ÇAT VERƏN İTTİFAQ
İran ətrafındakı mübahisələr və ABŞ Prezidenti Donald Trampın hədələri NATO-nun gələcəyini sual altına qoyur
Müəllif: Natiq NAZİMOĞLU
Qərbin hərbi-siyasi bloku 77 illik tarixinin ən ciddi böhran dövrünü yaşayır. Səbəb ABŞ və Avropa arasında dünya siyasətinin bir sıra aktual problemləri ilə bağlı ciddi fikir ayrılıqlarının yaranmasıdır. Bundan başqa, Şimali Atlantika Alyansı daxilindəki münasibətlərin özü də ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyada açıq narazılıq doğurur.
Tramp hədələyir
NATO-nun iki əsas sütunu olan ABŞ ilə Avropa İttifaqı arasında ciddi çatlar hələ Trampın ilk prezidentliyi dövründə yaranmışdı. O zaman Donald Tramp «Köhnə dünya» ölkələrindən müdafiə xərclərinin ciddi şəkildə artırılmasını tələb edirdi. 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra isə ABŞ lideri xüsusilə Rusiya-Ukrayna məsələsində daha sərt xətt tutur. Yeni respublikaçı administrasiya Kiyevə demokrat Co Baydenin dövründə göstərilən geniş dəstəyi davam etdirməkdən boyun qaçırıb. Nəticədə, Aİ Ukraynanı ABŞ silahları ilə öz hesabına təmin etmək məcburiyyətində qalıb.
Bundan başqa, Tramp administrasiyası «Amerikanı yenidən qüdrətli etmək» siyasətinə uyğun olaraq, NATO-dakı müttəfiqlərinə qarşı da sərt addımlar atıb. Xüsusilə Kanadaya ABŞ-ın yeni ştatına çevrilə biləcəyilə bağlı ünvanlanmış təhdidlər, Danimarkaya məxsus Qrenlandiya adasının ondan zorla qoparıla biləcəyilə bağlı hədələr xüsusi diqqət çəkib. Bu kontekstdə Aİ-nin Danimarkaya siyasi və mənəvi dəstəyi özünü çox gözlətməyib. Brüssel Vaşinqtonun Qrenlandiya ilə bağlı mümkün ilhaq planını pisləyib. Məhz bu təzyiqlərdən sonra Tramp adanın gələcəyilə bağlı danışıqlar aparmağa razılaşıb. Amma ABŞ-nin təbii sərvətlərlə dolu Qrenlandiyanı nəzarətə götürmək niyyətindən imtinasından söhbət getmir. Hər halda, Tramp bu ideyanı gündəmdə saxlayır. Onun çıxışlarında dəfələrlə Qrenlandiyadan bəhs etməsi də təsdiqləyir. O, dünyanın, o cümlədən NATO ölkələrinin diqqətinin daha aktual beynəlxalq problemlərə yönəldiyi dönəmlərdə belə, bu mövzunu kənara qoymur.
Fevralın 28-də ABŞ-nin İsraillə birlikdə İrana qarşı müharibəyə başlamasından sonra belə, Tramp Avropanı bir neçə dəfə Qrenlandiyanı «təslim etməməkdə» günahlandırıb. Amma ABŞ-Aİ münasibətlərində əsas böhran məhz İranla müharibə nəticəsində yaranıb. Hərbi əməliyyatlara başlanılmasından iki həftə sonra Vaşinqtonla Təl-Əvivin qarşıya qoyduqları məqsədə, ilk növbədə, İranda hakim rejimin devrilməsinə nail ola bilmədikləri aydınlaşdıqda, Ağ Ev NATO-dakı müttəfiqlərindən gözləntilərini dilə gətirib. O, formal olaraq müttəfiqlərinin köməyinə ehtiyac duymadığını göstərməyə çalışsa da, əslində, Avropa ölkələrindən İrana qarşı hərbi əməliyyatlara qoşulmalarını tələb edib. Avropa ölkələri isə nəinki Hörmüz boğazının blokadadan çıxarılması üçün oraya donanma göndərməyə razı olmayıblar, hətta ABŞ-yə bu məqsədlə onların ərazilərindəki bazalardan istifadə icazəsi belə, verməyiblər. Məsələn, İspaniya kimi nüfuzlu ölkə hava məkanını ABŞ təyyarələrinin üzünə bağlayıb. Nəticədə, Tramp müttəfiqlərini kəskin tənqid edərək, Alyansın «karton pələng»ə çevrildiyini, onun gələcəyinin «çox qaranlıq göründüyünü» bildirib. Ağ Ev sahibi müttəfiqlərini «qorxaq» adlandırıb, ABŞ-nin NATO ilə münasibətlərə yenidən baxa biləcəyini, hətta Alyansın sıralarını tərk etmək ehtimalı haqda «ciddi şəkildə düşündüyünü» söyləyib. NATO-nun Baş katibi Mark Rütte ilə aprelin 8-də keçirdiyi görüşdən sonra isə Tramp mövqeyini bir daha açıqlayıb: «Ehtiyacımız olanda NATO yanımızda yer almadı. Ona bir daha ehtiyacımız yaransa, yenə də yanımızda olmayacaq».
