ÖLDÜRÜCÜ TORPAQ
Azərbaycanda mina təhlükəsi sülhə, insanların geri qaytarılmasına və azad edilmiş ərazilərin inkişafına əsas maneə olaraq qalır
Müəllif: Namiq H. ƏLİYEV
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina təhlükəsi, sadəcə, müharibənin izi deyil, həm də onun bir davam şəklidir. İndi partlayışlar sülh dövründə baş verir, evlərinə qayıtmış, quruculuq işləri aparan, əkin əkən, yol çəkən insanları şikəst qoyur və ya öldürür. Bu, artıq «mina terroru» adlı bir reallıqdır.
Minalarla ən çox çirklənmiş ölkələr sırasında
Təsadüfi deyil ki, 2005-ci il dekabrın 8-də BMT Baş Assambleyasının qətnaməsi ilə Mina təhlükəsi haqda maarifləndirmə üzrə beynəlxalq gün belə təsis edilib. Həmin gün – 4 aprel – Azərbaycan üçün hansısa abstrakt tarix yox, gündəlik təhlükənin xatırlatmasıdır. Dünyada humanitar standartların müzakirə edildiyi halda burada insanlar ayaq basdıqları torpağın hələ də partlayış təhlükəsi daşıdığı şəraitdə yaşayırlar.
Azərbaycan dünyada minalardan ən çox çirkəlnmiş 10 ölkə sırasında yer alır. 2020-ci ildə hərbi əməliyyatların başa çatmasından 2026-cı ilin aprelinədək olan dövrdə istər mülki şəxslər, istərsə də hərbçilər arasında müntəzəm olaraq minaya düşənlər qeydə alınır. Buradakı rəqəmlər isə sadəcə statistika deyil, bir faciənin xronikasıdır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, 10 noyabr 2020-ci ildən 2026-cı ilin aprelinədək 421 nəfər mina qurbanına çevrilib. Onlardan 72-i həlak olub, 349 nəfər yaralanıb. 30 il ərzində isə ümumilikdə təxminən 3,5 insan mina partlayışından zərər çəkib. Onların arasında 362 uşaq və 38 qadın da var. Bu, artıq hərbi əməliyyatların nəticəsi deyil, onun başqa vasitələrlə davamıdır.
Azərbaycanda mina çirklənməsinin miqyası, həqiqətən, də heyrət doğurur. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, işğal dövründə ölkə ərazisinin, təxminən, 12%-i 1,5 milyondan çox mina ilə çirkləndirilib. Üstəlik, söhbət heç də yalnız cəbhə xəttindən getmir: yollar, qəbiristanlıqlar, kənd təsərrüfatı sahələri, yaşayış məntəqələrinin ətrafı və s. də minalanıb. Bu, baş verənlərə verilməli olan qiyməti əsaslı şəkildə dəyişir. Bu, hərbi məntiq çərçivəsindən çıxaraq, məcburi məğlubiyyət xarakteri alır.
Bu gün Azərbaycan, sadəcə, problemi qeydə almaqla yox, onun sistemli şəkildə həlli ilə də məşğuldur. Ölkədə minatəmizləmə işlərinin miqyası çox böyükdür. Son məlumata görə, artıq 261551 hektar ərazi minalardan təmizlənib. İşlər fasiləsiz şəkildə davam etdirilir. Yalnız aprelin ilk həftəsində 900 hektar ərazidə işlər görülüb, onlarla mina və minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib.
Milli prioritet
Minalarla çirklənmə təbii olaraq, Qarabağ və Şərqi Zəngəzurun bərpasını ləngidir. Bu, yolların tikintisinə, keçmiş məcburi köçkünlərin geri qayıdışına, kənd təsərrüfatının inkişafına mane olur. Əslində, söhbət postmünaqişə inkişafının ləngidilməsindən gedir. Torpaq azad edilib, lakin yaşayış üçün hələ də yararsızdır – əsas humanitar paradoks da məhz budur. Hər partlayan mina Azərbaycan xalqına Ermənistanın təcavüzünü, erməni işğalını xatırladır.
Məhz buna görə Azərbaycanda minatəmizləmə milli prioritet kimi qiymətləndirilir. Dövlət yalnız texniki tədbirlərlə kifayətlənmir. Məsələn, bu ilin mart və aprel aylarında ölkə başçısı «Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Fərmanı, həmçinin «Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin «Minatəmizləmə sahəsində xidmətlərə görə» medalı ilə təltif edilməsi haqqında» sərəncam imzalayıb.
Bu, problemin müvəqqəti deyil, strateji xarakter daşıdığını göstərir.
Məsələnin başqa bir tərəfi isə beynəlxalq-hüquqi aspektidir. Piyada əleyhinə minaların istifadəsinin, ehtiyatının toplanmasının, istehsalının və ötürülməsinin qadağan edilməsi və onların məxfi haqqında Konvensiya (Ottava Konvensiyası) toxunuş nəticəsində avtomatik partlayan minaları, tələləri və digər oxşar qurğuları müharibədə istifadəsi qadağan edilmiş vasitələr kimi tanıyır. Sənəd 3 dekabr 1997-ci ildə Ottavada imzalanıb və 1 mart 1999-cu ildə qüvvəyə minib. Onun verdiyi əsas mesaj aydındır: piyada əleyhinə minalardan heç zaman heç bir şəraitdə istifadə etmək olmaz! Bu öhdəlik silahlı münaqişələrin bütün formalarına şamil olunur. Piyada əleyhinə mina seçimsiz təsir göstərir və uzun müddət aktiv qalır. Onun partlaması nəticəsində alınan xəsarətlər də xüsusilə ağır olur. Bu silahın məqsədi yalnız öldürmək yox, daha çox hallarda insanı ömürlük şikəst etməkdir. Yəni məntiq sadə və qəddardır: mina nə əsgəri uşaqdan, nə müharibəni sülhdən fərqləndirir. Nəticədə, böyük ərazilər istifadəyə yararsız hala düşür.
