7 May 2026

Cümə axşamı, 15:57

SONU OLMAYAN MÜHARİBƏ

ABŞ-İran dialoqu razılaşmaya çevrilmədən pozulub

Müəllif:

15.04.2026

ABŞ-İran arasında İslamabadda keçirilən və bütün dünyanın diqqətlə izlədiyi danışıqlar nəinki nəticəsiz başa çatıb, üstəlik, beynəlxalq gərginliyi daha da artırıb. Müzakirələrdən əvvəl tərəflərin, heç olmasa, razılaşma imkanlarını yoxlayacaqlarına müəyyən ümid var idisə, görüşdən sonra artıq bu ssenariyə yalnız həddindən artıq nikbin olanlar ümid edə bilər.

 

Müharibənin iqtisadiyyatı

ABŞ Prezidenti Donald Tramp son dövrlərdə səsləndirdiyi «İranı daş dövrünə qaytarmaq» təhdidinə baxmayaraq, aprelin 8-nə keçən gecə müvəqqəti atəşkəs elan edib. Nəticədə, belə bir təəssürat yaranıb ki, regiondakı hərbi eskalasiya nisbətən sabitliklə əvəzlənə bilər. Hamı anlayır ki, münaqişə tərəfləri onun uzanmasının hər iki tərəf üçün səmərəsiz olduğu nöqtəyə yaxınlaşıblar. Birləşmiş Ştatlar üçün əsas problem döyüş əməliyyatlarının bahalılığıdır. Yüksək dəqiqlikli silahlarla intensiv zərbələr müharibənin ən bahalı formalarındandır. Məsələn, «Tomahawk» tipli qanadlı raketin qiyməti 1-2 milyon dollar arasında dəyişir. Aviasiya sursatları isə hər vahid üçün yüz minlərlə dollar dəyərindədir. Strateji aviasiyanın bir saatlıq fəaliyyəti logistika xərcləri nəzərə alınmadan on minlərlə dollara başa gəlir. Hətta gündəlik məhdud raket zərbələri belə, yüz milyonlarla dollar xərc deməkdir. Buraya qüvvələrin daşınmasını, aviadaşıyıcı qrupların saxlanmasını, hava hücumundan müdafiə, kəşfiyyat və peyk təminatı xərclərini də əlavə etmək lazımdır. Nəticədə, əməliyyatlar gündəlik büdcə xərclərini sürətlə artırır.

Bundan başqa, İran tez bir zamanda sıradan çıxarılacaq hədəf deyil. Onun infrastrukturu səpələnmiş vəziyyətdədir, obyektlərin bir hissəsi yerin altındadır, hərbi potensial isə bir mərkəzdə cəmləşməyib. Bu, o deməkdir ki, bahalı zərbələr həlledici nəticə vermir. Yəni sistem tam dağılmır, cavab imkanları qalır. Bu vəziyyətdə real nəticə əldə etmək üçün daha çox vaxt və resurs tələb olunur ki, bu da kampaniyanın dəyərini daha da artırır.

Paralel olaraq, bazar vasitəsilə dolayı xərclər də artır. Hörmüz boğazında gəmiçiliyə hətta məhdud təzyiq belə, dünyada qiymətlərə təsir göstərir. Beləliklə, ABŞ-nin birbaşa yüksək hərbi xərclərlə üzləşdiyi halda İran daha ucuz vasitələrlə – təhdidlər, ayrı-ayrı nöqtələrdə sabitliyin pozulması və s. – iqtisadi təsir yarada bilir. Bununla yanaşı, qeyd edildiyi kimi, sürətli nəticələr əldə olunmur. İranın infrastrukturu və hərbi potensialı əsasən qorunur, bu isə məqsədlərə çatmaq üçün daha uzun və bahalı kampaniyaya ehtiyacın olduğunu göstərir.

