BUDAPEŞT OYUNU POZUR
Müxalifətin sensasion qələbəsi Avropada qüvvələr balansı dəyişir və Macarıstanın əvvəlki kursunu sual altına qoyur
Müəllif: Samir VƏLİYEV
Müasir Macarıstan dövlətinin tarixində, bəlkə də, ən qeyri-adi dövrlərdən biri başa çatır. Söhbət tamamilə haqlı olaraq «Orban dövrü» adlandırıla biləcək mərhələdən gedir. Ölkədə bu günlərdə keçirilmiş parlament seçkisi müxalif siyasətçi Peter Macyarın hər bir macar üçün doğma səslənən «Tisa» partiyası inamlı qələbə qazanıb. Tisa Dunay çayı kimi, ölkəni şimaldan şərqə doğru kəsib keçən çaydır. Lakin Dunaydan fərqli olaraq, o, əsasən macarların yaşadıqları ərazilərdən keçir. Bu çay qonşu ölkələrdə yaşayan macarları birləşdirir və bu baxımdan, milli birliyin rəmzi də sayıla bilər.
Seçkilərdə baş rolun ifaçısı
Bəli, seçkidə macarlar inanılmaz həmrəylik nümayiş etdiriblər. Belə ki, səsvermə hüququ olan vətəndaşların, demək olar ki, 80%-i seçkiyə qatılıb. Bu, ölkənin seçki tarixində görünməmiş fəallıqdır. Bülletenlərin, təxminən, 99%-nin hesablanmasından sonra məlum olub ki, vətəndaşların əksəriyyəti səsini «Tisa»ya verib və nəticədə, o, parlamentdəki 199 yerin 138-ni qazanıb. Bu, qanunverici orqanda konstitusion çoxluq deməkdir. Təsadüfi deyil ki, ölkənin hazırkı baş naziri Viktor Orban seçkidən sonrakı ilk saatlarda nəticələri tanıyıb və rəqibini qələbə münasibətilə təbrik edib.
Lakin Macyarın qələbəsinə baxmayaraq, istər Macarıstanda, istərsə də beynəlxalq ictimaiyyətdə diqqətlər əsasən Orbana yönəlmişdi. Bir çoxları macar siyasətinin patriarxının bu dəfə də hakimiyyətdə qalıb-qalmayacağı sualı üzərində «baş sındırırdı». Məsələ ondadır ki, Orban siyasi karyerasında düz 4 seçki qazanıb. Bu, Avropada hər siyasətçiyə nəsib olmur.
Orbanın dövründə Macarıstan böyük yol keçib. Avropa İttifaqı üzvlüyünə namizədlikdən tutmuş, üzvlüyədək. Üstəlik, bu gün Budapeşt Aİ-nin ən çox müzakirə olunan üzvlərindən birinə çevrilib. Çünki o, atdığı addımlarla Brüsselin ümumi siyasətinə təsir göstərməyə başlayıb.
Orbanın ilk baş nazirlik dövrü Macarıstanın Avro-Atlantik məkanda öz yerini müəyyənləşdirdiyi mərhələyə təsadüf edib. Ölkənin əsas xarici siyasət istiqamətləri məhz həmin dövrdə müəyyənləşib, NATO və Aİ-yə üzv olmaq üçün lazımi baza yaradılıb. Formal olaraq Macarıstan Aİ-yə onun hakimiyyətdən gedişindən sonra baş tutsa da, danışıqların və institusional hazırlığın böyük hissəsi məhz ilk Orban hökumətinin dövründə aparılmışdı.
Sonrakı illərdə Orbanın rəhbərliyi altında elə bir model formalaşıb ki, burada Avropa strukturlarında iştirak milli suverenliyə vurğu, dövlətin gücləndirilmiş rolu və xarici siyasət xətti ilə uzlaşdırılıb. Bu model uzun müddət, əsasən, Avropa investisiyaları hesabına təmin olunan iqtisadi artıma söykənib. Bununla yanaşı, Budapeşt Aİ-dən kənarda da fəal əlaqələr qurmağa başlayıb – Çin, Rusiya, Fars körfəzi ölkələri, Türk dünyası, o cümlədən Türk Dövlətləri Təşkilatı formatında iştirak və s.
