İKİQAT ZƏRBƏ
Hörmüzdən Kiyevədək: iki böhran necə birləşdi?
Müəllif: İlqar VƏLİZADƏ
Ukrayna və İran ətrafında aparılan hərbi əməliyyatlar bütünlükdə beynəlxalq sistem üçün ciddi sınağa çevrilib. Prosesdə birbaşa iştirak etməyənlər arasında baş verənlərin nəticəsini ən çox hiss edən Avropa İttifaqıdır. Bunu artıq istər avropalı ekspertlər, istərsə də xarici müşahidəçilər etiraf edir. Söhbət Avropanın dayanıqlılığının əsas sütunlarına zərbə vuran bir neçə böhranın eyni vaxtda yaşanmasından, üst-üstə düşməsindən gedir.
Hörmüz sınağı
2022-ci ildən sonra Aİ qısa müddətdə Rusiyanın enerji resurslarından asılılığını azaldıb. Bunun üçün o, daha bahalı alternativlərə, o cümlədən mayeləşdirilmiş təbii qaza keçmək məcburiyyətində qalıb. Bu, təbii ki, qiymətlərin artmasına, sənayenin rəqabət qabiliyyətinin zəifləməsinə gətirib çıxarıb.
İran ətrafında gərginliyin artması ilə isə yeni risklər də yaranıb. Dünya neftinin əhəmiyyətli bir hissəsinin keçdiyi Hörmüz boğazı ilə bağlı hər hansı təhdid avtomatik olaraq, Avropa bazarlarına öz təsirini göstərir. Fiziki blokada olmasa belə, sığorta və logistika şərtlərinin artması Avropada enerji qiymətlərinin yenidən yüksəlməsinə kifayət edir. Ekspertlərin qiymətləndirməsinə görə, müharibə və infrastruktur obyektlərinə zərbələr fonunda qlobal təklifdən gündəlik təxminən 12 milyon barel neft çıxıb ki, bu da beynəlxalq tələbatın, təxminən, 12%-i deməkdir. Aİ üçün bu, sadəcə bahalı neft yox, həm də bahalı dizel, aviasiya yanacağı, daşımalar və bahalı elektrik enerjisi deməkdir. Avropada aviasiya yanacağının qiyməti təxminən 220 dollara yüksəlib, dizelin bir barelinin qiyməti 200 dolları keçib. Bu, nəqliyyat, aviasiya və sənayenin bir hissəsi üçün son dərəcə həssas məsələdir. Hər halda, artıq demək olar ki, bütün iqtisadi zəncir bahalaşıb – yük daşımalarından tutmuş, biletlərə, məhsulların maya dəyərinədək.
Bu, artıq özünü makroiqtisadi göstəricilərdə də göstərir. Mart ayında avrozonada iqtisadi artım cəmi 0,9% təşkil edib. Halbuki 1,2%-lik artım gözlənilirdi. Yəni Yaxın Şərq şoku nəticəsində artım 0,3% az olub. Üstəlik, 2026-cı il üçün inflyasiya proqnozu 1,9%-dən 2,6%-ə qaldırılıb.
Qeyd edilməlidir ki, enerji şoku Aİ-yə eyni anda bir neçə istiqamətdən zərbə vurub. Xüsusilə biznes və ev təsərrüfatı üçün xərclər artır, alıcılıq qabiliyyəti azalır, investisiya ilə istehlakı məhdudlaşdıran qeyri-müəyyənlik güclənir. Ən həssas sahələr enerji tutumlu sektorlardır: kimya, metallurgiya, nəqliyyat və aviasiya. Burada tarif artımları gözlənilir, eyni zamanda yanacaq çatışmazlığı riskləri qeydə alınır. İran ətrafında münaqişə genişləndikcə, belə təsirlər Aİ iqtisadiyyatının bütün sahələrində hiss olunur.
Brüssel artıq problemin mövcudluğunu siyasi səviyyədə qəbul edib. Qurumun martın 19-20-də Brüsseldə keçirilən sammitində belə qərara gəlinib ki, Avropa Komissiyası qiymət artımını yumşaltmaq üçün müvəqqəti və ünvanlı tədbirlər hazırlasın. Sammitdə elektrik enerjisinə görə verginin azaldılması, şəbəkə haqlarının aşağı salınması, daha çevik dövlət dəstəyi və enerji tutumlu sahələr üçün xüsusi tədbirlər müzakirə edilib. Ursula fon der Lyayen bildirib ki, Aİ əhali və biznes üçün qiymətləri bir qədər azaltmaq üçün elektrik enerjisinə tətbiq olunan vergiləri azaltmağı planlaşdırır. Eyni zamanda Aİ emissiya ticarəti sistemindən əldə olunan təxminən 30 milyard avronu daha təmiz enerjiyə keçid layihələrinə və xarici təchizatçılardan asılılığın azaldılmasına yönəltməyi planlaşdırır.
