12 İyun 2026

Cümə, 14:22

«51-ci ŞTAT»DAN Aİ-nin 28-ci ÜZVÜNƏ?

ABŞ ilə gərginlik Kanadanın Avropa gələcəyi ilə bağlı müzakirələri necə qızışdırır?

Müəllif:

01.05.2026

Media məkanında Kanadanın Avropa İttifaqına (Aİ) mümkün qoşulması imkanları ilə bağlı müzakirələr yenidən qızışıb. 2026-cı ilin martında Fransanın xarici işlər naziri Jan-Noel Barro Berlində təşkil olunmuş konfransda Aİ-nin mümkün gələcək üzvləri sırasında Kanada ilə İslandiyanın da adını çəkib. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas isə «Bloomberg»ə müsahibəsində bildirib ki, Kanada prinsip etibarilə Aİ-yə qoşula bilər. Bu haqda qeyri-rəsmi şəkildə digər siyasətçilər, məsələn, Finlandiya Prezidenti Aleksander Stubb və müxtəlif ekspertlər də danışırlar. Xüsusilə Avropa İttifaqı haqqında Müqavilənin 49-cu maddəsinin çevikliyi məsələsi diqqətlə təhlil olunur – yəni Avropaya mənsubluq sırf coğrafi deyil, daha çox mədəni və siyasi aspektdən nəzərdən keçirilə bilər, ya yox. Bu, həqiqətən də, son dərəcə maraqlı geosiyasi dönüş olardı. Kanadanın Aİ-yə qoşulması dünyanın siyasi düzənini dəyişərdi. Çünki bu halda Avropa İttifaqının ərazisi 3,5 dəfə genişlənəcək, əhalisi isə 41 milyon nəfər artacaq. Doğrudur, Kanadanın bu istçəyini göstərən hər hansı rəsmi müraciəti yoxdur. Bəs bu haqda müzakirələr vaxtaşırı niyə gündəmə gəlir və hansı səbəbdən məhz indi qızışıb?

 

51-ci ştatdan Aİ-nin 28-ci üzvünə

Birincisi, mövzu Kanada-ABŞ münasibətlərinin pisləşməsi fonunda müzakirə olunmağa başlayıb. İkincisi, buna dünyadakı ümumi geosiyasi fon, beynəlxalq münasibətlərin və bütövlükdə formalaşmış qlobal nizamın yenidən nəzərdən keçirilməsi meyilləri də öz təsirini göstərir. Bu, ilk növbədə, müxtəlif ittifaqlara və təşkilatlara aiddir.

Bir çox analitikin fikrincə, ABŞ-ın Ottavaya artan təzyiqləri qarşısında Kanadanın Aİ ilə münasibətləri gücləndirməsinə, hətta hipotetik də olsa ittifaqa üzv olmaq məsələsinin gündəmə gətirilməsinə Vaşinqtonun təzyiqləri qarşısında «müdafiə strategiyası» kimi də yanaşıla bilər. Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Kanada Birləşmiş Ştatların «sevimli 51-ci ştatı» olmalıdır. Belə bəyanatlar daha çox dostyana, yarızarafat formasında və xüsusilə müxtəlif ticarət mübahisələri, tarif və sərhəd məsələləri kontekstində səsləndirilir. Əlbəttə ki, bu, sərhədlərin dəyişdirilməsinə dair ciddi layihə yox, daha çox Trampın sərt danışıqlar taktikasının klassik nümunəsidir. Lakin necə deyərlər, hər zarafatda bir həqiqət payı da var.

İstənilən halda, bu tip bəyanatlar bəzən yerli liderlərdə ciddi narahatlıq yaradır, sakinlərin narazılığına səbəb olur. Məsələn, bu yaxınlarda Kanadanın Baş naziri Mark Karni Davos Forumundakı çıxışında ABŞ və müttəfiqlərinin müharibədən sonra formalaşdırdıqları beynəlxalq nizamın sona yaxınlaşdığını bildirib. O, bu vəziyyətdə orta gücləri böyük dövlətlərə qarşı dura biləcək ittifaq yaratmağa çağırıb. «Orta güclər birlikdə hərəkət etməlidir. Çünki biz bir masa arxasında olmadıqda menyunun bir hissəsinə çevrilirik», - deyə Karni qeyd edib. Baş nazir qüdrətli dövlətlərin öz istəklərinə nail olmaq üçün iqtisadi təzyiqdən istifadə etdiklərini də söyləyib.

Karninin bu fikirləri Trampı son dərəcə qəzəbləndirib. Ağ Evin rəhbəri Kanadanın Baş nazirini «qubernator Karni» adlandırıb – sanki o, ayrıca bir ölkəyə yox, ABŞ-nin ştatlarından birinə rəhbərlik edir. Donald Tramp Karnini «naşükürlükdə» də ittiham edib. «Kanada məhz Birləşmiş Ştatların sayəsində yaşayır və odur ki, ABŞ-yə daha çox hörmət göstərməlidir», - deyə Amerika lideri bildirib.