Zaman keçdikcə bu hədsiz müstəqil siyasət Brüssel ilə münasibətlərdə gərginlik mənbəyinə çevrilib. Bu, özünü xüsusilə Ukrayna müharibəsinin başlamasından sonra göstərib. Macarıstan bu məsələdə daha ehtiyatlı mövqe tutaraq, silah tranzitinə qarşı çıxıb, danışıqların vacibliyini vurğulayıb, onun özünün enerji dayanıqlılığını sarsıda biləcək qərarların qəbulundan yayınıb. Orban dəfələrlə qeyd edib ki, yalnız hərbi dəstəyə üstünlük verilməsi münaqişəni sadəcə uzadır. Bu yanaşma təsadüf deyildi və daha çox iqtisadi məsələlərlə bağlı idi. Rusiya enerjisindən ciddi asılılıq ondan kəskin uzaqlaşmanı çox baha başa gətirə bilər və bu, sadəcə, iqtisadiyyata deyil, həm də gözlənilməz sosial nəticələrə aparıb çıxara bilər. Bu səbəbdən Budapeştin xətti ideoloji deyil, daha çox praqmatik təsir bağışlayıb. O, hər zaman ümumavropa səviyyəsində Moskvaya təzyiqlər fonunda daxili itkilərini minimuma endirməyə çalışıb.
Aİ-nin bu istiqamətdəki sərt mövqeyi Budapeşt ilə münasibətlərdə gərginliyi daha da artırıb. Təxminən, 18 milyard avronun dondurulması rəsmi olaraq hüququn aliliyi məsələləri ilə əlaqələndirilsə də, Macarıstanda daha geniş siyasi təzyiqin elementi kimi qəbul olunub. Ukrayna məsələsindəki fikir ayrılıqları fonunda isə bu gərginlik daha da kəskinləşib.
Dəyişikliklərə verilən səs
Avropa məkanında Orbana və onun həyata keçirdiyi siyasi kursa qarşı tənqidlər sərtləşdikcə, onun əsas rəqibi Peter Macyara dəstək artmağa başlayıb. Bu dəstəyin xarakteri sanki baş nazirə qarşı koordinasiyalı informasiya savaşı xəttinin mövcudluğu təəssüratı da yaradırdı. Eyni zamanda qeyd olunmalıdır ki, Aİ üzvü olan bir ölkənin daxili siyasi məsələsinə xarici oyunçuların bu qədər yüksək səviyyədə cəlb edilməsi də kifayət qədər nadir haldır. Bu göstərirdi ki, artıq söhbət sadəcə siyasi rəqabətdən yox, həm də suveren dövlətin daxili işlərinə faktiki müdaxilədən gedir.
Peter Macyara gəlincə, o, ölkənin siyasi səhnəsində məhz Orbanın kursuna qarşı çıxış edən fiqur kimi formalaşıb. Macarın siyasi layihəsi lap başdan, mövcud idarəetmə modelinin tənqidi üzərində qurulub – institusional quruluşdan və resursların bölüşdürülməsindən tutmuş, ölkənin xarici siyasət prioritetlərinəədək. Söhbət yalnız məzmunlu tənqiddən yox, həm də alternativ inkişaf istiqamətlərinin təqdim olunması cəhdlərindən gedirdi. Bu kontekstdə əsas yer dövlət institutlarına etibarın bərpasına, Aİ ilə münasibətlərin normallaşdırılmasına və Brüssel ilə qarşıdurmanın azaldılmasına verilirdi. Bu mənada Macyar uzun illər bir siyasi qüvvənin hökmranlığı fonunda Macarıstan cəmiyyətində tədricən yığılmış yenilənmə tələbinə cavab verirdi.