Çətin dönəmdə çətin seçim
Lakin əsas daxili ziddiyyətlər də məhz bu məqamda ortaya çıxır. Bəzi ölkələr sənayeyə təzyiqin daha sürətlə azaldılmasını istəyir və bunun o cümlədən karbon tənzimlənməsinin daha dərindən yenidən nəzərdən keçirilməsi yolu ilə edilməsini vacib sayır. Digərləri isə bunun Aİ-nin iqlim siyasətini zəiflədə biləcəyini düşünür. Bu kontekstdə sammitdə enerji mənbələrinin daha da şaxələndirilməsi xəttinin aktuallığı bir daha özünü göstərib. Buraya alternativ təchizatçılarla əməkdaşlığın genişləndirilməsi, infrastrukturun inkişafı, enerji keçidinin sürətləndirilməsi kimi məsələlər daxildir.
Aİ-nin cənub ölkələri, xüsusilə İtaliya ilə İspaniya xarici təchizatçılar, o cümlədən Şimali Afrika və Xəzər regionu ilə əlaqələrin dərinləşdirilməsinin vacibliyini bildirirlər. Fransa isə daha strateji yanaşma irəli sürərək, mövcud böhranı Aİ-nin «enerji suverenliyi»nin formalaşdırılması vəzifəsi ilə əlaqələndirir. Buraya nüvə enerjisinin inkişafı da daxildir.
Yaxın perspektivdə Aİ-ni, güman ki, bir neçə istiqamətdə tədbirlər gözləyir. Əvvəla, qaz, neft, dizel və aviasiya yanacağı üzrə yüksək və qeyri-sabit qiymətlər davam edəcək. Hərbi əməliyyatların intensivliyi azalsa belə, bazarın dərhal normal vəziyyətinə qayıtması mümkün deyil. Çünki logistika pozulub, infrastrukturun bir hissəsi zədələnib, treyderlər və sığortaçılar artıq artan riskləri nəzərə alırlar.
Bütün bunlar Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinə mənfi təsir göstərir. ABŞ və bəzi digər oyunçular ciddi daxili resurslar hesabına böhranı asan keçirirlər. Aİ isə 2022-ci ildən sonra olduğu kimi, yenə eyni problemlə üz-üzədir. İstənilən xarici enerji şoku istehsalı daha bahalı, qlobal rəqabətdəki mövqeləri isə daha zəif hala gətirir. Odur ki, Avropa yaxın aylarda, yəqin ki, ən həssas sektorlara subsidiyalar ayırmalı, tarif və vergi yükünü azaltmalı, həmçinin şəbəkələr, enerji istehsalı və idxalın şaxələndirilməsi ilə bağlı layihələrin icrasını sürətləndirməli olacaq.
Belə bir vəziyyətdə ABŞ Prezidenti Donald Tramp hər kəsi Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına çağırıb. Amma bu çağırışa baxmayaraq, Aİ tərəfindən təşəbbüsə vahid dəstək müşahidə olunmur. Avropa liderləri hərbi əməliyyatlarda birbaşa iştirak ehtimalını nəzərdə tutan ifadələrdən şüurlu şəkildə qaçır, vəziyyəti, ilk növbədə, enerji sahəsindəki qeyri-sabitlik amili kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, bu, güc ssenarisinin işə salınması üçün əsas deyil. Ənənəvi olaraq dəniz missiyalarında iştirak edən dövlətlər də yalnız çoxtərəfli və müşahidə xarakterli formatlara ehtiyatlı dəstək siqnalları ilə kifayətlənirlər. Bir sıra ölkələr, o cümlədən Almaniya isə diplomatik imkanların qorunmasının, eskalasiyanın artmasının qarşısının alınmasının vacibliyini vurğulayır.