Bu şəraitdə eskalasiyanın davamı iqtisadi baxımdan sərf etmir. Çünki xərclərin artımı problemin həllindən daha sürətlə gedir. Nəticədə, atəşkəs xərclərin nəzarətdən çıxmasındansa, əldə olunanların qorunması cəhdinə bənzəyir.

İran da öz növbəsində, imkanlarının sonuna yaxınlaşır. İqtisadiyyatı ixracdan kritik həddə asılı olan islam respublikasının infrastrukturunun qismən belə zədələnməsi ölkənin gəlirlərini azaldır, milli valyuta və inflyasiya təzyiqini artırır, logistika xərcləri yüksəlir, neft daha ucuz qiymətə satılır, üstəlik, hərbi xərclər artır.

Beləliklə, güzgü effekti yaranır: ABŞ bahalı, eyni zamanda sürətli nəticə verməyən müharibə ilə üzləşir, İranda isə iqtisadiyyat zəifləyir. Başqa sözlə, hər iki tərəfi münaqişənin uzanmasının sərfəli olmadığı nöqtəyə yaxınlaşır və nəticədə, maraqlar müəyyən mənada üst-üstə düşməyə başlayır. Vaşinqton uzunmüddətli kampaniyadan qaçmaq üçün fasiləyə, Tehran isə iqtisadi təzyiqi azaltmağa ehtiyac duyur. Məhz buna görə də atəşkəs hər iki tərəf üçün rasional qərar kimi görünür.

Hazırda Birləşmiş Ştatlar üçün ən azı formal nəticəni müəyyən etmək, uzun və bahalı müharibəyə cəlb olunmamaq vacibdir. Trampın «məqsədlərə nail olunduğu», «rejim dəyişikliyi» haqda bəyanatları diplomatiyaya mümkün keçid üçün əvvəlcədən hazırlanmış siyasi çərçivə təsiri bağışlayır. Təcrübədə isə nə rejim dəyişikliyi, nə də məsələnin hərbi yolla tam həlli mümkündür.

İrana gəldikdə, onun əsas məqsədi təzyiqlərə tab gətirdiyini, danışıqlar formatını diktə edə bildiyini göstərməkdir. Hər halda, məhz o Hörmüz boğazını əvvəl «bağladı», sonra «açdı». Üstəlik, danışıqlar Vaşinqtonun təklif etdiyi 15 bənddən ibarət paket üzrə yox, İranın 10 maddəlik təklifləri üzərində aparılır. Söhbət hərbi əməliyyatların dayandırılmasından, rejim dəyişikliyi ssenarisindən imtinadan, sanksiyaların mərhələli şəkildə (ilk növbədə, enerji sahəsində) ləğvindən, razılaşdırılmış məhdudiyyətlər çərçivəsində nüvə proqramının hüdudlarının tanınmasından, zərbələrin dayandırılmasından və dondurulmuş aktivlərin bir hissəsinin geri qaytarılmasından gedir.

Bütün bunlar, əlbəttə ki, qüvvələr nisbətini dəyişir. Münaqişənin digər iştirakçısı İsrail faktiki olaraq, ABŞ ilə İran arasındakı dialoqda formalaşan parametrləri nəzərə almaq məcburiyyətində qalır, çünki o, Tehranla təkbaşına genişmiqyaslı müharibə aparmaq gücündə deyil.

 

Pakistan mediator rolunda

Yaranmış dinamikanı nəzərə alan Pakistan Vaşinqtonla Tehran arasında danışıqlarda vasitəçilik etmək təklifini irəli sürüb və diplomatik kanallarla ilkin təmasları başladıb. Martın 29-da İslamabadda Türkiyə, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla, region dövlətlərinin iştirakı ilə görüşlər keçirilib. Görüşlərdə deeskalasiya məsələləri müzakirə olunub. Martın 31-də isə Pekində Pakistan və Çinin xarici işlər nazirləri İran ətrafındakı vəziyyəti müzakirə ediblər. Bütün bunlar göstərir ki, İslamabadın vasitəçilik səyləri dolayısı ilə onun əsas tərəfdaşları, o cümlədən Çin ilə koordinasiya edilir.

