FARS DÜYÜNÜ
Hörmüz və Xarq qlobal böhranın episentrinə çevrilir
Müəllif: Samir VƏLİYEV
İranda müharibənin başlamasından bir aydan artıq vaxt keçmiş, ABŞ Prezidenti Donald Tramp «Financial Times» qəzetinə verdiyi müsahibədə bildirib ki, onun ən çox istədiyi şey Venesuelada olduğu kimi, İranın da neft sənayesinə nəzarəti ələ almaqdır. Bu kontekstdə Xarq adasının mümkün xarici nəzarətə keçirməsi məsələsi artıq fərziyyədən çox praktik siyasət müstəvisinə adlayır. Hər halda, artıq aydındır ki, bu plan həyata keçirilməsə belə, münaqişənin nəticələri regional çərçivəni çoxdan aşıb. Baş verənlər artıq qlobal energetiyaya, Ukrayna müharibəsinin dinamikasına təsirini göstərib, qlobal siyasətdə qüvvələr nisbətinin yenidən formalaşması prosesini işə salıb. Söhbət sadəcə bir münaqişədən yox, ümumilikdə beynəlxalq sistemin yenidən qurulması prosesindən gedir. Belə bir vəziyyətdə «G7» ölkələrinin xarici işlər nazirləri martın 26-da keçirdikləri növbəti görüşdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmini ilə bağlı prinsipial razılıq əldə ediblər. Lakin bu missiyanın başlaması ABŞ, İsrail və İran arasında hərbi əməliyyatların tam dayandırılmasınadək təxirə salınıb. «Böyük yeddilik» ölkələri səylərin əlaqələndirilməsi haqda razılığa gəlsələr də, avropalılar regionda vəziyyətin sabitləşməsinədək oraya hərbi gəmilər göndərməkdən çəkinirlər.
Müharibə isə davam edir. Demək, sabitliyin yaxın zamanlarda əldə olunacağını gözləmək çətindir. Münaqişənin intensivliyi nə qədər davam edərsə, onun nəticələri də o qədər dərinə gedə, dönməz xarakter ala bilər.
Müharibənin əsas intriqası – müddət
Belə bir vəziyyətdə əsas intriqa savaşın nə vaxt və hansı şərtlərlə başa çatacağı ilə bağlıdır. Bu sualın cavabı qeyri-müəyyən olaraq qalır və getdikcə, daha da qeyri-müəyyən xarakter alır. Çünki münaqişədə istənilən yeni mərhələ nəinki onun sonunu yaxınlaşdırmır, əksinə vəziyyəti daha da mürəkkəbləşdirir, ona cəlb olunan tərəflərin sayını artırır, mümkün nizamlanmanın qiymətini yüksəldir.
Vəziyyətə münaqişə tərəflərinin bəyanat və addımları da aydınlıq gətirmir. ABŞ Prezidenti Donald Tramp «məhsuldar danışıqlar» tezisini təkrarlayırsa, İran Xarici İşlər Nazirliyi tam əksini bildirir – Vaşinqtonla heç bir danışıqlar aparılmır! Tehran bunu 9 ay ərzində ABŞ tərəfindən təşkil olunmuş iki hərbi hücumdan sonra Amerika diplomatiyasına etibarının qalmaması ilə əsaslandırır.
Bundan başqa, görünür, Tramp öz bəyanatlarına daha çox çəki qazandırmaq üçün Tehranla atəşkəs ehtimalını da istisna etmir. O, tərəflərin bu məsələdə yekun razılığa gəlmələrini mümkün sayır. Bu, bəlkə də həm də İranın ABŞ ilə təmasları etiraf etməsinə, bunu açıq şəkildə təsdiqləməsinə hesablanmış gedişdir. Görünür, belə təmaslar, həqiqətən də, mövcuddur. Vaşinqton üçün bu, ən azı müharibədən narazı olan ictimaiyyətə böhranın sona yaxınlaşdığını göstərmək, ölkənin uzunmüddətli qarşıdurmaya getmək niyyətində olmadığını nümayiş etdirmək cəhdidir.