Ukrayna: kredit yoxdur, amma dəstək var
Brüssel sammitində müzakirələrin əhəmiyyətli bir hissəsi də Kiyevə gələcək dəstəyə həsr olunub. Söhbət həm maliyyə, həm də hərbi dəstəkdən gedir. Formal olaraq Aİ təhlükəsizliyin bir elementi kimi, Ukraynaya dəstəyin davam etdirilməsində konsensusu qoruyur. Lakin təcrübədə onun miqyası, maliyyələşmə mənbələri və uzunmüddətli tənzimləmənin mümkün parametrləri ilə bağlı fikir ayrılıqları getdikcə özünü daha aydın göstərir. Əsas mübahisə mövzusu Ukraynaya 90 milyard avro həcmində kredit paketinin ayrılması ilə bağlıdır. Sammitdə müzakirələrin böyük hissəsi məhz bu məsələyə həsr olunub və o, faktiki olaraq, üzv dövlətlər arasında qarşıdurmaya yol açıb. Macarıstan qərarın qəbulunu son anda bloklayıb və bu, Aİ rəhbərliyi və əksər üzvlər tərəfindən sərt reaksiya ilə qarşılanıb. Danışıqlarda iştirak edənlərin fikrincə, Macarıstan lideri Viktor Orbanın addımları əvvəl əldə olunmuş konsensusun pozulmasıdır. Antonio Koşta belə addımların yolverilməz olduğunu açıq şəkildə dilə gətirərək bildirib ki, bu, Aİ daxilində razılaşdırılmış fəaliyyət və vicdanlı əməkdaşlıq prinsiplərinə ziddir.
Budapeştin Ukraynaya maliyyə yardımı məsələsini «Drujba» neft kəmərilə bağlı vəziyyətlə əlaqələndirməsi xüsusi narazılıq yaradıb. Brüsseldə bu yanaşma Aİ-nin səlahiyyətlərini aşan siyasi sövdələşmə kimi qiymətləndirilib.
Viktor Orban isə israrla bildirir ki, infrastrukturun bərpasındakı gecikmə texniki deyil, daha çox siyasi səbəblərlə bağlıdır. Budapeştdə hesab edirlər ki, kəmərin fəaliyyətinin tam bərpası Macarıstana neft tədarükünü sabitləşdirəcək və qiyməti ucuzlaşdıracaq. Bu, ölkədə apreldə keçiriləcək parlament seçki ərəfəsində Orbanın mövqeyini gücləndirərdi. Kiyev isə «Drujba»nın operativ şəkildə bərpasında məhz buna görə maraqlı deyil. Odur ki, Macarıstan tərəfi Ukrayna rəhbərliyini Orbanın siyasi mövqeyini zəiflətmək, onun yenidən qalib olmasının qarşısını almağa çalışmaqda günahlandırır.
Gərginliyi artıran daha bir amil Brüsselin Orbanın siyasətinə münasibətidir. Budapeştdə əmindirlər ki, Aİ rəhbərliyi faktiki olaraq, Kiyevin tərəfini tutur və Orbanın Ukrayna siyasətini Brüsselin vahid yanaşmasına əsas maneələrdən biri sayır. Nəticədə, enerji məsələsi daha geniş siyasi qarşıdurmanın tərkib hissəsinə çevrilir: daxili legitimlik, Avropa həmrəyliyi və tərəflərin strateji maraqları bir-birinə qarışır.
Lakin maraqlıdır ki, Ukrayna məsələsində Kiyevin müttəfiqləri arasında belə, tam yekdillik yoxdur. Məsələn, Ciorcia Meloni qapalı iclasda bildirib ki, o, Macarıstanı anlayır. Bu, münaqişədən yorğunluğun artdığını, öhdəliklərin daha da genişləndiliməsinə ehtiyalı yanaşmanın gücləndiyini göstərir.
Nəticədə Ukraynaya kreditin ayrılması ilə bağlı konkret qərar qəbul etmək mümkün olmayıb. İndi Aİ-də formal siyasi birlik qorunsa da, təcrübədə ayrı-ayrı dövlətlərin mövqeyindən asılılıq artır. Bu isə qərarların qəbulunu ləngidir və mübahisələrə yol açır. Ümumilikdə sammit göstərib ki, Aİ strateji məsələlərdə formal birliyini saxlasa da, qərarların qəbulunda çevikliyini, uzalşmanı getdikcə itirir. Enerji, Ukraynaya dəstək və üzv ölkələrin daxili siyasəti faktiki olaraq, ziddiyyətlər düyününə çevrilib. Belə şəraitdə hər hansı yeni xarici böhran sadəcə iqtisadi təzyiqi artırmaqla məhdudlaşmayıb, həm də daxildə parçalanmanı dərinləşdirə, Aİ-nin vahid, effektiv oyunçu kimi fəaliyyət qabiliyyətini zəiflədə bilər.
MƏSLƏHƏT GÖR:




38

