15 May 2026

Cümə, 18:20

AY BÖLGÜSÜ

ABŞ ilə Çin rəqabətin yeni mərhələsinə qədəm qoyurlar; burada qələbə sadəcə nüfuz yox, həm də kosmosda oyun qaydalarının müəyyənləşdirilməsi olacaq

Müəllif:

15.04.2026

1972-ci ilin dekabrında «Apollon-17» kosmik gəmisinin ilə Aya insanın altıncı və hələ ki, sonuncu enişini həyata keçirməsindən sonra bəşəriyyət digər planetlərə uçuşlar sahəsində ciddi irəliləyişə nail olmayıb. Bu üzdən 2026-cı il aprelin 2-də başlamış «Artemis II» missiyası son 50 ildən artıq müddətin, sözün əsl mənasında, əlamətdar hadisəsinə çevrilib və faktiki olaraq, Ay uğrunda yeni yarışa start verib. Üstəlik, indi söhbət sahədə Aya çatmaqdan deyil, həm də orada necə qalmaqdan gedir. Yerin peykini hansı ölkə «özünə tabe etməyi», onun resurslarına çıxışı, orada infrastruktur dayaq məntəqəsi qurmağı bacaracaqsa, kosmosun mənimsənilməsinin növbəti mərhələsində texniki standartların müəyyənləşdirilməsində də aparıcı rolu məhz oynayacaq.

 

«Armetis II» missiyasının əhəmiyyəti

Bu, həqiqətən, təsirli hadisədir! «Armetis II» yerdən düz 406771 kilometr uzaqlaşıb ki, bu da hələlik kosmosun mənimsənilməsi tarixində ən böyük məsafədir. O, Ayın Yerdən daha uzaq olan tərəfi üzərində uçuş həyata keçirib. Beləliklə, NASA astronavtları Rid Uayzmen, Viktor Qlover və Kristina Kox, həmçinin Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen 1970-ci ilin aprelində «Apollon-13» ekipajının əldə etdiyi rekordu (400171 kilometr) yeniləyiblər.

Mütəxəssislər bildirirlər ki, bu missiya zamanı həm raket, həm də kosmik gəmi yaxşı işləyib, ekipaj isə sistemin idarə olunmasında peşəkarlıq və inam nümayiş etdirərək, yüksək nəticə göstərib. Onlar Ayın geologiyası, dərin kosmosda ekipajın sağlamlığı, radiasiya mühiti və rabitə texnologiyaları ilə bağlı əhəmiyyətli həcmdə elmi məlumatlar toplayıblar. Tarixdə ilk dəfə olaraq Yerin peykinin arxa tərəfinin bəzi bölgələri yaxın məsafədən insan tərəfindən birbaşa müşahidə edilib, aşağı hündürlükdən fotoşəkillər çəkilib. Astronavtlar göyərtədəki 32 kamera vasitəsilə minlərlə şəkil çəkib, təxminən, 30-35 geoloji obyekt qeydə alıblar.

Bütün bunlar birbaşa olaraq 2028-2030-cu illərdə Aya enişin hazırlanmasına və gələcəkdə Marsa uçuşun təşkilinə kömək edəcək. Toplanmış informasiya, məsələn, hansı yamacların təhlükəli ola biləcəyi, eniş aparatının çəkisinə hansı ərazilərin tab gətirə biləcəyi, gələcəkdə resursların harada axtarılmalı olduğunu müəyyən etməyə imkan verəcək.

Xüsusi maraq doğuran maddələrdən biri «Helium-3»dür. Yerdə onu əldə etmək çətindir. Bu maddə termonüvə sintezi əsasında işləyən mühərriklər üçün potensial və yüksək enerji səmərəliliyinə malik yanacaq sayılır. «Helium-3» Yerdəki ən nadir izotoplardan biridir. Onun istehsalı nüvə ehtiyatları ilə məhdudlaşır. Halbuki Ayda o, milyardlarla il ərzində Günəş küləyinin təsiri ilə toplanıb. Bu izotopun ən önəmli üstünlükləri onun təhlükəsizliyi və ekoloji cəhətdən təmiz olması, həmçinin texnikanın çox ağır hərarətədək soyudulmasında əvəzsiz rol oynaya bilməsidir. Bu isə kvant kompüterlərinin işləməsi üçün zəruridir.

Ayın qütb bölgələrinə ümidlər daha böyükdür. Ehtimal olunur ki, oradakı bəzi dərin kraterlər daim kölgədə qalır və tərkibində içməli su, oksigen və raket yanacağı əldə etməsi üçün istifadə oluna biləcək buzlaqlar saxlayır. Yəni bir çox resursları Yerdən daşımadan, birbaşa orada istehsal etmək imkanı yarana bilər. Əslində isə söhbət bəşəriyyətin doğma planetdən kənardakı gələcəyi üzərində nəzarətdən gedir.