Amma xüsusilə Tehranın hazırkı Amerika administrasiyasına etimadının az olduğu, müqavimət imkanlarının, hələ ki, kifayət qədər geniş olaraq qaldığı şəraitdə İrana bunun nə üçün lazım olduğu böyük sual olaraq qalır. «Reuters» agentliyinin «ABŞ kəşfiyyatına yaxın beş mənbə»yə istinadən verdiyi məlumata görə, müharibənin gedişində düşmən raketlərinin yalnız üçdə biri məhv edilib. Daha 30% ya zədələnib, ya da yeraltı tunel və bunkerlərin dağıntıları altında qalıb. Bu, o deməkdir ki, müharibənin hazırkı intensivliyi bir neçə həftə ilə məhdudlaşmaya, region üçün daha ağır nəticələrə yol aça bilər.
Bundan başqa, İranda hərbi kampaniyanın sona2 çatması ABŞ və İsrailin ilk gündən qarşılarına qoyduqları məqsədlərə çatılması ilə birbaşa bağlıdır. ABŞ Prezidenti Donald Tramp tərəfindən müəyyən edilmiş əsas vəzifələrdən biri Tehranın raket potensialının tam məhv edilməsi, «raket sənayesinin kökündən ləğv olunması»dır. Nəzərə alsaq ki, İranın raket infrastrukturuna yetişmək asan deyil və bəzi məlumatlara görə ölkədə raket istehlsalı hələ də dava edir, müəyyənləşdirilmiş hədəflərə çatılmasına bir neçə həftə kifayət etməyə bilər. Digər bir vəzifə isə İranın nüvə potensialının tam məhv edilməsidir. Bu isə yəqin ki, aylarla vaxt tələb edəcək.
Bəzi məlumatlara görə, ABŞ xüsusi təyinatlı bölmələrinin mövcudluğunu artırır ki, bu da prosesi sürətləndirməyə hesablanmış ola bilər. Mediada artıq Amerikanın İran ərazisində mümkün quru əməliyyatları haqda da xəbərlər yayılmaqdadır. Potensial hədəflər kimi İranın ən həssas nöqtələri kimi göstərilir. Söhbət, ilk növbədə, ölkənin neft ixracının böyük hissəsinin gerçəkləşdirildiyi Xarq adasından, həmçinin nüvə proqramının əsas elementlərinin cəmləşdiyi İsfahan bölgəsindən gedir.
Doğrudur, Amerika rəsmiləri bu ssenarini təkzib edirlər. Amma onların bəyanatları şübhələri daha da artırır. Tramp vəziyyəti şərh edərkən daim eyham vurur: Vaşinqton əsas məqsədlərinə nail olduğundan, münaqişə istənilən uyğun anda başa çata bilər. Birləşmiş Ştatların dövlət katibi Marko Rubio isə bildirir ki, mümkün hərbi kampaniya qısamüddətli olmalıdır. Onun fikrincə, söhbət «aylardan yox, həftələrdən» getməlidir. Bununla yanaşı, dövlət katibi ölkəsinin İranda miqyaslı quru əməliyyatlarına başlamağı nəzərdə tutmadığını bildirir. ABŞ-nin vitse-prezidenti J.D.Vens isə ümumiyyətlə konkretlikdən qaçaraq deyir ki, müharibə «hələ bir müddət də davam edəcək». O, bunun «İran təhlükəsinin neytrallaşmasınadək» uzanacağını bildirir.
Bununla belə, etiraf olunmalıdır ki, xüsusilə bu ilin payızında keçiriləcək aralıq seçkisi ərəfəsində uzunmüddətli müharibə istənilən halda, Ağ Evin planlarına daxil ola bilməz. Hazırda ölkədə respublikaçıların reytinqi çox aşağıdır və proses belə davam edərsə, onlar Konqresə nəzarəti itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bu şəraitdə administrasiya üçün münaqişəni idarə olunan həddə saxlamaq və onun gözlənilməz nəticələr verə biləcək uzun, bahalı problemə çevrilməsinin qarşısını almaq həyati əhəmiyyət daşıyır.
