24 Aprel 2026

Cümə, 18:04

HƏRB, YOXSA SÜLH – ERMƏNİSTAN HANSINI SEÇƏCƏK?

Siyasi ehtiraslar və revanşist əhval ölkəni münaqişəyə qaytara bilər

Müəllif:

01.04.2026

Ermənistanda daxili siyasi gündəlik daha çox Bakı tərəfindən formalaşdırılır. Ölkədə hazırda müşahidə olunan seçkiqabağı gərginlik bunu bir daha sübut edir. Azərbaycanda isə Qarabağ mövzusu bəlli səbəblərdən daxili siyasi diskursdan çıxır. Ölkə mütləq hərbi qələbə qazanıb, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib, sülh müqaviləsi paraflanıb və bu, məhz Bakının şərtləri əsasında baş verib. Artıq münaqişə səhifəsini çevirmək, Cənubi Qafqazda birgə dinc gələcək qurmaq vaxtıdır.

Ermənistanda isə vəziyyət fərqlidir. Orada Qarabağ məsələsi hələ də daxili siyasətin və seçki kampaniyasının, demək olar ki, əsas mövzusu olaraq qalır. Baş nazir Nikol Paşinyan hələ də «torpaqları verməkdə» günahlandırır. İndi isə əlavə olaraq, onu Azərbaycanın tələb və şərtlərini yerinə yetirməkdə təqsirləndirirlər. Söhbət, ilk növbədə, Ermənistan Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərdən gedir. Xatırladaq ki, Bakı Ermənistandan ölkənin əsas qanunundan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir, çünki orada «miatsum», yəni «Qarabağın Ermənistana birləşdirilməsi» qərarına istinad var.

Son dövrlərədək Paşinyan siyasi rəqibləri ilə Qarabağ mövzusunda açıq polemikaya girməyə xüsusi həvəs göstərmirdi. Nəhayət, o, revanşist düşərgədən olan opponentlərinə «cavab zərbələri» endirmək qərarına gəlib. Paşinyan bildirir ki, Ermənistan müxalifəti sülhə qarşı olmadığını iddia etsə də, hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla əldə olunmuş razılaşmaları yenidən nəzərdən keçirmək niyyətindədir. Baş nazir xəbərdarlıq da edib: «Açıq şəkildə demək istəyirəm ki, bu, müharibədir!». Paşinyanın ehtimalına görə, müxalifətin bəzi bəyanatları ölkə xaricində formalaşdırılır və siyasətçilər sadəcə, hazır mətnləri səsləndirirlər. Onun fikrincə, belə mövqe faktiki olaraq sülhün yenidən nəzərdən keçirilməsi kursu deməkdir. Baş nazir hesab edir ki, bu, artıq yaxın aylarda – payıza qədər yeni eskalasiyaya aparıb çıxara bilər. Paşinyan bildirib ki, söhbət ölkə üçün ağır nəticələr doğura biləcək «sentyabr müharibəsi» ssenarisindən gedir.

 

Seçki vədləri və siyasi reallıqlar

«Dəmir kansler» Otto fon Bismarka aid edilən məşhur bir deyim var: müharibə zamanı, ovdan sonra və seçki ərəfəsindəki qədər yalan başqa heç zaman danışılmır. Təmtəraqlı seçki vədləri həm ciddi tənqidin, həm də siyasi satiranın əbədi mövzusudur. Lakin bəzən elə olur ki, cazibədar və parlaq seçki şüarları ilə əslində real niyyəti gizlətməyə çalışırlar. Görünür, Nikol Paşinyan məhz buna işarə edir. Təbii ki, heç bir ağıllı siyasətçi seçicilərə yeni müharibə, «Yerablur»da yeni dəfnlər vədi verməz. Lakin məsələn, Robert Koçaryan Ermənistan üçün daha yaxşı sülh şərtləri əldə edəcəyini bildirir. Amma o, buna necə nail olacağını açıqlamır. Heç «daha yaxşı şərtlər»in nədən ibarət olacağını da demir. Əsas məsələ isə elə budur. Ola bilsin bu cür siyasi reallıqlar hər zaman açıq səsləndirilmir, lakin sülh müqaviləsi əksər hallarda özündə müharibənin nəticələrini əks etdirir. İrəvan üçün bu nəticələrin nə qədər acınacaqlı olduğu hər kəsə bəllidir. Ermənistan ardıcıl olaraq bir neçə hərbi kampaniyada məğlub olub. İlk siqnal hələ 2016-cı ilin aprelində verilmişdi. O zaman ermənilər ərazi işğallarını təkrarlamağa çalışardı və bir çox əlamətlərə görə hədəf Tərtər və Naftalan şəhərləri idi. Onlar Kür çayına doğru irəliləməyi və ehtimal ki, Qəbələ rayonunu da ələ keçirərək Rusiya sərhədinə çıxmağı planlaşdırırdılar. Nəticədə, düşmən strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini itirdi. Daha sonra 2018-ci ildə Qızılqaya-Günnüt əməliyyatı nəticəsində Azərbaycan ordusu Naxçıvanda geniş əraziyə nəzarəti geri qaytardı. 2020-ci ilin iyulunda Ermənistan bu dəfə Tovuz istiqamətində «sərhədi irəli çəkməyə» cəhd göstərsə də, yenə də məğlub oldu.

