12 İyun 2026

Cümə, 14:20

XƏZƏR SEÇİMİ

Region ölkələri dayanıqlı neft ixracının formulunu axtarır

Müəllif:

01.05.2026

Qlobal enerji bazarlarının sürətli transformasiyası fonunda Xəzər və Mərkəzi Asiya regionları “perspektivli” kateqoriyasından çıxaraq dünya enerji təhlükəsizliyinin sistem yaradan elementləri statusuna inamla keçir. Hələ bu yaxınlara qədər konsepsiya olaraq müzakirə edilən Orta Dəhliz bu gün Şərqlə Qərbi neft, neft məhsulları və neft-kimya axınları ilə birləşdirən real və getdikcə daha çox tələb olunan marşruta çevrilir.

Səmərəliliyin əsas şərti “əlaqəli düşüncə” adlanan yanaşmadır: hasilat şirkətlərindən nəqliyyat operatorlarına və maliyyə institutlarına qədər zəncirin bütün iştirakçılarının fəaliyyətlərini koordinasiya etmək.

Məhz bu ideya Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya regionunda neft logistikası və ticarəti üzrə ikinci forumun əsas mövzusu olub.

 

Risk və gəlirlilik nisbəti

“S&P Global Energy”nin meneceri Uesli Monteyrunun forumda qeyd etdiyi kimi, Yaxın Şərqdə artan gərginlik fonunda Xəzər tədricən yeni qlobal konfiqurasiyanın bir hissəsinə çevrilir. Xüsusilə ənənəvi tədarük marşrutlarının qeyri-sabitliyi nəzərə alınsa, mövcud vəziyyət artıq investorların risk və gəlirlilik nisbətinə yanaşmalarını yenidən nəzərdən keçirməsinə gətirib çıxarır. Bu kontekstdə, U.Monteyrunun fikrincə, Hörmüz boğazındakı vəziyyətdən asılı olmayaraq, tədarüklərin nisbi dayanıqlılığını təmin edə bilən regionlar ön plana çıxır.

Eyni zamanda forum çərçivəsindəki müzakirələr göstərib ki, ümumi strateji vektora baxmayaraq, region bir sıra sistemli məhdudiyyətlərlə üzləşir.

“AGB Energy”nin baş direktoru Sergey Revzin, xüsusilə, treyderlərin üzləşdiyi tarif qeyri-sabitliyi problemini vurğulayıb: “Biz çox vaxt malı bir tariflərlə alırıq, lakin daşınma prosesində onlar artır. Bu, biznesin rentabelliyinə mənfi təsir göstərir. Bizim təklifimiz isə bir fraxt ili üçün sabit tariflərdir”.

“KMG Kashagan”ın nümayəndəsi Kuanış Keskinbayev isə Orta Dəhlizin neft ixracı üçün mühüm alternativ kimi artan rolunu təsdiqləməklə yanaşı, onun inkişafının infrastruktur məhdudiyyətləri və daha yüksək daşınma dəyəri ilə ləngidildiyini qeyd edib.

Eyni zamanda o vurğulayıb ki, Qazaxıstan neftinin 80%-i hələ də Xəzər Boru Kəməri Konsorsiumu (KTK) vasitəsilə nəql olunur. Qalan həcmlər Rusiyanın Novorossiysk və Ust-Luqa limanları, həmçinin “Dostluq” boru kəməri daxil olmaqla, digər marşrutlar vasitəsilə yönləndirilir: “Dostluq” üzrə bu gün müəyyən siyasi məsələlər yaranır ki, bu da diversifikasiyanı və tədarüklərin tranzitini məhdudlaşdırır. Ola bilsin ki, bu, Orta Dəhliz vasitəsilə nəqliyyat həcmlərinin artmasına kömək edəcək”.

Bu məqamda qeyd edək ki, hazırda Orta Dəhlizin ötürücülük qabiliyyəti ildə 5 milyon tona qədər neft təşkil edir. Onun artırılması zərurəti yarandıqda Aktau liman infrastrukturuna, tanker donanmasına və müşayiət edən güclərə investisiyalar tələb olunacaq.

K.Keskinbayev, həmçinin qeyd edib ki, bu marşrut üzrə daşınma daha baha başa gəlir, lakin xərclərin bir hissəsi Azərbaycan neftinin Xəzər Boru Kəməri Konsorsiumu qarışığı ilə müqayisədə daha yüksək qiyməti hesabına kompensasiya olunur. Nəticədə, xalis satış gəlirindəki fərq o qədər də böyük deyil, buna baxmayaraq, Xəzər Boru Kəməri Konsorsiumu daha əlverişli marşrut olaraq qalır.

“SOCAR Trading”in kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə də vurğulayıb ki, nisbətən yüksək daşınma dəyərinə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri rəqabət qabiliyyətini qoruyur: “Qazaxıstan tərəfdaşlarının qiymətləndirmələrinə görə, nəqliyyat xərcləri orta hesabla təxminən 90 dollar təşkil edir. Bu, Xəzər dənizi üzərindən daşınma, daxili nəqliyyat və sonradan Ceyhan limanına çatdırılma mərhələləri ilə bağlıdır”.

