bilər.

Qısamüddətli perspektivdə bu, qaçılmaz olaraq işgüzar fəallığın yavaşlamasına və büdcələrə təzyiqin güclənməsinə gətirib çıxaracaq.

Bütün bunlar o deməkdir ki, cari böhranı artıq müvəqqəti pozuntu və ya lokal enerji şoku kimi qiymətləndirmək olmaz.

Bu böhranın bir epizod olaraq qalması, yoxsa qlobal iqtisadiyyat üçün yeni bir başlanğıc nöqtəsinə çevrilməsi isə qlobal ticarətin əsas qovşaqlarında vəziyyətin nə qədər tez bir zamanda sabitləşdirilməsindən asılı olacaq.

 



MƏSLƏHƏT GÖR:

41