Apofeoz, əlbəttə ki, 44 günlük Vətən müharibəsi olub. Həmin vaxt Azərbaycan Araz çayı vadisini, Şuşanı və Hadrutu işğaldan azad edib. Bundan başqa, Ermənistan Ağdamı, Kəlbəcəri və Laçın rayonunun bir hissəsini döyüşsüz tərk etmək məcburiyyətində qalıb. Daha sonra xüsusilə də Kəlbəcər istiqamətində sərhədyanı toqquşmalar silsiləsi yaşanıb. İrəvan açıq şəkildə revanşa, heç olmasa, müəyyən əraziləri geri almağa çalışıb. Lakin nəticə yenə də onlar üçün eyni olub – bir sıra yüksəkliklərin itirilməsi. Nəhayət, 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatları separatçı layihəyə birdəfəlik son qoyub. Sülh müqaviləsi indiki vəziyyətdə məhz bu siyasi reallıqlar fonunda paraflanıb. Bu cür məğlubiyyətdən sonra Ermənistanın sülhə məhz Bakının şərtləri ilə razılaşması qaçılmaz idi. İndi isə bu vəziyyəti dəyişmək üçün sadəcə seçki vədləri kifayət etməyəcək. Bəs İrəvana yeni müharibə lazımdırmı? Ermənistan cəmiyyətində müharibədən bir yorğunluq var. Xüsusilə ardıcıl hərbi məğlubiyyətlərdən sonra. Bununla yanaşı, ölkədə revanşist əhvali-ruhiyyə də kifayət qədər yüksəkdir. Hər halda, Ermənistanın 25 ildən artıq 1990-cı illərin əvvəllərində qazandığı hərbi uğurların «hipnoz»u altında yaşadığını unutmaq olmaz. Amma heç kimə sirr deyil ki, İrəvan həmin dövrdə əldə etdiyi bütün hərbi uğurlara görə Kremlə borcludur. Silahlı dəstələr, yaxud o zaman deyildiyi kimi, «saqqallılar» Qarabağda hələ müharibənin lap əvvəlində formalaşmağa başlamışdı. Gizli silah anbarları isə «miatsum» şüarı ilə ilk mitinqlərə start verilməzdən əvvəl yaradılmışdı. Döyüş təcrübəsinə malik peşəkar erməni terrorçuları hələ SSRİ-nin mövcud olduğu 1989-cu ildən etibarən Yaxın Şərqdən Ermənistana gətirilmişdi. Sovet İttifaqının dağılmasından sonra isə Rusiyanın nizami hərbi hissələrinin Ermənistan tərəfdən döyüşlərdə iştirakına dair bir çox faktlar var. Xocalı soyqırımında adı hallanan məşhur 366-cı alay buna parlaq, lakin yeganə olmayan nümunədir. Doğrudur, o zaman ermənilər Azərbaycan torpaqlarının onlara Moskva tərəfindən «hazır şəkildə təqdim olunduğunu» etiraf etmək istəmirdilər. Əvəzində onlar «erməni xalqının nadir döyüş ruhu»ndan, «polad ürəkli şirlər»dən və s. danışaraq təbliğat aparırdılar. Son məğlubiyyətlər Ermənistanda əksəriyyət üçün bu səbəbdən gözlənilməz olub. Onlar vəziyyətdə bu qədər ciddi dönüş yaranacağını ehtimal etmirdilər. Cəmiyyətdə revanşist əhvalı gücləndirən amillərdən biri məhz budur.