«Kanadanın ABŞ-nin daha bir ştatına çevrilməkdənsə, Aİ-nin 28-ü üzvü olması daya yaxşıdır» fikri məhz bu kontekstdə yaranıb. Yəni faktiki olaraq suverenliyi itirmədən ciddi iqtisadi dayaq əldə etmək daha yaxşı variantdır.

Qeyd edək ki, Kanada Aİ ilə bir çox parametrlər üzrə kifayət qədər yaxındır. Ottava ilə Brüssel arasında 2017-ci ilin sentyabrında qüvvəyə minmiş və ticarət istiqamətlərinin 99%-i üzrə rüsumların ləğvini nəzərdə tutan Hərtərəfli İqtisadi və Ticarət Sazişi bu gün də işləkdir. Bu sənəd hər iki tərəf üçün dövlət satınalmaları bazarlarını açıb, investisiyaları və xidmət ticarətini asanlaşdırıb. Bundan başqa, peşə ixtisasları qarşılıqlı şəkildə tanınıb, ümumi ekoloji standartlar müəyyənləşdirilib. Bu baxımdan Kanada artıq faktiki olaraq, Aİ üzvü təsiri bağışlayır.

2016-2024-cü illər arasında Aİ ölkələri ilə Kanada arasında mal və xidmət ticarətinin həcmi təxminən 72% artıb. Ötən il keçirilmiş 20-ci Aİ-Kanada sammitində ticarət, nadir torpaq metalları, iqlim və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan Yeni Strateji Tərəfdaşlıq haqqında Müqavilə də imzalanıb. Bundan başqa, tərəflər arasında süni intellekt və rəqəmsal etimad üzrə də sazişlər bağlanıb. 2024-cü ildən etibarən Kanada elmi tədqiqatların maliyyələşdirilməsini nəzərdə tutan təşəbbüslərdə iştirak edir, 2026-cı ilin fevralında isə müdafiə proqramına qoşularaq müdafiə sənayesinin inkişafı üçün Avropa maliyyə resurslarına çıxış əldə edib.

 

Ayrılmaq bahasına inteqrasiya

Beləliklə, Kanada Avropa İttifaqının genişlənməsinə namizədlərin qiymətləndirilməsində istifadə olunan «Kopenhagen meyarları»nın üç əsas şərtindən ikisinə tam uyğun gəlir. Bunlar sabit demokratik siyasi institutların mövcudluğu, insan hüquqları və qanunun aliliyinin təmini, eləcə də iqtisadi sabitlik və Aİ ilə iqtisadi inteqrasiyanın öhdəsindən gələ biləcək dayanıqlı bazarın olmasıdır.

Üçüncü meyar Aİ qanunvericiliyinin qəbul edilməsidir ki, bu ciddi səylər tələb edir. Məsələn, Kanadanın ən «avropalı» əyaləti sayılan, fransızdilli, Fransa ilə dərin mədəni əlaqələrə malik Kvabek bir tərəfdən Aİ ilə sıx münasibətləri dəstəkləyir, digər yandan isə özünəməxsusluğunu istənilən fövqəlmilli strukturdan qorumağa çalışır. Avropa hüququna hipotetik tabeçilik orada heç bir coşqu ilə qarşılanmır. Bununla belə, prinsip etibarilə uzunmüddətli perspektivdə və ictimai rəylə düzgün işlənərsə, bu da keçilməz maneə deyil.

Daha ciddi maneə Avropa İttifaqı haqqında Müqavilənin üzvlüyü yalnız Avropa dövlətləri ilə məhdudlaşdıran 49-cu maddəsidir. Bu, həm coğrafi, həm də siyasi meyardır. Məsələn, Mərakeşin Aİ-yə üzv olmaq üçün 1987-ci ildə etdiyi müraciət məhz bu maddəyə əsasən rədd edilib. Kanadanı isə Avropadan Atlantik okeanı ayırır. Odur ki, yeganə çıxış yolu müqaviləyə dəyişiklik edilməsi olardı ki, bunun üçün də ittifaqın 27 üzvünün hər birinin razılığı lazımdır.

Bəs əsas diqqət coğrafi yaxınlığa yox, konstitusion, iqtisadi və dəyərlər baxımından oxşarlığa yönəldilərsə necə? Bəzi ekspertlərin fikrincə, belə yanaşma zamanı potensial üzvlərin hüquqi kateqoriyası yalnız coğrafi amillə deyil, siyasi və dəyər xüsusiyyətləri ilə müəyyən oluna bilər. Kanada ilə Avropa arasında ittifaqın identikliyi baxımından isə ümumi adətlər və ortaq dillər amili də var. Kanadalıların çoxunun kökü Avropaya gedib çıxır və onlar nümunə kimi məhz Avropanın təşkilatlanmasını, hüquq sistemini və demokratik dəyərlərini qəbul edirlər.