Lakin müxalifət liderindən potensial ölkə rəhbərinə çevrildikcə, onun qarşısında öz ritorikasını yenidən nəzərdən keçirmək zərurətinin yaranacağına şübhə yoxdur. Seçiciləri səfərbər etmək aləti olan tənqid artıq yerini daha balanslı, praqmatik siyasət qurmaq ehtiyacı ilə əvəzlənəcək. Bu zaman isə əvvəlki sərt qiymətləndirmələr enerji və xarici siyasət məhdudiyyətləri ilə uzlaşdırılmalıdır. Məhz bu səbəbdən gözlənilir ki, seçki dövründəki ritorikaya baxmayaraq, Macyarın real kursu daha mülayim və daha praqmatik olacaq. O, Orban dövründə formalaşmış sistemi tamamilə dağıtmağa yox, onu yeni şərtlərə uyğunlaşdırmağa, korrektə etməyə çalışacaq və güman ki, buna daha çox Avropa mexanizmlərinə daha sıx inteqrasiya yolu ilə, eyni zamanda artıq praktik əhəmiyyətini sübut etmək xarici əlaqələri qorumaqla nail olmaq istəyəcək.
Yeni şəraitdə xarici siyasət kursu: Bakı nə gözləməlidir?
Bütün bunlar tam şəkildə ölkənin xarici siyasət kursuna da aiddir. Peter Macyarın bəyanatlarına əsasən demək olar ki, Macarıstanın xarici siyasətində Qərblə daha sıx əlaqələr istiqamətində dəyişiklik olacaq. Onun əsas hədəfi Aİ ilə münasibətlərin bərpası, dondurulmuş vəsaitlərin geri qaytarılması və ittifaq daxilində yenidən «anlaşılan» tərəfdaşa çevrilməkdir. Əslində, bu, Budapeştin tədricən narahatlıq doğuran və həddən artıq müstəqil oyunçu rolundan imtina etməsi deməkdir.
Bununla belə, Qərbə yaxınlaşma Şərqdən kəskin qopma demək deyil. Yeni hökumətin Moskva ilə münasibətlərdə ehtiyatlı xətt seçəcəyi gözlənilir. Yəqin ki, indi Macarıstan bu istiqamətdə diqqətini siyasətdən çox enerji məsələlərinə yönəldəcək. Ukrayna ilə münasibətlər isə əksinə, ciddi şəkildə yaxşılaşa bilər. Bu istiqamətdə dialoqun bərpası və getdikcə fəallaşması gözlənilir. Lakin Macarıstan böyük ehtimalla, öz maraqlarını, xüsusilə enerji sahəsindəki maraqlarını qorumağa davam edəcək. Odur ki, bu münasibətlərin tam problemsiz olacağını düşünmək çətindir.
Yeni hakimiyyətin dövründə Çin istiqaməti ikinci plana keçə bilər. Lakin bu siyasətin nə qədər davam edəcəyini söyləmək mümkün deyil. Ən azı iqtisadi layihələrin qorunub saxlanacağını, lakin əvvəlki siyasi çəkisini itirəcəyini ehtimal etmək olar.
Türk vektoru isə şübhəsiz ki, yox olmayacaq. O, sadəcə daha praqmatik xarakter ala bilər. Macarıstan Aİ-də bu formata inteqrasiya olunmuş yeganə ölkədir və Avropanın Mərkəzi Asiyaya artan marağı fonunda bu, onun xeyrinə işləyə bilər. Məsələ ondadır ki, Macarıstan Türk dünyasında institusional mövcudluq formalaşdırıb. O, Türk Dövlətləri Təşkilatında da iştirak edir. Brüsselin Mərkəzi Asiyaya istər enerji, istər xammal, istərsə də nəqliyyat dəhlizləri baxımından fəal şəkildə çıxış yolları axtardığı bir şəraitdə belə «inteqrasiya olunmuş kanal» kifayət qədər praktik əhəmiyyət qazanır. Əslində, Budapeşt Avropa təşəbbüslərinin regionun xüsusiyyətlərinə uyğunlaşdırılmasında bir növ vasitəçi və ya giriş nöqtəsi rolunu oynaya bilər.