Eyni zamanda, marşrutun bütün elementləri eyni sürətlə inkişaf etmir. “SOCAR Georgia Petroleum”un kommersiya departamentinin rəhbəri Mirza Şavqulidze bildirib ki, Gürcüstanın nəqliyyat-logistika inkişafı üçün əsas çağırış dəmir yolu infrastrukturunun məhdud ötürücülük qabiliyyəti və neft məhsulları üçün kifayət qədər anbar həcminin olmamasıdır. Amma Gürcüstana bir sıra logistik məsələləri həll etmək təklif olunur. Söhbət, ilk növbədə, dəmir yolu vaqonları ilə təchizatdan gedir. O, hazırda əsas “dar boğaz”dır. “Yalnız bu məhdudiyyətlər aradan qaldırıldıqdan sonra daşınma həcmlərinin artırılmasından söhbət gedə bilər”, - M.Şavqulidze hesab edir.

 

Qeyri-adi ideyalar

“Central Asia Marketing”in təsisçisi Kolin Nesbet yeni marşrutların inkişafını mövcudların əvəzedicisi kimi deyil, strateji tamamlayıcı kimi nəzərdən keçirməyi təklif edib: “Azərbaycan, Qazaxıstan və Türkmənistanın neft ixracı üçün ehtiyat yollar yaratması lazımdır. Bu, bütün sistemin dayanıqlığı məsələsidir.

O bildirib ki, bunun üçün Xəzərin hər iki tərəfində dəmir yolu və liman infrastrukturlarına əhəmiyyətli investisiyalar tələb olunur. Uzaqdan yanalma qurğularının quraşdırılması əsas həll yollarından biri ola bilər. “Qurğular dənizdə sahildən 2-3 kilometr məsafədə yerləşdirilir. Xüsusilə Bakı və Kurık sahillərində APL şirkətinin dəstəklədiyi SAL sistemi istifadə oluna bilər. Tankerin saxlanması üçün yedək gəmilərin tələb olunduğu ənənəvi uzaqdan yanalma qurğularından fərqli olaraq, SAL texnologiyası bu ehtiyacı aradan qaldırır”, - K.Nesbet vurğulayıb.

Daha bir mühüm ideya “gözlənilməz hallar üçün müqavilələr” adlanan konsepsiya olub. K.Nesbetin sözlərinə görə, hətta nisbətən kiçik həcmlər, məsələn, ümumi hasilatın 40 milyon ton olduğu şəraitdə ildə 5 milyon ton neft etibarlı ehtiyat marşrutunun mövcudluğunu təmin etməyə imkan verir.

Maliyyə alətləri mövzusu da vacib istiqamətlərdən biri idi. “SOCAR Trading”in treyderi Anar Həbib risklərin hedcinqi və regional enerji resursları ticarətinin inkişafı üçün əsas alətə çevrilə biləcək regional əmtəə-xammal birjasının yaradılmasını təklif edib.

Onun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumu yüksək geosiyasi risklər şəraitində fəaliyyətini davam etdirir, bu da vaxtaşırı neft tədarükünün sabitliyinə təsir göstərir. Bununla əlaqədar hasilatçı şirkətlər zəruri nəql etmə səviyyəsini təmin etmək üçün istehsal həcmlərinə düzəlişlər etmək məcburiyyətində qalırlar.

“Xəzər regionunun treyderləri, satıcıları və alıcıları arasında uzun müddətdir ki, müzakirə olunan məsələlərdən biri səmərəli hedcinq mexanizminin yaradılmasıdır. Ola bilsin ki, bu gün bu, futuristik bir ideya kimi səslənir, lakin hər bir belə ideyanın öz reallaşma zaman üfüqü var”, - o qeyd edib.

A.Həbib vurğulayıb ki, Bakıda birja platformasının işə salınması nəinki qiymət müəyyənləşdirilməsinin şəffaflığını artırmağa, həm də Xəzər hövzəsinin neft və neft məhsulları üçün regional bençmark formalaşdırmağa imkan verərdi.

Onun fikrincə, belə bir platforma istehsalçılar, treyderlər və son istehlakçılar arasında əlaqələndirici halqa ola bilər və onları risklərin idarə edilməsi üzrə müasir maliyyə alətlərinə çıxışla təmin edərdi.

Potensial “Bakı Enerji Birjası” neft, neft məhsulları və ola bilsin ki, qaz tədarükü üçün fyuçers və opsion müqavilələri təklif edərək dünyanın aparıcı meydançalarının analoqu kimi fəaliyyət göstərə bilərdi. Bu, öz növbəsində, regionun investisiya cəlbediciliyini artırar və Azərbaycanın qlobal enerji resursları ticarət sisteminə inteqrasiyasına kömək edərdi.

Bundan başqa, belə bir platformanın yaradılması klirinq sistemlərindən logistika hablarına qədər müşayiət edən infrastrukturun inkişafını stimullaşdıra və Bakının Avropa ilə Asiya arasında enerji və ticarət mərkəzi kimi rolunu gücləndirə bilər.

Beləliklə, Bakıdakı forum təkcə fikir mübadiləsi platforması deyil, həm də regionda baş verən dərin proseslərin göstəricisi olub. Bu proseslər çərçivəsində Xəzər hövzəsi tədricən dünyanın yeni enerji xəritəsinin əsas qovşaqlarından birinə çevrilir. Bu keçidin uğuru isə ölkələrin əlaqəli fəaliyyət göstərmə qabiliyyətindən asılıdır. Vahid strategiya, qaydaların unifikasiyası və infrastrukturun sinxronizasiyası olmadan ən perspektivli marşrutlar belə tam reallaşdırılmamaq riski ilə üzləşir.



MƏSLƏHƏT GÖR:

53