 

ABŞ ilə Çin arasında rəqabət

Maraqlıdır ki, ötən əsrdə kosmos uğrunda rəqabət SSRİ ilə ABŞ arasında gedirdisə, indi insanın Ay səthinə qayıdışı uğrunda əsas yarış Birləşmiş Ştatlarla Çin arasındadır. Belə ki, NASA və ABŞ Prezidenti Donald Tramp artıq 2028-ci ilin əvvəlində Aya insan enişinin gerçəkləşdirilməsini planlaşdırırlar. «Artemis II» missiyasının nəticələri göstərib ki, bu müddət müəyyən qədər realdır. Artıq 2027-ci ildə «Artemis III» missiyaçısı çərçivəsində İlon Maskın «SpaceX» və Ceff Bezosun «Blue Origin» şirkətlərinə məxsus Aya eniş modelləri ilə Aya yaxınlaşma sınaqlarının keçirilməsi planlaşdırılır. 2028-ci ildə isə NASA «Artemis IV» və «Artemis V» missiyaları çərçivəsində astronavtları Ayın cənub qütbünə endirməyi nəzərdə tutur. Əgər «Artemis» proqramı uğurla həyata keçirilərsə, 2030-cu illərin ortalarında NASA Ayın cənub qütbündə 20 milyard dollar dəyərində baza qurmağı planlaşdırır. Bundan sonra isə Marsın mənimsənilməsinə başlanılmalıdır. Çünki buna Ay səthindən start vermək xeyli asandır. Qeyd olunmalıdır ki, «Artemis», sadəcə, ABŞ-nin təşəbbüsü deyil. Layihəyə Kanada, Avropa İttifaqı ölkələri, Yaponiya və digər ölkələr də cəlb olunub. Bu, Vaşinqtonun rəhbərliyi altında fəaliyyət göstərən mürəkkəb kommersiya və beynəlxalq tərəfdaşlıq şəbəkəsidir.

Paralel olaraq, astronavtların Aya göndərilməsi stiqamətində Çin də ciddi addımlar atır. Üstəlik, onların da hədəfi amerikalılarla, təxminən, eyni dövrü əhatə edir – 2030-cu ilədək. ABŞ-ın üzərində işlədiyi əsas komponentlərdən birini – eniş avadanlığının sınağını Pekin artıq həyata keçirib. Pilotlu «Lanyue» eniş modulu ötən ay Ay cazibəsinin imitasiya olunduğu şəraitdə mühərrik sistemində istifadə ilə eniş testlərini uğurla icra edib. Tamölçülü maket enişin bütün mərhələlərini – enmə, yerə toxunma, mühərrikin söndürülməsi, yenidən qalxma, əsas və idarəedici mühərriklərin koordinasiyası – sınaqdan keçirib. Bundan başqa, Vençanda «Ay marşı-10» («Long March 10») raketinin havaya buraxılması üçün yeni start meydançasının tikintisi də, demək olar ki, başa çatıb.

Rusiya ilə Çinin Beynəlxalq Elmi-Tədqiqat Ay Stansiyasının (ILRS) layihəsi də var. Layihə çərçivəsində Moskva ilə Pekin hələ 2021-ci ildə Ay səthində birgə tədqiqat stansiyasının tikintisi planını elan ediblər. Stansiyanın əsas modeli (Ayın cənub qütbündə) 2035-ci ildə, genişləndirilmiş versiyası isə 2040-cı ilə qədər hazır olmalıdır. Artıq bu layihəyə 17 ölkə və beynəlxalq təşkilat, eləcə də 50-dən çox elmi institut qoşulub. Orada Yaxın Şərq və Latın Amerikası ölkələri xüsusilə fəaldırlar. Çin ILRS layihəsini «açıq platforma», bir növ «Ay İpək yolu» kimi təqdim edir.

 

Bahalı Ay

Aydındır ki, kosmosdan, xüsusilə digər planetlərdə baza tikintisindən söhbət gedərkən əsas amil maliyyələşmədir. Məlum olduğu kimi, ABŞ Konqresi 2026-cı ildə Ayın mənimsənilməsi layihəsinə 10 milyard dollaradək vəsaitin ayrılmasını müzakirə edir. Pekinin xərclərinin də, təxminən, eyni səviyyədə – illik 8-12 milyard dollar olacağı güman olunur. Üstəlik, Çində bu, sadəcə birdəfəlik maliyyə yox, 2026-2030-cu illəri əhatə edəcək konkret beşillik planın bir hissəsi elan edilib. Pekin kosmosu «iqtisadiyyatın dayaq nöqtəsi» də elan edib.

Ümumilikdə analitiklərin qiymətləndirməsinə görə, 2050-ci ilə qədər qlobal kosmik iqtisadiyyatın həcmi 10-20 trilyon dollara çata bilər. Son beş işdə Ay startaplarına yatırımların orta illik artım tempi 45-50: təşkil edib ki, bu da ümumilikdə kosmik sənaye ilə müqayisədə on dəfələrlə artıqdır. Halbuki investisiyaların geri dönüş müddətləri hələ də dəqiq göstərilmir, çünki bazar iştirakçılarının əksəriyyəti hələ də elmi-tədqiqat və təcrübə-konstruktor mərhələsindədirlər. Yəni söhbət 50-100 illik layihələrdən gedir.