Aprelin əvvəlində Pakistan artıq ABŞ və İranla təmasları davam etdirərək, tərəflərin mövqeyini bir-birinə çatdırır və atəşkəsin mümkün şərtlərini müzakirə edirdi. Məlumata görə, aprelin 5-7-də Pakistan kanalları vasitəsilə müvəqqəti atəşkəsin konkret formatı razılaşdırılıb və nəhayət, aprelin 8-nə keçən gecə Hörmüz boğazının müvəqqəti açılması da daxil olmaqla, razılaşma elan edilib.

İslamabadın vasitəçiliyi sırf praktik xarakter daşıyırdı. Siyasi səviyyədə prosesə ölkə rəhbərliyi və Xarici İşlər Nazirliyi cəlb olunsa da, paralel olaraq hərbi rabitə kanallarından da istifadə edilirdi. Məlumata görə, atəşkəsin parametrləri üzrə əsas təmaslar Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munirinin iştirakı ilə aparılıb. O, ABŞ tərəfi ilə əlaqə saxlayır, eyni zamanda mesajların İran tərəfinə ötürülməsini təmin edirmiş.

Danışıqlar birbaşa yox, vasitəçi kanallar vasitəsilə aparılıb və burada əlaqələndirici rolu məhz Pakistan oynayıb. Söhbət «backchannel diplomacy» adlandırılan xüsusi təhlükəsizlik və atəşkəs şərtləri kimi həssas məsələlərin razılaşdırıldığı qapalı diplomatik təmaslardan gedir. Kritik məqamda, danışıqların iflas həddinə çatdığı vaxt atəşkəsin parametrləri məhz hərbi kanallar vasitəsilə razılaşdırılıb ki, bu da onların prosesin nəticəyə çatdırılmasında əsas rol oynadıqlarını göstərir.

 

Müharibəyə aparan danışıqlar

Bunu aprelin 11-də ABŞ ilə İran arasında İslamabadda başlayan birbaşa danışıqlar da açıq şəkildə ortaya qoyub. Müzakirəlr gözlənilən nəticəni verməsə də, görüş müharibədən sonra mümkün kompromisin real sərhədlərini müəyyənləşdirib. Vaşinqtonla Tehranın danışıqlarda kifayət qədər geniş nümayəndə heyəti ilə təmsil olunmaları İslamabadda qəbul oluna biləcək həll yollarının tapılmasına çalışıldığını göstərib. ABŞ nümayəndə heyətinə vitse-prezident S.D.Vens, iranlılara isə parlamentin sədri Məhəmməd Bager Qalibaf rəhbərlik edib. Bu, faktiki olaraq, İranda 1979-cu ildə baş vermiş islam inqilabından sonra Vaşinqtonla Tehran arasında bu səviyyəli ilk görüş idi.

Lakin nəticə gözləntiləri doğrultmayıb və tərəflər öz mövqeyində qalıblar.