Məqsəd və vasitə
Məqsədlərlə real vəziyyət arasındakı əsas ziddiyyət də bu yerdə ortaya çıxır. İranın raket və nüvə potensialının məhvi Vaşinqtonun etiraf etməyə hazır olduğundan daha çox zaman, daha dərin iştirak tələb edir. Eyni vaxtda həm qətiyyət nümayiş etdirmək, həm də eskalasiyadan qaçmaq isə mümkün deyil. Birləşmiş Ştatların siyasi məntiqi münaqişənin tez başa çatmasını tələb edir, hərbi məntiq isə əksinə, onun uzanmasını qaçılmaz edir. Hadisələrin gələcək inkişafını məhz bu ziddiyyət müəyyənləşdirəcək.
İran hakimiyyəti məsələsində də qeyri-müəyyənlik davam edir. ABŞ rejim dəyişikliyinə nail olduğunu bildirsə də, faktlar əksini göstərir. Ölkədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rolu güclənib, siyasi sistem isə nəinki zəifləməyib, əksinə daha da birləşib. Ali dini liderin dəyişməsi də ümumi kursu dəyişməyib – Xameneini yenə də Xamenei əvəzləyib.
Belə bir vəziyyətdə ABŞ İrana müharibənin başa çatdırılması üçün 15 maddəlik plan təqdim edib. Vaşinqton bunu Pakistan vasitəsilə edib. Plan ümumi olaraq dərhal atəşkəsi, qarşılıqlı zərbələrdən imtinanı, birbaşa və ya vasitəçilərin iştirakı ilə danışıqlara başlanılmasını, həmçinin Tehranın nüvə proqramına ciddi məhdudiyyətlərin tətbiqi və nəzarət müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutur. Onun ayrı-ayrı bəndləri isə raket komponentlərinə aiddir – bu proqramın da məhdudlaşdırılması, istehsalın dondurulması, həmçinin beynəlxalq monitorinqin gücləndirilməsi təklif olunur. Sənəddə regionla bağlı məsələlər – proksi-qüvvələrin fəaliyyətinin azaldılması, region ölkələri üçün təhlükəsizlik təminatı məsələləri də yer alır.
Bununla yanaşı, plana görə İranın atdığı hər bir addım ABŞ tərəfindən «güzgü effekti» ilə qarşılanmalıdır. Lakin problem ondadır ki, qarşılıqlı etimadsızlıq şəraitində planın həyata keçirilməsi ciddi şübhə doğurur. İranın təklifləri, demək olar ki, dərhal rədd etməsi təsadüf deyil. Tehrandakı mənbələr bildirir ki, İran müharibəni yalnız özü uyğun bildiyi vaxta bitirəcək. Əvəzində, iranlılar daha qısa olan öz planlarını irəli sürüblər. O, ABŞ-nin regiondakı bütün hərbi bazalarını qapatmasını, vurulmuş ziyana görə kompensasiya ödəməsini, ən əsası isə gələcəkdə İrana heç bir halda zərbə endirilməyəcəyinə zəmanət verməsini nəzərdə tutur.
Amma hər bir halda, müharibə getdikcə zəifləməkdənsə, daha təhlükəli mərhələyə keçir. İndi zərbələr kritik infrastruktura, ilk növbədə isə neft sektoruna endirilir. Əsas hədəf İranın neft ixracının 85-90%-nin keçdiyi Xarq arasıdır (sanksiyalar şəraitində söhbət gündə təxminən 1,3-1,5 milyon bareldən gedir). Daşınmada qismən pozuntu belə, dərhal bazara təsir göstərir.
Həll yaxın deyil
Paralel olaraq, müharibənin coğrafiyası və forması da genişlənməkdədir. Tərəflər dronlardan, qanadlı və ballistik raketlərdən istifadə edir. Zərbələr yalnız birbaşa deyil, regiondakı proksi-strukturlar vasitəsilə də endirilir. Klassik cəbhə xətti olmadığından, hücumlar eyni vaxtda müxtəlif nöqtələrdə baş verə bilir – Fars körfəzindən tutmuş, qonşu ərazilərədək.
Daha bir istiqamət nüvə infrastrukturuna zərbələrdir. İranın nüvə proqramının əsas elementlərinin cəmləşdiyi İsfahan bölgəsi potensial hədəf kimi nəzərdən keçirilir. Bu, artıq sadəcə hərbi eskalasiya yox, münaqişənin gözlənilməz nəticələr doğura biləcək keyfiyyətcə yeni mərhələyə keçməsi riski deməkdir.