Avropalılar isə hesab edir ki, «İran problemi»nin eskalasiyasına görə bütün məsuliyyət Tramp administrasiyasının üzərinə düşür, çünki müharibəyə NATO və Aİ ilə məsləhətləşmədən başlanılıb. Almaniyanın mövqeyi xüsusi diqqət çəkir. Kansler Fridrix Merts ABŞ-nin İran əməliyyatlarının NATO ilə heç bir əlaqəsinin olmadığını bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə daha açıq danışıb: «Bu, bizim müharibəmiz deyil. Onu biz başlatmamışıq».
Bu kontekstdə Çexiya Prezidenti, eyni zamanda NATO-nun istefada olan generalı, Alyansın keçmiş Hərbi Komitə sədri Petr Pavelin bəyanatına diqqət çəkmək də yerinə düşər. O hesab edir ki, Donald Trampın NATO-nu İranla müharibə fonunda tənqid etməsi «yumşaq desək, ədalətsizlikdir». Çünki avropalı müttəfiqlər «başdan məqsədlər və əməliyyatlar barədə məlumatlandırılmayıb və faktiki olaraq, onlardan him əməkdaşlıq istəməyib». Pavel bildirib ki, «Tramp yalnız müharibənin gözlənilməz istiqamətdə inkişaf etməyə başlamasından sonra bildirib ki, avropalı müttəfiqlər Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi təmin etməlidirlər».
Avropa liderlərinin bu fikirlər Trampın narazılığını daha da artırıb. Aprelin 9-da ABŞ ilə İran arasında elan olunmuş, lakin Hörmüz boğazının açılmasını təmin etməyən atəşkəs razılaşmasından sonra Ağ Ev sahibi NATO-dakı müttəfiqlərinin ünvanına növbəti sərt tələblər paketini təqdim edib. Tramp bildirib ki, Alyans «bir neçə gün ərzində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmini üçün konkret hüquqi və hərbi öhdəliklərini təqdim etməlidir».
Lakin Avropanın aparıcı dövlətləri enerji maraqları baxımından bunun vacibliyini qəbul etsələr də, belə riskli təşəbbüsə qoşulmağa tələsməyiblər. Onlar xüsusilə hadisələrin necə inkişaf edəcəyinin qeyri-müəyyənliyi fonunda ehtiyatlı davranmağa üstünlük veriblər. Bu, ABŞ-nin NATO sıralarını mümkün tərk etməsi məsələsinin gündəmdə qalmasını zəmin yaradıb.
NATO-nu tərk etməyə maneələr
Bəs ABŞ-nin Şimali Atlantika Alyansını tərk edə biləcəyinə dair təhdidlər nə qədər realdır? Vaşinqton üçün Alyansda yer almağın ciddi geosiyasi üstünlüklər verdiyinə şübhə yoxdur – Avro-Atlantik məkanda liderlik, Avropada hərbi qüvvələrin yerləşdirilməsi və s…
Tramp administrasiyası, həqiqətən, belə qərar qəbul edərsə, bu, ciddi daxili maneələrlə də qarşılaşacaq. ABŞ qanunvericiliyinə görə, NATO sıralarını tərk etmək təşəbbüsü Senatda üçdə ikilik səs çoxluğu ilə təsdiqlənməlidir. Odur ki, bu qərarın qəbulu ehtimalı aşağı qiymətləndirilir. Yeri gəlmişkən, maraqlıdır ki, Vaşinqtonun Alynası tərk etməsi üçün senatorların çoxluğunun səsinin tələb olunduğunu təsdiqləyən qanun layihəsi 2023-cü ildə hazırkı dövlət katibi Marko Rubio tərəfindən irəli sürülmüşdü. O zaman senator olan Rubio NATO-nun zəifləməsi ehtimalını belə, qəbul etmirdi. Amma bu gün onun Tramp administrasiyasında Alyansa skeptik yanaşan fiqurlardan birinə çevrilməsi həmin qanunun hüquqi qüvvəsini dəyişmir. Tramp belə bir qərara imza atarsa, bu, böyük ehtimalla ABŞ Ali Məhkəməsində mübahisələndiriləcək və yəqin ki, Respublikaçılar Partiyası daxilində də siyasi böhrana yol açacaq.
Prosesi ləngidə biləcək daha bir məqam 1949-cu ildə Vaşinqtonda imzalanmış Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsidir. Həmin maddəyə əsasən, istənilən üzv ölkə Alyansdan çıxmaqla bağlı qərarını yalnız digər üzvləri məlumatlandırdıqdan bir il sonra gerçəkləşdirə bilər.