Bundan başqa, Aİ üçün Türk dünyası istiqaməti əsas mövzulardan olan enerji mənbələrinin şaxələndirilməsi və tranzit marşrutlarının inkişafı ilə də birbaşa bağlıdır. Söhbət təkcə qazdan yox, həm də daha geniş logistika şəbəkəsindən gedir – Avropanı Xəzər regionu, Mərkəzi Asiya və Çinlə birləşdirən Orta Dəhlizdər. Bu kontekstdə Macarıstanın türk formatında iştirakı «alternativ» Avropa siyasəti kimi deyil, əksinə onu tamamlayan element kimi görünməyə başlayır. Odur ki, Budapeşt bu istiqaməti özü üçün diplomatik aktivə çevirə bilər. Bu, bir yandan Aİ daxilində Macarıstanın mövqeyini gücləndirəcək, digər tərəfdən isə onun Brüsselə regionla əməkdaşlıq üçün əlavə imkanlar təqdim etməsinə şərait yaradacaq. Digər tərəfdən, bu, ölkənin özü üçün sürətlə inkişaf edən bazarlara və infrastruktur layihələrinə çıxışın qorunub saxlanması deməkdir.
Azərbaycanla münasibətlərə gəlincə, bu istiqamətdə də kəskin dəyişikliklər gözlənilmir. Enerji və tranzit o qədər vacib sahələrdir ki, onların yenidən nəzərdən keçirilməsi ehtimalı real görünmür. Güman ki, əməkdaşlıq davam edəcək, lakin indi bu, daha geniş Avropa enerji siyasətinin tərkib hissəsinə çevriləcək. Söhbət, ilk növbədə, Cənub Qaz Dəhlizindən gedir. Burada Avropanın əsas qaz təchizatçılarından biri kimi məhz Azərbaycan çıxış edir. Ənənəvi enerji marşrutlarında qeyri-müəyyənliyin davam etdiyi bir şəraitdə Brüssel obyektiv olaraq bu cür kanalların genişləndirilməsində maraqlıdır. Demək, Bakı ilə əməkdaşlıq artıq sadəcə ikitərəfli məsələ deyil. O, Aİ-nin enerji təhlükəsizliyi arxitekturasının bir hissəsinə çevrilir.
Daha bir vacib istiqamət nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Xəzər üzərindən və Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarının, o cümlədən Mərkəzi Asiya ilə əlaqələrin inkişafı Avropa üçün tədricən əsas istiqamətlərdən birinə çevrilir. Azərbaycan isə burada təkcə resurs tədarükçüsü yox, həm də mühüm logistika qovşağı rolunu oynayır. Bu, Macarıstan üçün qeyd olunan marşrutların son nöqtəsi kimi, infrastruktur layihələrində iştirakdan tutmuş, regional logistikada rolunun güclənməsinədək bir sıra imkanlar açır.
Beləliklə, düşünmək olar ki, yeni baş nazirin dövründə Budapeştin siyasəti daha sadə və praqmatik olacaq. Necə deyərlər, daha az siyasət, daha çox iqtisadiyyat. Kurs dəyişsə də, keçmişdən tam qopma olmayacaq. Qarşıdakı dövr yəqin ki, daha çox Viktor Orbanın hakimiyyəti illərində formalaşmış bazanın yeni şərtlərə uyğun şəkildə yenidən işlənməsi dövrünə çevriləcək. Çünki bu illər ərzində toplanmış potensialı silmək sadəcə, mümkün deyil.
MƏSLƏHƏT GÖR:







43