İran daxilində də nəticələr getdikcə ağırlaşır. Logistikanın pozulması, yanacaq və elektrik enerjisi qıtlığı, qiymət artımı və s. iqtisadiyyata ciddi zərbə vurur. Miqyaslı quru əməliyyatları olmasa belə, İran iqtisadiyyatı artıq böhran rejimində fəaliyyət göstərir. Sosial problemlər də artır. Belə vəziyyətdə ölkəyə daxil olan humanitar yardım getdikcə daha həssas və vacib amilə çevrilir. Yeri gəlmişkən, bu yardımın əsas donorlarından biri Azərbaycandır. Bakı qonşusuna dəstək verməklə yanaşı, miqyaslı və qanlı münaqişənin girovuna çevrilmiş milyonlarla insana digər ölkələrin də kömək göstərməsinə şərait yaradır.
Amma bütün çətinliklərə baxmayaraq, İran sadəcə müdafiə olunmur. O, fəal şəkildə cavab addımları da atır. Tehran artıq Fars körfəzi ölkələrinin infranstukturuna, ilk növbədə, neft obyektlərinə, limanlara, logistika sistemlərinə zərbələr endirir. Dağıntılar hər zaman miqyaslı olmasa da, ciddi təsir gücünə malikdir: ixracda fasilələr yaranır, qiymətlər artır, daşımaların sığorta xərcləri kəskin şəkildə yüksəlir.
Bundan başqa, İran dəniz vasitəsilə də təzyiqlərə əl atır. Söhbət tankerlərə hücumlardan və ya bununla bağlı təhdidlərdən, körfəz insidentlərindən, dronlardan istifadədən gedir. Bəzən təhlükənin mövcudluğu belə, kifayət edir – gəmiçilik sahəsində narahatlıq yaranır, marşrutlar dəyişir, bazarda qiymətlər artır.
İran İsrailə də zərbələr endirir. Onun bu istiqamətdə atdığı raketlər bəzən hava hücumundan müdafiə sistemlərini aşaraq hədəflərə çatır. Bu, göstərir ki, Tehranın hələ də ciddi raket və dron ehtiyatı var. O, orta mənzilli ballistik raketlərdən, qanadlı raketlərdən və PUA-lardan istifdə edir. Taktika isə eyni vaxtda müxtəlif hədəflərə çoxsaylı zərbələrin endirilməsinə əsaslanır. Əvvəlcə dronlar göndərilir, daha sonra raketlər. Nəticədə, hava hücumundan müdafiə sistemləri yüklənir və zərbələrin bir hissəsinin hədəflərə çatmasını əngəlləmək mümkün olmur.
Üstəlik, İran regiondakı müttəfiqlərindən də fəal istifadə edir, onların vasitəsilə düşmənlərinə birbaşa qarşıdurmaya girmədən təzyiq göstərir. Bu mənada, xüsusi həssas nöqtələrdən biri Bab-əl-Məndəb boğazıdır. Dünya ticarətinin təxminən 10-12%-i məhz bu boğazdan keçir. Əgər oraya hücumlar başlayarsa və ya bu risk sadəcə artarsa, gəmilər Afrika ətrafı ilə hərəkət etmək məcburiyyətində qalırlar. Bu isə çatdırılma müddətinin əlavə 10-115 gün, xərclərinin isə xeyli artması deməkdir. Bir sözlə, İran sadəcə müdafiə olunmur, həm də bir neçə istiqamətdə problemlər yaradır – neft bazarı, logistika və regional təhlükəsizlik. Müharibəni hamı, ilk növbədə isə Təl-Əviv üçün daha təhlükəli və bahalı hala gətirən də məhz budur. Təsadüfi deyil ki, İsrailin 2026-cı il dövlət büdcəsi ölkə tarixinin ən böyük büdcəsi sayılır. Burada təkcə müdafiə xərcləri üçün 142 milyard şekel (45,3 milyard dollar) ayrılıb ki, bu da rekord göstəricidir. Demək, yəhudi dövləti uzunmüddətli kampaniyaya hazırlaşır. Bu isə müharibənin yaxın zamanlarda başa çatması ehtimalının az olduğunu təsdiqləyir.
MƏSLƏHƏT GÖR:






82