Görünən odur ki, yaxın gələcəkdə Ay adi və güman ki, ən gəlirli biznes məkanlarından birinə çevriləcək, eyni zamanda orada özünəməxsus «təsir zonaları» formalaşacaq. Çinin müvafiq proqramı uzunmüddətli dövlət planlaşdırmasına əsaslanırsa, ABŞ-də güclü dövlət dəstəyi özəl şirkətlərin investisiyaları ilə birləşir. Hansı modelin daha uğurlu olacağını isə yəqin ki, yaxın zamanda görmək mümkün olacaq.

ABŞ-də NASA İlon Maskın «SpaceX» və Ceff Bezosun «Blue Origin» şirkətləri ilə əməkdaşlıq edir. Bu iki şirkətin arasında ciddi rəqabət də gedir. Bəzi ekspertlərin fikrincə, bu vəziyyət NASA-nı nəzarət edə bilmədiyi şirkətlərdən asılı vəziyyətə sala bilər. Hər halda, özəl şirkətlər artıq kosmosa çıxışın iqtisadiyyatını dəyişərək, buraxılışların dəyərini azaldıb, eyni zamanda tənzimləmə və nəzarəti mürəkkəbləşdirib. Dövlət bir tərəfdən «kosmik suverenlik» əldə etməyə çalışırsa, digər yandan qlobal təchizat zəncirlərindən və kommersiya provayderlərindən getdikcə daha asılı vəziyyətə düşür.

 

Rusiya: maliyyəsiz üstünlük

Rusiyaya gəlincə, burada özəl «SpaceTech» şirkətinin cəmi 5%-i orbital və Ay iqtisadiyyatı üçün həllər hazırlayır. Yəni Rusiya bu sahənin maliyyələşdirilməsi məsələsində hədsiz dərəcədə geri qalır. Halbuki onun hələ də əhəmiyyətli rəqabət üstünlükləri var: nüvə enerjisi, materialşünaslıq və fundamental elmi nailiyyətlər. Bundan başqa, ruslar insanın kosmosda 60 ildən artıq fasiləsiz iştirakı təcrübəsinə də malikdirlər.

Mütəxəssislərin fikrincə, Rusiya kosmonavtikası bu baza üzərində nəzəri baxımdan hətta Marsa pilotlu missiyaların göndərilməsinə də iddia edə bilər. Bir müddət əvvəl rusiyalı alimlərin plazma mühərrik qurğusunun hazırlanmasında əldə etdikləri irəliləyişlər də müzakirə olunurdu. Lakin bu texnologiya, hələ ki, real şəraitdə sınaqdan keçirilməyib. Reallaşacağı təqdirdə belə mühərrik Marsa uçuş müddətini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin bunun reallığa çevrilməsi üçün Moskvaya böyük həcmdə və davamlı investisiyalar lazımdır. 2022-ci ildən sonra ölkənin kosmik sənayesinə tətbiq olunmuş sanksiyalar şəraitində bu, olduqca çətin görünür. «Roskosmos»un rəhbəri Dmitri Bakanovun da qeyd etdiyi kimi, Rusiya üçün kosmos hər zaman sadəcə fəaliyyət sahəsi yox, milli ideyanın bir hissəsi, cəmiyyət üçün ilham mənbəyi olub. Lakin əsas sual budur ki, Moskva topladığı elmi potensialı Qərb ölkələrinin texnoloji fərqi uçurum səviyyəsinə çatdırmasınadək real aktivlərə çevirə biləcəkmi?

Beləliklə, qlobal geosiyasi gərginlik fonunda dünya gücləri arasında rəqabət kosmik sahədə də kəskin xarakter alır. Başqa sözlə, kosmos artıq elmi tərəqqinin «neytral ərazi»si olmaqdan çıxır. İndi bu, sadəcə «raketlər və ulduzlar» yox, həm də texnologiyalar, böyük maliyyə, hüquq, iqtisadiyyat və strategiyanın mürəkkəb vəhdətidir.

Digər tərəfdən aydındır ki, kosmik yarışın bütün iştirakçıları Ayın və dərin kosmosun tədqiqində əsas aspektlər üzrə ortaq yanaşmalar formalaşdırmalı olacaqlar. Bu, xüsusilə təhlükəsizlik və uyğunluq məsələlərinə aiddir. Çinki minimum ortaq qaydalar olmadan, kosmosdakı «oyun» təkcə kəskin siyasi rəqabət meydanına deyil, həm də bütün bəşəriyyət üçün təhlükə yarada biləcək qəzalar, münaqişələr mənbəyinə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

53