NATO daxilində baş verənlərdən gəlinəcək əsas nəticə ondan ibarətdir ki, ABŞ Alynası tərk etsə də, etməsə də, artıq oradakı birliyə ciddi zərbə dəyib. Vaşinqton bloku tərk etmədən belə, müttəfiqlərinə təyiq göstərməyə, Alyansın əvvəlki monolitliyini zəiflətməyə qadirdir. Məsələn, o, Avropadakı qoşunlarını geri çəkə, silah tədarükünü azalda, amerikalı generalların NATO rəhbərliyində təmsilçiliyini məhdudlaşdıra bilər. Başqa sözlə, Birləşmiş Ştatlar faktiki olaraq, «Köhnə dünya»nın təhlükəsizliyi ilə bağlı götürdüyü öhdəliklərdən geri çəkilmək iqtidarındadır.
Bütün bunlar əlbəttə ki, yalnız ABŞ yox, həm də Avropa üçün tarixi sınaqdır. Reallıq – o cümlədən Vaşinqtonla strateji tərəfdaşlığın zəifləməsi – Avropanı öz müdafiə qabiliyyətini gücləndirməyə, Aİ-ni daha müstəqil olmağa, Vaşinqtondan asılılığa son qoymağa sövq edir.
Avropa üçün imtahan
NATO daxilindəki böhran göstərir ki, Avropa (yalnız Aİ yox, yaxın keçmişdə ondan ayrılmış Böyük Britaniya da daxil olmaqla) artıq ABŞ-yə müttəfiqləri üçün kifayət qədər etibarlı tərəf kimi baxmır. «Köhnə dünya»nı narahat edən odur ki, Vaşinqton NATO-da qalsa da, qalmasa da, hər an Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini dəstəkləməkdən imtina edə bilər. Bu maddəyə əsasən, blok üzvlərindən birinə hücum halında kollektiv müdafiə təmin olunmalıdır. Bu gün Avropada bu narahatlıq xüsusilə ona görə güclüdür ki, Rusiyanın qərbli qonşularından hər hansına hücum ehtimalı artıq real təhlükə kimi qiymətləndirilir.
Belə narahatlıqlar fonunda avropalılar yaranmış vəziyyətdən çıxış yollarının müzakirəsinə başlayıblar. İndi onlar müdafiə sahəsində praktik addımların atılmasını gündəmə gətirirlər. Bu halda isə ortaya bir sıra suallar çıxır. Ən vacib sual ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən sonra ABŞ-ın «hərbi çətir»i altında rahat təhlükəsizlik şəratinə öyrəşmiş Avropa öz müdafiə strategiyasını radikal şəkildə yenidən qurmağa qadirdirmi? NATO üzvü olan Avropa ölkələri yenidən məcburi hərbi xidmətə qayıdacaqlarmı? Onlar sosial proqramların əhəmiyyətli dərəcədə azalması hesabına hərbi və hərbi-texniki sahəyə maliyyəni artıra biləcəklərmi? Xüsusilə xüsusi ehtiyac duyduğu dron texnologiyaları, hava hücumundan müdafiə sistemləri, hərbi və nəqliyyat aviasiyası kimi sahələrə böyük sərmayələr yatırmaq mümkün olacaqmı?
Daha bir son dərəcə vacib sual: Fransa ilə Böyük Britaniya nüvə potensiallarını NATO-nun istifadəsinə verə biləcəklərmi? Hər halda, ABŞ-nin Alyansı tərk edəcəyi təqdirdə bu, xüsusi əhəmiyyət qazanacaq məsələdir. Üstəlik, onların nüvə potensialı ABŞ ilə müqayisədə xeyli zəifdir. Sadəcə, Avropada yalnız Fransa ilə Britaniyanın nüvə imkanlarına sahib olmaları onları burada yeganə güc mərkəzinə çevirir. Bu əməkdaşlıq olmadan nə Aİ-nin, nə də ABŞ-siz NATO-nun «böyük geosiyasi güc» statusundan danışmaq mümkündür.
Beləliklə, Avropa istənilən halda strateji suverenlik mərhələsinə keçmək məcburiyyətindədir. ABŞ-nin NATO sıralarını tərk edəcəyi halda isə Alyansın yenidən qurulması gündəmə gələ bilər. Kanadanın bloka üzvlüyü nəzərə alınarsa, struktur trans-Atlantik çərçivədən kənarda da mövcud ola bilər. Qalır əsas sual: müasir Avropa ABŞ-nin liderliyi olmadan özünü təmin edə, həmçinin müstəqil inkişaf edə biləcəkmi?
Qlobal geosiyasətin gələcəyini müəyyən edəcək ən ciddi suallardan biri əlində elə budur.
MƏSLƏHƏT GÖR:



43