«Qarabağ klanı»nın liderləri Robert Koçaryan və qismən də Serj Sarqsyan «hakimiyyət zirvəsi»nə məhz 90-cı illərin əvvəllərində yüksəliblər. Onların seçici auditoriyası, təbii ki, həmin dövrün hərbi uğurlarının təkrarlanmasını gözləyir. Hər halda, seçici «qulağı ilə sevir». Seçki kampaniyası zamanı onlara istənilən vədi vermək mümkündür – «qızıl dağlar», «süd çayları», hətta «almaz yağışı». Ermənistanın reallığına uyğun desək, «daha yaxşı sülh şərtləri». Lakin revanşistlər seçkidə qalib gəlsələr, öz vədlərinin və formalaşdırdıqları imicin girovuna çevriləcəklər. Bu cür vədlərdən sonra Paşinyanın rəhbərliyi ilə hazırlanmış razılaşmaları imzalamaq onlar üçün həddindən artıq riskli olacaq. Artıq paraflanmış sülh müqaviləsindən imtina isə İrəvan üçün əsl faciəyə çevrilə bilər. Yeni müharibənin Ermənistan üçün hansı ağır nəticələri doğura biləcəyini təxmin etmək çətin deyil.

 

“Mövzunu öyrənin”

İrəvan ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlardan ciddi təcrübə əldə edib: əvvəlcə müəyyən öhdəliklər götürülür, sonra isə onlar «uğurla» unudulur. Lakin artıq paraflanmış sülh müqaviləsinin pozulmasının qiyməti xeyli yüksək olacaq. Sülh prosesi yalnız ikitərəfli olduqda effektlidir. Əks halda məsuliyyət tam fərqli olur. Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq qərarını geri götürər, yeni ərazi iddiaları siyasətinə qayıdarsa, Bakı buna cavab vermək hüququ qazanacaq. Bu halda kənardan hər hansı sülh çağırışı köməyə çatmayacaq.

1990-cı illərin əvvəllərində Ermənistan hərbi üstünlüyünə əmin idi. Lakin 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş hərbi paradlardan sonra analitiklər hərbi balansın dəyişdiyini önə çəkməyə başlamışdılar. Həmin paradlarda Azərbaycan yeni silah nümunələri nümayiş etdirir, ekspertlər sıravi hazırlığın belə, dəyişdiyinə diqqət çəkirdilər. 2016-cı ilin aprelində aydın olub ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu ən azı bir nəsil qabaqlayır. Hazırda vəziyyət daha da fərqlidir. 2020-ci ilin payızındakı müharibə zamanı Ermənistan ən azı 5 milyard dollar dəyərində hərbi texnika itirib və mövcud siyasi vəziyyətdə onun potensial müttəfiqlərinin heç biri bu itkini kompensasiya etməyəcək. Üstəlik, Azərbaycan ordusunun qarşısına onun artıq məhv etdiyi ordu çıxacaq.

Qarabağ təbii qala idi. Orada müdafiə olunmaq da, hücuma keçmək də asan idi. Üstəlik, bölgədə erməni mühəndislərinin 25 il ərzində qurduqları istehkamlar var idi. Yeni sərhədlərlə buna bənzər heç nə yoxdur.

Siyasi məsuliyyətdən qaçmaq mümkün deyil. Mövcud münaqişənin kəskinləşməsi bir məsələdir, sülh prosesinin sürətləndiyi bir vaxtda silahlı təxribatlar və ərazi işğalı taktikasına qayıdılması isə tam başqa. Bu halda Azərbaycanın cavabı daha sərt olacaq. Demək, Paşinyan yeni müharibə və onun faciəvi nəticələri haqda ehtimalları bir qədər şişirtmiş olsa belə, bu şişirtmə çox da böyük deyil. İndi hər şey erməni seçicilərdən asılıdır: sülh, yoxsa…



MƏSLƏHƏT GÖR:

80