Qeyd etmək lazımdır ki, Vaşinqton hərbi kampaniyada əldə etdiyi uğurları İran üçün strateji məhdudiyyətlər formasında, ilk növbədə, nüvə mövzusu üzrə məhdudiyyətlərlə möhkəmləndirməyi planlaşdırırdı. Amerikalılar razılaşmanın əsas şərti kimi də məhz bunu irəli sürmüşdülər. Lakin Tehran gözlənildiyi kimi, bu şərtlərlə razılaşmayıb və münaqişənin dayandırılması üçün özünün 10 şərtdən ibarət planını irəli sürüb. Ümumiyyətlə, İran İslamabad danışıqlarında öz xəttini elə qurmuşdu ki, nadir yaranmış fürsətdən yararlanaraq, özü üçün ən münasib şərtləri əldə etsin. O, xüsusilə sanksiyaların yumşaldılması və ya ləğvi, dondurulmuş aktivlərin geri qaytarılması, nəinki ona, Livana qarşı da hərbi əməliyyatların dayandırılması, eləcə də Hörmüz boğazı ətrafında xüsusi rejimin tətbiqi məsələsinin də yer alacağı daha geniş razılaşma paketinə nail olmaq istəyirdi. Başqa sözlə, İran tərəfi danışıqlara müharibənin ABŞ tərəfindən irəli sürülən şərtlərlə dayandırılmasını xahiş etmək üçün yox, postmüharibə dövrü üçün yeni qüvvələr balansına dair sövdələşmə üçün qatılmışdı. Qalibaf danışıqlardan sonra kifayət qədər sərt mövqedən çıxış edərək bildirib ki, artıq əsas məsələ Vaşinqtonun, ümumiyyətlə, Tehranın etimadını qazanmağa qadir olub-olmamasıdır.

Danışıqların ən həssas məqamlarından biri Hörmüz boğazı ətrafındakı vəziyyətdir. Əslində, İslamabadda iki fərqli mövqe yox, müharibədən sonrakı düzənlə bağlı iki fərqli model toqquşub. ABŞ üçün əsas məsələ sərbəst gəmiçilik, qlobal enerji dəhlizinin əsas hissəsi olan bu marşrut ilə neft-qaz daşımalarının normal şəkildə bərpasıdır. Təsadüfi deyil ki, İslamabad danışıqlarının iflasından cəmi bir neçə saat sonra Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin dünyanın ən mühüm dəniz yollarından olan Hörmüz boğazını «dərhal» blokadaya almağa başlayacağını bəyan edib. O, zərurət yaranacağı təqdirdə Birləşmiş Ştatların daha ciddi gərginliyə hazır olduğunu deyib, Vaşinqtonun «uyğun məqamda» hərəkətə hazır olduğunu bildirib. Bununla yanaşı, Tramp İranın nüvə iddialarını növbəti dəfə əsas problem kimi təqdim edib.

Tehran üçün isə boğaza nəzarət ağır müharibədən sonra belə, öz şərtlərini diktə edə bildiyini nümayiş etdirmək, bununla da, danışıqlarda mövqelərini qoruyub saxlamaq imkanı verir. Nə qədər ki, Tehranın əlində bu rıçaq var, onunla aparılan danışıqlar heç bir halda kapitulyasiya müzakirəsi kimi qiymətləndirilə bilməz.

Sürətli razılaşma perspektivini zəiflədən daha bir amil Livan istiqamətidir. İran israrla atəşkəsin Livana da şamil edilməli olduğunu bildirir. Məsələ ondadır ki, Livan ərazisində «Hizbullah»ın mövqelərinə zərbələr davam etdirilir. ABŞ ilə İsrail bu hərbi əməliyyatları avtomatik olaraq ABŞ-İran razılaşmasına daxil etməyi düşünmürlər. Bu isə bütün prosesi xeyli mürəkkəbləşdirir. Vaşinqtonla Tehran nüvə proqramı və sanksiyalarla bağlı müzakirələrdə qarşılıqlı anlaşmya yaxınlaşsalar belə, Livan istiqaməti kompromisin pozulması üçün potensial mexanizm olaraq qalacaq. Mövcud mərhələnin əsas xüsusiyyətlərindən biri məhz budur.

Beləliklə, münaqişənin davam etmə ehtimalının başa çatma şansından daha çox olduğunu söyləmək mümkündür. Üstəlik, baş verənlərin məntiqi onun «spiral effekti» ilə inkişaf edə biləcəyini də göstərir – yeni eskalasiya mərhələlərinə, İranla üçüncü və s. müharibələrədək. Yəni qarşıdurma Tehranın qarşı tərəfə cavab vermək imkanı tükənənədək və ya Trampın özünü qalib hesab etməsinədək uzana bilər.



MƏSLƏHƏT GÖR:

85