Amma ortada ciddi iqtisadi maneələr də var. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Kanada 2,33 trilyon dollarlıq ÜDM ilə dünyanın doqquzuncu iqtisadiyyatıdır və bu göstərici ilə Aİ-də dördüncü yeri tutardı. Lakin onun ixracının 75%-i ABŞ-yə yönəlib ki, bu asılılıq Aİ-yə üzvlüklə də yoxa çıxmayacaq.

Bundan başqa, Kanada, ABŞ və Meksika arasında qüvvədə olan USMCA azad ticarət müqaviləsi Aİ-nin vahid bazarında üzvlüklə hüquqi baxımdan uyğun gəlməyən öhdəliklər yaradır. Kanada Aİ-yə daxil olacağı təqdirdə avtomatik ittifaqın bütün xarici ticarətini tənzimləyən Vahid Ticarət Siyasətinin bir hissəsinə çevriləcək. Bu isə ABŞ və Meksika ilə sazişi müstəqil şəkildə davam etdirmək imkanının itirilməsi deməkdir. Başqa sözlə, Kanada USMCA müqaviləsindən çıxmalıdır və demək, ABŞ ilə ticarət ÜTT şərtlərinə tabe olmalıdır. Bu halda bir sıra tariflər yenidən tətbiq olunacaq. İqtisadçılar deyirlər ki, ABŞ ilə ticarət əlaqələrinin bu formada qırılması Kanada üçün «son dərəcə ağır» olar və qısamüddətli perspektivdə Aİ ilə inteqrasiyadan əldə ediləcək istənilən faydanı üstələyər.

Eyni zamanda, məsələn, Kanadanın kənd təsərrüfatı bazarlanması sistem idə Aİ-nin siyasəti ilə uyğun gəlmir və demək, keçid dövrü uzun çəkə bilər. Kanada həmçinin Avropanın karbon emissiyası kvotaları üzrə ticarət sisteminə inteqrasiya olunmalıdır. Uzunmüddətli perspektivdə isə Aİ-yə üzvlük Kanada dollarının avro ilə əvəzlənməsini nəzərdə tutur. Üstəlik, bütün bunlar əsas ticarət tərəfdaşı ilə münasibətlərin qaçılmaz pisləşməsi nəticəsində yaranacaq itkiləri Avropa bazarlarının kompensasiya edəcəyinə hər hansı zəmanət olmadan baş verəcək.

 

Üçüncü supergücə çevrilmək iddiası

Kanadanın potensial olaraq Aİ-yə qoşulmasına yalnız onun Vaşinqtonla münasibətləri prizmasından deyil, həm də Aİ-nin Çin ilə rəqabəti baxımından nəzər salmaq lazımdır. «Yaşıl texnologiyalar»a və alternativ təchizat zəncirinə birgə investisiyalar Avropanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Kanada nadir torpaq elementlərinə görə dünyada aparıcı yerlərdən birini tutur. Onun və ya Aİ-nin digər ərazisində birgə emal zavodlarının yaradılması Çinin nəzarətindən tamamilə azad təchizat zəncirinin formalaşdırılmasına imkan verər.

Bundan başqa, Kanada Arktika dövlətidir və onun Avropa ilə ittifaqı Rusiya, Çin və ABŞ-nin Arktika iddiaları fonunda regionda güc balansı yarada bilər. Bu halda Aİ Arktikada birbaşa geosiyasi iştirak imkanı əldə edəcək. Əsas suallardan biri də elə bu məqamda yaranır: Ottavanın Aİ-yə qoşulması Brüsselin özü üçün nə qədər faydalıdır?

Aİ-Kanada birliyi Avropanın daha böyük resurs və geostrateji müstəqillik əldə etməsi üçün olduqca əlverişli variant kimi görünür. Bu isə ABŞ və Çindən sonra «üçüncü supergüc» roluna yaxınlaşmaq deməkdir. Odur ki, nisbətən yaxın gələcəkdə Kanadanın Aİ-yə qoşulmasının fərziyyədən işlək siyasi layihəyə çevriləcəyini istisna etmək olmaz. Ottava Aİ-yə tamhüquqlu üzvlüyü planlaşdırmadığını bildirsə də, o, Brüssel ilə daha sıx yaxınlaşma yolu ilə irəliləməkdədir.

Böyük dövlətlər arasında artan parçalanma və rəqabət dünyasında belə «hibrid» dəyərlər və maraqlar ittifaqları yeni normaya çevrilir ki, bu da daha mürəkkəb çoxqütblülüyə keçidi sürətləndirir.



MƏSLƏHƏT GÖR:

44