Əsas problem və Ermənistanın məsuliyyəti
Dünya təcrübəsində bu cür nəticələrin aydın nümunələri var: Əfqanıstan, Anqola, Kamboca onilliklərdir kütləvi minalanmanın ağır nəticələrini yaşayır. Eyni zamanda bəzi dövlətlərin mina sahələrinin xəritələrini qarşı tərəfə verdiyi, üstəlik, minatəmizləmə prosesində iştirak etdiyi, beynəlxalq qurumlarla əməkdaşlıqdan çəkinmədiyi hallar da var. Bu, əlbəttə ki, məsuliyyətin göstəricisi və etimadın bərpasına doğru addım kimi qiymətləndirilir. Cənubi Qafqazda isə hələ ki, belə hal müşahidə olunmur. Burada minalı sahələrin dəqiq xəritələrinin olmaması əsas problemlərdən biri olaraq qalır. Bu, sadəcə texniki çatışmazlıq yox, həm də qurbanların sayını artıran amildir. Xəritədəki hər bir səhv kiminsə həyatı deməkdir. Hər bir qeyri-dəqiq məlumat həm minaaxtaranlar, həm də mülki əhali üçün risk yaradır.
Bu kontekstdə Ermənistanın məsuliyyəti məsələsi prinsipial xarakter alır. Söhbət təkcə keçmişdən yox, həm də bugünkü vəziyyətdən gedir. Minalanma kütləvi xarakter daşıyıb və mülki əraziləri də əhatə edibsə, bu, artıq humanitar hüquq pozuntusu səviyyəsinə qalxır. Ermənistanın öz Cinayət Məcəlləsində «Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə» adlanan 33 fəslin 387-ci maddəsində müharibə aparılmasının qadağan edildiyi vasitə və üsullardan istifadədən danışılır. Həmin maddəyə əsasən, hərbi əməliyyatlar və ya silahlı münaqişələr zamanı beynəlxalq müqavilələrlə qadağan edilmiş vasitə və üsulların tətbiqi iyirmi ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Kütləvi qırğın silahlarının tətbiqi və ya sınağı isə (əgər həmin silahlar ölkənin qoşulduğu beynəlxalq müqavilələrlə qadağan edilibsə) on iki ildən iyirmi ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Demək, İrəvan Azərbaycanın işğal olunmuş ərazilərini minalayan və mina sahələrinin xəritələrini təqdim etməkdən boyun qaçıran şəxsləri cinayət məsuliyyətinə cəlb etməlidir. Ermənistan Ottava Konvensiyasına qoşulmasa da, bu məsuliyyət qüvvədədir.
Qeyd etmək lazımdır ki, 387-ci maddənin birinci hissəsində «beynəlxalq müqavilə ilə qadağan edilmiş vasitə və üsulların tətbiqi» ilə bağlı məsuliyyət Ermənistan Respublikasının həmin universal müqaviləyə qoşulub-qoşulmamasından asılı olmayaraq nəzərdə tutulur. Qanunvericilər bu normaya məhz humanitar yanaşma əsasında belə məna veriblər – ümumbəşəri dəyərlər konkret siyasi qərarlardan və ya seçimlərdən asılı olmamalıdır. Elə həmin maddənin ikinci hissəsi isə artıq «Ermənistan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə qadağan edilmiş kütləvi qırğın silahlarının tətbiqi və ya sınağı»ndan bəhs edir.
Beləliklə, Ermənistanın Cinayət Məcəlləsinə əsasən, sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayət törətmiş şəxslər layiqli cəzalarını almalıdırlar.
Bəs etiraf və peşmanlıq olmadan həqiqi barışıq mümkündürmü? Tövbə siyasi yox, praktiki kateqoriyadır. Onun əsas sübutu bəyanatlar deyil, konkret addımlardır. Bu halda söhbət minatəmizləmədə iştirakdan, tam və dəqiq mina xəritələrinin təqdim olunmasından, humanitar missiyalara dəstəkdən gedir. Postmünaqişə ritorikasını real fəaliyyətə məhz bu cür minimal addımlar çevirə bilər. Bu baş vermədiyi müddətcə minalar öz dağıdıcı funksiyasını davam etdirir. Onlar təkcə insanları öldürmür, həm də etimadı məhv edir, sülh prosesini ləngidir, gələcəyi keçmişin girovuna çevirir.
Bu gün Azərbaycan bu təhlükə ilə mübarizənin öq cəbhəsindədir. Mina terroru lokal problem deyil. O, beynəlxalq təhlükəsizlik sistemi üçün çağırışdır və bu sistemin insanın fundamental hüquqlarını qoruma qabiliyyəti ilə bağlı bir sınaqdır. Partlayışlar sülh prosesini ləngidir. Nə qədər ki, torpağın altında minalar gizlənib, müharibə bitmiş hesab oluna bilməz.
MƏSLƏHƏT GÖR:



81

